"Bu obrazı məndən
başqa heç kim oynaya bilməz"
Əməkdar artist Kəmalə
Hüseynova: "Çünki həmin qadını uzun illər
idi daxilimdə gəzdirirdim"
Azərbaycan
səhnəsindəki son illərin ən uğurlu
tamaşalarından danışarkən "Qatarın
altına atılan qadın"ı qeyd etməmək
insafsızlıq olar. İstedadlı rejissor Mehriban Ələkbərzadə
özünəməxsus dəst-xətti ilə seçilən
yazar Afaq Məsudun bu əsərinə Akademik Milli Dram
Teatrında quruluş verib. Premyerasından bu günə qədər
ötən müddət ərzində tamaşa barədə
çox yazılıb. Peşəkar teatr tənqidçilərindən
tutmuş sıravi tamaşaçılara qədər hamı
"Qatarın altına atılan qadın"ı sənətdə
hadisə sayır.
Söhbət
tamaşanın yaratdığı əks-sədadan,
qatarın altına atılmaq qərarını verən
Gültəkin Sarabskaya obrazının uğurlu təqdimatından
gedirsə ilk yada düşən Dövlət Gənc
Tamaşaçılar Teatrının aktrisası əməkdar
artist Kəmalə Hüseynova olur. Afaq Məsudun və Mehriban
Ələkbərzadənin mesajlarını istedadlı aktrisa
səhnədən böyük bir peşəkarlıqla
çatdırır.
Biz də
bu müsahibədə Kəmalə Hüseynovanın qəlbindən
keçənləri oxucularımıza yetirmək istədik.
"Mehriban Ələkbərzadə
ilə emosional ruhumuz üst-üstə düşür"
- Kəmalə
xanım, teatr və kino yaradıcılığınızla
tanışam, mətbuata verdiyiniz müsahibələri də
izləyirəm. Bilirəm ki, maraqlı müsahibsiz. Amma
qorxuram ki, söhbətimizin əvvəli standart alına.
"Bir gün Mehriban Ələkbərzadə zəng vurub
dedi ki, yeni tamaşa hazırlamaq istəyirəm və həmin
obrazı hökmən sən oynamalısan"... kimi söhbət
yəni...
-
Arxayın ola bilərsiz, müsahibəmiz maraqlı
alınacaq. Çünki Mehriban xanımla aramızda "Bu
obrazı hökmən sən oynamalısan" söhbəti
olmayıb.
- Bəs tamaşanın
quruluşçu rejissoru rol seçimini sizə necə izah
etdi?
-
Tamaşanın hazırlıq prosesində baş verənlərə
qayıtmaq istəmirəm. Faktla danışmağı sevən
adamam. Fakt da budur ki, bu gün Akademik Milli Dram Teatrında Afaq Məsudun
"Qatarın altına atılan qadın"
tamaşasında Gültəkin Sarabskaya obrazını mən-Gənc
Tamaşaçılar Teatrının aktrisası Kəmalə
Hüseynova oynayıram!
-
Mehriban Ələkbərzadə çəkdiyi "Məhkumlar"
bədii filmində də sizə rol vermişdi. Yəqin elə
o vaxtdan aktrisa kimi sizin potensialınıza dərindən bələd
olub...
- Onu
deyə bilərəm ki, Mehriban Ələkbərzadə ilə
emosional ruhumuz üst-üstə düşür. Yeni
tamaşa üzərində birgə çalışarkən
buna bir daha əmin oldum. Məşq prosesində Mehriban
xanımla bir-birimizi anlamaq üçün bircə kəlmə
bəs edirdi. Nəsə demək istəyəndə mən
artıq bilirdim ki, quruluşçu rejissor məndən nə
tələb edir. "Qatarın altına atılan
qadın" tamaşasını belə bir
yaradıcılıq atmosferində hazırlamışıq.
-
Sualım bəlkə də sizə qəribə görünə
bilər, pyesi ilk dəfə oxuyanda "Gültəkini filan
aktrisa necə də gözəl oynayardı" kimi bir fikir
ağlınızdan keçdimi?
- Belə
hesab edirəm ki, Gültəkin Sarabskayanı məndən
başqa heç kim oynaya bilməzdi. Bu iddianı əsaslandıra
bilərəm.
-
Buyurun...
- Bu
iddianı hay-küy xətrinə və ya "məndən
güclü aktrisa yoxdur"-deyə səsləndirmirəm. Məsələ
ondadır ki, illərdi həmin qadını daxilimdə gəzdirirdim.
Belə deyək də, qalırdı bircə doğmaq. Əsəri
ilk dəfə oxuyanda dəhşətə gəldim. 5 səhifə
oxuyub dedim ki, ilahi, bu sözlər məndə artıq var.
Sonra növbəti 5 səhifəni oxudum, Gültəkin
Sarabskayanın mətni, onun yaşantıları ilə beynimdəki
situasiyanın üst-üstə düşdüyünün
şahidi oldum. Hansısa aktrisa bəlkə də
ayrı-ayrı epizodları məndən yaxşı
oynayardı. Amma bitkin bir obraz halında Gültəkini mənim
kimi yarada bilməzdi.
"Başqa variantlar belə təsirli alınmayacaqdı"
- "Qatarın altına
atılan qadın"
tamaşasında bütün
hadisələr dəmiryol
vağzalında baş
verir. Gültəkin Sarabskaya ilə
ruhi yaxınlığı
olan Kəmalə xanım üçün vağzal hansı təəssürat yaradır?
- Vağzal mənim üçün üzüntülü
bir yerdi. Bunu sizə yeniyetməlik illərindən
bu yana
həmişə harasa
çıxıb getmək
istəyən bir adam kimi deyirəm.
- Sirr deyilsə, marşrutunuz hayandı?
- Sözün açığı,
hara gedəcəyimi heç özüm də bu günə
kimi aydınlaşdıra
bilməmişəm. Amma harasa
getmək, çıxıb
getmək, nəyəsə
son qoymaq, nəyi isə başlamaq istəyirəm. Ona görə
də tamaşadakı
Gültəkin Sarabskayanın
vağzala niyə gəldiyini, nə edəcəyini yaxşı
başa düşürəm.
- Onda icazə verin Afaq Məsuddan, Mehriban Ələkbərzadədən
yox, elə sizdən soruşum. Gültəkin niyə Anna
Karenina kimi özünü
qatarın altına atır, başqa variant yox idimi?
- Təbii ki, var idi. Amma həmin
başqa variantların
heç biri belə təsirli alınmayacaqdı.
- Gültəkin Sarabskaya niyə görə əminliklə
deyir ki, heç kim
doğruçu olmaq istəmir?
- Bu situasiya da mənə
çox tanışdı.
Filosoflardan biri deyir ki, ən çətin
geyinə bildiyimiz maska öz maskamızdı.
İnsan
xisləti qəribədi,
həqiqətin kökünü
axtardıqca, dərinə
getdikcə elə hala gəlir ki, artıq həqiqəti eşitmək
istəmir.
"Bəzən
özümü kənara
çəkirəm"
- Tamaşadakı
aktrisa Gültəkin sonda intihar edən
qəhrəmanlardan monoloqlar
ifa edir. Onun ifasında "Vaqif" pyesindəki Xuramanı da görürük.
Bu səhnəni sizin Xuraman roluna
məşqiniz kimi başa düşmək olar?
- Oynamaq istədiyi rolları Gültəkinə
verməyiblər. Aktrisa olduğum
üçün Gültəkini
gözəl başa düşürəm. Çünki içimdə oynamaq istədiyim obrazların qəbiristanlığı var. Lakin
Xuramana həmin qəbiristanlıqda yer yoxdu.
- Niyə?
- Qısaca belə deyərdim- "Vaqif"dəki
Xuramanı oynamaq istəməmişəm.
- Qəbiristanlıqdakı
digər obrazların adlarını bilmək olarmı?
- Spesifik bir teatrda
çalışıram. Oynamaq istədiyim
rolların bəzilərini
işlədiyim Gənc
Tamaşaçılar Teatrında
bu gün səhnəyə qoymaq mümkün deyil.
- Bunu bilə-bilə bəs niyə oturub gözləyirsiz, həmin
əsərləri hazırlaya
bilən teatrlara niyə getmirsiz?
- Elə başa düşülməsin ki,
hansısa rejissordan narazıyam. Bizim teatrda hazırlanan
ən yaxşı tamaşalarda mənə rol verirlər. Yəni heç kim məni
kənarda saxlamır,
əksinə, bəzən
mən öz-özümü
kənara çəkirəm.
Başqa
bir teatra getmək məsələsinə
gəlincə, bu yaşıma qədər planlı heç bir addımım olmayıb, şəraitə
uyğun qərar verməyi xoşlayıram.
Həyat yoldaşım,
sənin də dostun Vaqif deyəndə
ki, sabah
filan yerə getmək lazımdı, "sabah açılsın, baxarıq"- cavabını
verirəm.
- Aktrisanın, aktyorun yetişməsi üçün sanballı
əsərlərin teatra
gəlməsi əsas
şərtlərdən biridi.
Dramaturgiyamızın bugünkü durumu
aktrisa kimi şəxsən sizi qane edirmi?
-
Yox. Mirzə Fətəli Axundzadə, Cəfər Cabbarlı,
Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Cəlil,
Hüseyn Cavid kimi böyük sənətkarların əsərləri
milli teatrımızın inkişafına kömək edib. Teatrımızın
bundan sonra da ayaqda qalması üçün səviyyəli əsərlər
yazılmalıdı. Təəssüf ki, bu gün belə əsərlər
yazılmır. Bu gün yazılan hansı dram əsəri
sabah klassika kimi qəbul olunacaq? Son illər mən belə əsər
oxumamışam. Hansı dramaturq, yazıçı bunun əksini
düşünürsə onunla polemikaya girməyə
hazıram. Buyurub gəlsin Gənc Tamaşaçılar
Teatrının ikinci mərtəbəsindəki 22 nömrəli
otağa.
- Belə
getsə bütün yazıçılarla, o cümlədən,
Afaq Məsudla düşmən olacaqsız. Yeri gəlmişkən,
bu müsahibəyə hazırlaşanda Afaq xanımın da
münasibətini öyrənmişdim. "Qatarın
altına atılan qadın"ın müəllifi kimi
ifanızdan çox razı qalmışdı...
-
Afaq xanım hər dəfə gəlib tamaşaya baxır. Ünvanıma
səsləndirdiyi xoş sözlərə görə Afaq
xanıma minnətdarlığımı bildirirəm.
Bir məsələni
də qeyd edim, özünü qatarın altına atan
qadın Afaq Məsudun ilkin variantında aktrisa yox, qatar bələdçisi
idi. Əsərin daha dolğun alınması üçün
tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadə
böyük əmək sərf etdi.
- Pəri
Cadu, Gültəkin Sarabskaya... Aktrisa kimi səhnədə
çox çılğın, dinamik, hərəkətlisiz...
- Kəmalə
Hüseynova kimi həyatda da beləyəm.
- Bu qədər enerjini hardan alırsız?
- Bu elə sualdı ki, cavab vermək
üçün gərək
xeyli düşünəm.
Ona görə yox ki, bilmirəm. Əslində, cavabı özümə məlumdu...
Gəlsənə cavabı növbəti
müsahibəyə saxlayaq.
50 yaşıma çatanda bu suala cavab verməyə
bəlkə özümdə
güc tapdım.
- Şəxsən mən etiraz eləmirəm, amma bilmirəm oxucular bu şərtə
razı olacaq, yoxsa yox...
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2012.-24 noyabr.-S.14.