Bu gün daha abad Cəlilabad

 

   (əvvəli ötən sayımızda)

  

   Yollar qovuşdurar obaları, elləri

  

   Ömrə bənzədilən yollar nələrə qadir deyil. Yol mədəniyyətdir deyimi çox dəqiqdir. Obaları, elləri birləşdirən yollar həm ünsiyyətdir, bağlılıqdır. Şəhərlərin, kəndlərin iqtisadi-sosial, mədəni həyatında yolların rolu danılmazdır. Yolu olmayan şəhərə, kəndə-kəsəyə kim yön salar?

   Cəlilabadda yol təsərrüfatına da ayrıca yer ayrılır, qayğı göstərilir. Burada kəndarası yolların yenidən qurulması istiqamətində çox uğurlu layihələr həyata keçirilir. Prezident İlham Əliyevin 09 mart 2012-ci il tarixli sərəncamına əsasən 24 min əhalisi olan, 14 yaşayış məntəqəsini əhatə edən, 17 kilometr uzunluğu olan Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun inşası üçün 3 milyon manat vəsaitin ayrılması yola olan diqqətin təzahürüdür. Prezidentin 28 sentyabr 2012-ci il tarixli sərəncamına əsasən 33 min insanın yaşadığı, 21 kəndi əhatə edən, uzunluğu 34 kilometr olan Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun yenidən qurulması üçün 2 milyon manat pul vəsaiti ayrılmışdır. Yay aylarında sürəti bir an belə səngiməyən birinci layihənin son tamamlama işləri görülür. Çox qısa zamanda bu yoldan minlərlə kənd sakini istifadə edəcək. İkinci layihədə yol təsərrüfatının mühüm işləri görülür. İndi burada torpaqbərkitmə, çınqıldöşəmə kimi məsul tikinti işləri həyata keçirilir.

   Ölkə prezidentinin tapşırıq tövsiyyəsinə əsaslanan cəlilabadlılar rayonun 45 kəndini əhatə edən Cəlilabad-Yardımlı avtomobil yolunun artıq 20 kilometrini asfaltlamışlar. Dağlardan keçən bu yolun daha etibarlı davamlı olması üçün suötürücülərin inşasına ayrıca fikir verilir.

   Cəlilabadda bu sahəyə diqqətin nəticəsidir ki, rayonun 80 kəndini əhatə edən 96 kilometr uzunluğu olan kəndarası yollar yüksək texnologiya əsasında asfaltlaşdırılmışdır. Bu rayonun yol infrastrukturunda çox mühüm işlərdən biridir.

   Göytəpə-Komanlı, Cəlilabad-Soltankənd, Təklə-Bayxanlı, Xanəgah-Mikayıllı, Əlqasımlı-Üçtəpə avtomobil yollarında da asfaltlaşdırma işlərinin aparılması üçün müvafiq qurumlar qarşısında məsələ qaldırılmışdır.

   Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun açılışı mərasimində bu rayonun yolları barəsində ölkə prezidenti belə demişdir: "... çalışmalıyıq ki, növbəti illərdə bütün kəndlərdə gözəl yollar çəkək, düzəldək, bərpa edək. Kəndlərdə yaşayan insanlar daha rahat yollardan istifadə etsinlər. Cəlilabadda kənd yollarının tikintisi, bərpası, təmiri bundan sonra da gedəcəkdir".

   "Abad el yolundan bəllidir". Bunu da babalarımız, ulularımız deyib.

 

   Burada təhsilə xüsusi qayğı var

 

   Cəlilabad rayonunda elmə, təhsilə doğrudan ayrıca diqqət qayğı göstərilir. Respublika miqyaslı tədbirlərdə, müsabiqələrdə, yarışlarda rayon təhsil şöbəsi bir sıra uğurlara imza atmışdır.

   Xüsusi qabiliyyətli məktəbli istedadların aşkar edilməsi Dövlət Proqramı çərçivəsində fənn olimpiyadalarının respublika mərhələsində Cəlilabadın 10 nəfər şagirdi müxtəlif fənlər üzrə mükafata layiq yerlər tutmuşlar. X sinif şagirdləri Bətulə Sabir qızı Hüseynzadə, Mirhəsən Mirmayıl oğlu Bəhrəmzadə, Rafael Xanlar oğlu Abdullayev, Ülkər Allahşükür qızı Şikarlı dil ədəbiyyat, riyaziyyat, biologiya fənləri üzrə III yeri tutmuşlar.

   "Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir haqqında düşüncələrim" mövzusunda inşa yazısına görə Göytəpə şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdi Lətafət Mehman qızı Əliyeva respublikada I olmuşdur. "Mirzə İbrahimovun ədəbi-bədii görüşləri" mövzusunda inşa yazısına görə Z.Əliyeva adına şəhər 7 saylı tam orta məktəbin şagirdi İlahə Mirsəfər qızı Təhməzova isə Təhsil Nazirliyinin I dərəcəli diplomuna hədiyyəsinə layiq görülmüşdür.

   Cəlilabad müəllimlərinin uğurları da buradakı kadrların yüksək hazırlığından xəbər verir. Şəhər 8 saylı məktəb-liseyin dil-ədəbiyyat müəllimi Qərənfil Qorxmaz qızı Əhmədova "İlin müəllimi" müsabiqəsinin qalibi olmuşdur. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Nəbi İsgəndərovun "Tərəqqi" medalı ilə təltif edilməsi bu ilin uğurlarındandır.

   Cəlilabad məktəbliləri bu ilki qəbul imtahanlarında da fərqlənmişlər. Respublikanın ali məktəblərinə 328 nəfər, orta ixtisas məktəblərinə isə 215 nəfər şagird qəbul olunmuşdur. Qarazəncir kənd tam orta məktəbinin məzunu Xanlar Mehdi oğlu Xanlarzadə 695 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmaqla bərabər prezident təqaüdünə layiq görülmüşdür.

   Rayonda 2012-ci ildə məktəb tikintisi davam etdirilmişdir. 360 şagird üçün Gülməmmədli tam orta, 180 şagird üçün Cəlilabad şəhər 6 saylı ümumi orta məktəb binalarının inşası başa çatdırılmış şagirdlərin ixtiyarına verilmişdir. 480 şagird üçün Sabirabad kənd 1 saylı, 80 şagird üçün Zəhmətabad, 180 şagird üçün Soltankənd, 630 şagird üçün Cəlilabad şəhər 2 saylı məktəblərin inşası isə uğurla davam etməkdədir. 360 şagird üçün nəzərdə tutulan Həziabad kənd tam orta məktəbinin tikintisinin başlanmasına da qərar verilmişdir.

   Bu uğurların qazanılmasında Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Ədalət Əsgərovun xidmətini ayrıca qeyd etmək lazımdır.

 

   Rayonun turizm mədəniyyəti

 

   Etiraf edək ki, rayon mərkəzindən və Göytəpə şəhərindən fərqli olaraq çox böyük əraziləri əhatə edən Cəlilabad rayonunun kəndlərində mədəni-kütləvi işləri, müxtəlif tədbirləri günün tələbləri səviyyəsində təşkil etmək elə də asan deyil. Buna baxmayaraq, bu sahəyə də Cəlilabadın uğurları son vaxtlar xeyli çoxalmışdır. Mədəniyyət və turizm şöbəsinin yeni müdiri İsa Allahverdiyev bildirdi ki, rayon mərkəzində, Göytəpə şəhərində tədbir keçirmək asandır, əsas odur ki, ucqarlarda təşkil edəsən. Əlavə elədi ki, artıq bu istiqamətdə müəyyən işlər görülür. Kənd kitabxanalarının əhaliyə daha yaxşı etmələrinə nail olunub, müxtəlif klublar, dərnəklər də təşkil edilib.

   Hazırda rayon ərazisində 8 turizm obyekti fəaliyyət göstərir ki, onlardan ikisinə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziya verilmişdir. Buna münasibət bildirən prezident İlham Əliyev rayon sakinləri ilə görüşündə demişdir: "Rayonun turizm potensialı vardır. Ancaq bu vaxta qədər həmin potensialdan istifadə olunmayıb. İndi yeni kənd yollarının tikintisi nəticəsində Cəlilabadın dağlıq əraziləri də artıq rayon mərkəzi ilə birləşəcək və o ərazilərdə, gözəl yerlərdə turizm obyektləri, otellər tikilməlidir və tikiləcəkdir".

   Rayonun ümumi iqtisadi inkişafı nəticəsində yaxın vaxtlarda bütün bunların həyata keçəcəyi şəksizdir. Onda Cəlilabad bir az da gözəl olacaq.

  

  

   Səxavət Məmmədli

 

   Ədalət.-2012.-16 oktyabr.-S.7.