Zaqatala - həmişə təzə qala

 

   Azərbaycanın şimal-qərbindəki Zaqatala rayonu öz füsunkar gözəlliyi ilə bu torpağa ayaq basan hər kəsi heyran qoyur. Son illər burada aparılan quruculuq işləri rayonun simasına yeni çalarlar əlavə edib. "Ədalət" qəzeti Zaqatalada həyata keçirilən layihələr barədə öz oxucularına müntəzəm məlumat çatdırmağa çalışır. Qəzetimizin bölgələr üzrə baş redaktor müavini Məzahir Əhmədoğlunun hazırladığı silsilə reportajlar Zaqatalanın bu günü barədə dolğun mənzərə yaradır.

   Bu günlərdə yolum Zaqataladan düşdü. O qədər peşmançılıq hissi keçirdim ki... Bərəkətli torpağı, göz oxşayan yaşıllıqları, səliqəli küçələri, mehriban və zəhmətsevər insanları ilə seçilən Zaqatalanı bu vaxta kimi görmədiyim üçün özümü əməlli-başlı qınadım.

 

   Təbiətin imtahanı

 

   Tanrı səxavətini bu yerlərdən əsirgəməyib. Təbiətdən hər cür bəxşiş alan Zaqatala bu ilin mayında çətin bir imtahanla sınağa çəkildi. Ayın 7-də səhər qeydə alınan 7 ballıq zəlzələ evlərə, məktəb və bağçalara, digər sosial obyektlərə ciddi ziyan vurdu.

   Həmin çətin günlərdə ölkə başçısı İlham Əliyev Zaqatalaya səfər edərək zəlzələdən ziyan çəkən insanlara dayaq durdu. Dövlət rəhbəri təbii fəlakətin nəticələrinin qısa zamanda aradan qaldırılması üçün lazımı tədbirlərin görülməsini tapşırdı. Fövqəladə Hallar Nazirliyi başda olmaqla digər qurumlar az müddətdə səylə çalışaraq ölkə başçısının tapşırıqlarını həyata keçirməyə nail oldular. Proses bu gün də uğurla davam edir.

 

   Dar günün dostları

 

   Ölkədəki sürətli inkişaf prosesinə öz töhfəsini verən Zaqatala bu gün böyük bir tikinti meydançasını xatırladır. Fövqəladə Hallar Nazirliyi, Zaqatala Rayon İcra Hakimiyyəti, aidiyyəti təşkilatlar birlikdə zəlzələnin vurduğu yaraları sağaltmağa çalışırlar.

   Rayon ərazisində təbii fəlakətin ziyan vurduğu obyektlərin təmir və bərpası 3 şirkətə həvalə olunub.

   AVS Tikinti-Quraşdırma Şirkəti həmin 3 müəssisədən biridi. Şirkətin prezidenti Ələsgər Mehdiyev bizimlə söhbətində bildirdi ki, AVS tikinti-quraşdırma sahəsində böyük təcrübəyə malikdi. Bakıda yerləşən bu tanınmış şirkət son illər təkcə paytaxtda deyil, İmişlidə, Göy-Göldə, Şamaxıda, Qubada, Şəmkirdə, Qəbələdə, Şəkidə, Zərdabda, Qaxda, Gəncədə, Kürdəmirdə, Şirvanda qəsəbə, yaşayış evləri, məktəblər, bağçalar, idman kompleksi, mehmanxana, hərbi hissə, yanğınsöndürmə deposu inşa edib. Ələsgər Mehdiyevin sözlərinə görə, şirkət bu gün Qəbələdə, Gəncədə, Şamaxıda, Şəmkirdə, Şəkidə müxtəlif təyinatlı obyektlərin inşası ilə məşğuldur. Yüksək peşəkarlıqla idarə olunan şirkət Zaqatalada görülən işləri də keyfiyyətlə, müasir standartlara uyğun görməyə çalışır.

   Şirkətin vitse-prezidenti Vüqar Hacı bildirdi ki, Zaqatalada çalışan əməkdaşların iş şəraitinin yaxşılaşdırılması üçün bütün zəruri tədbirlər həyata keçirilir. Bu məsələlərə ciddi önəm verən şirkət işçilər üçün 200 yerlik yeməkxana, 200 yerlik yataqxana quraşdırıb. 4 ədəd duş kabinəsi, tibb məntəqəsi fəaliyyət göstərir. 

   Sahə rəisi Mehman Təhməzovla da rayonun Muxax kəndindəki tikinti aparılan ərazidə söhbətləşirik. Sahə rəisi bildirir ki, tikinti işlərinə iyun ayından başlanılıb. Zəlzələdən ziyan çəkən ailələr üçün 258 ev inşa olunacaq. Onlardan 93-ü 2 otaqlı, 105-i 3 otaqlı, 23-ü 4 otaqlı və 37-si 5 otaqlı evlərdi. Muxax kəndində 201, Yuxarı Talada 35, Cudulubinədə 7, Qarqayda 2, Sabunçuda 7, Meşleş kəndində isə 4 ev inşa olunur.

   Mehman Təhməzovun sözlərinə görə, inşaat işləri nəzərdə tutulduğu kimi aparılır. Noyabrın əvvəlinədək 100 evin, dekabrda isə qalan 158 evin əhalinin istifadəsinə verilməsi planlaşdırılır. Zəlzələdən ən çox ziyan çəkən Zaqatala sakinləri yeni ili öz təzə evlərində qarşılayacaqlar.

   Sahə rəisi onu da bildirdi ki, tikinti materiallarının təchizatda heç bir problem və gecikmə yoxdur. Şirkət Zaqatalada beton zavodu inşa edib. Tikintidə bahalı və keyfiyyətli, suya davamlı materiallardan istifadə olunur, evlər tikilərkən yerli şərait nəzərə alınıb.    

   Onu da əlavə edək ki, Zaqatalada inşa edilən evlərin layihəsi ölkə prezidenti tərəfindən bəyənilib. Fövqəladə Hallar Nazirliyi tikintinin gedişinə ciddi nəzarət edir. Nazirliyin Zaqatalada aparılan işlərə məsul işçisi Malik Cəbiyev bildirdi ki, inşaat işləri tikinti normalarına uyğun həyata keçirilir.

   Baş mühasib Rasim Sadıqovun sözlərinə görə, tikintidə çalışanların əmək haqlarının ödənməsində heç bir problem yaşanmayıb. Görülən işlərin haqqı mərhələlərlə ödənilir. Hər bir mərhələ bitən kimi işçilərə əməkhaqqı verilir.

   Qabaqcıl iş icraçıları Elxan Cabbarov, Süleyman Süleymanov, Şəmşir Əsgərov, Mehdi Bayramov, Şahin Qasımov tikintinin vaxtında və keyfiyyətlə təhvil verilməsi üçün səy göstərirlər.

   Şirkətin Zaqatalada çalışan qabaqcıl mexanizatorlarından söhbət düşəndə isə Farizin, Azayın, Ruslanın, Aminin və Əlizaminin adı həmişə öndə çəkilir.

   Zaqatalada AVS Tikinti-Quraşdırma Şirkətinin əməkdaşlarını dar günün dostları sayırlar.

  

 

   (Ardı növbəti sayımızda)

 

   Etibar CƏBRAYILOĞLU

 

   Ədalət.-2012.-19 oktyabr.-S.7.