İnsanlıq və insanlığın tərənnümü

 

   Bu yaxınlarda ədəbi-bədii prosesləri daima izləyən, mütaliədən qalmayan dostum, tanınmış iş adamı Zakir Məmmədov görüşlərinin birində mənə bir şeir kitabçası verib onu oxumağı tövsiyə etdi.Sözün düzü, günümüzün informasiya axarında qələm tutan, imkanı olan bir çoxlarının özlərini bədii yaradıcılıq sahəsində də təsdiqləmək istəyənlərin sayının artması və əksər hallarda onların yaratdıqlarının maklaturadan başqa bir şey olmadığını düşünüb, dostumun verdiyi kiçik həcmli bu şeir kitabına da bir qədər ehtiyatla yanaşmalı oldum.Əfsuslar olsun ki, kitabın müəllifinin adı, yaradıcılığı, onun fəaliyyət sahəsi haqqında da bir bilgim yox idi və qəribədir ki, kitabın ön sözü, redaksiya tərəfindən yazılmış bir izahedici yanı da yox idi.Lakin bütün bunlar məndə əsərə və müəllifə olan marağımı nəinki azaltmadı,əksinə nədənsə daha da artırmış oldu.   

   Kitabı vərəqlədikcə anladım ki, onun müəllifi Vaseh Şabranlı orijinal təfəkkür tərzinə malik və çoxlarından öz dəst-xətti ilə fərqlənən bir şəxsiyyətdir.Kitabı oxuduqca özünə güvənən, dünya,aləm, insan və insanlıq haqqında öz sözünü deyə bilən bir müəlliflə rastlaşdığını hiss edirsən. Hiss edirsən ki,müəllif illərdən bəri çeynənmiş yolla getmək istəmir, poeziyamızda kök salmış ənənəvi və əslində günümüzdə belə tez-tez təkrarlanan və heç bir yenilik gətirə bilməyən mövzu və poetik obrazlardan uzaqlaşa bilir. Bir sözlə, öz yolu ilə getməyi,dünyaya, kainata, bəşəriyyətə və cəmiyyət həyatına öz müasir insanın gözü ilə baxmağı önəmli sayır.  

   Kitabın misralarını oxuduqca müəllifin lirik, bədbin hisslərə qapandığını da görmürsən, əksinə onun qlobal düşüncə tərzinin xüsusiyyətlərini, bizi əhatə edən gerçəkliyə, həyatın -real hadisələrinin gedişinə daha çox ümumləşdirici bir münasibətini də hiss edirsən. "Dirilik və zaman" ("Elm və Təhsil", 2012) adlandırdığı şeir kitabçasında Vaseh bəy bir daha yuxarıda zikr etdiyimiz əslində olduqca əhatəli və mürəkkəb sosial-mədəni hadisələri qələmə aldığı zaman öz zəngin potensial ensiklopedik bilgilərindən məharətlə istifadə etməsini hiss etmiş oluruq. Bu bilgilər isə ictimai elmlərin və texnologiyanın nailiyyətlərinə təməllənir.

      Kitabda müəllif tez-tez fəlsəfənin qanun və kategoriyalarına, bu sırada zaman, məkan, hərəkət, əksikliklərin vəhdəti, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi kimi anlayışların, həmçinin astronomiya və təbiət elmlərinin müddəalarına müraciət edir.Lakin əslində elm adamları üçün məlum olan bu gerçəkliklərin qələmə alınmasını müəllif ona görə mühüm sayır ki, bir daha hüdudsuz kainat, məkan içərsində bir sosial-bioloji varlıq olaraq insanın nə qədər yalqız, kiçik, tənha olduğunu ifadə etmək, insanları birliyə,bir-birilərinə olan qardaşlıq münasibətinə, birgə hərəkətə, fəaliyyətə səsləmək mümkün olsun.  

   Kitabda gələcəkdə insanın nələr kəşf edəcəyi,özünü və ətraf mühiti yaxşılığa doğru necə dəyişə biləcəyi kimi fikirlər də yer almaqdadır və burada biz Jül Vern kimi müəllifin elmi-fantastik,həmçinin sosial-utopik fikirləri,xəyalları ilə də rastlaşa bilirk. "Kim bilir, nə vaxtsa insan zəkası kəşf edər bədənlə uçmaq duası" fikrini irəli sürən müəllif bir daha sosial utopik xarakterli idealını da oxucularına çatdırmağa çalışır:

  

   Bəlkə də tapsaydıq quştək keyfiyyət  

   Mümkündü bəsləyək başqa bir niyyət,  

   Uçaraq itərdik ənginliklərdə  

   Birləşib qurmardıq dövlət, cəmiyyə.

  

   Ümumiyyətlə Vaseh Şabranlı nədən yazırsa yazsın, aydan, ulduzlardan, günəşdən, təbiət hadisələrindən və s. İnsan amili hər zaman mərkəzi yer tutduğunu, insanın yer üzündə yeganə düşünən sosial-varlıq olduğunu başqa canlılardan fərqli olaraq yeni dəyərlər gerçəkliklər yarada bilən sosial qüvvə olduğunu vurğulayır. Lakin müəllifin "İnsan" şeirində bu xüsusilə özünü göstərməkdədir. Burada insan zəkasının hüdudsuz potensial imkanlarına malik olması,onun yaratmaq,qurmak əzmi, "tarixlər yaradan tək qüvvə olması", onun həqiqi dəyərinin verilməsinin vacibliyi, yer üzünün insanlarının millətindən, dinindən, irqindən asılı olmayaraq bir planetdə yaşamaq haqlarının olması kimi fikirlər təsadüfi deyil ki, hakim kəsilir:

  

   Deyirlər gəlmişik Yerə göylərdən  

   Fərqi nə Günəşdən,ya,Yupiterdən?!  

   Böyük Kainatın övladıyıq biz  

   Hələ ki,tüstümüz yüksəlir Yerdən.

  

   Müəllif bu iri həcmli şeirində bir daha zaman çərçivəsində insanlıq, cəmiyyət,bəşəriyyət üçün faydalı işlər görməklə ad qazanmış insanları yüksək dəyərləndirir:

  

   Bəşər xatırlayır o kəsləri ki,  

   Tarixdə iz qoyur:-   

   Dahi,ya arman!- deyir.

 

   Kitabda insan fenomenlərindən sayılan sevmək,sevilmək, əxlaqi davranışlar, tərbiyələndirmək məharəti,bədii fəaliyyətə həvəs və.s. kimi anlayışlar da öz bədii izahını tapmaqdadır.Məsələn, müəllif gözəllik anlayışını izah edərkən bu misraları oxucuyla paylaşmağa çalışır:

  

   Şəhvərsiz vücudla,məhvərsiz şüur,  

   İnsançün həmişə sayılıb qüsur.  

   Vücudda tarazlıq,şüurda məntiq,  

   Olduqda,gözəllik eyləyir zühur.

  

   Zənnimizcə, burada eski yunan filosofu Aristotelin "Poetika" əsərində yer almış "kalokaqatia" anlayışının, yəni fiziki kamilliklə mənəvi kamilliyin vəhdətindən yaranmış gözəllik haqqındakı konsepsiyasının təsirini izləmək mümkün olur.  

   Ümumiyyətlə, Vaseh bəy insanın kamilləşməsi,hərtərəfli inkişafı prosesini haqlı olaraq onun təbiətlə olan münasibətində, tədricən bu münasibətlərin daha mürəkkəb bir hal olmasında görür.Həqiqətən də insan gözəlliyi anlamaqdan öncə təbiət içərisində öz yerini tanımalı, özünü təbiətdən,təbiət hadisələrindən və digər canlılardan ayıra bilməli,sonra təbiət hadisələrini anlamalı, daha sonra onun qanunauyğun haqlarından öz məqsədləri üçün istifadə edə bilməli və nəhayət,təbiətin gözəlliklərini idrak etmək səviyyəsinə yüksələ bilməli idi.  

   Antropoloji fəlsəfə tarixində bu inkişaf mərhələləri barəsində az yazılmayıb,lakin bədii ədəbiyyatımızda,zənn edirəm ki, insan-təbiət münasibətləri bu aspektdə öz bədii inikasını tapmamışdır.  

   Vaseh bəyin əsasən insan fenomenləri və mövzusunu açıqlayan bir digər şeirində də daima kamilləşən insanın fəal əkən-biçən,inkişaf edən obrazı öz bədii ifadəsini tapmaqdadır.Burada eyni zamanda insanın digər canlılardan fərqli olması ideyası xüsusi olaraq vurğulanmaqdadır:

 

   Ruzisini özü əkən,həm biçən  

   Peşələr öyrənən,təlimlər keçən,

    Daim Kamilləşmək yolunu seçən  

   O,hansı canlıdır? - Əlbəttə insan!

  

   Şeirin digər bəndində isə müəllif insanın gözəllik hissinin, bədii-estetik zövq və təlabatlarının tədricən inkişafından söz açarkən bu keyfiyyətlərin də yalnız insanlara xas bir mərifət olduğunu isbatlamağa çalışır və yazır:

  

   Gözəlliyi duyub ilhamı coşan  

   Musiqi yaradan,nəğmələr qoşan.  

   Yaratmaq həvəsi qaynayıb daşan  

    O,hansı canlıdır?-Əlbəttə,insan!

  

   Vaseh bəy insanı statik bir varlıq kimi deyil,əksinə dinamik bir varlıq olaraq görmək istəyir və bununla birlikdə əslində onun güclü və zəif tərəflərini,həmçinin həddindən artıq həssas və duyğulu bir varlıq olduğunu, emosional əhvalının tez dəyişən olmasını da açıqlamağa çalışır:

  

   Haqsız sözdən əhvalı tez qarışan,  

   Deyinən,inciyən,küsən,barışan,  

   Uğursuz işindən olan pərişan,  

   O hansı canlıdır?-Əlbəttə insan!

  

   İnsanın olduqca mürəkkəb sosial-psixolojik bir varlıq olmasını da unutmayan müəllif Alman Filosofu İ.Kant kimi iki bir-birinə zidd keyfiyyətlərin-xeyir və şərin,mələk və şeytanın olmasını da şeir dili ilə ifadə edə bilir:

  

   İçində vicdanla iblis vuruşan  

   Təkəbbürlə miskinliyi qarışan  

   Həsəd duyan,şöhrət üçün yarışan  

   O,hansı canlıdır? -

  

   Əlbəttə,insan!- sözlərini etiraf edir.  

   Fikrimizə haqq qazandırmaq eyni zamanda müəllifin hər zaman mütəfəkkirlərdən,o cümlədən Batı mütəfəkkirlərindən faydalandığını təsdiqləmək üçün bir daha onun öz misralarına müraciət etməli oluruq:

  

   Vaseh,hey oxudun Aristoteli  

   Sokratı,Xəyyamı,Kantı,Hegeli  

   Unutma:Ən əvvəl peyğəmbərdədi  

   Tanrını tanıdan,oyadan eli!

  

   Vaseh bəyin bu misralarından onun elm və sənət adamlarına nə qədər böyük önəm verdiyini bir daha hiss etmək heç bir çətinlik törətmir.Eyni zamanda müəllif eyni sayqı və dəyəri qadınlarımıza da aid edir,onları aya,günəşə bənzədir,dirilik çeşməsi və qaynağı adlandırır, mərdliyin,qeyrətin, namusun rəmzi olaraq qiymətləndirir və bir daha qeyd edir ki,

  

   Dirilik çeşməsi,qaynağı qadın!  

   Analıq-haqqındır,həm də muradın.  

   Torpaqdan can tapdı,qalxdı bitkilər,  

   Bəşər doğrulmazdı sən olmasaydı!

  

   Şairin Tanrıya, Peyğəmbərlərinə, dünya mütəfəkkirlərinə olan dərin sayqısı ilə birlikdə,onun ən gənc yaşlarından, daha doğrusu müəllifin öz dili ilə desək "On altı yaşından qəlbinə girmiş" və ustad saydığı Ömər Xəyyam şəxiyyətinə olan sönməz və ədəbi sevgisini onun şeiriyyətini davam etmək arzusunda "Ustadıma" adlı şeirində xüsusi olaraq dilə gətirməkdədir.

  

   "Arzudur- Gün gələ yetişə əyyam  

   Məni çağıralar "ikinci xəyyam".  

   İdrakından doğub çünki ulduzum  

   Ruhundan bəşər verilən payam!

  

   Vasehəm-əzəldən zəka vurğunu,  

   Sevdim Nizamini,Səməd Vurğunu.  

   Canımda yaşayır Nəsimi,Sabir,  

   Xəyyamsa çaşdırıb məndə duyğumu.

  

   Kitabda adət-ənənələrimiz böyüklərə,hörmət hissi,valideynlərimizə, dinimizə dilimizə bağlılıq kimi mövzular da yer almaqdadır.Bu baxımdan "Ata-anama", "Zaman", "Ruhi", "Nəfs", "Etiraflar və diləklər", "Duymayacağam" kimi şeirlərində bu söylədiyimiz meyli xüsusilə aydın bir şəkildə görə bilərik.  

   Şair şeirlərində "İstər yaxşılığın, istər pisliyin,əvəzini bir gün çıxacaq zaman", "Qınama Tanrını, ey nankör insan,onun əməlində axtarma nöqsan", "Yaltaqlıq, azğınlıq, hiylə torundan,çıxmağa səslər bəşəriyyəti", "Şüurum verdikcə səhv qərarları,gün-gündən çoxaldı günahkarlığım", "Cümlədə səbrlə məkanı axtar,dərk elə vurğuda incə çaları" kimi insana xas zəngin düşüncə tərzinə mənəvi kamillik uğrunda irəliləyişini,mürtəci,mənfi keyfiyyətlərdən azad olmaq arzusunu ifadə etməyə çalışır.Müəllif bir şeirində isə açıq bir şəkildə insanları millətinə irqinə görə deyil,fəaliyyətinə, davranışına, insanlıq qarşısında sosial məsuliyyət hissinə görə dəyərləndirməyi mühüm bilir:

  

   Talışam,ləzgiyəm,türkəm,ya Kürdəm,  

   Düşüncəm naqissə,hamıya dərdəm.  

    Dünyanın sakini,bəşər oğluyam,  

   Davranışa görə namərd,ya,mərdəm!-deyir.  

  

   İnsanın əxlaqi keyfiyyətlərini və davranışını haqlı olaraq sosial mühitə,ailə tərbiyəsində görməyə çalışır və aşağıdakı sonuca varır:

  

   Hər kəs sahibidir bir heysiyyətin  

   Fərqli tərbiyənin,zövqün,səhhətin.

 

   Kitabı oxuduqca bir qənaətə gəlmək olur ki,ümumilikdə Vaseh şeirlərinin təsnifatını verməli olsaq onları geniş mənada iki yerə bölmək mümkün olur, yəni bir qrub şeirlərdə insan,onun dünyagörüşü mənəvi-əxlaqi düşüncələri,hissi -emosional və psixoloji xüsusiyyətləri yer alırsa, ikinci qrub şeirlərində daha çox onun təbiət elmləri,texnoloji kəşflər,zaman-məkan problemləri ilə əlaqədar şeirləri tutmaqdadır.  

   Bu şeirlərədə biz işıq sürəti, kainatın zənginlikləri,gecə-gündüz,bitkilər aləmi,yer kürəsi,idrakın gücü kimi anlamların diqqət mərkəzinə gətirməsini hiss edirik. Hətta qəzəllərində belə Vaseh bəy ənənəvi olaraq daha çox sevgi-məhəbbət mövzusundan uzaq olub əsasən yenə də təbiət elmləri,bitkilər aləmi,torpaq,səma, Günəş, Kainat və s. anlayışlara müraciət edir,şeir dili ilə onların mahiyyətini,möhtəşəmliyini, əlçatmazlığını, əbədiliyini dilə gətirir.Bu qəbildən olan şeirlərində,xüsusilə də "Kainat" şeirində bütün bu anlayışları yaşadığımız Yer Kürəsi ilə əlaqələndirən müəllif xüsusi olaraq xatırladır ki,

  

   Bütün canlıları Yerə bağlayan,  

   Nəfəs,qida verib,diri saxlayan  

   Dilsiz bitkiləridir,heyif ki,azdır  

   Onların dərdini duyub anlayan!

  

   Şeirin digər bir bəndində həmin fikri,daha doğrusu təbiətə olan qayğılı münasibətin günümüzdə olduqca önəmli olduğunu xatırladan Vaseh bəy bir daha yada salır ki,  

  

   Yox olsa dərələr,meşələr dağlar,  

   Nə küləklər əsər, nə sular çağlar.  

   Ölüm sükunəti çökər hər yana,  

   Heyran olduğumuz büsat dağılar.  

  

   Şairin kitabın əvvəlində yer almış "Tanrıya" və "Tanrım" kimi şeirlərində də Vaseh bəy yenə də fəza cismləri,kainat,gecə-gündüz,od, su, torpaq kimi anlayışlara müraciət edir, onların arasında səbəb-nəticə əlaqələri görür,sonunda isə onlarının hamısının Tanrının iradəsinə tebe olduğu fikrini xatırlamağa çalışır:

  

   Görünməyən zərrələrdən   

   yığan Dünyanı Tanrıdır,  

   Ulduzlara yol ayırıb,  

   verən dövranı Tanrıdır,  

   Bədəndə olmaz dirilik   

   döyünməzsə onda ürək,  

   Riqqət üçün damar qoyub   

   dolduran qanı Tanrıdır.  

   Bəşəriyyət Kainatı   

   adlandırır "əbədiyyət"  

   Varlıqların ömrü üçün   

   yazan fərmanı Tanrıdır.

  

   Kitabdakı şeirlərin demək olar ki, əksəriyyəti heca vəznində olub və tamamilə anlaşılan bir dildə yazıldığından söhbət elmi kəşflərdən,fəlsəfi konsepsiyalardan gedəndə belə oxucunun mətnin ideya-məzmunu daha yaxından anlamasına köməklik göstərmiş olur.

   İnanırıq ki,bu həcmə kiçik şeir kitabı özündə zəngin bilgilər sistemi ehtiva etməklə birlikdə onların bədii bir dillə oxucularına çatdırılması yolunda müəllif Vaseh Şabranlı başarılı bir yol keçmişdir. "Dirilik və Zaman" şeir kitabının şeir həvəskarlarının,xüsusilə də gənc oxucularımızın, tələbə gənclərimizin diqqətini çəkəçəyinə inanır,sosial dəyişmə, antropoloji fəlsəfə kimi fənlərin tədrisi zamanı əlavə dərs vəsaiti kimi belə istifadə oluna biləcəyinə inamımız böyükdür.Bundan sonra da Vaseh Şabranlıya başarılar diləyir, poetik yaradıcılığında yeni-yeni orijinal şeirlərinin işıq üzü görməsini arzulayırıq.

 

 

  Babək Qurbanov,

  Fəlsəfə elmləri doktoru,professor

 

  Ədalət.- 2012.- 15 sentyabr.- S.10.