TAXTAKÖRPÜDƏN GÖRÜNƏN LAÇIN

 

  Ocaqlarımızı sönməyə qoymayacağıq

 

  İndi o dağları duman bürüyüb və o dumanı ancaq uzaqdan seyr etmək mümkündü. Çünki başını duman-çən almış, sinəsi ağappaq ağarmış o dağlara bir ruhlar hakimdi, bir də xatirələr. Xatirələri özümüzlə gətirmişik, ruhumuz, istəklərimiz, arzularımız, izlərimiz orda qalıbdı. İstər-istəməz qaçqınlığın bütün ağrı-acısını yaşamış və dünyadan vaxtsız köçmüş şair dostum Vahid Əlifoğlunun Füzuli dərdi ilə yazdığı "Mənim orda nəyim qaldı" şeirinin, Şuşa yanğısı ilə göynəyən Əli Mahmudun "Soruşmayın nəyim qaldı" harayı qulaqlarımda, yaddaşımda səslənir. Mən də o həzin səsin işığında dağlara boylana-boylana üzü Taxtakörpüyə tərəf gedirəm.  

   Yəqin ki, hər kəs etiraf edər. 20 il bundan öncə Taxtakörpü deyəndə çoxlarımız duruxurduq. O yeri, o səmti müəyyənləşdirmək yalnız qarabağlılar üçün. Laçınlılıar üçün asan idi. Xüsusilə, Ağcabədi rayon sakinləri Taxtakörpü deyəndə elə bil ovuclarının içindən danışırdılar. Bu ərazinin hər kolunu, hər ağacını, hər yataq yerini nişan verirdilər. Amma indi taxta körpünü bütün Azərbaycan tanıyır. Çünki bu ərazidən efirdə canlı reportajlar, canlı yayımlar, mətbuatda səhifə-səhifə yazılar işıq üzü görüb. Bütün bunlar da Taxtakörpünü Azərbaycana tanıdır. Məgər təkcə bunlarmı?..  

   Laçın işğala məruz qalandan sonra rayon sakinlərinin böyük əksəriyyəti hələ sovet dönəmindən bu rayonun qoyunçuluq-maldarlıq təsərrüfatını inkişaf etdirmək üçün dövlət fondundan ayırdığı qışlaq yerləri var idi. Həmin o qış yataqları yeri adlanan ərazilər də Taxtakörpü idi. Bir tərəfi Zərdab, bir tərəfi Ağcabədi, bir tərəfi Kür, bir tərəfi İmişli rayonunun müəyyən hissəsi. Bir sözlə, böyük bir ərazi qoyunçuluğun inkişafı üçün, " göl" dövlət qoruğu yaxınlığında laçınlıların ixitrayına verilmişdi. Elə elindən-obasından, isti ocağından didərgin düşən laçınlıların böyük əksəriyyəti də bu əraziyə üz tutdu, burada təsərrüfatla məşğul olan simsarlarına pənah gətirdi.  

   Taxtakörpü indi artıq müasir bir qəsəbədi. Mənim Bakıdan üz tutub getdiyim bu qəsəbədə ötən ilin dekabr ayının 24-də Azərbaycan prezidenti İlham Əliyev cənabları 552 məcburi köçkün ailəsi üçün mənzillərin açarlarının təqdim edilməsi mərasimində iştirak etmişdi. Əksəriyyəti laçından olan həmin məcburi köçkünlər qəsəbənin açılışında iştirak edən ölkə başçısını və onun xanımını ən doğma adamları kimi qarşılamışdılar. Çünki onlar bu qəsəbəni, bütövlükdə Taxtakörpü ərazisində görülən işlərin keyfiyyət və sürətini, icrasını diqqət mərkəzində saxlayan Azərbaycan prezidentinin bütün qaçqınlar üçün xüsusi qayğı göstərdiyinin canlı şahidləridilər. Təkcə Taxtakörpüdə 21 kilometr uzunluğunda təbii qaz xətti, 4 kilometrlik içməli su xətti çəkilmiş. Köhnə borular təmir edilmiş, rayonun icra hakimiyyəti binası, polis və digər dövlət qurumları üçün binalar tikilmiş, həmçinin Alxaslı və Qarakeşiş obalarında modul tipli sutəmizləyici qurğular quraşdırılmışdı. Eyni zamanda, rayon icra hakimiyyətinin yerləşdiyi qəsəbədən Mais və Alxaslı obalarının avtomobil yolları çəkilərək təmir edilmiş, köhnə yollardan əlavə olaraq yeni 7.9 min kvadrat metrlik asfalt yol örtüyü salınmışdı.   

   Həmsöhbət olduğum rayon İcra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov bildirdi ki, respublikanın 58 rayon və şəhərində müvəqqəti məskunlaşmış 71.2 min laçınlıdan 13 mini bu gün Taxtakörpüdə yaşayır. Bu insanların həyat şəraitini yaxşılaşdırmaq, onlara yerləri açmaq, təsərrüfat quruculuğunda yardım göstərmək bizim ən əsas vəzifələrimizdən biridi. Hələ 2007-ci ilin oktyabr ayının 31-də ölkə prezidenti özünün xüsusi sərəncamı ilə Laçın rayonundan olan məcburi köçkünlər üçün 552 ailəlik qəsəbə salınması tapşırığını vermişdi. Bu gün həmin o mənzillərlə bağlı tapşırıq yüksək keyfiyyətlə və hər birimizin istədiyi səviyyədə öz qapılarını sakinlərin üzünə açır. Bundan gözəl, bundan xoş gün təbii ki, ev, isti yuva üçün darıxan insanlar üçün çətin ki, olsun.   

   Qəsəbəni gəzirəm. Doğrudan da burda aparılan işlər göz oxşayır, baxdıqca adamın ürəyi açılır. Qarşıma çıxan və bu qəsəbədə mənzil aldığı, üz-gözündən sevinc tökülən Şamxal adlı cavan oğlan bildirir ki, Laçından köçkün düşəndən sonra respublikanın müxtəlif ünvanlarında müvəqqəti yaşamalı oldu. Amma sonra doğmalarının məskunlaşdığı Taxtakörpüdəki həyat, buraya ölkə başçısının diqqəti onu da bu qəsəbəyə qayıtmağa həvəsləndirdi. Müvəqqəti bir dam tikdi özü üçünindi həmin o qara damdan üç otaqlı mənzilə köçübdü. Hər bir şəraiti olan bu mənzildə o artıq özünü çox rahat hiss edir.  

   Şamxalın dediyinə görə, bu qəsəbədə 49 bir otaqlı, 194 iki otaqlı, 237 üç otaqlı və 72 dörd otaqlı mənzillər laçınlıların ixtiyarına verilibdi. Özübu otaqların hamısının demək olar ki, su, qaz, elektrik təminatları da yüksək səviyyədə təchiz olunubdur.  

   Taxtakörpü qəsəbəsində Laçın şəhidləri üçün ucaldılmış abidə kompleksi, Ulu Öndərimizin adını daşıyan parkdakı əzəmətli heykəli təkcə memarlıq baxımından deyil, həm də bu əraziyə verdiyi xüsusi bir əzəmət, bir möhtəşəmlik baxımından da çox orijinaldır. 

   Elə ölkə prezidenti İlham Əliyev cənabları da burada laçınlı qaçıqınlarla görüşərkən vurğulamışdır ki, "bu müvəqqəti yaşayış məntəqəsidir. Torpaqlarımız işğaldan azad olunduqdan sonra bütün köçkünlər üçün Laçında, Kəlbəcərdə, Ağdamda, hələ ki, işğal altında olan digər torpaqlarımızda bundan da gözəl evlər tikəcəyik. Mən buna şübhə etmirəm. Biz öz ərazi bütövlüyümüzü mütləq bərpa edəcəyik. Mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm. Bir daha demək istəyirəm ki, bu, sadəcə olaraq sözlər deyil, sadəcə olaraq, bizim arzularımız deyil. Bu, həqiqətdir".  

   Bəli, bu gün laçınlıların daha çox Taxtakörpü qəsəbəsindən üzü dağlara baxanda ürəyimiz nə qədər qübar etsə də, amma laçınlı köçkün həmsöhbətim Şamxalın dediyi sözlər o nisgilə güc gəlir:  

   - Müəllim, biz o yerlərə mütləq qayıdacağıq. O dağlar bizsiz qalmayacaq, bizo dağlarsız. Bizim başımızın üstündə Allahımız, güvənc yerimiz Ali Baş Komandanımız bizi mütləq o dağlara qaytaracaqdır. Prezidentimizin dediyi kimi, biz bu qəsəbədən gözəl qəsəbələri dağılmış evlərimizin bünövrələri üzərində yenidən ucaldacağıq, ocaqlarımızı sönməyə qoymayacağıq.

  

  

   Əbülfət MƏDƏTOĞLU

 

   Ədalət.- 2012.- 14 yanvar.- S.9.