Ah... Yalnız sən!

 

   Ruhum, ey aşinayi-əsrarım!

   Həp uzaq, bəzmi-vüslətindən uzaq,

   Qürbət ellərdə təlxkam olaraq

   Səni özlər də sızlayıb yanarım.

 

   Gecə-gündüz həyati-müztəribim,

   Sənin alami-həsrətinlə sönər.

   Fikrə gəldikcə həp keçən günlər,

   Daima çırpınıb durur qəlbim.

  

   Səndən ayrıldığım zaman o gözəl,

   Tatlı, süzgün baqışların guya

   Pək dərin bir sükut içində bana

   Demək istərdi: "Get, fəqət tez gəl!"

 

   Öpüb əmdikcə tombul əllərini,

   Ruhum ağlardı, iştə sən o zaman

   Oqudun gözlərimdə pürhəyəcan

   Bir əsirin sönən əməllərini.

  

   Sonra titrək, kəsik əda ilə sən

   Yalınız - get, saqın unutma! - dedin.

   Uça bilsən də şimdi bir gəlsən,

   Halımı seyr edib olurdun əmin.

 

   İştə! Həp nevbahara nəşə verən

   Qönçələr, nəğmələr, təbəssümlər,

   Al şəfəqlər, nəsimi-şuxi-səhər

   Bana biganə... ah... yalnız sən!

 

 

   Bilməm kimə?

 

   Çocuqluğumda eşitmişdim eşqin atəşi var,

   Diyordular ki, o hər hanki qəlbə düşsə yaqar.

   Bu incə söz o zaman pək tühaf gəlirdi bana,

   Gülümsəyib də diyordum: zavallı insanlar!

   Nasıl da hər sözə bel bağlayıb da aldanıyor?

   Nədən bu eşq, əcaba, xalqı eyləsin bizar!

   Bu yolda yansa da, qəhr olsa kimsə dönməz imiş!?

   Demək, bu öylə bir əfsanədir ki, əfsunkar!

   Şu sirri duymaq için uyqusuz qalıb, gecələr

   Düşüncə ruhumu əzdikcə eylədim israr...

   Şu vəqədən nə qədər keçdi bilmədim, bir gün

   Önümdə ərzi-vücüd etdi bir mələkrüxsar.

   Baqıb-baqıb duruyorkən sitəmli gözlərinə,

   Yaşardı gözlərim, oldum o gündən eşqə düçar.

   O gündən iştə bütün bənliyim əsir olaraq

   Onun xəyali-bədiiylə bir təsəlli arar.

   Fəqət o nazlı mələk kimdi? Of, bilməm ki!

   O bir pəriyyi-səmavidi: şuxü cazibədar

   Sən!.. Ah, əvət, o pəriçöhrə nazənin sən idin,

   Səninlə ruhuma ilham olundu həp əsrar.

   Nə var ki, bilməm o şahin baxışlı gözlərdə,

   Gəlincə xatirə qəlbimdə bin cərihə açar.

   Könül, bəlalı könül yadi-həsrətinlə sənin,

   Gözəl mələk, gecə-gündüz yanar, yanar, sızlar.

   Cihanda hər nə gözəllik təsadüf etsə bana

   Gözüm fəqət səni izlər, səninlə nəşə duyar.

   Sən olmasan verəməzdim bən eşqə bir məna,

   Bu yolda sən bana rəhbərsin, eyləməm inkar.

   Bu yolda həp bana təlqini-hiss edən sənsin,

   Könül fəqət səni sevməkdə bir səadət umar.

   Əsiri-eşqini lakin unutma, insaf et!

   O bir təbəssümə qane... o bir xəyalə qoşar.

   Xəyal!.. Əvət, yaşatan yalnız əhli-halı odur,

   Yaşarsa bir könül, az-çoq xəyal içində yaşar.

  

  

   Dün və bu gün

  

   Dün səadətlə parlayan gözlər,

   Şimdi yəsü kədər nisar eylər.

   Dün təhəvvürlə gürləyən sözlər,

   Şimdi bir başqa macəra söylər.

   Dünkü xəndan könül bu gün sızlar,

   Dün sönən bir əməl bu gün parlar.

  

   Mərhəmətsizdir iştə köhnə fələk,

   Bəşəriyyətlə əylənir daim.

   Bəşəriyyətlə əylənir gülərək...

   Dünkü məhkum olur bu gün hakim,

   Dünkü bədbəxt olur bu gün məsud,

   Dünkü məsud olur bu gün mərdud.

 

   Başqa, pək başqa şimdi zevqi-cihan,

   Dünkü peymanələrdə qan coşuyor.

   Dünkü məmurələr bu gün viran,

   Dünkü viranələr bu gün məmur..

   Həp pozulmuş da dünkü peymanlar,

   Yeni dost olmuş əski düşmanlar.

 

   Yoq təbiətdə öylə bir qüvvət,

   Əbədi, həm də paydar olsun

   Həp dəyişməkdədir bütün xilqət,

   Həp dəyişməkdədir həyatü fünun.

   Olmayan varmı inqilabə zəbun?

   Varmı sarsılmaz öylə bir qanun?!

 

   Seyr edin iştə kainatı bütün,

   Devrilir hər adımda bir əzəmət,

   Dinləməz dünkü hadisatı bu gün,

   Parlıyor hər dəqiqə bir hikmət.

   Hər qaranlıqda çırpınır bir nur,

   Hər həqiqətdə bir xəyal uyuyur.

 

   Bakı, 1915

  

  

   Son baharda

  

   Həmşirəzadəm için

 

   Kədərli, sisli bir aqşamdı, ağlıyordu səma;

   Bütün üfüqləri sarmışdı möhtəriz, məhcub

   Bulutlar... iştə o matəmnisar dəmdə bana,

   Uzatdı dəsti-qəza pək acıqlı bir məktub.

  

 

   O bir kitabeyi-məqbərdi, eyləyincə nəzər,

   Gözüm qarardı, təəssürlə münfəil, məbhut.

   Düşündüm, ağladım artıq o şəb sabahə qədər,

   Gözümdə dalğalanıb durdu süslü bir tabut.

  

   Sənin o nuri-təbəssüm saçan dodaqlarını,

   O nazlı çöhrəni andıqca tirə oldu xəyal

   İnanmaq istəmiyordum ki, gül yanaqlarını

   Əcəl xəzan kibi çöksün də eyləsin pamal.

  

   Yazıq!.. O yaşda kim ümid edər ki, böylə, sənin

   Bahari-hüsnün olur zib hicləgahi-ədəm

   Doquz yaşında umulmaz bir iftiraqi-həzin!

   Əcəb şükufeyi-sevdamisin? Nəsin? Bilməm...

  

   Niçin, niçin solu verdin, zavallı Məsuməm

   Yaraşmıyor o kəfən duşi-nazəninində!

   Nədir o çini-müəbbəd, quzum, cəbinində?

   Bu kainatə nədən küsdün, ey mələk, bilməm!?

  

   Nədən həyatə gücəndin? Bilinmiyor səbəbi;

   Xudamı gördü səzavar qürb rəhmətinə?

   Kitabi-hüsnünü bir şer naşinidə kibi,

   Oqur-oqur, doyamazdım onun səbahətinə.

 

   Anar o dəmləri bən şimdi müztərib, düşkün,

   Kamali-yəslə tiflanə ahü zar edərim.

   Səninlə, baq, sənin alami-həsrətinlə bu gün,

   Ənini-matəmə bənzər bütün nəşidələrim.

  

 

   Gözümdə şimdi cihan bir sərabi-giryənümud...

   Bütün təbiəti sarmaqda bir məlalü kədər;

   Sevimli, tazə çiçəklər olub xəzanalud

   O hüsni-naimi-cavidə sanki matəm edər.

  

   Yarın sənin kibi onlar da həp sönüb bitəcək,

   Bu gündən iştə o solğun, vərəmli çöhrələri,

   Yarınki levheyi-matəmgüzini ərz edərək,

   Deyir ki, hər fərəhin var sonunda bir kədəri.

  

   Əvət, gözəl mələyim! Hər səfa ələmlə bitər;

   Bu bir lətifeyi-qüdrət, bu bir həqiqətdir.

   Fəqət bahari-şəbabında bir şükufeyi-tər,

   Açılmadan saralıb solsa, mütləqa acınır.

  

   Bu nüktə, iştə, budur ruhumu müəzzib edən,

   Düşündürən bəni ancaq bu... yoqsa inləyərək

   Sönən həyati-bəşər sadə bir təhəvvüldən,

   Bir inqilabi-həzindən ibarət olsa gərək...

  

   İstanbul, 1909.

  

 

   BU GECƏ

  

   Dərin-dərin uçurumlar, vərəmli fırtınalar,

   Bütün-bütün sıqıb əzməkdə ruhumu bu gecə 

   Səninlə, ah, sənin yadi-həsrətinlə yanar,

   Yanar, səni anarım, dilbərim! Fəqət səncə,

   Bu bir həyati-müxəyyəl, həzin bir əyləncə...

   Gözəl mələk! Gecələr daima səmayə baqar,

   Qəmərdən, ah... o soluq çöhrədən səni sorarım.

   Onun ziyayi-rəqiqilə həp uçar, qalqar,

   Arar, bulur, səni dinlər kədərli duyğularım,

   Kəsik təranələrim, həp zəhərli qayğularım.

  

   Bütün cahan uyuyor, kainat həp dalğın...

   Məgər xəyali-bəidinlə ruhi-məcruhum,

   Qəmərdə birləşərək pək acıqlı, pək çılğın

   Bir iştiyaq ilə giryandır, ey mənim ruhum!

   Sizin üfüqdə qəmər böylə, pəkmi nazlı doğar?

   Nədən cəbini-lətifin səhabəpuşi-hicab!?

   Hirəmi-nazinə pərvaz edən şüai-nəzər

   Qalır zülami-təhəyyürdə münkəsir, bitab...

  

  

   Hərb ilahi qarşısında

  

   Ey odlu şəhpərilə saçan zəhri-intiqam!

   Ey hərb ilahi! Ey sırıtan kinli əjdaha!

   Oldunsa bunca qəhrü fəlakətlə şadkam,

   Artıq bitir şu səhneyi, ey müftəris dəha!

   Endir şu qanlı pərdəyi, ey rəhnümayi-şər!

   Endir də bir qədər nəfəs alsın bəni-bəşər.

  

   Sarmış bütün cihanı həyahuyi-dəhşətin:

   Yalnız bəşərmi pənceyi-qəhrində sarsılan?

   Hakim havada, yerdə, su altında vəhşətin,

   Vəhşilərin də zülmdən olmaqda bağrı qan.

   Qaplanlar iztirab ilə hər an dilər aman,

   Qartallar iştə etmədə həp tərki-aşiyan.

  

   Ey şiddətü qəzəb savuran hamiyi-zəfər!

   Artıq yetər, usandı cihan, sən də bir usan!

   Tərk et şu qanlı torpağı, artıq çəkil, yetər!

   Hər kəs didişmədən yorulub şimdi ruh açan

   Azadə bir havada çiçəklənmək istiyor,

   Pək tatlı bir ümidlə əylənmək istiyor.

  

   Şərr olmadıqca xeyrə qavuşmaq məhal olur.

   Qəsvətli, sisli hər gecədən bir günəş doğar.

   Hürriyyət öylə nazlı bir afət ki, pək vəqur,

   Qan aqmadıqca kimsəyə gülməz o işvəkar.

   Zatən bu, köhnə yurdumuzun köhnə adəti,

   Hər tanrının qan içməyə var hüsni-rəğbəti.

 

   Zülmət dağıldı, zülmü fəsad oldu payimal,

   Hər yerdə sanki haqqü ədalət gülümsüyor.

   Al bayrağın qanatları altında, pürməal

   Hər çöhrə, hər dodaq saçıyor ləmə-ləmə nur.

   Hürriyyət? Ah, o bəncə fəqət tatlı bir xəyal...

   Dünyada varmı hürr əcaba? İştə bir sual!..

 

   Bakı, 17 aprel 1917

  

 

   Hübuti-Adəm

 

   Deyirlər bir zaman Adəmlə Həvva

   Yaşarmış rövzeyi-cənnətdə tənha.

   O bir məva ki, biganəyiz biz,

   Bu torpaqdan uzaq, qəmsiz, kədərsiz

   O bir məva ki, ruhani, münəvvər,

   Uçarmış orda zərrinpər mələklər.

   O bir məva ki, nəşr eylər sərasər

   Əməllər, nəşələr, güllər, çiçəklər.

   Gözəl, asudə bir məvayi-sevda;

   Geniş, azadə bir səhrayi-xülya.

   Xəzansız bir baharistani-cavid,

   Ki solmaz orda əsla bərgi-ümmid.

   Fərəhdən ağlar insan bəlkə, bilməm!

   Bulunmaz orda lakin hüznü matəm.

   Əvət, bir öylə xoş məvadə tənha,

   Yaşarmış qayğısız Adəmlə Həvva.

   Yaşarmış məstü şeyda, şadü xəndan;

   Yaşarmış vəqfü-sevda, safü üryan.

   Deyilmiş süs geyim onlarca adət;

   Fəqət geydikləri bir tül ki, iffət.

   İki dildadei-zövqü şətarət,

   Olub vüslətgüzini-bəzmi-ismət;

   Gülümsər daimi bir sur içində,

   Yaşarkən öylə nuranur içində,

   Hücum etmiş də süfli ehtirasat,

   Qabarmış adəmiyyət hissi... heyhat!

   O ülviyyət, o ülvi sərmədiyyət

   Zəbuni-ehtiras olmuş nihayət.

   Nəhayət, incə bir vəhşi təmayil,

   O ülvi eşqi etmiş məhvü zail.

   Birər heykəl kimi məbhutü heyran,

   Hicab altında qalmışlar hərasan.

   Sararmış bət-bəniz, uçmuş təravət;

   Hücum etmiş haman rəngi-səfalət.

   O dəm ənvarə müstəğrəq, sərazad,

   Gözəl bir qız, səmavi bir pərizad,

   Gəlib həq canibindən əldə fərman,

   Demiş: çıx, ey səfalətpərvər insan!

   Çıx, ey qafil bəşər! Dəf ol, çəkil, get!

   Bu lahuti təfərrücgahı tərk et!

   Deyil layiq sana gülzari-cənnət...

   O süfliyyətlə hissi-adəmiyyət

   Bu ülviyyatı heç eylərmi idrak?

   "Çe nesbət xakra ba aləm-e pak?!"1

   Düşün, bax nerdəsin, bir kərrə anla!

   Bu məva öylə bir firdovsi-əla

   Ki, hər bir lövsdən, hər məfsədətdən,

   Bütün vəhşətdən ari bir nişimən...

   Sən əvvəl xeyrü şərdən bixəbərdin,

   Çocuq ruhilə bipərva gəzərdin.

   Nə buldun, qürbi-həqdən böylə sapdın?

   Düşün! Naqis bəşər, bir bax nə yapdın!?

   Bu gün qüdsiyyətin olmaqda bərhəm,

   Yazıq! Aldandın, ey biçarə Adəm!

   Təəssüf biəsər... Pək çox yanıldın,

   Nədamət bisəmər... Pək gec ayıldın.

   Edər lahutiyan səndən şikayət,

   Səninçin burda çox müşkül iqamət.

   Çəkil, get! Rəhbərin şəhmari-üsyan;

   Açılmış onda bax bir qövri-nisyan

   Ki, həp müzlim, kədərza, tabfərsa,

   Müləvvəs bir cədəlgah: iştə dünya!

   Deyilmişsən hərəmi-qüdsə məhrəm

   Eşin Həvvayı al kəndinlə bahəm,

   Enib qıl aləmi-nasuti məskən,

   Nədir əzvaqi-dünya anla, öyrən!

   Əzil, qəhr ol, keçənlər keçdi, heyhat

   Budur həqdən səninçin son mükafat!

   Qoşarsın bir zaman məhkumi-xüsran,

   Ararsın gülşəni-lahuti giryan.

   Yaşarsan vadii-zillətdə məyus,

   Fəqət dönməz, o günlər keçdi, əfsus!

   Cahan durduqca həp nəslin bərabər

   Bu müdhiş zərbədən qurtulmaz, inlər.

   Bu qəflət eylə bir süfli cinayət

   Ki, verməz kimsəyə bir ləhzə rahət.

   Bu gün əxlaf üçün səndən əmanət

   Qalan yalnız fəlakətdir, fəlakət!.

   Əmin ol, nerdə nəfs olmuşsa hakim:

   Həqiqi eşqi məhv etmiş məzalim,

   Kimin ülviysə ruhu, söz onundur,

   Əsiri-nəfs olan daim zəbundur.

 

 

   Hüseyn Cavid

 

   Ədalət.-2012.-24 oktyabr.-S.5.