Səni düşünmək elə gözəl ki; Sənə də məsləhət görürəm...

 

   Birnəfəsə...

  

   Darıxmaq pəncərəsi açıq qalıb,

   yellənir səbrin pərdəsi,

   fikrimin atı qan-tər içində...

   Saçlarını üzündən

   yığırsanmı astaca?

   Daralırmı nəfəsin?

   Leysan kimi yastığa

   yağırsanmı astaca?

   Mən nə axmaq adamam,

   nə axmaq suallardı ?!

 

   Vaxt vardı,

   oyanıb görürdüm ki,

   tavan başqa tavandı.

   Tavan da təəccüblənirdi...

 

   Kəsəsi, öpdüyümüz dodaqlardan

   pomada kimi silinmək ehtimalı da var.

   Amma səni düşünmək elə gözəl ki,

   sənə məsləhət görürəm...

  

   Hamı kimi durursan yuxudan.

   Əllərini yudunmu, çayını içdinmi

   başlayır dünənə əkiz bir gün

   Kontur göndərirsən rəfiqənə,

   nömrəni dəyişmək istəyirsən,

   Facebook-a öyrəşə bilmirsən...

   Filmə baxırsan,

   yeməyi qızdırırsan,

   qeybət eləyirsən yüngülvari...

   Çantanla ayaqqabının

   rəngini tutuşdurursan,

   necəsə şalvarını köynəyə yaraşdırırsan,

   qəşəng görünürsən insafsızca...

 

   Gülümsəyirsən kiminsə zarafatına,

   yorulursan, mürgüləyirsən divandaca

   yastığa toxunur saçların, çiynin...

   Oyanırsan, güzgüyə baxırsan.

   Güzgün olum

   yadıma düşürsən çilik-çilik oluram.

  

   Adını bir vərəqə yazıb baxıram.

   Adın gözlərimdən başlayıb fəth edir

   ürəyimin paytaxtını.

   Yuxularıma tökülür saçların...

   Sonra nəsə olur,

   adın ayrı-ayrı mənalara bürünür,

   bax, onda

   əllərin "qucaqlaşmaq",

   dodaqların "öpüşmək"

   ayaqların "getməmək" felinə bənzəyir...

   Bax, onda

   nəsə olur,

   sənin acıgöz həsrətin

   məni dişinə çəkir.

   Bax, onda

   darıxmağım qurd kimi ulayır...

 

 

   Dönüb görərsən ki...

  

   Bir görərsən ki, qəti alınmırg

   Səni gecələrin zülməti çəkər,

   Dodağın bir öpüş həsrəti çəkər.

   Yanar dodağında bir dodaq yeri

   Lap elə mən ölü, sən ki, diri

   Qabları yuyarsan, çörək alarsan,

   Görərsən könlünün simi tarımdı.

   Amma bilməzsən ki, niyə yarımsan,

   Bilməzsən evində nəyin yarımdı...

 

   Könlünə qəfil bir qayıtmaq düşər,

   Birdən başlayarsan lap darıxmağa...

   Dönərsən gəldiyin yola baxmağa,

   Qəhər boğazında ilişər qalar,

   Dönüb görərsən ki, divardı yollar,

   Dönüb görərsən ki, yol çıxıb gedib...

  

  

   Bezginlik

 

   Suallar verirlər,

   çoxlu suallar... 

   Niyə? Nədən? Necə?

   Cavabını bilmirlər guya.

   Zalım uşağı,

   səadət ərzaq deyil ki,

   tutub doldurasan soyuducuya...

  

 

   Ehtimal

  

   Axşamlar ağsaqqal qonşumuz

   cəhənəm haqqında danışır uşaqlara

   odlu-alovlu.

   Mən siqaret yandırıb fikrə gedirəm.

   Cəhənnəm - bu yəqin cənnəti uzaqdan

   görməkdi...

 

 

   Qismət

 

   Ədalət.-2012.-31 oktyabr.-S.7.