Tamaşaçılar "Qarabağ vaxtı"na kökləndilər

 

  "Bu bizik" qrupundan növbəti möhtəşəm layihə

 

  Yuğ teatrında "Qarabağ vaxtı" adlı interaktiv tamaşanın ilkin təqdimatı oldu. İstedadlı gənclərdən ibarət "Bu bizik" yaradıcı qrupunun hazırladığı tamaşa tamaşaçılar tərəfindən maraqla qarşılandı. Fərqli formada, posmodernist yanaşmayla yazılmış vətənlə bağlı şeirlərin bədii və səhnələşdirilmiş şəkildə təqdim edildi.   

  Tamaşada gənc yazarların, eləcə də Bəxtiyar Vahabzadənin, Sabir Rüstəmxanlının, Dünya Gənc Türk Yazarlar birliyinin başqanı, şair Əkbər Qoşalının, gənc şair Kəramət Böyükçölün şeirləri səsləndirildi.

   Səhnələşdirilmiş şəkildə təqdim edilən şeirlərin bəziləri pantomim hərəkətlərinin və ya canlı ritmlərin, zərb alətlərinin müşayiətilə ifa edilməsi tamaşaçılarda ayrı bir ovqat yaratdı.  

   Gənc aktyor Lamiyənin Sabir Rüstəmxanlının günəbaxana həsr etdiyi və mənəvi həmrəylik mövzusundan bəhs etdiyi şeir zalda əyləşmiş Sabir bəyi də sanki keçmişə qaytardı.  

   Kontuziya almış və yaddaşını itirmiş, cəmiyyətin dəli hesab etdiyi keçmiş döyüşçünün fikirləri isə insanı düşünməyə məcbur edirdi. "Mənim adım savaş, mənim adım barış. Döyüş dostlarımı, bizləri oyuncaq tapançalar öldürdü." deyən gənc yaddaşını itirsə də, bir şeyə əmindir: "Şəhidlər ölmürlər."  

   Tədbirin əvvəlində ilkin səhnəciklərə heyran olan korifey müğənnimiz Flora Kərimova ən xoş sözlərini bildirərək iştirakçılara gül dəstəsi bağışladı.  

   Qızlarla oğlanların deyişməsi formasında olan şeir isə ailəni bütövləşdirən, cəmiyyəti təşkil edən qadınlarla kişilərin ən müsbət cəhətlərini ortaya çıxardı. Zalda əyləşmiş şeir müəllifi Əkbər Qoşalı zalda ayağa qalxaraq ifaçılara bu gözəl ifaya görə təşəkkürünü bildirdi.  

   Qarabağ savaşında döyüşlərdə əlil olmuş keçmiş döyüşçü isə daim müharibə illəri ilə yaşayır. "Şikəstə oxuduq, axırda da şikəst olduq"-deyən döyüşçünü vicdanı rahat buraxmır. Öz vicdanın səsinə qulaq verir. "Sən bu dərəni keçməli, o dağı aşmalısan. O dərə, dağ, o kənd sənindir..."-deyən vicdan onu yenidən mübarizəyə, qələbə ilə bitəcək zəfərlərə səsləyir.  

   Tamaşaçıları kövrəldən, eyni zamanda inam yaradan bu səhnə alqışlarla müşaiyət edildi.   

   Sonda Nailə Binnətzadənin əlini açıb Qarabağ üçün dua etməsi isə zalda xoş və kövrək anların yaşanmasına səbəb oldu. Onun "Allahım, nənəm deyir, sən bütün duaları eşidirsən. Elə et ki, burdakı əmilər, xalalar Qarabağı alsınlar. Axı Qarabağ da məni kimi uşaqdır. Nənəm belə deyir."- deməsi əslində bütün cəmiyyətin, Qarabağsız böyüyən uşaqların arzusudur.  

   Tədbirdən sonra Tamaşanın quruluşçu rejissoru Samir Salam tamaşanın fərqli formatda təşkil edilməsindən danışdı. Qeyd etdi ki, cəmiyyətimizdə daim sözün, şeirin qüdrətinə yüksək qiymət verilsə də, son vaxtlar şeir nədənsə populyar deyil: "Halbuki sözün qüdrəti, gücü çox şeyə qadirdir. Unutmamalıyıq ki, türkiyəli qardaşlarımız bir "İstiqlal marşı"ının - sözün gücü ilə tarixi zəfərlər qazanıblar. Biz də çalışdıq ki, sözün, şeirin verdiyi imkanlardan bəhrələnib xalqımızı həmrəyliyə çağıraq. Bu gün biz saatlarımızı, fəliyyətimizi Qarabağ vaxtına kökləməliyik".   

   Yaradıcı qrupun və tamaşanın iştirakçılarının isə ümumi devizi və fikri belədir: "Bu gün biz hamımız Bakı vaxtı ilə yaşayırıq. Saatlarımız Bakı vaxtı ilə qurulur, işləyir. Bu, dinc dövrün, sülh dövrünün vaxtı, saatıdır. Amma unutmamalıyıq ki, biz torpaqları işğal edilmiş bir millətik. Ona görə də indi Bakı vaxtı ilə yox, Qarabağ vaxtı ilə yaşamaq bizim bir nömrəli vəzifəmizdir. Elə bu andan etibarən hamımız saatlarımızı Qarabağ vaxtına kökləməli, hər günümüzü, hər dəqiqəmizi Qarabağın azadlığı üçün yaşamalı, çalışmalı, qələbə gününü yaxınlaşdırmalıyıq. Bu isə dünyadakı bütün azərbaycanlıların həmrəyliyindən keçir."

   Tamaşanın iştirakçıları Tural Əhməd, Günel Lətif, Əbülfəz Fətəliyev, Kəmalə İsmayıllı, Sənan Əlləz, İlqar Babayev, Elşad Quliyev (nağara), Şəhriyar Musayev (ud), Təbriz Əmrahov, Raul Əliyev, Nailə Binnətzadə (dua edən qızcığaz) kimi isedadlı gənclərdir. Tamaşanın quruluşçu rejissoru istedadlı gənc Samir Salamdır.

   Gənclərdə, əsgərlərdə, diasporumuzda, ümumən cəmiyyətimizdə vətənpərvərlik hisslərinin gücləndirilməsi üçün "Qarabağ vaxtı"nın universitetlərdə, hərbi hissələrdə, diaspor mərkəzlərində nümayiş etdirilməsi planlaşdırılır. Ən sonda isə paytaxt teatrlarından birinin böyük səhnəsində qala-təqdimat keçiriləcək.  

   Qeyd edək ki, "Bu bizik" yaradıcı qrupu peşəkar və həvəskar gənc aktyorlardan, bədii qiraətçilərdən ibarətdir. Bu gənclər Vətənini sevən və öz istedad və bacarıqları ilə Vətənə, xalqa xidmət etmək istəyən fədakar insanlardır. "Bu bizik" qrupunun adı kimi özü də çox maraqlı olan dəyərli və səmimi bir kollektivi var. Və digər yaradıcılıq mərkəzləri, teatr truppaları bu mənada "Bu bizik" qrupunun kollektivinə qibtə edə bilərlər.   

   Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş "Sevgi qurbanı" müzikli, tarixdən bu günə qədərki bütün şəhidlərimizə, o cümlədən Gəncə xanı Cavad xana həsr edilmiş "Ruhların paradı" musiqili-ədəbi kompozisiyası "Bu bizik" qrupunun gerçəkləşdirdiyi ən parlaq layihələrdəndir.

  

  

Əfsanə Bayramqızı

 

Ədalət.- 2012.- 31 mart.- S.21.