BAĞIŞLA, ƏLİBOŞ GƏLDİM

 

Günlər yaman sürətlidi, Zakir müəllim.  Səhər açılmamış axşam düşür. Günü günlə görüşdürmək, axşamı  səhərlə tanış etmək yaman çətinləşib. Yerindən oyanıb əl-üzünü  yuyub evdən çıxanda görürsən, neçə iş tökülüb qaldı, neçə görüş təxirə düşdü. Bax, onda ötən anlara, ötən günlərə doğrudan-doğruya təəssüflənirsən. Az qala əllərinin ikisini də birdən dizlərinə çırpıb "ay namərd dünya, ay namərd zaman" demək istəyirsən. Desən nə dəyişəcək?..  Zaman öz işində, dünya öz gərdişində. Belə məqamda köməyimə çatır misraların. Əlimdən tutur, ümidimə, dayağıma çevrilir. Yadıma dediyin o bir kəlmən düşür:

- Sən yaxşı oğlansan. Tərbiyəli, səmimi oğlansan

Bunu mənə elə ərknən, elə canıyananlıqla deyirsən ki, elə bil dünyanın ən böyük  mükafatını verirsən mənə. Və mən də öz-özümə pıçıldayıram:

 

Könül verməzlər şər vaxtı,

Arxamca bir qərib baxdı.

Qara qızın qara baxtı -

Qalmaz belə, qalmaz, dünya.

 

Bu misralar sənindi. Mənim ən çox sevdiyim şeirdi. Kədərlənəndə də, özümdən baş götürüb gedəndə də o misraları pıçıldayıram. Və hərdən də icazəsiz "qara qızın" yox, "Qarabağın qara baxtı" deyirəm.

İndi həmin o duyğuların qanadında sizin 65 yaşınızın tamam olduğunu xatırlayıram. Bu xatırlama da təsadüfi deyil. Aqil Abbasla sizin doğum gününüzün arasında cəmi bircə gün fərq var. Aqil Abbas aprelin 1-də, siz isə 3-də doğulmusunuz. Ona görə də yaddaşımda möhkəm-möhkəm ilişib qalıb. Təəssüf ki, indi ad günlərində ürəkdən sevinə bilmirik. Çünki siz özünüz demisiniz:

 

Tale bizi yarıtmadı,

Yaramızı sarımadı.

Nəm gözləri qurutmadı,

Dünya, qayıt dünyamıza.

 

Böyük xəyallar qurduq, böyük arzularla yaşadıq. Lakin itkilərimiz, ağrılarımız o arzuları da, o xəyalları da pərən-pərən saldı, Qarabağsız qaldıq. Amma ümidimizi üzmədik, indi də üzməmişik. Sizin 65 yaşınıza Tuğdan - Qarabağdan gəlməsəm də, amma ürəyim, duyğularım elə ordan gəlib. O ürək, o duyğular sizin poeziyanın, sizin şəxsiyyətin və o şəxsiyyətə aid sevinclə kədərin köynəyindən keçib. Ad gününüzdəki əliboşluğumu  üzrlü sayın. Əvəzində özünüz yazdığınız misraları hədiyyə kimi qəbul edin:

 

Dostlar, bağışlayın əli boş gəldim,

Gəldim qapınıza mən Qarabağsız.

Vallah, gözlərimdən çəkilib getmir,

Duman Qarabağsız, çən Qarabağsız.

 

Sizi Qarabağda qarşılamaq, sizin qulluğunuzda  durmaq istəyi ilə ən xoş arzularımı qəbul edin, Zakir müəllim. 65 yaşınız mübarək!

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.-2013.-3 aprel.-S.4.