ZAQATALA: ZƏLZƏLƏNİN VURDUĞU ZİYANLAR ARADAN QALDIRILIR, DÖVLƏT PROQRAMININ İCRASI UĞURLA DAVAM EDİR

 

   (əvvəli ötən saylarımızda)

  

   Sahibkarlar tərəfindən rayonda yeni ticarət, xidmət, turizm və istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi davam etdirilmiş, şəhərin İmam Şamil küçəsində yeni şadlıq sarayının açılışı olmuşdur.

   Rayonda ümumi sahəsi 3583,6 kvm olan 38 fərdi yaşayış evi tikilərək istifadəyə verilmiş, 1.4 milyon manat, o cümlədən daxili imkanlar hesabına 144 min manat həcmində abadlıq, bərpa və quruculuq işləri görülmüşdür. Şəhərin H.Əliyev prospektinin, Dədə Qorqud meydanının və 28 may küçəsinin tarixi görkəminin qaytarılması və yenidənqurma işlərinə başlanmış, yaşayış evlərinin və ictimai binaların fasadlarının yerlı üzlük daşla üzlənməsi işləri aparılmışdır. Dədə Qorqud meydanında və ətrafındakı ərazidə yenidənqurma işləri başa çatdırılmış, meydanda yeni işıqlandırma sistemi, fəvvarələr, Dədə Qorqudun monumenti quraşdırılmış, yaşıllaşdırma işləri aparılmışdır. Yol təsərrüfatının təmirinə diqqət artırılmış, 9 ay ərzində Əliabad qəsəbəsinin ara yollarına 1,5 km, Suvagil kənd yoluna 2,0 km, Dombabinə-Bozbinə avtomobil yoluna 1,8 km, Dardoqqaz kənd yoluna 1,0 km, Mazıx-Qəbizdərə avtomobil yoluna 2,5 km, Zaqatala-Car avtomobil yoluna 1.4 km, şəhərin A.Həmidov küçəsinə 0.9 km uzunluğunda asfalt örtüyü döşənmişdir. 2012-ci ilin may ayında baş vermiş güçlü zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş Muxaxçay üzərində 160 m uzunluğundakı körpünün bərpası başa catdırılmış və Car, Axaxdərə kəndlərində dağılmış körpülərin bərpası işlərinə başlanmışdır.

   Rayonda 299 fərdi mənzilə və 9 müəssisəyə yeni qaz xətləri çəkilmiş, əhali abonentlərin sayı 10687-ə, qeyri-əhali abonentlərin sayı isə 109-a çatdırılmışdır. Rayonda ümumilikdə 165.14 km uzunluğunda müxtəlif diametrli qaz xətləri, o cümlədən Çökək, Göyəm, Dardoqqaz, Sumaylı və Yolayrıc kəndlərinin qaz təchizatının yaxşılaşdırılması üçün Maqov Qaz Paylayıcı Stansiyasından 2 km uzunluğunda orta təzyiqli qaz xətti çəkilmişdir.

   Əhalinin enerji təminatı sahəsində də müəyyən işlər görülmüş, 258 ədəd yararsız dayaq yeni dayaqlarla əvəz edilmiş, 15.5 km müxtəlif gərginlikli elektrik hava xətləri əsaslı təmir edilmiş və hazırda bu işlər davam etdirilir.

   2012-ci ilin 9 ayı ərzində "Zaqatala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması və tikintisi" layihəsinin 2-ci mərhələsinin icrası olaraq şəhərdaxili su və kanalizasiya xətlərinin yenidən qurulması və tikintisi işləri davam etdirilmiş, 89731 m kanalizasiya və 71240 m su xətti çəkilmiş, 4918 ədəd müxtəlif ölçülü kürəbəndlər quraşdırılmışdır.

   Doqquz ay ərzində Göxbarax kəndinin yeni yaşayış massivinə 2 km, Suvagil kəndinə 0,5 km uzunluğunda su xətti çəkilmiş, Zəyəm kəndində magistral su xəttinin 500 metrlik hissəsi dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Danaçı kəndində artezian quyusu qazılmış, 200 kubmetrlik su anbarı və 7600 metr müxtəlif diametrli borularla su şəbəkəsi quraşdırılmışdır. Kəndin su şəbəkəsinin yenidənqurulması işləri davam etdirilir.

    Rayonda əhalinin və iqtisadiyyatın elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatının yaxşılaşdırılması, bu sahələr üzrə xidmət haqlarının ödənilməsinin təmin edilməsinə rayon qərargahı tərəfindən daim nəzarət edilmişdir. Görülmüş tədbirlər nəticəsində 2012-ci ilin doqquz ayının yekunlarına görə əhali sektorunda kommunal xidmət haqlarının ödənişi təbii qaz üzrə 104.3 faiz, içməli su 104.2 faiz, elektrik enerjisi üzrə 100 faiz təşkil etmişdir.

  

   01 oktyabr 2012-ci il tarixə 108 mənzilə yeni telefon xətti çəkilmiş, genişzolaqlı internet xidməti istifadəçilərinin sayı 3118 abonent olmuşdur ki, bu da 2011-ci illə müqayisədə 1406 abonent çoxdur.

   Təhsil, Səhiyyə, Mədəniyyət və İdman

   Bütün sahələrdə olduğu kimi rayonda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində də müəyyən nailiyyətlər əldə olunmuşdur.

   2011/2012-ci tədris ilində XI siniflər üzrə 1483, IX siniflər üzrə 1777 şagird-məzun rayonda baş vermiş təbii fəlakətlə əlaqədar buraxılış imtahanlarından azad olunmuş, tam orta təhsil səviyyəsini bitirmiş şagirdlərdən 604 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş, onlardan 281 nəfər Azərbaycan Respublikasının təhsil müəssisələrinə, 30 nəfər xaricdə ali məktəblərə qəbul olmuşlar.

   Həmin məzunlardan 12 nəfəri 600-dan yuxarı, 30 nəfəri 500-dən yuxarı bal toplamışdır. 15 sentyabr "Bilik günü" bütün məktəblərdə təntənə ilə qeyd edilmiş, bu münasibətlə Muxax kəndində 80 şagird yerlik ümumi orta, Zəyəm və Bazar kəndlərində hər biri 180 şagird yerlik tam orta məktəb binalarında tikinti işləri başa çatdırılaraq açılışı olmuşdur. 5 oktyabr Beynəlxalq Müəllimlər günü münasibəti ilə yeni tikilmiş Tala 5 saylı tam orta və Danaçı kənd 4 saylı ibtidai məktəblərin açılış mərasimləri keçirilmiş, təhsil işçiləri ilə keçirilən tədbirdə gənc nəslin təlim-tərbiyyəsində fərqlənmiş müəllimlər RİHB-nın Fəxri Fərmanları ilə təltif edilmişlər.

  

 

   (ardı gələn sayımızda)

 

   MƏZAHİR ƏHMƏDOĞLU

 

   Ədalət.-2012.-13 noyabr.-S.7.