Hacıqabul keçmişlə müasirliyin qovuşağında

 

   Qışın oğlan çağıdır. Çörəyi torpaqdan çıxan əkin-biçin adamları yazın, yay və payızın təsərrüfat işlərində canlarına hopmuş yorğunluqlarını almaq üçün fürsət tapmışlar. Ancaq çox az müddətdən sonra onlar yenidən arata qoyduqları torpaq sahələrinə üz tutacaqlar, yenidən həyat qaynayacaq. Yeni uğurlara, yeni töhfələrə imza atmaq üçün.

   Paytaxtdan elə də uzaqda olmayan Hacıqabul da respublikada sayılıb-seçilən rayonlardan biridir.   

   Ölkənin Abşeron, Qobustan, Şamaxı, Ağsu, Kürdəmir, Sabirabad, Salyan rayonları və Şirvan şəhəri ilə həmsərhəd olan Hacıqabulda bir şəhər, bir şəhər tipli qəsəbə, 4 qəsəbə və 21 kənd birləşir. 55 mədəniyyət ocağı, 41 məktəbi, 1641 kvadrat kilometr ərazisi olan bu rayonda 65 min nəfərdən çox əhali yaşayır.  

   1939-59-cu illərdə ayrıca rayon olan Hacıqabul 1959-cu ildə ləğv olunaraq Qazı Məmməd kimi keçmiş Əli Bayramlı, indi Şirvan şəhərinin tabeçiliyinə verilmişdir.   

   1990-cı ilin aprelindən yenidən rayon statusu qazanmış bugünkü Hacıqabul rayonu Kür-Araz ovalığının cənub-şərqində yerləşir. Rayonun əsas məşğuliyyəti əkinçilik, maldarlıq, qismən də tərəvəzçilikdir.   

   Hacıqabul kifayət qədər də qədim tarixə malikdir. Böyük İpək Yolunun üstündə yerləşən Hacıqabul şəhərinin tarixi IX əsrdən başlayır.   

   "Hacıqabul" sözünün də yaranmasının maraqlı tarixi kökləri var. Müsəlmanların müqəddəs ziyarətgahları olan Məkkə və Mədinəyə gedən yolun kənarında qərarlaşan bu yurdda zəvvarlar çox böyük məsafəni qət etmək üçün düşərgə salmalı olmuşlar. Həccə gedən və yaxud oradan qayıdan müsəlmanlar burdakı karvansarada istirahət edər, "Həccin qəbul olsun" deyə bir-birinə uğurlu yol diləyər, göz aydınlığı verərlərmiş. "Hacıqabul" sözü də "Hacın qəbul olsun" deyimindən beləcə yaranıb.

   

   Pir Hüseyn Xanəgahı

  

   Haqqında danışdığımız rayonun ərazisində müxtəlif vaxtlarda salınmış qədim tarixi memarlıq abidələri də kifayət qədərdir.   

   Qubalı Baloğlan kənd ərazisində yerləşən, XIII əsrə aid edilən Hüseyn Xanəgahı adlı pir-ziyarətgah indi Tarix Memarlıq Qoruğu elan edilmişdir.

   Qala divarları, minarəli məscidi, karvansarası olan bu tarixi abidə böyük sufi şeyxi, alim, filosof Pir Hüseyn Şirvaninin məzarı ətrafında formalaşmışdır. Xanəgah kompleksi Pirsaat çayının sahilində, qədim Bakı-Salyan karvan yolunun üstündə inşa olunmuşdur.   

   Bəzək işi 1285-ci ildə tamamlanan Şeyx Pir Hüseyn Xanəgahını məşhurlaşdıran da ziyarətgah üçün zəruri olan çox təsirli ruhsal mühit yaradan kaşı bəzəyi olmuşdur.   

   Xanəgahı dünyada məşhurlaşdıran da elə bu kaşı bəzəklərinin XIX əsrin II yarısından başlayaraq XX əsrin əvvəllərinədək Avropa muzeylərinə, yaxud şəxsi kolleksiyalara satılması olmuşdur.   

   1906-1907-ci illərdə burda tədqiqat işləri aparan Ter-Avetisyan kaşıların bir hissəsini oğurlayıb aparmışdır. 1913-cü ildə Parisdən Xanəgaha gəlmiş M.Kəlləkyan və Madam Difantyu kaşıların çox hissəsini qoparıb Parisdə hərraca çıxarmışlar.   

   Bu tarixi abidəyə ən böyük zərbəni 1918-ci ildə soyqırım fəallarından olan S.Lalayanın dəstəsi vurmuşdur. Onlar nəinki kaşıları sındırmış, hətta bu tarixi memarlıq abidəsini darmadağın etmişlər.   

   Ötən əsrin 50-ci illərində erməni Akopyanın layihəsi əsasında Pirsaat su anbarının tikilməsi yenidən qurulan Xanəgaha bu gün böyük təhlükədir. Bu anbardan müntəzəm su sızdığından Xanəgahda rütubət yaradır və tikilinin aşınmasına səbəb olur.   

   Yeniliyinmüasirliyin sintezi  

   Zəngin tarixə malik Hacıqabul son zamanlar yeniuğurlu inkişaf mərhələsinə qədəm qoymuşdur.   

   Bu mənada rayon mərkəzində inşa edilmiş inzibati və yaşayış binaları fikrimizə sübutdur. Paytaxtdan qərbə uzanan magistral yolun Hacıqabul şəhərindən keçən ərazisi müasir işıqlandırma sistemi ilə təchiz edilərək yenidən qurulmuşdur.   

   Yolun ətrafındakı divarlar milli ornamentlər çərçivəsində lay daşlarla üzlənmişdir. Yollar asfaltlanmış, səkilər yenidən salınmış, genişləndirilmişdir.   

   Hacıqabul rayon İcra Hakimiyyətinin, Təhsil və Maliyyə şöbələrinin, Mərkəzi şəhər və Uşaq xəstəxanalarının, Sosial Müdafiə Fondunun, Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin, "Kapital Bank"ın, Şəhər Bələdiyyəsinin, Baytarlıq idarəsinin inzibati binalarının, Heydər Əliyev muzeyinin və parkının yerləşdiyi ərazi indi müasir bir şəhərciyi xatırladır.   

   Yaxın vaxtlarda elə bu məkanda tikintisi tamamlanacaq Heydər Əliyev Mərkəzinin möhtəşəm binası Ulu Öndərin muzeyini daha əzəmətli göstərəcək.   

   Tikintisi davam etdirilən yol kənarındakı abadlıq-quruculuq işlərinin miqyası böyüdükcə yeni şəhərciyin siması daha da gözəlləşəcək. Yenilikmüasirliyin qovşağında inkişaf edən Hacıqabul şəhəri yaxın gələcəkdə yəqin ki, daha çox müsafirləri sevindirəcək.   

   2011-ci ildə də tikinti, abadlıq-quruculuq işləri davam etdirilmişdir. Polis şöbəsinin, Bəyannamələrin qəbulu üçün Vergi Terminalının inzibati binası, Navahı polis məntəqəsi, Meyniman kənd tibb məntəqəsi, Daxili Qoşunların əməkdaşları üçün 68 mənzilli yataqxana binası, 2 min tonluq soyuducu anbar tikilib istifadəyə verilmişdir. Yeniləşən və müasirləşən Hacıqabulun indiki görkəmi rayonun ümumi inkişafından xəbər verir.

  

   (ardı gələn sayımızda)

 

 

   Səxavət Məmmədli

 

   Ədalət.- 2012.- 26 yanvar.- S.7.