Qarabağda ilk dəfə üçrəngli bayrağı qaldıran oğlan

 

   Azərbaycanın müstəqilliyinə səs verən 43 millət vəkilindən biri - Eldar Bağırovun unudulmasında maraqlı olan kimlərdir?

 

   Yeri-yeri, qara paltarlı qadın,

   Kiri-kiri, qara paltarlı qadın.

   Bu qəbir də min qəbirdən biridir.

   Başdaşımı bəsdir basdın bağrına,

   Bütün mənə ağlayanlar kiridi,

   Sən də kiri, qəbrim damır, ağlama...

  

   (Ramiz Rövşən)

  

   Hamı elə qarabağlılar demişkən kiriyib, amma o qara paltarlı qadın kirimək bilmir. Nə bağrına basmağa başdaşı var, nə də üç qardaşından biri. Allahverdisiz, Eldarsız, Əmirsiz qalan Almaz xanımla özünün təbirincə desək, qibləsi saydığı Eldar Bağırovdan danışacağıq. Onun yoxluğunun 21-ci ildönümündə. O Eldar Bağırovdan ki, indi müəyyən və qeyri-müəyyən səbəblərdən bir çoxu onun hətta Qarabağ döyüşlərində göstərdiyi qəhrəmanlığından belə danışmağa çəkinir. O Eldar Bağırovdan ki, ermənilərin çəkindiyi, Ağdamın 1988-ci ildən 1992-ci ilədək işğal olunmamasına görə ağdamlıların minnətdar olduğu (indi çoxu bunu deməkdən çəkinir N.Q.) və Almaz xanımın diliylə desək, bir atanın oğlu, bir ananın balası Eldar Bağırovdan danışacağıq.

   Onun Qarabağ döyüşlərindəki iştirakını da, xeyirxah bir insan olduğunu da, torpağa bağlılığını da bir kənara qoyaraq dəyərləndirməyən cənablar! Axı Eldar Bağırov həm də Azərbaycanın müstəqilliyinə səs verən 43 millət vəkilindən biri olub. Xalqına, millətinə müstəqillik bəxş edən insanlarla yalnız və yalnız qürürlanmaq lazımdır. Hər halda Eldar Bağırov sağlığında mövqeyi hamıya bəlli olanlardan idi.

   Onun müəmmalı qətlindən düz 21 il ötür - müstəqilliyimizin ömrü qədər zaman. İndi Eldar Bağırovun doyunca əlindən tutub gəzdirə bilmədiyi, başqa atalar kimi qayğısına qala bilmədiyi iki qız övladı da artıq ev-eşik yiyəsidir. Daha bir Eldar və Allahverdi də var indi. Amma boşluq elə boşluqdur. Qədim Çin fəlsəfəsində deyildiyi kimi, "boşluğun məntiqi mahiyyəti elə onun heç bir zaman dolmayacağındadır". Bu boşluğun nə vaxtsa dolacağına heç vaxt inanmayan, 3 qardaşının yoxluğundan sonra yaşadığına görə hər gün özünü lənətlədiyini deyən, Bağırov qardaşlarının həmişə özlərinə bacı deyil, qardaş, arxa-dayaq bildiyi Almaz Bağırova danışır:

   "Özü də nəsə hiss eləmişdı elə bil. Böyük qızını aldı qucağına, onda dörd yaşı vardı. Dedi qızım, nə istəsən, Almazdan istə. Acığım tutdu. Dedim sənə nə olub ki, məndən istəsin. Özünü itirmədən dedi: "sən yaxşı yemək bişirirsən deyə, elə dedim"

   Yazılmış ssenariydi. Nə öldürənin turtulması ilə bağlı iş aparıldı, nə də ekspert rəyi verildi. Sürücünün də xəbəri var idi. Həmin gün Eldar bacım Svetagilə getmişdi. Sürücü çox məcbur edib ki, aşağı düşnsün o, da bacım evdə olmadığuna görə düşməyib. Düşmədiyini görüb, elə maşındaca vurmuşdular. Bundan başqa, həmin gün sürücü rayonda olmalı idi. Ona nə düşmüşdü ki, Bakıya qayıtsın. Cəmi bir güllə dəymişdi. Görünür vuran çox təcrübəli imiş ki, bir güllə sağ böyrəyindən girib ciyərini, ürəyini keçib, qolundan çıxmışdı. Nə düz-əməlli cinayət işi qaldırıldı, nə də axtarış aparılı. İsmət Qayıbov o zaman baş prokuror idi. O, dedi ki, bu nəsil davasının nəticəsi olub. 20 noyabr 1991-ci ildə dövlət adamları Ağdama gəlmişdilər, onda bacımla mən də getmişdik. Bacım onda Qayıbova yaxınlaşıb dedi ki, qardaşımın işini düzgün apar, Eldarın qətlini nəsil davasının ayağına yazmayın. Eldarın əziyyətini yerdə qoymayın. Sonra da elə oldu ki, məlum 20 noyabr faciəsi baş verdi və həmin adamlar həlak oldu. Eldarın da işinə başqa cür senari yazıldı, başqa cür don geyindirildi. Sonradan Eldara nə şəhid adı verildi, nə də Ağdamda neçə illər döyüşüb əziyyət çəkdiyini deyən oldu. Elə bil ki, küçədə təsadüfən gedərkən ölüb. Eldarın zəhmətini belə yerə vurdular. Bu cür ölüm Eldarın qisməti deyildi. 1988-ci ildən - hadisələr başlayandan Eldar könüllü şəkildə mübarizəyə başlayıb. Müharibənin nə olduğunu bilməyənlər, o vaxt aləm bir-birinə qarışanda qaçıb gizlənənlər indi veteran olublar. Bax, məni yandıran budur".

 

   "Bu yol Eldarın yoludur"

 

   Müstəqilliyə qol çəkəndən cəmi 13 gün sonra Eldar Bağırovu sessiyadan çıxanda qətlə yetiriblər. 38 yaşında. Eldarın görməli olduğu işlər çox idi. Lap çox. Hələ Qarabağ torpaqları erməni quldurlarından azad edilməmişdi. Tarixçi ixtisasına yiyələnmək üçün Bakı Dövlət Universitetinə təzəcə qəbul olunmuşdu. İki qız balası körpə olduqları üçün Eldar kimi atanın qayğısına ehtiyacı çox böyük idi. Almaz xanım deyir ki, Eldar bir çağırışına 10 mindən yuxarı adamı ayağa qaldırmaq qüdrətinə malik idi. O, bunu etmişdi də. Qarabağ hadisələri başlayanda Allahverdi ilə Eldarın səsinə minlərlə adam səs verdi. Heç 2-3 saat keçməmiş, meydana 20 mindən artıq adam yığılmışdı. Ağdamda ilk batalyon yaradıldı. 790 nəfərlik milli ordu. 1991-ci il oktyabrın 4-də yaradılmış batalyona Şirin Mirzəyev, Eldar Bağırov adına batalyona isə Allahverdi rəhbərlik edir, çoxlu sayda uğurlu döyüş əməliyyatları keçirilir.

   "Qardaşım Allahverdi də Eldardan sonar heç nəyi gözə almadan getdi. Elə hey deyirdi ki, bu yol Eldarın yoludur. Getməsəm inciyər. Amansızlıqla, vəhşiliklə qətlə yetirilmiş yüzlərlə insanın cəsədi məhz onun köməyi ilə düşmən əlindən alındı, itkin düşən axtarılıb tapıldı. Yüzlərlə əsir götürülmüş insan onun köməkliyilə geri alındı. Eldar Bağırov bütün şüurlu həyatını Ağdamın xeyirli və xeyirxah işlərinə sərf etdi. Eldar əsl vətənpərvər ağdamlı kimi böyümüşdü. Mərd, sözü üzə şax deyən, haqsızlığa qarşı dözümsüz idi. 1988-ci ildə Dağlıq Qarabağda ermənilər tərəfindən incidilən ilk qaçqınlar Ağdama gəldiyi gündən işini, gücünü atıb onların yerləşdirilməsi, ərzaq təminatı ilə məşğul olmağa başlamışdı. Yanına gələn hər kəsə bacardığı köməyi göstərirdi".

   Qarabağda ilk dəfə üçrəngli bayrağı da Eldar qaldırıb. İlk dəfə Ağdamın Xındiristan kəndində sovetliyin binasının üstünə sancıb bayrağı. O zaman onun bu hərəkəti rusları qəzəbləndirib. Deyiblər ki, bu dəqiqə bayrağı götürməlisiz. Eldar da deyib ki, nə olur-olsun bayraq burada qalacaq.

   "Eldarın ölümünü də onun əməllərinə qarşı çıxan bu cür qüvvələr etdi. O vaxt ermənilərin yaşadığı kəndlərdən onların Azərbaycan dövlətinin ərazisində qalmaq istəmələri ilə bağlı kənd sovetliyindən Eldara sənədlər verilmişdi. Həmin sənədləri də Eldar Bakıya gətirmişdi və Tamerlan Qrayevin yanında o vaxtkı prezident Ayaz Mütəllibova vermişdi. O sənədlərin bir surəti də Eldarın özündə idi. Amma sonradan sənədin hər iki nüsxəsi yoxa çıxdı. Mütəllibovla ilk dəfə Eldar Bağırov Etibar Məmmədovun məsələsinə görə qarşılaşmışdı. O vaxt da Ayaz Mütəllibov ona demişdi ki, sən çox böyük işlərə qarışırsan, yetim öğlansan get başını aşağı sal, işinlə məşğul ol. Eldar da deyib ki, məgər yetim oğlan torpağının, millətinin dərdinə qala bilməz. O da deyib ki, sənin kimiləri çox görmüşük. Bununla da söhbət bitmişdi".

 

    "Daha çox Ağdam rayon rəhbərliyindən narazıyam"

 

   "Nəinki Milli Qəhrəman, şəhid adını çox gördülər Eldara. O vaxt bu məsələ gündəmə gətirildi, amma təsdiq olunmadı. Əbülfəz Elçibəyin hakimiyyətdə olduğu müddətdə müraciət etdik. Dedilər Eldarın işi hələ məhkəmədədir, ona görə olmaz. Hakimiyyət dəyişəndən sonra da dedilər ki, bu məsələnin üstünə heç gəlməsəniz yaxşıdır.

   Amma Eldar qətlə yetiriləndə Heydər Əliyev Naxçıvanda işləyirdi və o, oradan jurnalist göndərmişdi. Eldarın Heydər Əliyevə xüsusi hörməti vardı. Deputat olan vaxtı həmişə deyirdi ki, Heydər Əliyev koridorda gələndə onun vaxtında işləyənlər kənara çəkilib gizlənməyə yer axtarırlar. 1991-ci ilin mart sessiyasında da Eldar çıxış edəndə deyir ki, Heydər Əliyev cənablarının nüfuzundan, potensilandan istifadə etməliyik. Mən daha çox Ağdam rayon rəhbərliyindən narazıyam.

   Bu illər ərzində bir dəfə də olsun onlar nə Eldarın, nə də Allahverdinin ailəsinin vəziyyəti ilə maraqlanmayıblar. 2006-cı ilə qədər biz kirayələrdə yaşamışıq. İndi pis-yaxşı evimiz var. Amma Allahverdisiz, Eldarsız o da lazım deyil mənə. 21 ildir ki, bir ocaqda odsuz-ocaqsız yanıram. Onların postlarda, döyüşlərdə keçirdiyi yuxusuz gecələri olub axı. 1988-ci ildən 1991-ci ilin oktyabr ayına kimi erməni ilə sərhəd olan bütün postlarda Eldar və silahdaşları durub. Yəni Azərbaycan Xalq Cəbhəsinin üzvləri.

   Onların da 90 faizi şəhid olub. Eldara ən böyük laqeydliyi elə AXC-nin özü elədi. Bir adını anmadı. Bir yadına salmadı. Guya ki, Eldar heç nə etməmişdi. Eldar, Allahverdi kimi oğullar yaşasaydı, Qarabağda düşmən belə arxayınlıqla at oynada bilməzdi".

 

    Nəsillə gələn qəhrəmanlıq

 

   Bağırov qardaşlarının babası əslən Zəngəzur mahalının Qubadlı elinin Eyvazlı kəndindən olan Allahverdi kişi kənddə sayılıb-seçilənlərdən olub. Qonşu Gorus şəhərində məskunlaşmış qatı daşnaq erməni quldur dəstələri dəfələrlə azərbaycanlı kəndlərinə hücum edərək yandırıb və dinc sakinləri qətlə yetiriblər. 1918-ci ildə erməni quldur dəstələri kəndə hücum edərkən Allahverdi kişi kəndin əli silah tutan qoçaqlarını öz ətrafına yığaraq namərd düşmənlərə qarşı mətinliklə vuruşub.

   O, oğlu Teymuru və üç körpə qız övladını atının hər iki xurcununda gizlədərək 18 yaşlı qardaşına tapşırır ki, uşaqları təhlükəsiz yerə çıxartsın və vəfalı həyat yoldaşı ilə birlikdə düşmənə qarşı mərdliklə vuruşurlar. Onatılanla sərrast atəş açan Allahverdi kişinin ömür-gün yoldaşı Zeynəb xanım döyüşlərdə ağır yaralanır, lakin sürünərək qayalıqlar arasında gizlənir ki, düşmən əlinə keçməsin. Ermənilər "Həcər" qeyrətli Zeynəb xanımı tapa bilmirlər.

   Allahverdi də, xanımı da bu döyüşlərdə qəhrəmancasına həlak olsalar da, neçə erməni quldurlarını gəbərdirlər. Qardaşı körpə övladları əvvəl Şuşaya (Qala), sonra isə meşəliklə gələrək Ağdam rayonunun Şelli kəndinə gətirir. Kəndin bəyinin həyat yoldaşı bu uşaqlara sahib çıxır, onları öz övladı kimi böyüdür.Kəndin bəyi atası kimi qoçaq, igid və qorxmaz olan Teymuru Şuşanın bəy nəslindən olan Zümrüd xanımla evləndirir. Teymur kişinin yeddi qızı, üç oğlu dünyaya gəlir. Oğlanlarına Allahverdi, Əmir və Eldar adlarını qoyur.

   "Allahverdi 5 qızdan sonra olan qardaşımız, çəkinən yerimiz, qibləmiz, ismətimiz, başımızın tacı idi. Allahverdi başqa oğul idi. Onun kimi oğulu hansı ana doğa bilərdi? Eldar da ayrı aləm idi. Eldar deyəndə şəxsiyyətin ən uca zirvəsi, qardaş adının ən qiymətlisi, ata adının bal kimisi yada düşür. Arxamız, dayağımız, pis günümüzün yiyəsiydi. Eldardan sonra 21 ildi yaşayıramsa, qeyrətim yoxdu deyə yaşayıram. Allahverdinin sevinən gözü, şax qaməti, Əmirin qardaşsızlığa dözməyib sağa-sola cırılan ürəyidi Eldar. Hamının əlindən tutmağa hər an hazır olan bir oğul idi o. Amma öz körpə balalarının əlindən tuta bilmədi. Balaları Eldarın dadını bilməsələr də, adını çox qiymətli tuturlar. O, rəhmətə gedəndə qızlarının birinin 4, o birinin 2 yaşı vardı. Onun övladları ata üzünə həsrət qaldılar. Amma qardaşlarımın yanında üzüm ağdı ona görə ki, onların övladlarına bir kəlmə söz gəlməsinə imkan vermədim. Hamısı ali təhsil aldılar, ailə qurdular".

 

 

   Ədalət.-2012.-7 noyabr.-S.6.