İŞIQLI ŞƏXSİYYƏT

 

Əbdülrəhim Məmmədov haqqında xatirə yazmaq mənim üçün həm çətin, həm də şərəflidi.

Çətindi ona görə ki, Əbdülrəhim Məmmədov Nuxa şəhər partiya komitəsinin birinci katibi vəzifəsində işlərkən mən orta məktəbin ibtidai sinfində oxumaqla, pioner sıralarına, sonralar isə komsomol sıralarına yenicə qəbul olunmuşdum. Başqa sözlə, mən Əbdülrəhim müəllimin yaşıdı olmamışdım, aramızda yaş fərqi çox idi.

Bu gün mən Əbdülrəhim müəllim barəsində xatirə yazarkən uşaqlıq və yeniyetməlik illərimin yaddaşına, xüsusilə də, mərhum atam Qurban müəllimin Əbdülrəhim müəllim barədə dediklərinə əsaslanmışam.

Əbdülrəhim müəllim barəsində xatirə yazmaq ona görə mənim üçün şərəflidir ki, çox sonralar mən Əbdülrəhim müəllimlə yaxından tanış olanda bu böyük şəxsiyyətin əsl dəyərini və onun həqiqətən böyük ictimai xadim olmasını bir daha dərk etdim.

Orta məktəbin, təxminən, beşinci, yaxud altıncı sinfində oxuyurdum və vaxtilə deyildiyi kimi, Lenin adına pioner təşkilatının üzvi idim. Hazırda Azərbaycan Respublikası 18 oktyabr 1991-ci il tarixdə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə belə bir qurum yoxdur. Lakin o dövrün uşaqları, gəncləri pioner təşkilatının nə olmağını yaxşı bilirdilər.

Yaxşı yadımda qalmayıb. Həmin illərdə, təxminən, 1960-1961-ci illər olardı. Nuxa rayonu üzrə (indiki Şəki rayonu üzrə-İ.A.) pioner təşkilatının hansısa tədbiri idi. həmin tədbirdə mən də əlaçı və ictimaiyyətçı şagird kimi iştirak edirdim. Tədbirin sonunda bir qrup şagirdlə bərabər mənə də əlaçı və məktəbin ictimai işlərində fəal iştirak edən şagird kimi rayon komsomol komitəsinin fəxri fərmanı təqdim edildi. Orada bizə məlum oldu ki, fəxri fərmanı təqdim edən rayon partiya komitəsinin birinci katibi Əbdülrəhim Məmmədovdur.

Fəxri fərmanı təqdim edilmə mərasimində soyadım və adım elan edilərkən Əbdülrəhim Məmmədov diqqətlə mənə baxdı və məndən soruşdu:

-Sən Qurban müəllimin oğlusan?

Cavab verdim:

-Bəli, Abbasov Qurban müəllimin oğluyam.

Bundan sonra Ə.Məmmədov mənimlə də səmimi görüşdü və fəxri fərmanı mənə təqdim etdi.

Axşam mən bu əhvalatı atama danışdım. O, gülümsədi və bildirdi ki, Əbdülrəhim müəllim vaxtilə Nuxa Pedaqoji Texnikumunda oxumuş, əlaçı tələbə olmuş və texnikumun ictimai işlərində də fəal iştirak etmişdi. Atam Qurban müəllim həmin texnikumda müəllim işləmişdir, o, danışırdı ki, Əbdülrəhim müəllim hələ texnikumda oxuyarkən özünü zəhmətsevər, bilikli tələbə, bacarıqlı təşkilatçı kimi tanıda bilmişdir. Atam Əbdülrəhim Məmmədov haqqında daha bir sıra xoş sözlər dedi və evimizdə olan Şəki Pedaqoji Texnikumunun məzunlarının vinetkalarından birində olan Ə.Məmmədovun foto-şəklini mənə göstərib, dedi ki, bax, Əbdülrəhim Məmmədov texnikumun ən fəal tələbələrindən biri olmuşdur.

1960 və ya 1961-ci il olardı. Azərbaycan milli dramaturgiyasının banisi, dünya şöhrətli filosof, mütəffəkir yazıçı və şair, görkəmli dövlət xadimi M.F.Axundovun anadan olmasının 150 illiyi münasibətilə yubiley tədbirlərinə geniş hazırlıq işləri görülürdü. Təbii ki, bu işlərə rayon partiya komitəsinin birinci katibi kimi Əbdülrəhim Məmmədov şəxsən rəhbərlik edirdi. Şəki şəhərində o zamankı Lenin prospekti (hazırda həmin prospekt Məmmədəmin Rəsulzadə prospekti adlanır-İ.A.) ən uzun prospektlərdən biri idi, lakin 7 N-li məktəbdən başlamış şəhər mərkəzinə doğru prospekt bir sıra yerlərdə, xüsusilə, darısqal idi. Ona görə də prospektin bu hissəsində əsaslı yenidənqurma işləri aparıldı, bir sıra şəxsi evlərin sökülməsi hesabına prospektin bu hissəsi nisbətən genişləndirildi, küçənin ətrafında ağaclar əkildi. Hazırda həmin ağacların artıq az qala yarıməsrlik tarixi vardı. Yaxşı yadımdadır ki, həmin ağacların budaqlarını, təxminən, on-on beş il bundan əvvəl budamaqla, başqa sözlə, bu ağacların ömrünü xeyli uzatmışlar.

Səhv eləmirəmsə, həmin yubiley ərəfəsində şəhərin mərkəzində M.F.Axundov adına kino-teatrın binasının açılışı da oldu. Kino-teatrın qabağında M.F.Axundovun əzəmətli büstü də qoyuldu. Həmin yer el arasında "Berjin qabağı" adlanırdı. Sən demə, atamın deməyinə görə həmin yerdə vaxtilə müxtəlif birjaların mağazaları yerləşmişdi. Yenidənqurma işləri ilə əlaqədar köhnə mağazaların hamısı söküldü və kino-teatrın qarşısı açıldı və həmin yerdə bəzək ağacları əkildi, yaşıllıqlar salındı. Onu da deyim ki, həmin birja mağazalarının mövcudluğu mənim yadıma gəlir.

M.F.Axundovun yubiley tədbirləri ilə əlaqədar Şəki şəhərinə xarici ölkələrdən çoxsaylı qonaqlar da gəlmişdilər. Lakin həmin vaxt Şəkidə böyük tədbirlərin keçirilməsi üçün iri konfrans zalı yox idi. Amma o yadımdadır ki, yekun yubiley tədbiri Şəki İpəkçilik Birliyinin akt zalında keçirildi. Valideynlərimin deməyinə görə M.F.Axundovun komediyalarından birinin də məhz həmin yerdə ilk tamaşası olub.

Təbii ki, uşaq olduğuma görə mən həmin vaxt yubiley tədbirlərində iştirak etmirdim, lakin atamın deməyinə görə yubiley tədbirləri yüksək səviyyədə keçirilmişdi və qonaqlar, o cümlədən keçmiş SSRİ-nin müxtəlif yerlərindən və xarici ölkələrdən gələn qonaqlar yubiley tədbirlərinin keçirilməsi səviyyəsindən çox razı qalmışdılar. Bu həm də həmin vaxt rayon partiya komitəsinə rəhbərlik etmiş Əbdülrəhim Məmmədovun böyük təşkilatçılıq qabiliyyətinə dəlalət edirdi.

Təxminən, 1963 və ya 1964-cü ilin əvvəlləri idi. Bu o dövr idi ki, keçmiş Sov.İKP-nin (keçmiş Sovet İttifaqı Komunist Partiyası nəzərdə tutulur-İ.A.) XXII qurultayın qərarlarına müvafiq olaraq artıq İ.Stalinin nəşi Moskvada movzeleydən götürülərək, Kreml divarları önündə torpağa tapşırılmışdı. Hələ bundan əvvəl Sov.İKP-nin XX qurultayında İ.Stalinin şəxsiyyətə pərəstişi ciddi tənqid olunmuş və qurultay onun zərərli nəticələrinin artadan qaldırılması haqqında müvafiq qərar qəbul etmişdi. Məhz bu da Sov.İKP MK ilə Çin Komunist Partiyası rəhbərliyi arasında münasibətlərin pozulmasına səbəb olmuşdu. Bu zəmində yaranmış ziddiyyətlər isə 1963-1964-cü illərdə daha ciddi şəkil almışdı. Ona görə də həmin illərdə Sov.İKP MK ilə Çin Komunist Partiyası rəhbərliyi arasında ciddi ixtilaflar yaranmış və Sov.İKP MK 14 iyul 1963-cü ildə bütün partiya təşkilatlarına açıq məktub göndərilmişdi. Bu müraciət isə çin-sovet münasibətlərini daha da kəskinləşdirməklə, son həddə çatdırmışdı. Ona görə də həmin illərdə ölkə üzrə (keçmiş Sovetlər ölkəsi nəzərdə tutulur-İ.A.) bütün rayon(şəhər) partiya komitələrində çin-sovet münasibətlərinə həsr olunmuş plenumlar keçirilirdi. Bu məsələ həmin dövrlərdə rayon(şəhər) komsomol komitələrinin də plenum iclaslarında müzakirə predmeti olurdu. Həmin vaxt mən oxuduğum Şəki şəhər Nizami adına 7 N-li orta məktəbin müəllim-şagird birləşmiş ilk komsomol təşkilatının katibi seçilmişdim. Rayon komsomol komitəsindən xəbər verdilər ki, səhər saat 11-də rayon partiya komitəsinin iclas salonunda rayon komsomol komitəsinin plenumu olacaq və məruzəni rayon partiya komitəsinin birinci katibi Əbdülrəhim Məmmədov edəcəkdir.

Səhəri gün mən və plenuma dəvət olunan məktəb şagirdləri ilə bərabər rayon partiya komitəsinin iclas salonunda olduq. O zamanlar binanın birinci mərtəbəsində rayon komsomol komitəsi, ikinci-üçüncü mərtəbədə isə rayon partiya komitəsi yerləşirdi. Plenum gündüz saat 11-də də başladı. Məruzəni rayon partiya komitəsinin birinci katibi Əbdülrəhim Məmmədov etdi. Əbdülrəhim Məmmədov, təxminən, saatyarım çin-sovet münasibətlərindən, Sov.İKP MK ilə Çin Komunist Partiyasının rəhbərliyi arasında yaranmış kəskin ixtilaflardan danışdı. Ə.Məmmədov bu işdə Çin Komunist Partiyası rəhbərliyinin orqanı olan "Jenmin jibao" qəzetinin fəaliyyətini də kəskin tənqid etdi.

Həmin plenumda mənim üçün maraqlı olan nə idi?! Əbdülrəhim Məmmədov heç vaxt yerli ləhcədə danışmırdı. O, çox ədəbi dildə danışır və heç vaxt da məruzəni üzündən oxumurdu. Təxminən, saatyarım ərzində o, məruzəni oxumadan, sadəcə məruzəni vərəqləməklə, şifahi olaraq, yüksək ədəbi dildə çin-sovet münasibətlərindən, çin-sovet münasibətlərinin pisləşməsinin səbəblərindən danışdı. Əbdülrəhim Məmmədovun yerli ləhcədə deyil, yüksək ədəbi dildə, özü də yazılı məruzəni oxumadan, saatyarım çıxış etməsini axşam evdə atama danışdım. Atam dedi ki, Əbdülrəhim Məmmədov elə texnikumda oxuyanda da heç vaxt yerli ləhcədə danışmırdı. Atam onu da əlavə etdi ki, Əbdülrəhim Məmmədov çox istedadlı tələbə idi.

Artıq mən Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun-İ.A.) Hüquq fakültəsinin II kursunda oxuyurdum. Onda eşitdim ki, Şəki rayon partiya komitəsinin rəhbərliyi dəyişdirilib və Əbdülrəhim Məmmədov keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin Sovet orqanları şöbəsinə işə dəyişdirilib.

Təxminən, 1983 və ya 1984-cü il olardı. Mən o zamankı Qutqaşen rayon (indiki Qəbələ rayonu-İ.A.) prokuroru vəzifəsində işləyirdim. Rayon partiya komitəsinin katibi vəzifəsinə, həmin vəzifə üçün nisbətən cavan hesab edilən, Ələddin Qurbanov seçilmişdi. Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində isə həmin vəzifə üçün çox cavan hesab edilən bir nəfər işləyirdi.

Günlərin birində Ələddin Qurbanov məni rayon partiya komitəsinə dəvət etdi və bildirdi ki, rayon XDS İcraiyyə Komitəsinin sədrinin fəaliyyətindən çoxsaylı şikayətlər gəlir, hələ bu azmış kimi şikayətlərin bir hissəsi Bakıdan mərkəzi təşkilatlardan gəlir, XDS İcraiyyə Komitəsinin sədri vətəndaşlara həyətyanı torpaq sahələrinin verilməsində, vətəndaşlara avtomobil satışı bölgüsündə, qanunçuluğun möhkəmləndirilməsi işində çoxsaylı qanunsuzluq və sui-istifadə hallarına yol verir. Sonda birinci katib mənə tapşırıq verdi ki, rayon XDS İcraiyyə Komitəsinin bu sahədəki fəaliyyətini yoxlayıb, rayon partiya komitəsinə arayış verim.

Birinci katibin tapşırığına əsasən bu məsələni prokurorluğun iş planınına daxil edib, yoxladım. Yoxlama zamanı bu sahədə çoxsaylı kobud qanun pozuntuları və ciddi nöqsanlar aşkar edildi. Yoxlama nəticəsinə dair rayon partiya komitəsinə, səhv etmirəmsə, 8 vərəqəlik arayış təqdim etdim.

Aradan bir az keçmişdi ki, rayon partiya komitəsinin ümumi şöbəsinin müdiri Əliş müəllim mənə zəng edib, telefonla bildirdi ki, Bakıdan Nazirlər Sovetindən qonaqlarımız var, səni görmək istəyirlər. Rayon partiya komitəsinə gəldikdə, aydın oldu ki, məni görmək istəyən həmin qonaqlar keçmiş Azərbaycan SSR Nazirlər Sovetinin Sovet orqanları şöbəsinin iki nəfər məsul işçisidir. Onlardan biri məhz Əbdülrəhim Məmmədov idi, digər qonaq isə yenə həmin şöbənin işçisi, səhv etmirəmsə, Həsən Əliyev idi. Mən Əbdülrəhim Məmmədovu görən kimi tanıdım. Əbdülrəhim Məmmədov mənimlə çox mehriban görüşüb, onunla Bakıdan gəlmiş Həsən Əliyevə təqdim etdi. Təbii ki, mən qonaqların gəlişinin məqsədini soruşdum. Əbdülrəhim Məmmədov dedi ki, bizi bura rayon XDS İcraiyyə Komitəsinin fəaliyyətini kompleks yoxlamaq üçün göndəriblər.

Orada mənə aydın oldu ki, Bakıdan gələnlərdən Həsən Əliyev vaxtilə Ağdam rayon partiya komitəsinin birinci katibi işləmişdi, səhv etmirəmsə, coğrafiya elmləri namizədi idi. Əbdülrəhim Məmmədovun söhbətlərinə görə Həsən Əliyev Ağdam rayon partiya komitəsinin birinci katibi vəzifəsində çox ləyaqətlə işləmişdi, çox təmiz və vicdanlı adam idi. Yaxşı yadımda qalmayıb, Həsən Əliyev həmin vaxtlar Nazirlər Sovetində işləyirdi, yaxud bu yoxlamaya ictimai əsaslarla cəlb edilmişdi.

Mən Əbdülrəhim Məmmədovdan rayonda neçə gün qalacaqlarını soruşdum. Əbdülrəhim Məmmədov bildirdi ki, burada onların 5-6 günlük işləri var. Əbdülrəhim Məmmədova bildirdim ki, mən sizə mane olmayacağam, ancaq işdən sonra mənim qonağım olacaqsınız. O, mənim bu təklifimdən çox razı qaldı və Həsən Əliyevə dedi ki, biz hər gün işdən sonra prokurorun qonağı olacağıq.

Ona görə də mən hər gün işdən sonra Əbdülrəhim müəllim və Həsən müəllimlə görüşürdüm. Əbdülrəhim müəllim bir dəfə belə görüşdə mənə dedi ki, deyəsən prokurorluq da rayon XDS İcraiyyə Komitəsinin fəaliyyətini yoxlayıb. Bildirdim ki, prokurorluq rayon XDS İcraiyyə Komitəsinin yalnız vətəndaşlara həyətyanı torpaq sahələrinin verilməsində, vətəndaşlara avtomobil satışı bölgüsündə, qanunçuluğun möhkəmləndirilməsi işindəki fəaliyyətini yoxlayıb, bu sahədə çoxsaylı qanunsuzluq və sui-istifadə hallarına yol verilməsini aşkar edib, bu haqda rayon partiya komitəsinə müvafiq arayış vermişdi. Ə.Məmmədov söhbət əsnasında bildirdi ki, arayışla tanışdır, ciddi qanunsuzluq və nöqsanlar aşkar etmisiniz.

Əbdülrəhim Məmmədov və Həsən Əliyevlə hər görüş mənim üçün əlamətdar və maraqlı idi. Bu görüşlər zamanı biz keçmişləri yada salır və müxtəlif xarakterli məsələlər barəsində fikir bölüşürdük.

Bakıdan gəlmiş Əbdülrəhim Məmmədov və Həsən Əliyevin ezamiyyə müddətləri bitdikdən sonra onlar Bakıya qayıtdılar. Təxminən, 20-25 gündən sonra rayon XDS İcraiyyə Komitəsinin fəaliyyətinin kompleks yoxlanılması haqda keçmiş Azərbaycan SSR Nazirlər Sovetindən daxil olmuş arayış və rayon prokurorluğunun müvafiq arayışı rayon partiya komitəsinin büro iclasında geniş müzakirə edilərək, rayon XDS İcraiyyə Komitəsinin sədri işində kobud qanunsuzluq və nöqsanlara yol verdiyinə görə tutduğu vəzifəsindən azad edilərək, ciddi partiya məsuliyyətinə cəlb edildi. Rayon XDS İcraiyyə Komitəsinin rəhbərliyi yeni kadrla möhkəmləndirildi.

1994-cü ildə artıq mən Azərbaycan Respublikası Prokurorluğunun Mərkəzi Aparatına işə dəyişdirildim. Həmin dövrdə müəyyən tədbirlərdə Əbdülrəhim Məmmədovla görüşürdüm. Onun söhbətlərinə qulaq asmaq, məsləhətlərini eşitmək mənim üçün də xoş idi.

Sonralar mən Ədliyyə Nazirliyinə işə dəyişdirilərkən Əbdülrəhim Məmmədovun kiçik oğlu Azərlə də tanış oldum. O da hazırda Ədliyyə Nazirliyində böyük mütəxəssis vəzifəsində işləyir. Mən Bakıya işə dəyişiləndən sonra Əbdülrəhim Məmmədovun məndən altı yaş balaca olan oğlu İbrahimlə də tanış oldum. O, isə hazırda Azərbaycan Dövlət Neft Akademiyasında pedoqoji fəaliyyətlə məşğuldur, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Digər uşaqları ilə tanış deyiləm. Lakin elə yalnız İbrahim və Azərin davranışları və tərbiyəsinə əsasən belə nəticəyə gəlmək olar ki, Əbdülrəhim Məmmədov mehriban ata, gözəl ailə başçısı olmuşdur.

Əbdülrəhim Məmmədov 1959-1967-ci illərdə Azərbaycan KP Nuxa şəhər komitəsinin birinci katibi vəzifəsində 34-42 yaşlarında, başqa sözlə, çox cavan yaşlarında Nuxa şəhər partiya komitəsinə rəhbərlik etmişdi. Bu isə onun yüksək təşkilatçılıq qabiliyyəti, geniş biliyi və dünyagörüşü olmasına dəlalət edirdi.

Allah Əbdülrəhim Məmmədova qəni-qəni rəhmət eləsin.

 

 

İlham Abbasov,

Ədliyyə Nazirliyi Ədliyyə

Akademiyasının prorektoru

 

Ədalət.-2012.-1 noyabr.-S.5.