BU GÜN HEÇ NƏYİ SƏSSİZ "DƏFN ETMƏK" MÜMKÜN DEYİL

 

  A.Mirzəzadə: "Qanundan üstün heç nə yoxdur"

 

  Bugünkü Azərbaycan gerçəkliyi hər kəsin gözü önündədir. Bu elə bir gerçəklikdir ki, ona vurulan hər bir naxış, atılan hər bir çamur, edilən hər bir basqı çox qısa bir anda özünü büruzə verir. Bunun da konkret bir səbəbi var. Yəni məmləkətimizdə kifayət qədər ziyalı potensialı, kifayət qədər media və kifayət qədər də dövlət və qeyri-dövlət təşkilatları var. Bax, bu bolluğun içərisində heç nəyi gizlətmək, heç nəyin üstünü örtmək, necə deyərlər, "səssiz-səmirsiz dəfn etmək" mümkün deyil. Bax, elə bu günlərdə medianın əsas mövzularından olan iki məsələ də həmin dediklərimizin sırasındadır. Bu məsələlərdən birincisi ATƏT-in Minsk qrupu ilə bağlıdır. İkincisi isə siyasidən daha çox iqtisadi məzmunlu və xüsusi olaraq ölkə içi məsələdir. Yəqin ki, bildiniz, söhbət ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə sabiq millət vəkili Gülər Əhmədova barəsindəki gündəm xəbərdən gedir.  

   Konkret olaraq bu iki məsələ ilə və eləcə də digər mövzularla əlaqədar millət vəkili, tanınmış siyasət adamı, ziyalı, politoloq Aydın Mirzəzadə ilə "Azərbaycan" nəşriyyatında qarşılaşanda fürsətdən istifadə edib ondan bəzi suallarımızı cavablandırmaq üçün bizə vaxt ayırmasını istədik. Hörmətli Aydın müəllim də özünəməxsus bir tərzdə bizim istəyimizi gerçəkləşdirdi və biz də qazandığımız bu fürsətdən özümüzü və oxucuları maraqlandıran suallara cavab ala bildik.  

   - Aydın müəllim, xoş gördük. Necəsiniz?  

   - Təşəkkür edirəm. Mən "Azərbaycan" mətbuatının, o cümlədən də "Ədalət"in yaxşı oxucularından biriyəm. Ona görə də sizə maraqlandığınız sualların cavabını verməyə hazıram.  

   - Aydın müəllim, biz sizinlə, eləcə də digər politoloqlarımızla bir sual ətrafında dəfələrlə fikir mübadiləsi etmişik. Siz də digər həmsöhbətlərimizdən fərqli olaraq ATƏT-in Minsk qrupu ilə bağlı birmənalı mövqe ortaya qoymusunuz. Bax, elə bizim üçün indinin özündə də maraqlıdır. Minsk qrupu ümumiyyətlə lazımdırmı? Onun lazımlı olması barəsində fikirləriniz dəyişməyib ki?  

   - Gəlin birlikdə etiraf edək ki, Azərbaycanın müstəqilliyi çox ağır, ağrılı-acılı bir yoldan keçib gəlib. Bu müstəqillik üçün xalqımız ən yaxşı oğullarını qurban verdi. Ancaq 1991-ci ildən qazandığımız müstəqillik ağır bir yük olan, qlobal bir problemə çevrilən Dağlıq Qarabağ məsələsi ilə də üzləşməli oldu. Yəni biz bu yükü, bu problemi müstəqilliyimizin sevinci içərisində daşımağa məhkum olduq. Hər bir müstəqil dövlətin həyatında olduğu kimi, bizim də həyatımızda çətin suallar baş qaldırdı, arzulamadığımız, gözləmədiyimiz problemləri çözməyə məcbur olduq. Lakin bizim problemimiz, xüsusilə Dağlıq Qarabağ məsələsi iki ölkə arasında, yəni Azərbaycan və Ermənistan arasında olan məsələ hüdudlarını aşıb keçdi. Yəni məsələ Azərbaycan-Ermənistan çərçivəsində həll edilməli olduğu halda, o, müəyyən səbəblərdən Qafqaz hüdudlarını aşdı və bizə imkan vermədi ki, biz bu məsələni həll edək. Azərbaycanın ərazi bütövlüyünü tanıyanlar, onun qanunlarına, dövlət müstəqilliyinə hörmət edənlərlə yanaşı, öz maraqları üçün Azərbaycandan faydalananlar da ikili standartlardan yapışdılar, ona üstünlük verdilər. Bu gün bizim problem beynəlxalq siyasətin faktorlarından birinə çevrilib. Ermənistanın kənar qüvvələr tərəfindən dəstəklənməsi, onun işğalçı siyasətinə rəvac verilməsi Ermənistanın bir dövlət kimi çökməyi ilə yanaşı, problemin də dərinləşməsinə səbəb olub. Ermənistanın həm iqtisadi, həm də siyasi sahədə dəstəyinin güclü olması onun işğalçılıq siyasətini davam etdirməsinə yaşıl işıq yandırır. Bax, belə məqamda böyük dövlətlərin, beynəlxalq təşkilatların imkanından istifadə etmək təbii ki, vacibdir. Doğrudur, həmin beynəlxalq təşkilatlar, böyük dövlətlər bu gün Azərbaycanla Ermənistanı tərəzinin eyni gözü kimi tutursa, bu bizim haqlı narazılığımıza səbəb olur. Ancaq onlar işğalçı Ermənistanla işğala məruz qalmış Azərbaycan arasında fərq qoymadıqlarına görə də istər-istəməz Azərbaycan ictimaiyyətində beynəlxalq təşkilatlara, xüsusən məsələnin çözümü ilə məşğul olan ATƏT-in Minsk qrupuna qarşı bir inamsızlıq yaradır. Etiraf edək ki, 20 il bundan öncə vəziyyət daha ağır idi. Ancaq bu gün Azərbaycanın iqtisadi nüfuzu, regionda söz sahibi olması bizə münasibətdə, eləcə də problemə yanaşmada xeyli irəliləyişlərə gətirib çıxarıb. Bu da ölkə rəhbərinin qətiyyətinin, onun apardığı siyasətin nəticəsidir. O ki, qaldı konkret olaraq ATƏT-in Minsk qrupuna, bununla bağlı mən birmənalı olaraq bildirmək istəyirəm ki, bu gün ortalıqda Minsk qrupunu əvəz edəcək Azərbaycan və Ermənistanı bir masa ətrafına gətirəcək hələlik ikinci bir təşkilat yoxdur. Yəni əgər biz yenisini yaratmamışıqsa, onda çalışıb köhnənin imkanlarından yararlanmalıyıq, istifadə etməliyik. Təbii ki, biz Minsk qrupuna qarşı tələblərimizi artırmalıyıq, ona lazım gələndə sərt mövqeyimizi də sərgiləməliyik. Yəni Cənubi Qafqazda baş verən hadisələrin fonunda açıqca görmək olar ki, bir vaxtlar Gürcüstanda problemin çözümü ilə məşğul olan abxazlarla gürcüləri böir masa ətrafına gətirən qurum Gürcüstan tərəfindən qəbul edilmədikdən sonra bu ölkəçox ciddi dəyişikliklər baş verdifaktiki olaraq bu gün gürcülərlə abxazları danışıqlar masasına dəvət edən, onlar arasında vasitəçilik missiyasını yerinə yetirən, konkret olaraq məsələnin çözümü ilə məşğul olan heç bir beynəlxalq təşkilat yoxdur. Məhz bu baxımdan mən Minsk qrupunun fəaliyyətindən bütünlüklə razı qalmasam da, hələlik ortalıqda olan bu qurumun qalmasının tərəfdarıyam. O vaxta qədər ki, biz hər iki dövlət arasında Minsk qrupunun görməli olduğu işi ondan daha səmərəli və daha qətiyyətli görə biləcək hansısa bir qurumun yaradılmasının şahidi olaq.  

   - Aydın müəllim, bizim üçün daha bir sual maraqlıdır. Bu sual da ölkə gündəmini artıq öz əlinə almış, az qala saytlarda, mətbuatda, hətta çayxanalarda belə baş mövzuya çevrilmiş son videoyayım olaylarıdır. Yəni internet saytlarına yerləşdirilmiş sabiq rektor Elşad Abdullayevsabiq millət vəkili Gülər Əhmədova ilə bağlı fikirlərinizi bilmək istərdik.  

   - Birmənalı şəkildə deyə bilərəm ki, bu məsələ artıq dövlət rəhbərinin birbaşa nəzarəti altındadı, ölkənin hüquq-mühafizə orqanı bu işlə məşğul olur. Yəni baş vermiş cinayət hadisəsi qanunauyğun şəkildə araşdırılır. O ki, qaldı məsələnin Yeni Azərbaycan Partiyası ilə bağlılığına, yəni Gülər Əhmədovanın iqtidar partiyasının təmsilçisi olmasınag burada da qaranlıq bir şey yoxdur. Yeni Azərbaycan Partiyası məsələ ilə bağlı açıqlama verib. Biz hüquqi dövlətdə yaşadığımızdan hər kəs qanun qarşısında məsuliyyət daşıyır və hər kəsin vətəndaş öhdəliyi var. Gülər Əhmədova da digər vətəndaşlarımız kimi qanun qarşısında məsuliyyət daşıyır. İnanıram ki, istintaq bütün qaranlıqlara aydınlıq gətirəcək və vaxtaşırı bu məsələ ilə bağlı ictimaiyyətə məlumatlar veriləcəkdir.  

   - Aydın müəllim, sonda bir məsələyə də münasibətinizi öyrənmək istəiyrəm. 2012-ci ilin başa çatmasına 2 aydan bir az artıq vaxt qalıb. Yəni belə demək mümkünsə, 2012-ni də tarixin arxivinə verməyə hazırlaşırıq. Mənim üçün maraqlıdır, millət vəkili, politoloq, ziyalı Aydın Mirzəzadə deyə bilərmi ki, 2012-nin arxada qalan zaman kəsiyində Qarabağa nə qədər yaxınlaşa bilmişik? Yoxsa uzaqlaşırıq?  

   - Təkcə faktları, tarixi günləri yada salsaq, yəqin ki, deyəcəklərimlə razılaşacaqsınız. Xocalının işğal tarixini, təkcə ölkə daxilində deyil, bütün dünyada, xüsusil Avropada qeyd edilməsi, yürüşlərin təşkili, anım tədbirlərinin keçirilməsi, dünya ictimaiyyətinə müraciətlərin qəbulu, eləcə də ölkə paytaxtında Ali Baş Komandanın rəhbərliyi altında izdihamlı yürüşg bunun ardınca Şuşanın, Xocavəndin işğallarının 20 illiyyi ilə əlaqədar beynəlxalq səviyyədə keçirilən konfranslar, yayımlanan videomateriallar, filmlər, yazılan əsərlər, beynəlxalq təşkilatlarda həmin işğal tarixlərinin xatırlanması və xüsusi olaraq Azərbaycan prezidentinin hərbçilərlə, gənclərlə görüşlərində səsləndirdiyi qətiyyətli mövqe və digər məsələlər bilavasitə bizim Qarabağ yaxınlaşmaq yolunda atdığımız addımlardı. Biz bütün fəaliyyətimizlə Qarabağa doğru yönəlik bir yol tutmuşuqbu yolda da hər birimiz gücümüz çatan, bəzən gücümüz çatmayan işləri görməyə çalışırq. Xalq, bütövlükdə təkcə "Mən Azərbaycanlıyam!", "Mən Qarabağlıyam!" ideyasına söykənib prezidentinin ətrafında hər gün daha çox birləşməklə qələbə arzusuna da qovuşacaqdır. Mən buna şübhə etmirəm.  

   Biz Aydın müəllimlə digər məsələlərlə bağlı fikir mübadiləsi də etdik. Hörmətli millət vəkilimizin məntiqli açıqlamaları bizim qələbəyə olan ümidimizi bir az da artırdı. Bunun üçün ona içimizdən gələn "sağ olun!" deməyə ehtiyac duyduq.

 

 

   Əbülfət MƏDƏTOĞLU

 

   Ədalət.- 2012.- 11 oktyabr.- S.3.