Xumar Qədimova: "Nə etməyindən asılı olmayaraq mən o insanı görmürəm"

 

  Müğənni Xumar Qədimovanın Milli.Az-a müsahibəsi

 

   - Xumar xanım necə bir müğənnidir?

   - Mən fərqli müğənniyəm, özünəməxsus, yenilikçi.

   - Sizi sevənlər saysız-hesabsızdır, bu sevginin sirri nədir?

   - Elə qeyd etdiyim kimi, məni tamaşaçılara sevdirən fərqliliyimdir. Hamı kimi olmadığım üçün sevilirəm, hamı kimi olmayanda insan çox sevilir, maraqlı olur. Bununla yanaşı, həm də qıcıqlandırıcı olursan, o qıcıqlananlar da səni sevir, amma özlərini sevmirlərmiş kimi qələmə verirlər.

   - Xumar Qədimova sayaq müğənni olmaq üçün üç əsas nə olmalıdır?

   - Mən bir tamaşaçı kimi yenilikçini sevərəm, insan xarakterli olmalıdır, obrazlı və səmimi olmalıdır. Bir şeyi də qeyd edim: elə bir şey var ki insanda, o, kişidə də olur, qadında da. Bilmirsən nədir, amma deyirsən ki, nəsə var bu insanda, xarizmamı deyim, bilmirəm, bax bu da önəmlidir.

   - Şou-biznesdə ruhunuza yaxın kimlər var?

   - (Gülür) Heç onu yoxlamamışam, fikir verməmişəm. O qədər özümə qapalıyam ki, onu deyə bilməyəcəm. Özümə yaxın ancaq özüməm.

   - Yaxşı bəstəkarsınız, yoxsa yaxşı müğənni?

   - Mən nəğmələrimə minnətdaram. Mən nəğmələrimin sayəsində müğənni oldum. Bəlkə də, mənim gözəl şeirləri nəğməyə çevirmə qabiliyyətim olmasaydı, mən indi müğənni olmazdım. Mənim müğənni olmağımın səbəbi özümün nəğmələrimdir.

   - Özünüzü şou-biznesdən sayırsınız?

   - Mən özümü kənarda görürəm, hər barədə.

   - Sizi nə küsdürə bilər?

   - Məni ancaq çox sevdiyim insanlar küsdürə bilərlər, mənim laqeyd olduğum insan məni küsdürə bilməz. Hətta nə etməyindən asılı olmayaraq mən o insanı görmürəm.

   - Həmkarlarınızdan küsülü olduğunuz kimsə var?

   - (Gülür) Heç kimlə küsülü deyiləm.

   - Xumar Qədimovanın mahnılarını ancaq Xumar xanım oxuya bilər?

   - Yox, oxuya bilərlər, amma mən oxuyanda başqa cürdür. Mən öz bəstələrimə özümü qoyuram.

   - Bəstəkar kimi sizə müraciət edən olub?

   - Həddindən artıq çox müraciətlər olur. Müğənnilər arasında inciyən də, küsən də olub. Sadəcə, mən bir az öz bəstələrimə qarşı qısqancam. Tutaq ki, demişəm ki, bu nəğməni filan müğənniyə verəcəm, sonra fikrimi dəyişib demişəm ki, yox e, özüm oxuyacam. Bax bunu etiraf etdim, belə bir şey olub.

   - Sevirsiz, yoxsa sevilirsiniz?

   - Daha çox sevilirəm. Maşallah, çox sevilirəm.

   - Oğlunuz necədir?

   - Oğlum çox yaxşıdır.

   - Müğənni olmağını istəyərdiniz?

   - Yox, Allah eləməsin. Uğur çox istedadlıdır, hərdən zümzümə edir, xəbəri olmadan onu dinləyirəm. O oxusaydı, anası kimi yenilikçi olardı. Gözəl musiqiçi ola bilərdi, amma mən qəbul etməzdim heç zaman.

   - Xumar xanım, demisiniz ki, bir balaca Xumarın olmasını istəyirəm, nə vaxt biz sizdən bu şad xəbəri eşidəcəyik?

   - Mən demişdim ki, istəyərdim. Amma bu o demək deyil ki, olacaq. Bu ola da bilər, olmaya da bilər. Bilmək olmaz, həyat davam edir, ola bilər ki, balaca Xumar olsun. Allah mənim Uğurumu saxlasın!

 

 

   Ədalət.-2012.-30 oktyabr.-S.8.