"AZƏRBAYCAN"

 

   Söz adamlarının, eləcə də ədəbi-ictimaiyyətin hər nömrəsini maraqla gözlədiyi "Azərbaycan" jurnalının 10-cu sayı bu günlərdə işıq üzü görüb. Öz nəşr üslubuna sadiq qalan jurnal yenə də görüşə əliboş gəlməyib. Yəni jurnalın bu sayında da maraqlı imzalar, rəngarəng yazılar yer alıbdı. Xatırlatmaq yerinə düşər ki, jurnalın "dünya ədəbiyyatı" silsiləsindən ardıcıl olaraq çap etdiyi müəlliflərin növbə sırasını bu dəfə Oskar Uayld tutubdu.   

   Onun jurnalın 8-ci və 9-cu saylarında əvvəli çap olunmuş "Dorian Qreyin protreti" romanının son fəsilləri artıq oxucuların stolunun üstündədir. Qeyd etmək yerinə düşər ki, bu roman dilimizə ingiliscədən tanınmış qələm adamı Kamran Nəzirli çevirib. Romanı oxuduqca tərcüməçinin bu müəllifə olan xüsusi sevgisini rahatca duymaq olur. Elə bu sevgiyə görədir ki, tərcümə də uğurlu alınır və oxucu romanla baş-başa qalanda heç bir sıxıntı keçirmir. Juranlın nəsr bölməsində imzası hər birimizə yaxşı bəlli olan dəyərli həmkarımız Azər Abdullanın "Şəftəli qoxusu" və "Kəpənək bayramı" hekayələri, eləcə də Südabə Ağabalayevanın tərcüməsində Cığatay Şıxzamanovun "Qardaşlar" povesti dərc edilib.  

   Ümumiyyətlə, juranlın bu sayında nəşr olunan şeir, yəni poeziya nümunələri də oxucunun diqqətini çəkir. Həmin bölümdə Qəşəm Nəcəfzadə, Abdı Qoşqar, Fəridə Hacıyeva kimi tanınmış imzalarla yanaşı, İlham Qəhrəman, Xəqani Nəbioğlu və digərlərinin də şeirləri oxucu müzakirəsinə çıxarılıb. Maraqlı bir məqam da budur ki, jurnalın 10-cu sayında Qəşəm Nəcəfzadənin şeirləri ilə yanaşı, onun "Xatirələr, duyğular" bölümündə "Mənim atam" adlı xatirə yazısı, həmçinin xalq şairi Mirvarid Dilbazinin 100 illiyi ilə bağlı Südabə Ağabalayevanın hazırladığı material, eləcə də şairənin şeirləri də işıq üzü görüb.  

   Xatırlatmaq yerinə düşər ki, jurnalın 10-cu sayı da həmişə olduğu kimi, "Tənqid və ədəbiyyatşünaslıq", "Kİtab rəfi" bölümləri ilə də oxucular üçün maraqlı təqdimatlarla yadda qalıb. Yəni hər kəs jurnalın bu sayında maraqlı imzalarla yanaşı, maraqlı təqdimatların da şahidi olacaq.

  

  

ƏBÜLFƏT

 

Ədalət.- 2012.- 4 oktyabr.- S.6.