"Dağlının" SON məlumatı

 

("Yazılmamış gündəlik" silsiləsindən)

 

1992-ci il, martın 3-ü...

Çərşənbə axşamı idi. Havadan Novruz tonqallarının qoxusu gəlirdi. Tale elə gətirmişdi ki, həmin ilin martın 3-nə düşən çərşənbə tonqalını Azərbaycanın Milli Qəhrəmanı mərhum polkovnik-leytenant Şirin Mirzəyev və batalyonun xüsusi təyinatlı əsgərləri ilə Ağdərənin Sırxavənd kəndində qaladıq. Əslində Ş.Mirzəyev həmin gün ermənilərin tez-tez Sırxavəndə olan hücumlarının qarşısını birdəfəlik almaq niyyəti ilə düşmənin nəzarətində olan bir neçə strateji əhəmiyyətli məntəqələrə hücum etməyi planlaşdırırdı.

Bu arada onu da qeyd edim ki, martın 3-nə qədər biz - Ş.Mirzəyevin batalyonunun kəşfiyyat dəstəsi müxtəlif qruplara bölünərək həmin ərazidə, o cümlədən 4 tərəfdən uca və qarlı dağlarla əhatə olunmuş Qazançı kəndində uzunmüddətli kəşfiyyat işləri aparmışdı. Sırxavəndin və digər yaşayış məntəqələrimizin təhlükəsizliyini təmin etmək üçün Ş,Mirzəyev alternativ əməliyyat planları hazırlamışdı. Bunlardan biri də Qazançı əməliyyatı idi. Həmin axşam çərşənbə tonqalının ətrafındaca Ş.Mirzəyev kəşfiyyatçılara bu əməliyyata başlayacağımızı bildirdi. Kəşfiyyatçı Əlabbas İsgəndərovu Ş.Mirzəyev Qalayçılar kəndi istiqamətinə göndərmişdi. Əlabbas Qazançı əməliyyatı üçün lazım olan ən son məlumatları toplayıb (Onun rabitə ilə əlaqə zamanı şifrələnmiş adı "Dağlı" idi. R.K.) Ş.Mirzəyevə çatdırırdı. Bir neçə istiqamətdən ediləcək hücum əməliyyatına kəşfiyyat dəstəsi düşmənin arxasına keçərək həlledici zərbə vurmalı idi. Kəşfiyyat dəstəsini bu mövqeyə Məhəmməd adlı qalayçılı döyüşçü və Əlabbas gətirməli idi.

Martın 4-ü tezdən kəşfiyyat və hazırlanmış digər xüsusi qrupla batalyondan əməliyyat mövqelərinə yollandıq...

Həmin gün bərk qar yağmışdı, dağlar, dərələr, ağaclar ağappaq örtüyə bürünmüşdü. Bu əsrarəngiz gözəlliyi seyr edə-edə səhərin sakitliyində Qalayçılar kəndi tərəfdən Qazançıya yaxınlaşmaq üçün xeyli yol qət etdik. Dağın zirvəsinə çatıb özümüzə münasib bir yer seçib hücum əmri işarəsini gözlədik. Artıq dan yeri sökülür, hava yavaş-yavaş işıqlaşırdı...

Buradan gördüyümüz mənzərə bir daha Qazançı adı ilə kəndin görünüşünün çox həmahəng olduğunu sübut edirdi. Hər tərəfdən dağlarla dövrəyə alınmış kənd elə qazan içinə bənzəyirdi. Evlərin bacalarından yorğun-yorğun, tənbəl-tənbəl qalxan tüstü göyün qatına millənirdi.

Müxtəlif istiqamətlərdən açılan atəş səsləri səhərin sükutunu elə qəfil pozdu ki, ağacların qar altda sallanıb qalmış budaqları, ağ təpəciklərə bənzəyən yumru, kələ-kötür kol-koslar da səksəndi. Məni isə atəş səsləri ilə yanaşı budaqlardan boynuma düşən soyuq qar topası səksəndirdi. Bunu görən Əlabbas başına- öz hərbi gödəkcəsinin su keçirməyən nazik brezent papağına işarə edib sakitcə gülümsədi...

Elə kənd də oyandı! Kənddən insan səslərindən əvvəl mal-qaranın, donuzların, toyuq-cücələrin səsləri eşidilməyə başladı...Kəşfiyyat dəstəsinin komandiri Əkbər yerindəcə son və vəziyyətə uyğun əlavə tapşırığını verdi. Kiçik qruplara bölündük.

-Vaxtdır, irəli!

Beş gün 18 döyüşçü ilə birgə payı-piyada Ağdərənin Umudlu kəndindən Murovdağın qarlı, sıldırımlı aşırımı ilə sağ-salamat Ağdabana gedib çıxması üçün kənd tulasını kəsib acından yeriyə bilməyən əsgərlərə yedizdirən Əfqanıstan od-alovundan çıxmış Eldar Səmədov astadan, amma bir az sərt tonda dəstəyə səsləndi. Döyüş başladı. Biz sürətlə üzü aşağı yürüməyə başladıq...

Budur, artıq kəndin girəcəyində ilk evlər tüstülənməyə başlayır. Bu artıq o istiqamətdə əsgərlərimizin uğurlarının əlaməti idi. Yəni, artıq biz buradayıq...

Biz arxadan kəndə girdik...Bir-bir evlərə daxil olur, içəridə kimsənin olub olmadığını biləndən sonra vəziyyətə və şəraitə uyğun növbəti addımı atırdıq. Elə olurdu ki, evdə erməni yaraqlısı olurdu. Və onları zərərsizləşdirmək lazım gəlirdi. Bu zaman Ş.Mirzəyevin əvvəlcədən bizə keçdiyi küçə döyüşləri taktikasına əməl etməyə çalışırdıq. Biz Məhəmmədlə birgə 5 nəfər idik-Eldar, Əlabbas, siyəzənli balası gənc əsgər Rövşən (dünyasını dəyişib) və Ziyad. Bir-bir evləri tam şəkildə düşməndən azad edib vuruşa-vuruşa irəliləyirdik. Növbəti evi azad etmək istəyəndə içəridən güclü müqavimətlə qarşılaşdıq. Hərəmiz bir tərəfdən evə hücum etdik. Amma içəridən atılan güllələr bizə evə yaxınlaşmağa imkan vermədi. Eldarla Əlabbas özlərinə yaxşı bir mövqe seçib məni qorudular, mən sürünə-sürünə əvvəlcədən hazırladığım iki "F 1" əl qumbarasını dalbadal evin pəncərəsindən içəri atdım (Mən, mən deməkdən, yazmaqdan xoşum gəlməsə də, Eldarın xahişi ilə müharibə xatirələrimlə bağlı çap edilən yazılarda ilk dəfə özümlə bağlı qeyd edirəm. R.K). Evdə güclü partlayış oldu! Yaxınlaşmaq istəyəndə yenidən partlayış baş verdi. Bu partlayış dayanmadı. İçəridən insan səsi gəlirdi. Amma dalbadal partlayış səsləri onların səsini itirdi...Həmin gün axşama qədər ara-sıra o evdən partlayış səsləri gəldi. Sonra öyrəndik ki, o ev ermənilərin əsas silah-sursat anbarlarından və müqavimət dayaqlarından biriymiş.

Növbəti ikimərtəbəli bir evə daxil oluruq... odun sobasının üstündə çaydan və qazan var. Sobanın yanındakı qırmızı kərpicin üstündə isə çaynik qoyulub. Yemək stolunun üzərində səliqəsiz süfrə salınıb, süfrənin üzərində siqaret qutusu və müxtəlif ərzaqlar var idi. Divarın yanında rezin uzunboğaz çəkmə, bir az kənardakı şkafın içərisində isə 16 kalibirli ov tüfənginin patronları yığılmış patrondaşı gözümüzə sataşdı. Əlabbas mətbəxdə qoyulmuş qədimi su səhənginin dolu, ya da boş olmasını yoxlamaq üçün səhəngi silkələdi və bizə baxmadan dedi:

- yaxşı oldu, susundan ciyərim yanırdı.

Sonra səhəngi yuxarı qaldırıb başına çəkdi... Heç Eldarın, "ə, neynirsən?! Zəhərli olar ey!" çağrışına da məhəl qoymadı. Əlabbas doyunca su içəndən sonra səhəngi yerə qoydu. bir anlığa əvvəlcə mənə, sonra isə çönüb Eldara baxıb dedi:

-Eldar, Rey təcrübəsizdir, bizə baxanda hələ çox gəncdir, amma sən Əfqanıstan müharibəsindən çıxmısan, belə şeylər çox görmüsən. Açıq küçə döyüşləri gedir, hər an kimsə həlak ola bilər! Taleyin qismətidir, kim həlak olsa, onun meyidini burada qoymayaq, yaxşımı?

Eldarsa Əlabbası qınadı:

-Ə, vallah, sənin başın xarabdır ey!

Amma qapıdan çıxar-çıxmaz yavaş səslə astadan dedi:

-Düz deyirsən!

Əvvəlki qaydada döyüşə-döyüşə kəndin sonuncu evlərinə tərəf irəliləyirdik ...Növbəti evə yaxınlaşdıq. Ermənilər evi tərk edib binanın sağ tərəfindən kiçik ot topasının arxasına, sağ və sol tərəfinə çəkildilər. Oradan bizi güclü avtomat və plamyot atəşinə tuturdular. Biz dərhal ermənilərin atəş nöqtəsi ilə üzbəüz hasarın arxasında mövqe tutduq. Hasar deyəndə bura eni 20-25 sm, hündürlüyü 80 sm və ya 1 metr, uzunluğu, 4-5 metr olan betonun üzərinə çəkilmiş- damalarının ölçüsü kibrit qutusundan azca böyük olan dəmir tordan ibarət bir yer idi. Hasarın arxasında özümüzə etibarlı bir mövqe seçdik. Düzdür, artıq onların müqaviməti get-gedə zəifləyirdi, Əlabbasın çox sərrast atəşləri ilə xeyli erməni cəhənnəmə vasil edilmişdi, amma nə qədər çalışsaq da ermənilərin atəş nöqtəsin tam susdura bilmirdik. Bu zaman Əlabbas dedi ki, kaş yanan güllələrimiz, ya da fişəngimiz olaydı, ot topasını yandırardıq, dığalar da üzə çıxardı... Qəflətən arxadakı evdən atəş səsi gəldi...Ani olaraq güllələr sağımızdan, solumuzdan keçərək beton hasara dəydikcə hasardan toz qalxırdı. Bunlarla bərabər mənə bitişik uzanmış Əlabbasın səsini eşitdim:

-Uy...məni vurdular!

Mən sola çevriləndə Əlabbas halsız vəziyyətdə qollarımın üstünə düşdü. Rəngi ağarmışdı...Başını azacaq qaldırıb nəsə demək istədi...Səsi xırıldadı, heç nə deyə bilmədi. O, başı sinəmə dayanmış vəziyyətdə elə bil donub qalmışdı. Əlimi sifətinə vurdum, sifəti buz kimiydi...Tez əlimlə başını yoxladım, qan yox idi, deməli, yarası da yoxdur...Hərbi mundirinin yaxasını açıb sinəsinə baxdım burda da yara yeri yox idi. Əlimlə kürəyini yoxladım, yenə güllə yarası yeri yox idi. Lənətə gəlmiş güllə axı buna haradan dəyib?! Bu arada tez-tez ayağıma ilişən elektrik naqili məni bu fikrə düşməyə vadar elədi:

-Aha! Yəqin Əlabbasa güllə dəyməyib, onu tok vurub!

İlk ağlıma gələn bu oldu! Axı kəndin bütün elektrik naqilləri qırılıb yerə tökülüb. Yanan evlər isə qarı əridib deyə yer tamam palçıq idi. Özümüz də ki, suyun palçığın içindəyik. Yəqin yerə düşən elektrik naqillərindən birinə toxunub. Üzümü Eldara tutdum:

-Eldar, yəqin Əlabbası tok vurub?!

Eldar qayıtdı ki, Əlabbasa güllə dəyib, o, həlak olub! Bu dəfə elə bil məni tok vurdu! Necə yəni həlak olub?! Özümdən asılı olmayaraq ayağa durub, avtomatı ermənilərin atəş nöqtəsinə tutub söyə-söyə, bağıra-bağıra atmağa başladığımı sonralar xatırladım. Eldar deyir heç yanımdan ötüb-keçən güllələr vecimə də deyilmiş...Eldar məni dartıb yerə yıxdığını, hətta özümə gəlmək üçün mənə çəkdiyi bir-iki silləni də indi xatırlayıram.

Əlabbas həlak olmuşdu! Onun cəsədini çox böyük çətinliklə güllə yağışı altında çıxardıb Ağdama gətirdik! Cəsədi yuyulanda məlum oldu ki, güllə Əlabbasın sağ qolunun altından girib, gedib ürəyini parçalayıb sinəsində qalmışdı. Məzarı da Ağdamdadır Əlabbasın, Ağdamdakı şəhidlər xiyabanında...

Ölümündən sonra Əlabbas İsgəndərova Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Həmin gün biz o döyüşdə yeddi oğul itirdik. Yeddi oğul! Məmməd müəllimi, Manafı, Əyyubu, Maarifi, Baratı, Şiraslanı və Əlabbas İsgəndərovu...

Bu döyüşdə çoxlu itki verdi ermənilər. Əsir götürdüyümüz erməniləri, meyitləri Xocalıda əsir düşmüş insanlarla dəyişdirdik

 

 

Rey Kərimoğlu

reykerim@gmail.com

 

Ədalət.-2012.-12 may.-S.6.