İSLAMZADƏLƏR

 

   Bu nəsli çoxları tanıyır

 

   Azərbaycan adlanan məmləkətimizdə təkcə ayrı-ayrı şəxslər deyil, həm də özünün ziyalı kontingentilə sayılıb-seçilən, xeyirxahlığı ilə nümunə olan, ağsaqqallığı ilə şərəf gətirən nəsillər də var. Zaman-zaman özünü təsdiq edən, necə deyərlər, qaim qədimliyini qoruyub saxlayan bu nəsillər yeniləndikcə, onların çevrəsi də böyüyür, nüfuzu da artır və əməlləri də hər kəsə nümunə olur.  

   Belə qaim qədim nəsillərdən biri də İslamzadələrdi. Təkcə onu demək kifayətdir ki, bu nəslin adı, onların şəxsi nümunələri, ziyalılığı, xeyirxahlığı Azərbaycanın böyük coğrafi bölgələrindən biri olan Kürdəmirdə, bütövlükdə Şirvan bölgəsində hər kəsə bəllidir. Çünki İslamzadələr özlərini təsdiq edən gündən öz tanınmış ziyalıları, mütəxəssisləri, xüsusilə ağsaqqallıqları ilə digərlərindən seçilmiş və həyatın onların çiyninə qoyduğu ağsaqqallıq missiyasını şərəflə daşımışdılar.  

   Bu nəslin sayılıb-seçilən övladlarından biri olan Telman Abdulrəhim oğlu İslamzadə bu günlərdə özünün 70 yaşını qeyd edəcək. Telman müəllim özünün həyat tarixçəsini vərəqləyəndə arxadan qalan illər üçün təəssüf hissi keçirmir. Çünki o bu illəri, bu ayları, bu günləri elə-belə küləyə verməyib, əksinə arxada qalan zaman kəsiyinin hər anını təkcə bacardığı kimi yox, həm də hamıya bir nümunə olacaq bir şəkildə yaşayır. Həm də elə yaşayır ki, el-obadan çəkinməyib. Əksinə həmişə onların önündə olub, onların yanında olub və bu missiya da onu hər kəsə sevdirib. Həyat belədir də, sən ətrafdakıları sevdikcə onlar da səni sevir. Bu mənada Telman Abdulrəhim oğlu özünün ziyalılığı ilə yanaşı, həm də dövlətə, xalqa sədaqəti, zaman-zaman gördüyü işlərdəki prinsipiallığı ilə kollektivin də, rəhbərliyin də diqqətini özünə çəkə bilmişdi, hörmətini qazanmışdı.  

   Eşidəndə ki, Telman müəllimin 70 yaşı tamam olur, tərəddüd etmədən onunla əlaqə saxladıq və xatirələr Telman müəllimi yarım əsr bundan öncəyə apardı. Həmin illərdə Telman müəllim universitetdə oxuyub təhsil alırdı. O, universitetin ictimai-siyasi həyatında fəallığı ilə hamıdan seçilir və aşağı kurs tələbələri onunla münasibət qurmağa, onun ətrafında olmağa çalışırdılar. Bax, həmin günlərdə Telman müəllim bir cəhəti ilə də seçilirdi, bu da onun doğulduğu bölgəyə sevgisi idi. Odur ki, öz həmyerlilərini arayıb-axtarır və yaxud da ona təqdim edilən həmyerlisinin qayğıları ilə maraqlanır, böyük qardaşlıq himayəsini də əsirgəmirdi. Xüsusilə Telman müəllim doğulduğu bölgədən olan tələbələrə yaxşı oxumağı, ictimai işlərdə fəal olmağı tövsiyə edir və konkret də deyirdi ki: "Yaxşı oxumaq, savadlı olmaq lazımdır, ictimai işlərdən də kənarda qalmayın. Elə edin ki, universiteti bitirəndən sonra burada keçən illər üçün təəssüflənməyəsiniz. Nə çətinliyiniz olsa çəkinməyin, müraciət edin. Hər halda həyə isə gücüm çatar". Onun bu səmimiyyəti. Bu xeyirxahlığı bütün tələbələr üçün həmyerlilərinin də ürəyindən xəbər verirdi və bütün tələbələr onun bu canıyananlığını az qala qibtə hissi ilə qarşılayırdılar. İllər ötdü, Telman müəllim universiteti bitirib təyinatla yeni həyata qədəm qoydu və onun universitetdə qalan izi dostlarına, onu tanıyanlara şirin bir xatirə oldu. Hər kəs bir daha anladı ki, maarifpərvər, ziyalı bir ailədə doğulmuş Telman müəllim təhsilə fəhləlikdən gəlsə də, o, həyatı tanıdığından öz qərarlarında daha diqqətli, daha mükəmməl idi. Elə təhsil aldığı ixtisas da birbaşa həyatla bağlı idi. Universiteti bitirən Telman İslamzadə hidrogioloji dəstənin tərkibində Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərdi, sonra dəstə rəhbəri oldu. Müxtəlif kənd və qəsəbələrdə, artezian quyularının qazılıb istismara verilməsində onun da rəhbərlik etdiyi dəstənin də halal haqqı olubdur.  

   Həyatın mənasını halal çörəkdə, alın tərində görən Telman İslamzadə təkcə ali təhsildə yiyələndiyi sənətlə kifayətlənməyib. O, həyatın özündən gələn adi peşələri də çox mükəmməl mənimsəyib. Bəzən dülgərlik edib, bəzən xarratlıq, bəzən fəhləlikdən də çəkinməyib. Məhz bu səbəbdəndir ki, gənc yaşlarında Kürdəmir şəhərindlə tikilən Nizami adına kinoteatrın binasında Sorsor kəndi yaxınlığındakı el arasında "Qamış zavodu" kimi tanınan obyektin inşasında onun özəl yeri var. Ümumiyyətlə, Telman İslamzadə bütün həyatı boyu hansı işin qulpundan tutubsa, ancaq xoş niyyətlə, xoş məramla bu addımı atıb.  

   Özünün peşəkarlığı, işinin mahir bilicisi olması Telman İslamzadəyə təkcə şöhrət gətirməyib, həm də yeni vəzifə pillələri bəxş edibdi. Belə ki, geoloq kimi böyük həyat fəaliyyətinə başlayan Telman İslamzadə sonra "Azərneft" birliyinin 2 nömrəli neft kəşfiyyatı idarəsində çalışmağa başlayıb.   

   Bu vəzifədən irəli çəkilərək partiya təşkilat katibi olub, sonra ali partiya məktəbində təhsilini davam etdirib. Bu təhsilini də başa vurduqdan sonra Kürdəmir rayon Partiya Komitəsində "Azərneft" Birliyinin Carılı Kəşfiyyat Qazma idarəsində partiya təşkilat katibi vəzifəsini yerinə yetiribdi. 1980-ci ildə Telman müəllimi Kürdəmir rayon İcraiyyə Komitəsinə sədr seçdilər. 8 il bu vəzifəni icra edən Telman İslamzadə öz fəaliyyəti ilə həm Kürdəmirin, həm də kürdəmirlilərin həyatında özünün maraqlı izlərini qoyub. Təkcə Kürdəmir şəhərindəki N.Abdullayev adına mədəniyyət və istirahət parkının salınması, kolxoz bazarının tikintisi, dəmiryol xətti üzərindən keçən körpünün inşası, Böyük Vətən müharibəsində həlak olmuş kürdəmirlilərin xatirə kompleksinin ucaldılması və sair Telman İslamzadənin Kürdəmir şəhər İcraiyyə Komitəsinin sədri olduğu illərə təsadüf edir. Ümumiyyətlə, o, bu vəzifədə çalışanda əsl rəhbərlik nümunəsi göstərdi. Təqaüdə çıxdığı vaxta qədər Kürdəmirdə müxtəlif vəzifələrdə çalışmış, dəfələrlə şəhər və rayon sovetlərinin deputatı olmuş Telman müəllim həm də gözəl ailə başçısı kimi də fərqlənmişdi. İki oğul, iki qız atası, səkkiz nəvə sahibi olan Telman müəllim bu həyatdan həmişə məmnun olub. Çünki övladlarının dördü də ali təhsillidi və öz ixtisaslarını mükəmməl bilirlər. Ataları kimi onlar da nümunə olmağı, xeyirxahlıq etməyi bacarırlar. Telman müəllimin qızı Səriyyə xanım Kürdəmir şəhər poliklinikasında uşaq həkimi kimi fəaliyyət göstərir. Bu ailənin gəlini olan və bütün kürdəmirlilərin adı ilə fəxr etdiyi Xanımsoltan İslamzadə uzun illər rayonda həkim işləyib. Zamanında dövrun ən mötəbər mükafatı olan Lenin ordeni "SSRİ-nin Səhiyyə Əlaçısı" döş nişanı ilə təltif olunmuş Xanımsoltan İslamzadə bütün kürdəmirlilər üçün, bütün Şirvan bölgəsi üçün həmişə xatırlanan, rəhmət oxunan bir həkim kimi yaddaşlarda yaşayır. Təsadüfi deyil ki, bu gün rayon xəstəxanası onun adını daşıyır.  

    Bəli, maraqlı həyat tarixçəsi olan İslamzadələr nəslinin tanınan övladlarından biri kimi sizə təqdim etdiyimiz Telman müəllim bu günlərdə ömrünün 70-ci ilini tamamlayır. Biz ona möhkəm can sağlığı və mənalı ömrünün davamlı olmasını arzu edirik.

  

  

    Tofiq ABDULLAYEV

 

    Əbülfət MƏDƏTOĞLU

 

    Ədalət.- 2012.- 17 oktyabr.- S.5.