QARABAĞDA "DOLU" HƏYƏCANI

 

  Filmin yaradıcı heyəti Ağcabədi rayonunda tamaşaçıların görüşünə gəldi

 

  Çəkiliş qrupu Ağcabədi rayonuna günorta saatlarında çatdı. Hələ ötən il filmin son kadrlarının çəkilişi zamanı Ağcabədi rayonunda olan filmin çəkiliş qrupunun üzvləri ötən bir il ərzində rayonda baş verən yenilikləri heyranlıqla qarşıladı. Tamaşaçı auditoriyasının çox olmasını nəzərə alan rayon icra hakimiyyəti filmin açıq havada nümayiş etdirilməsini nəzərdə tutmuşdu. Havanın qaralmasına isə hələ bir neçə saat qalmışdı.

   Yaradıcı heyət bu vaxtdan səmərəli istifadə etmək üçün şəhərin gəzintisinə çıxdılar. Ağcabədi şəhərinin demək olar ki, bütün küçələrində əsaslı təmir-bərpa işləri başa çatdırılmışdı. Azərbaycan Respublikası Prezidentinin regionların sosial-iqtisadi inkişafı proqramı bu rayonda sürətlə icra edilir. Rayonda artıq istifadəyə verilən Şahmat məktəbi, Üzeyir Hacıbəyov adına Muğam evi müasir üslubda inşa edilib və şəhərə xüsusi gözəllik verir. Muğam evinin həyətində salınan yeni parkda çay süfrəsi ətrafında əyləşən yaradıcı qrupa məlumat verildi ki, demək olar ki, dünyada ilk dəfə olaraq 24 saat ərzində klassik muğamlarımız səsləndirilir.

   Ənənəyə uyğun olaraq filmin çəkiliş qrupu rayon ictimaiyyəti və müharibə iştirakçıları ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət etdilər. Daha sonra Ulu Öndərimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

   Saat 19 radələrində filmin nümayişinin nəzərdə tutulduğu Heydər Əliyev adına istirahət parkına gələn çəkiliş qrupu açıq səmada yerləşən konsert məkanına toplaşan minlərlə tamaşaçını və xüsusilə də çoxsaylı əsgərlərimizi gördükdə həyəcanlarını gizlədə bilmirdilər. Filmin icraçı direktoru Nadir Əliyev mənə yaxınlaşaraq "müharibənin canlı şahidi olan bu insanların qarşısında görəsən etimadı doğrulda biləcəyikmi?"-deyə bildirdi. Filmdə iştirak edən aktyorlar da həyəcan içində idi. "Dolu" filminə artıq bir neçə dəfə baxdığım üçün filmin yaxşı qarşılanacağını əvvəldən bilsəm də mən də həyəcan keçirirdim.

   Nəhayət, saat 19 radələrində çəkiliş qrupu iki min nəfərdən artıq tamaşaçının qarşısına çıxdı. Tədbiri açan rayon icra hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov Qarabağ müharibəsinə həsr olunmuş bu filmin gənclərimizin hərbi vətənpərvərlik ruhunu yüksəldəcəyinə əmin olduğunu bildirdi. Ssenari müəllifi, millət vəkili Aqil Abbas filmin çəkiliş qrupunu görüşə dəvət edən rayon icra hakimiyyəti başçısına və rayon ictimaiyyətinə təşəkkürünü bildirdi. "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov gələcəkdə də yeni filmlərin çəkilişi ilə bağlı dövlət proqramının həyata keçiriləcəyini tamaşaçıların diqqətinə çatdırdı.

   Filmin quruluşçu rejissoru Elxan Cəfərov səfər ərəfəsində Qarabağın üç rayonunda görüş keçirəcəklərini bildirərək müharibənin canlı şahidləri olmuş insanlar qarşısında çətin imtahan gözlədiklərini bildirdi.

   Daha sonra filmin nümayişi başlandı. Kadrları, xüsusilə döyüş kadrlarını, aktyorların rollarını məharətlə ifa etmələri tamaşaya gələn minlərlə insanı 20 il öncəyə aparırdı. Filmi həyəcan göz yaşları ilə seyr edən tamaşaçılar filmin sonunda Komandirin döyüşlərdə şəhid olan qəhrəman oğullarımızın ruhlarının müşayiəti ilə Ağdama tərəf getmələrini ayaq üstə alqışlarla qarşıladılar.

   Filmin nümayişindən sonra rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov yaradıcı heyətə rayon ictimaiyyəti adından təşəkkürünü bildirərək qeyd etdi ki, bu cür filmlər müharibə şəraitində yaşayan əhalimiz xüsusilə gənclərimiz üçün böyük təbliğat vasitəsidi.

   Filmin nümayişindən sonra hələ filmin təsiri altında olan tamaşçılar bir müddət ssenari müəllifi Aqil Abbası, filmin quruluşçu rejissoru Elxan Cəfərovu, Komandir, Drakon Pələng rollarını ifa edən aktyorları öz əhatələrindən buraxmaq istəmirdilər. Sanki onların obrazlarına qoşulub Qarabağa getmək istəyirdilər...g

   Çəkiliş qrupunun üzvlərini isə hələ qarşıda Laçın Ağdam rayonlarının tamaşaçıları qarşısında çətin imtahan gözləyirdi.

 

 

   Rüstəm HACIYEV

 

  Ədalət.-2012.-23 oktyabr.-S.3.