"AYB-yə yad dalğaları buraxmaq lazım deyil"

 

    Rəşad Məcid: "Anarın dediyi ad növbəti sədr olacaq"

 

   Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid Azadlıq Radiosuna müsahibə verib. "Ədalət" qəzeti həmin müsahibəni təqdim edir.  

   - Rəşad bəy, söhbət vardı ki, Yazıçılar Birliyinin qurultayı bu payız nəhayət ki, keçiriləcək. Tarixi müəyyənləşibmi?  

   - Qurultay 2009-cu ildə olmalı idi. Amma obyektiv-subyektiv səbəblərdən 3 il gecikdi. Əgər qurultayın vaxtından 3 il keçibsə, saymaq olar ki, 2009-cu ildə biz qurultayı keçirdik həmin katibliyi, həmin tərkibi seçdilər. Deməli, növbəti qurultay da 2014-cü ildə olmalıdır.  

   - O zaman qurultay 2014-cü ilə qalır?   

   - Güman edirəm ki, elə olar.  

   - Aradabir qurultayın keçirilməməsini necə izah edəcəksiz?   

   - Mən elə bilirəm ki, 3 il ləngiyəndən sonra növbəti qurultayı 2014-cü ildə keçirmək daha doğru olardı. 2014-cü ilin payızına inşallah qurultayı gözləyərik.  

   - Bu AYB-nin qərarıdır, yoxsa sizin şəxsi fikrinizdir?   

   - Belə bir qərar hələlik yoxdur. Bu mənim şəxsi fikrimdir. Hesab edirəm ki, qurultay dediyim vaxtdan gec olmayacaq.  

   - Bəs sədr kim olacaq?   

   - Allah Anar müəllimin canını sağ eləsin. Mən onun iti ağlına çox heyranam. Yaddaşı da, ağlı da, hamısı yerindədir. Anar müəllim 2014-cü ildə qalmaq istəyərsə, qalar. Yox ortaya yeni ad qoyarsa... Burda əsas Anar müəllimin mövqeyi olacaq. Onun dediyi ad növbəti sədr olacaq.  

   - O sizin adınız ola bilərmi?   

   - Əlbəttə.  

   - Sədrliyə iddialısz?    

   - İstəmirəm AYB sədri olmaq... o qədər istəmirəm. Əgər şərait yetişsə, desələr ki, mən lazımam, onda olaram. Ən birinci Anar müəllimin sözü mənim üçün vacibdir. O desə, olaram.  

   - Niyə Anar sizin üçün avtoritetdir?   

   - Uşaqlıqdan onun əsərləri ilə, tamaşaları, filmləri ilə böyümüşəm. Son 8 ildə onunla işləyirəm. Hesab edirəm ki, ömrümün ən sanballı illərini keçirirəm. Anar müəllimin prinsipiallığını da görmüşəm, özünə ziyan olsa belə kimisə dəstəkləmədiyini .  

   - AYB- sizcə, yeni nəfəs, yeni lider lazım deyilmi?   

   - Olacaq. Lider, avtoritet bir günə yetişmir ki... Anar müəllim, Fikrət müəllim elə bilirəm istəyəcəklər ki, AYB təzələnsin, təzə ruh gəlsin. Amma o köhnə ruh orda həmişə qalacaq. Mənim ordakı otağımda "Azərcell"in dalğaları tutmur. Hərdən zarafatla deyirəm ki, bizim köhnə yazıçıların ruhu ordadır, ona görə tutmur. Ona görə ora kənar, yad dalğaları buraxmaq lazım deyil.   

   - Həm yeni enerjidən, ruhdan danışırsız, həm "yeni, yad dalğaları" AYB- buraxmamaqdan...

   - Hər yenilik gözəl deyil ki...  

   - Yenilik demişkən, "Ulduz" jurnalını birdəfəlik gənclərə vermək planı varmı? Müvəqqəti olaraq gənclərin redaktorluğu ilə çıxan nömrələri bəyənirsinizmi?

      - Bu, mənim təklifim idi. Elçin Hüseynbəyli sağ olsun, dəstək verdi, "Ulduz" jurnalını konkret sayları çıxarmaq üçün gənclərə verdik. Qismət çıxardı, sonra Cavid Zeynallı, Aysel Əlizadə çıxardılar. Ayselin redaktorluğu ilə çıxan sayda məhz istədiyimi görmədim. Jurnalda enerji yoxuydu, zəhmət yoxuydu, iddia yoxuydu, nəyisə dəyişmək istəyi yoxuydu. Mən təbiət etibarı ilə gənclərin üsyankar olmağının, nəyisə dəyişməyə cəhd etmələrinin tərəfdarıyam. Düzdür, bu, yekəxanalığa, ulduz xəstəliyinə çevrilirsə, onda bir az zalım oluram. Çünki bu gənclər əziyyət çəkmək istəmədilər. Bu jurnalın Qulu Ağsəsin, Elçinin, İlqarın ayda buraxdığı jurnaldan heç olmasa 5 qat fərqi olmayacaqdısa, dinamika, hərəkət, iddia olmayacaqdısa, o dərəcədə hay-küylə göyə qaldırmağa dəyməzdi... "Ulduz" jurnalı da, elə Yazıçılar Birliyinin digər strukturları da mütləq gəncləşməlidir.  

   Ədəbiyyat yolu da keşməkeşlidir. Bilmək olmur ki, 20 yaşında istedadlı, maraqlı, üsyankar roman yazan cavan oğlan 30-40 yaşında edəcək? Bunu proqnozlaşdırmaq olmur. Elxan Qaraqan Milli Kitab Mükafatında birinci yer tutdu, məni söydülər, qınadılar.

      - Niyə tək sizi qınadılar? Axı siz tək münsif deyildiz?   

   - Bilmirəm, niyə?  

   - Bəlkə siz təsir edirdiz onlara?   

   - Bəlkə insanlar mənimlə hesablaşırlar, inanırlar ona görə. Özümü tərifləmək istəmirəm, hardasa təsir gücüm var yəqin.  

   - İkinci dəfə bunu niyə bacarmadız? Bəyənmədiyiniz Pərviz Cəbrayıl birinci oldu.   

   - Onda mən maraqlanmırdım. Pərvizin əsərini bəyənmirdim axı. Elxan Qaraqan - 20 yaşında uşaq cəmiyyətdəki problemlərə etirazla dolu bir roman yazdı. O romanda işıq gördüm, fikirləşdim ki, davam etdirsə, gələcəkdə uğur qazana bilər. Amma indi Elxandan çox narazıyam mən. Gücünün az hissəsini yazıçılığa qoyur, replə məşğul olur. "Sonuncu mələk" romanından razı qalmadım.

 

 

   Ədalət.- 2012.- 4 oktyabr.- S.6.