Riyazi poeziyadan nümunələr

 

   ÜÇ

     

   Bir-iki-üç

   Tək-cəm-güc.

  

   Neçə gözəl məsəl var,

   "Üçdən..." deyib atalar.

 

   Sağda-sağdış, solda-soldış,

   Ortada-bəy, ay sağolmuş!

  

   Sovet zamanında ağactək bitib

   Birinci, ikinci, üçüncü katib.

  

   İki müavinli başçı ilə mən

   Doğma yurd havası uduram hərdən.

 

   Nağıllardan boy göstərir qorxulu söz:

   Yarımvəhşi adamların

   Alnındaymış üçüncü göz.

 

   Üçqovaq kəndinin akademiki

   Ata ocağında uşaqdı sanki.

  

   Çoxdan göstərilmir

   "Üç gombul" filmi;

   Bu, sənət aləmində

   Unutqanlıq deyilmi?

  

   Bakının "Üç meyvə"

   Dükanından al:

   Alma, armud, portağal.

  

   Müəllim! İnsafın varsa,

   Bir "üç" - kafi yaz ki, keçim

   Mən axırıncı kursa.

  

   Yaman təsirlidir "İctimai"nin

   "Üç dost, üç tale" verilişi;

   Alqışlansın onun

   Xeyirxahlıq işi!

 

   Koordinat mərkəzindən

   çıxır üç şüa:

   Biri - iks, biri - iqrek, biri - zet-dir ha!

 

   Tapılmasa oxlar üzrə üç nöqtə,

   Ya əyri, ya da ki, düz

   Deyə bilmərik xəttə.

  

   "Üçüncü ayaq" adlandırıb çəliyi kim?

   Unudulmaz şairimiz Vaqif İbrahim!

 

   Üç yoldaşıq - trio,

   Biri - sənsən, biri - mənəm, biri - o.

 

   Tar, kamança, qaval-

   Üçlük, bir "Qoçəli" çal!

   Ay dost! Soruşursan "Bəs ardı hanı?"

   Gərək tamamlayam "Trilogiya"nı.

   Qonşunun xanımı üçəm doğubdur!

  

   Məclisdə ağsaqqal dedi o gün?

   "Bütün subayların toyu mübarək!

   Millətin sayını artırmaq üçün,

   Həzərat! Hər evdə, hər ailədə

   Ən azı üç uşaq doğulsun gərək!"

   Yerdə gürzəyə bax, göydə qırğıya!

   Mənim şikayətim var təbiətə:

   Verib üç əsrlik ömrü qarğaya,

   Əlvan kəpənəyə qıymayıb həftə.

 

   Dünya savaşının gün idi anı,

   Volqadan Elbaya gedən yol hanı?

   Ya "üçkünclü" məktub, ya "qara kağız"

   Döyərdi Vətənimin qapılarını...

 

   Hamı möhkəm öyrəşib

   İclasdakı adətə:

   "Gizli səs" tapşırılsın

   Üç nəfərlik heyətə.

 

   "Dəcəl meymun, çolaq ayı, çəp keçi..."

   Bu təmsili əzbərləyib "beş" almışam;

   Müəllimim "sağ ol" deyib,

   Dağlar kimi ucalmışam...

 

   Yada sal keçmişdə gördüklərini,

   Çobanın Vurğuna dediklərini:

   "Muğan Muğan olsa, biri üç eylər,

   Muğan qəzəblənib üçü heç eylər".

 

   Yadıma Xurşudu görməyim düşür,

   Üçatlı araba sürməyib düşür.

 

   Bütün dünya tanıyır

   Aleksandr Dümanı;

   Əbədi abidədir

   "Üç müşketör" romanı.

 

   Xoşum gəlir Xoşqədəmin

   "Üç nöqtə" qəzetindən,

   "Səni axtarıram"dakı

   Şirin vüsal anlarının

   Dadından, ləzzətindən.

 

   "Üç quyu" qanad açıb

   Xəzərin o tayında;

   Səslənib kinomuzun

   Nizami sarayında...

 

   Bu oğlanı tanıyın-

   Olsa da adı Qoçaq,

   Həndəsədən yenə

   "Üç" qiymət aldı ancaq.

   Dedim: - Payız gələndə

   Sən göyə diqqətlə bax:

   Durnalar da havada

   Qura bilir üçbucaq!

 

   Payızda köç edən "Üç telli...durna",

   Yazda qəriblərə təsəlli durna!

 

   Qulağıma səda gəlir:

   "Üç gündən bir, beş gündən bir..."

 

   "Bu gün ayın üçüdür,

   Dilin badam içidir"-

   Rəşid belə oxuyardı,

   Cazibəli səsi vardı

 

   Üçlük - göydə Günəş, Ay, Yer!

   Üç hissəli təbəqədir litosfer:

   Üstü - çöküntü,

   Qranit - orta qat,

   Alt - bazalt.

   Nağıllarla dopdolu

   Uşaqlıq tez ötüşdü;

   Nənəm, dayım deyərdi:

   "Göydən üç alma düşdü".

 

   Əhsən ailənin ilk övladına,

   Bəyi - ata edir, gəlini - ana!

 

   Əgər bilmək istəsən,

   Gedib boş vaxtında sor:

   - Cənab polis, üçün

   Üç rənglidir işıqfor?

 

   Şəmkirli Hüseyn məclis qurardı,

   Bülbülə qoşulub cəh-cəh vurardı:

   " gül, qırmızı gül, bir sarı gül",

   Saza güvənərdi nəğməli könül.

  

   Ay müğənni dost,

   Ya de, ya da yoz:

   Kimin payıdır,

   "Üç badam, bir qoz"?

  

   Qayğı yükü qalaq-qalaq,

   Birləşəcək bölünmüş xalq.

   Göy, qırmızı, yaşıl zolaq -

   Bayraqlaşan amalımız!

  

  

   CÜT QÜVVƏ

 

   Cüt qüvvə fırladır anamız Yeri,

   Bütün ulduzları, səyyarələri

   Daim hərləndirən bu böyük gücün,

   Tamam açılmayıb göy boyda sirri.

  

   Günəş təmənnasız nur yaymaq üçün

   Özünü sönməyən oda döndərib;

   Yerin təkliyinə son qoymaq üçün

   Yerin harayına Ayı göndərib.

  

   Qoşa bülbülü var gəzdiyim bağın,

   Qoşa arzuludur elin ürəyi

   Doğru deyirlər ki, evin, ocağın

   Kişi çörəyidir, qadın dirəyi.

  

   Çayda - zirvələrdən yol gələn sular,

   Toyda gənclərimiz "Yallı" gedirlər;

   Cüt uçur havada səyyah durnalar,

   Cüt gəzir meşədə zəhmli şirlər.

  

   Cüt qanad kimidir ünsiyyət, vüsal

   Filin qürbətdə qalmaz taqəti;

   Əbədi ülfətə ən gözəl misal-

   Leylək səxavəti, qu sədaqəti!

 

   Cüt qüvvə nəğməsi oxuyaraq mən,

   Marsda da deyərəm: "Vahiddir Vətən"

   Vətəni ikiyə bölək zolaqda

   Sanıram cüt qüvvə düşür qüvvədən.

 

   Cüt qüvvə qanunu! Səslən əzm ilə,

   Sən əfsanəsən, rəvayət.

   Səni kəşf eləyən alim Ponsele

   Ömür-gün sirdaşı tapıb nəhayət.

  

   Fırlanır dərə, dağ, fırlanır dəniz,

   Qitələr, adalar fırlanır müdam.

   Qəfil, cüt qüvvəsiz yox olarıq biz,

   Cüt qüvvə - yaşamaq, məhəbbət, inam!

 

 

   Oqtay RZA

 

   Ədalət.-2012.-26 may.-S.20.