Üzü Qarabağa əsən külək

 

   Onun Azərbaycan musiqi tarixində öz dəst-xətti var. Xalq mahnılarının, muğamlarının gözəl ifaçısıdır. Öz məlahətli, məlhəm səsi ilə tək mənim yox, bütün türk dünyasının qəlbini fəth etmişdir. Çılğın oxumaq onun ifasında yaxşı alınmırdı. O, həmişə oxuyarkən hər bir kəs onun səsinin təsiri altına düşür, bu ecazkar səsin onun qəlbinə açdığı yolun cığırından çıxa bilmirdi. Bu səs həmişə bir haray, yanan qəlblərə bir məlhəm, bir də insan qəlbində kök salan bir unutqanlığı, bir etinasızlığı qovmağa səsləyirdi...   

   Mən onunla dəfələrlə müxtəlif televiziya verilişlərini hazırlamaqda tərəf müqabil olmuşdum. Hər dəfə öz tələbələri ilə mənə verdiyi müsahibələrində onun narahatçılığını, onun həsrətli baxışlarını, oxuduğu muğam parçalarında ürəyinin döyüntüsünü hiss etmişdim. Hiss etmişdim ki, o, nə qədər həzin, məlahətli oxuyursa onu nə isə narahat edir. Həmişə oxuyub qurtarandan sonra gözləri məchul bir nöqtəyə zillənir. Bu baxışlar nəyi isə axtarır, nəyi isə görmək istəyir.  

    Qarabağ... xalqımızın, babalarımızın həmişə öyünə-öyünə bizə əxz etdiyi cənnət bir guşə... Əsrlərdən bəri damla-damla süzülüb yaddaşlarımıza bir gözəllik simvolu kimi həkk olunan bir məkan. İlahi-təbiyyət nəyi bacarmışsa bu məkana bəxş etmişdi. Bu məkan bir gözəllik mücəssəməsi idi. Bu məkan, Tanrı tərəfindən həyatı duymaq, anlamaq, gözəlliyə qiymət vemək, gözəlliyi duymaq onu qorumaq yaddaşlara həkk etmək üçün bizlərə bir töhvə idi. Çox qiymətli, əvəzolunmaz bir hədiyyə idi. Fəqət...  

   Yeni, "Qarabağ" haqqında çəkdiyimiz bir filmə onu dəvət etdik. Filmdə "Qarabağ şikəstəsi" öz möhtəşəmliyi ilə əks olunmalı idi. "Qarabağ şikəstəsi" bizi öz keçmişimizə o dilbər guşəyə, yaddaşlarımızda əbədi həkk olunan Qarabağ gözəlliyinə, onun əsrarəngiz qoynundakı zümzüməli bulaqlarına, başı buludlardan nəm çəkən dağlarına bir xalı kimi döşənmiş yamyaşıl meşələrinə, dağların qoynundan ilan kimi qıvrılıb, süzülən, igidlərin həmişə, nərə çəkdiyi "Cığır düzünə" Qarabağın üzük qaşı olan Şuşaya, Ağdama, Kəlbəcərə Laçına aparmalı idi. Bunu yalnız o bacara bilərdi... Bizə yalnız onun səsi bu yolda bir bələdçilik edə bilərdi...  

   Çəkiliş məkanını Azərbaycanın gözəl bir guşəsi olan Şamaxını seçdik. Doğma Azərbaycanımızın hər qarış torpağı bizim üçün əziz, və müqəddəsdir.  

   Yol boyu mən onun narahatçılığını hissedirdim. Oxuduğu "Qarabağ Şikəstəsi" öz əlaməti ilə, ovsunluğu, insanların qəlbinə yol tapdığına baxmayaraq o çox narahat idi. Özü buna büruzə verməsə baxışlarında bunu hiss etmək olurdu...  

   Biz, Şamaxının, Pirqulu istiqamətində çəkiliş məkanını seçdik. Hər tərəf uca dağlarla, sıx meşələrlə əhatə olunmuşdu. Aşağıda axan çayın həzin zümzüməsi eşidilirdi. Yamacları öz gözəlliyinə bürümüş yaşıllıq birdə - böyürtikən moruq kolları, Tənha bir qaya üstə bitmiş itburnu kolu.   

   O, seçdiyimiz bu gözəl məkanda özünə yer tapdı. Ecazkar "Qarabağ şikəstəsi"nin həzin melodiyaları dağlarda, daşlarda əks səda saldı. Üzü dağlara tərəf onun məlahətli səsi ucalmağa başladı. Səs həzin-həzin ucalmağa başlarkən elə bil qırıldı. Əlləri havada qaldı. Özünü kökləməyə çalışdı. Birdə - təkrarən... Alınmadı. Biz onun narahatçılığını başa düşürdük. Yenidən bir dubl...

  

   "Axşam üstü qoy uzaqdan...  

   Havalansın Xanın səsi  

   Qarabağın şikəstəsi...!"

  

   İlahi, bu kəlmələri oxuyarkən necə kövrəldi, gözlərindən süzülən yaş, yanağı aşağı süzülməyə başladı. Harda olduğunu unutdu. Çəkiliş meydanından çıxdı. Yamaca doğru addımladı... Biz qeyri-ixtiyarı yerimizdə donub qalmışdıq. Heç kim bu mənzərəyə müdaxilə etmək istəmirdi. O isə qeyri-ixtiyari yamac aşağı addımlamağa başladı. Böyürtkən kollarına yaxınlaşdı. Təzəcə öz barını tutmuş böyürtkənləri bir-bir dərdi. Dadını yoxladı. Əllərini sinəsində çarpazladı. Ətrafı aram-aram lal sükutla izlədi. O dağların, o yamyaşıl meşələrin o yamacların qoynunda sanki özünə yer tapa bilmirdi. Özü elə bil özünü qınayırdı.   

   Gözəl bir hava var idi təbiətdə. Günəş öz qızılı şəfəqlərini təbiətin üstünə paylamışdı. Ətraf elə bil rəssamın fırqasından çıxmış tabloya bənzəyirdi.  

   O yenidən heç bir şey olmamış kimi çəkiliş meydanına qayıtdı. Yenidən "Qarabağ şikəstəsi"nin həzin, qəlbləri oxşayan sədası ətrafa yayıldı. Birdən... Birdən günəş buludlar arxasında gizləndi. Qara bulud bayaqdan aləmi nura boyayan günəşin üzünü örtdü. Külək başladı. Üzü Qarabağa əsən külək. Sanki onun oxuduğu "Qarabağ şikəstəsi"nin hay-harayını o dilbər guşəyə çatdırmaq üçün külək dözə bilməmişdi. Onun qəlbindən süzülüb gələn bu hay-haray dolu ecazkar səsi, naləni Qarabağa çatdırmaq üçün özünü yetirmişdi. Onu tək qoymaq istəməmişdi. Onun səsində bir inam, bir təpər var idi. Elə bil bayaqkı o deyildi. Əzmlə, inamla oxuyurdu.

      Bu səsdə bir Qarabağa qayıdış hiss olunurdu. Bu səs dağları, daşları lərzəyə gətirirdi. Bu səsi əsən külək Qarabağa çatdırırdı. Bu səsdəki, inam, əzm sanki bir çağırış idi. Elə bil insanların qəlbində 20 il kök salmış, bir inamsızlığı yox edirdi. Cəsarətlə qovurdu. Bu səs igidlərə təpər. Xalqa ümid aşılayırdı. Bu səsdə olan güc, qüvvə bir orduyu bərabər idi. Bu səsin qarşısını heç bir maneə ala bilmirdi.   

   Bu səs Mənsumun səsi idi. İyirmi ildir doğulduğu Qarabağ torpağından didərgin düşmüş, hər dəfə zəngurə vurarkən uşaqlıq illərini keçirdiyi, hər qayası, hər daşı onunçün əziz olan Ağdamın yollarına hələ həsrətlə baxan hər dəfə oxuyarkən gözləri dolan narahatçılıq keçirən Mənsum İbrahimovun səsi...

  

 

   Vidadi Tağızadə

 

   Ədalət.- 2012.- 29 sentyabr.- S.11.