BİR HEKAYƏNİN SEHRİ

 

ETİBAR ƏBİLOV

 

 (əvvəli ötən saylarımızda)

 

Bu Bağırovun Üzeyir bəyə, eyni zamanda sənətkarlara olan hörmətidir. Bu Bağırov kimi bir qəddarın, qəbul etsək də, etməsək də, hər halda, ürəyindəki işıqlı cəhətidir. Hörmətli yazıçımız Hüseynbala Mirələmov da bu hadisəni, necə deyərlər, "havadan götürüb yazmayıb", biz Bağırov haqqında belə müsbət söhbətləri çox eşitmişik. Hüseynbala müəllim Bağırov haqqında haqqında belə müsbət söhbətləri, Üzeyir bəyin Bağırovla olan görüşündə ümumiləşdirərək qələmə alır. Və yazıçının bu obyektivliyi oxucunu razı da salır... Amma şübhəsiz ki, Bağırov təbiəti etibarı ilə əsasən qəddar adamdır, müdhiş 37-ci ili icra edən qaniçəndir. İşıqlı cəhətləri olsa da, əsasən qaranlığın himayəçisidir. Və az keçmir ki, oxucu bunun şahidi olur. Bağırov Üzeyir bəylə söhbətində gənclər haqqında danışır:

"Amma məni bir məsələ çox narahat edir... Gənclər... Gənclər ideoloji cəhətdən düzgün tərbiyə olunmalıdırlar... Eşitdiyimə görə Konservatoriyanın iki tələbəsi bir opera yazıb, adını da qoyub "Vətən". Bircə o qalıb ki, döyüşdə şücayət göstərən, düşmənin canına vəlvələ salan sovet generalı ariya oxusun və yaxud səhnəyə tumançaq çıxsın. Bu biabırçılıqdır, təhqirdir. Bu, sovet cəmiyyətini ələ salmaqdır... ...Belələrinə qarşı amansız olun yoldaş Üzeyir! Burunlarını ovun!.."

Bu hekayədə Bağırovla bağlı çox maraqlı bir epizod da var və məncə bu epizod bir insan kimi Bağırovun bütün faciəsini ehtiva edir. Bağırov Üzeyir bəylə söhbət edərkən telefon zəng çalır:

"...Bu vaxt telefon zəng çaldı. Mircəfər Bağırov dəstəyi qaldıran kimi rəngi ağardı və sakit səslə dedi:

- Bəli... Baş üstə... Bəli... Baş üstə... Bəli... Baş üstə... Bəli... Baş üstə... Bəli... Baş üstə... Bəli... Baş üstə... Bəli... Baş üstə...

Üzeyir bəy fikirləşdi ki, yəqin yuxardandır... Moskva... Kreml... Sərt nəzarət...

Gör respublikanın "yiyəsi" bir anın içində nə hala duşdu... Əlbəttə, qul psixologiyasının formalaşmasında bu cür sərt, amansız rəftar, güzəştsizlik mühüm rol onayır..."

Budur Bağırovun faciəsi. Stalinin əlində alətə çevrilən, Stalinin bütün tapşırıqlarını düşünmədən və sözsüz yerinə yetirən, Kreml qarşısındakı əlacsızlığı, Stalinin tapşırıqlarını Sovet dövlətinin tapşırıqları hesab edən - sonda da həmin dövlətin hökmü ilə güllələnən Mircəfər Bağırovun böyük və acı faciəsi.

Ü.Hacıbəyovun ömrünü obrazlı şəkildə bir yanar şama bənzətmək olar. Şam yanır, ətrafına işıq saçır. Şamın ətrafında isə həmişə pərvanələr olur. Üzeyir bəy mərd, xeyirxah insan idi - onun ətrafında da, xeyirxah insanlar var idi və o xeyirxah insanlardan biri də Üzeyir bəyin məslək dostu Bülbül idi.

Üzeyir bəy Bağırovun qəbulundan pəjmürdə çıxır. O, Qara ilə Cövdəti fikirləşir. Operalar Bağırovun qəzəbinə tuş gələn Qarayevlə Cövdətin taleyi necə olacaq. Onlar bu hadisədən sınmayacaqlarmı, ümidsizliyə duşmələri onları yaradıcılıqdan soyutmayacaqmı? Bunun qarşısını necə alsın? Çıxış yolu nədədir?.. Bu suallar qarşısında naəlac qalan, hara getdiyini özü də bilməyən Üzeyir bəy gözlənilmədən Bülbülə rast gəlir və Bülbül o dəqiqə anlayır ki, Üzeyir bəyin qanı qaradır. Səbəbini soruşsa da, Üzeyir bəy adətinə rəğmən heç nə demir. Bu hekayədə ümumiyyətlə xalqımızın bir çox mənəvi dəyərləri haqqında söhbət açılır. "Bir gecənin sehri" hekayəsi həm də dostluq, əsl dostluq, böyük dostluq, əsl kişi dostluğu haqqında bir hekayədir. Adam bəzən heyrətlənir ki, Hüseynbala Mirələmov bu bir neçə səhifəlik hekayədə - bu qədər böyük insanların işıqlı cəhətlərini necə cəmləyə bilib, xalqımızın bu qədər mənəvi keyfiyyətlərini bu səhifələrdə necə verə bilib. Əlbəttə, bu sualın sadə bir cavabı var: əsl yazıçı peşəkarlığı sayəsində.

Əlbəttə, Bülbül bu böyük insanı, xalqımızın ən böyük oğullarından birini, böyük dostunu tək buraxmır, başa düşür ki, bu dəqiqə Üzeyir bəyin köməyə ehtiyacı var, onu xəstə yatan Məmməd Səid Ordubadinin evinə gətirir. Hekayədə, Bülbülün Üzeyir bəyi M.S.Ordubadinin evinə gətirməsi H.Mirələmovun çox uğurlu əbədi təxəyyülünün məhsuludur. Çünki Bülbül bilir ki, Üzeyir bəy, hələlik Bülbül üçün sirr olan qayğılardan qismən də olsa, Ordubadinin evində xilas ola bilər. Niyə görə?.. Ona görə ki, ölməz romanlar müəllifi olan Ordubadi, yaddaşlarda həm də məzəli, ruh oxşayan xoş ovqatlı lətifələri, atmacaları ilə qalib, inqilabdan əvvəl, Bağırovla birlikdə Həştərxanda sürgündə olub. Babat bildiyi rus dilini də orada öyrənib və rus dilini pis bilsə də, yeri duşəndə danışığında rus sözlərini işlətməyi sevir və onun yarı azərbaycanlı, yarı rus danışığı həmişə məzəli olub. Ordubadi həm də dünyanın hər bir üzünü görüb olduqca ehtiyatlı, mühafizəkar adamdır, hər sözü ölçüb-biçir, hər kəsə etibar etmir. M.S.Ordubadinin bu xüsusiyyətlərini H.Mirələmov çox ustalıqla ümumiləşdirir. Üç dost - Üzeyir bəy, Bülbül, Ordubadi arasında belə bir söhbət olur:

"Bülbül soruşdu:

- Mirzə nə olub? Deyəsən, yenə faqqalıq eləyirsən?

Məmməd Səid yüngülcə gülümsədi:

- Faqqalıq nədi, oğlan, ölürəm...

Bülbül zarafatla dedi:

- Mirzə, sən belə yalanları çox demisən, qəti inanmıram!

Məmməd Səid yenə yüngülcə gülümsədi:

- Yox, oğlan, bu xına o xınadan deyil!..

Bülbül həmişəki kimi yenədə zarafatından qalmadı:

- Mirzə, indi ki, deyirsən bu xına o xınadan deyil, inandım... Nə etmək olar! Bu, həyatdır, hamımız gedəcəyik - birimiz tez, birimiz gec... İndi iş belə gətirib ki, o haqq dünyaya sən bizdən bir az tez gedirsən... burda özgəsi yoxdur, üçümüzük, bu axır zamanda - gethagetdə kimdi səni sorğu-suala çəkən, düzünü de görək, dərgah deyilən, yəni O var, yoxsa yoxdu?

Məmməd Səid azacıq dikəldi, ağappaq, tər-təmiz üzlük çəkilmiş yorğanın ucunu sinəsinə qaldırdı, əvvəlcə qapıya, sonra da bir gözü açıq qoyulmuş pəncərəyə baxıb:

- Oğlan, sən yenə də "klyauznı" suallar verirsən! - dedi".

Ordubadinin evindən eyni açılmış çıxan Üzeyir bəylə Bülbül gəzə-gəzə "Dənizkənarı bulvar"a gəlirlər. Burada Üzeyir bəy nəhayət narahatçılığın səbəbini açıb Bülbülə danışır. Üzeyir bəyin zövqünə yaxşı bələd olan Bülbül  başa düşür ki, söhbət gələcəyin iki böyük dahi - azərbaycanlı gəncin taleyindən gedir. Ona kömək etməlidir. İllahda ki, söhbət Azərbaycanın gələcəyindən gedir.

Qara ilə Cövdətin bu iki dahinin - Üzeyir bəylə Bülbülün onlar barədə nələr düşündüklərindən xəbərləri yoxdur. Bülbül gənclərlə məşqə başlayır. O, "Vətən" operasından Mərdanın ariyasını məşq edir.

Əsərin finalı həddən artıq uğurludur. Bu həm də hekayənin kulminasiya nöqtəsidir. Həyəcan dolu hadisələrin nə ilə bitəcəyini oxucu böyük bir maraqla izləyir. Nəticənin necə olacağına isə bu işlə məşğul olan Üzeyir bəylə Bülbül də bilmirlər. Qara ilə Cövdət isə ümumiyyətlə Bülbülün "Vətən" operasından Mərdanın ariyasını nə vaxt oxuyacağını bilmirlər. Hətta hekayədə Üzeyir bəylə Bülbül onları, səhər opera və balet teatrında keçiriləcək böyük bir təntənəli gecəyə dəvət edəndə də onların həyatlarında necə dəyişiklik olacaqlarından xəbərsizdirlər (bu hadisələrdən cəmi bir il sonra "Vətən" operası SSRİ-də o dövrün ən böyük mükafatına - Stalin mükafatına layiq görüləcəkdi). Üzeyir bəylə Bülbül o dəvətnamələrdən birini də Qarayevin atası - tibb professoru Əbulfəz Qarayevə göndərir. (Hüseynbala Mirələmovu yaradıcılığındakı müsbət xüsusiyyətlərdən birini də burada hökmən qeyd etmək istəyirəm. O, əsərlərində kiçik bir fürsətdən belə yararlanıb, Azərbaycanın məşhur, işıqlı şəxsiyyətləri olmuş, amma bu gün adları təəssüf ki, qismən, az-az xatırlanan insanları, epizodik şəkildə olsa belə, əsərlərinin səhifələrinə gətirməyi sevir. Bu xeyirxah niyyətdir. "Bir gecənin sehri"ndə Əbülfəz Qarayevin adı 2-3 yerdə keçir. Q.Qarayevin atası məlumdur ki, məşhur tibb professoru olub, amma bugünki nəsil təəssüf ki, onu az tanıyır). Səhər iclas başlayır. Təntənəli iclasda "başda M.Bağırov olmaqla partiya və hökumət rəhbərləri, görkəmli ziyalılar, ədəbiyyat və incəsənət xadimləri" iştirak edirlər. Rəsmi hissə bitir, bədii hissə başlayır. Musiqiçilər bir-birini əvəz edir. Dövrünün ən böyük ifaçısı Bülbülün ifası axıra saxlanılıb. Nəhayət Bülbül səhnədə görünür. Alqış sədaları salonu titrədir. Bülbül əvvəl "Koroğlu" operasından Koroğlunun ariyasını oxuyur. Sonra leankovallanın "Məzhəkəçilər" operasından bir ariya oxuyur.

Sonra hekayənin finalı gəlir. H.Mirələmov finalı belə qələmə alıb.

"...Ara sakitləşən kimi konferansye üçüncü musiqi nömrəsini elan etdi:

- Qara Qarayev. Cövdət Hacıyev, "Vətən" operasından Mərdanın ariyası...

Qara ilə Cövdət bir-birinin üzünə baxdılar: Axı, maestro belə deməmişdi...

Həmin anda Mircəfər Bağırov da Üzeyir bəyin əyləşdiyi səmtə qıyğacı bir nəzər saldı.

Əbülfəz kişi narahat oldu.

Bülbülün isə qəlb ofsunlayan qüdrətli səsi gah zilə qalxır, gah bəmə enir, dalğa-dalğa yayılır - salondakıları öz təsiri altına salırdı...

O axşam Bülbül başqa Bülbül idi - sənətin ən uca zirvəsində də yerə-göyə sığmırdı! Onun bu zəfəri Üzeyir bəyin zəfəri idi, Qaranın zəfəri idi, Cövdətın zəfəri idi...

Ariya başa çatdı. Salondakılar qüdrətli mügənnini alqışlamaq üçün dəstə-dəstə ayağa qalxdılar. Əbülfəz kişi kipriklərini qırpa-qırpa altdan-altdan Mircəfər Bağırova baxdı, yox, zənni onu aldatmırdı - ayaq üstə, camaatla birgə əl çalan o idi! - gecənin sehri gecənin xofunu üstələmişdi!.."

 

* * *

 

Bu hekayəni həyəcansız oxumaq olmur. Azərbaycan ədəbiyyatında klassik hekayə nümunələri yetərincədir. Mən Hüsenybala Mirələmovun "Bir gecənin sehri" hekayəsini də həm dil cəhətdən, həm üslub cəhətdən, həm xarakterlərin mükəmməlliyi cəhətdən, həm xalqımızın əxlaqi-etik-insani cəhətlərinin yerində təsviri cəhətindən, həm bədii cəhətdən, həm də hekayə janrının bütün tələblərinə cavab verməsi baxımından - Azərbaycan ədəbiyyatında qələmə alınmış ən uğurlu əsərlərdən biri hesab edirəm. Mən hesab edirəm ki, bu hekayə bizim ədəbiyyat dərsliklərinə daxil olunsa - məktəblərimizdə tədris edilsə, bu ümumi işimizin yalnız xeyrinə ola bilər. 

 

* * *

 

Yazıçı-dramaturq Hüseynbala Mirələmovun ədəbi taleyi də başqa yazıçıların ədəbi taleyindən fərqlənir. O, ixtisasca mühəndisdir, texnika elmləri doktoru, professordur. Amma hələ orta məktəbdə oxuyarkən, ədəbiyyat adlı sehrin cazibəsinə düşən Hüseynbala Mirələmov bir daha o sehrdən ayrıla bilmədi. Bir-birinin ardınca hekayələr, povestlər, romanlar, pyeslər, publisistik məqalələr, tənqidi əsərlər, xatirələr, səfər təəssüratları yazdı, tərcüməçiliklə məşğul oldu və 90-cı illərdən başlayaraq artıq o, xalqımız tərəfindən ölkəmizin ən məhsuldar, ən müqtədir yazıçısı kimi qəbul edildi. Bu gün heç kəsə sirr deyil ki, Hüseynbala Mirələmov çağdaş ədəbiyyatımızın ən məhsuldar yazıçılarından biri yox, birincisidir. Bu gün heç kəsə sirr deyil ki, uzun illər durğunluq keçirən ədəbiyyatımızın Hüseynbala Mirələmovun simasında öz əvvəlki şöhrətini özünə qaytara bildi. Hüseynbala Mirələmovu təkcə Azərbaycan oxucuları deyil, eyni zamanda rus, ingilis, qırğız, polyak, fars,  türk, alman, ərəb və s. dilli ölkələrin oxucuları da öz dillərində oxuyur və onun əsərləri hesabına xalqımız haqqında, onun tarixi, adət-ənənəsi, mili-mənəvi-etik dəyərləri haqqında dəyərli bilgilər əldə edirlər. H.Mirələmov üçün mövzu məhdudiyyəti yoxdur - amma onun əsas mövzusu Qarabağ dərdimiz, "itmiş yaddaşın bərpası, tarixi şəxsiyyətlərimizin həyat və fəaliyyətlərinin tədqiqi, keçmiş şanlı tariximizin işıqlandırılması və sairdir. Mən H.Mirələmovun yazdığı əsərlərinə rəğmən, həm də Qarabağdakı haqq müharibəmizin iştirakçısı, torpaqlarımızın azadlığı uğrunda mübarizəmizin həm sıravi əsgəri, həm də həmin mübarizənin qorxmaz və müdrik sərkərdələrindən biri hesab edirəm.

H.Mirələmovun qələmi bu gün torpaqlarımızın keşiyini çəkən əsgərin əlindəki silah timsalındadır. H.Mirələmovun yazdığı əsərlər haqq verir deyək ki, o, Azərbaycanımızın ən layiqli, ən vətənpərvər ziyalılarından biridir. H.Mirələmovun hələlik sonuncu böyük əsəri olan "Sonuncu Fateh" əsərini oxuyarkən bu böyük yazıçının əbədi imkanlarının nə qədər geniş nə qədər böyük, tükənməz olduğunu gördüm. "Sonuncu Fateh"də həm də ədəbi janrların ən möhtəşəmi olan epopeyanın aşkar çalarlarını gördüm. Bu gün H.Mirələmov yaradıcılığının ən məhsuldar, ən çiçəklənən dövrünü yaşayır.

Onun həm epik əsərlərində, həm pyeslərində, həm də publisistik yazılarında itirilən torpaqlarımızın həsrəti, şəhidlərimizin incik rularının qisasının alınması üçün çəkdiyi acı həsrəti açıq-aşkar hiss etdim. Onun əsərlərində həm də torpaqların qaytarılmasına, şəhidlərimizin intiqamının alınmasına, yurd həsrəti çəkən qaçqın və köçkünlərin öz doğma el-obalarına qayıdacağına böyük bir inam var. Və yazdığı əsərlərində də o, oxucularına bu böyük inamı aşılayır. O, əsərlərində bizə qələbəyə gedən yolu göstərir, həmin yolu ki, o özü də müqəddəs yolun ən yorulmaz yolçularından biridir. O, əsərlərində bizə tezliklə qazanılacaq qələbələrimizdən danışır, böyük qələbəni qazanmaq üçün bizə lazım olan dəyərləri anladır, böyük amal uğrunda bütün xalqımızın yumruq kimi birləşmək yolunu. Onun əsərlərində ən böyük surət heç şübhəsiz ki, o özüdür - böyük vətəndaş, böyük insan, böyük yazıçı Hüseynbala Mirələmov - onun əsərlərinin baş qəhrəmanı Müdrik bir müəllim, Qarabağda itirilmiş torpaqlarımızın qaytarılmasına öz varlığı kimi inanan əsgər-sərkərdə-vətəndaş-yazıçı Mirələmov. Mən də o qələbəyə bütün varlığımla inanıram. Böyük bir inamla inanıram, həm də ona da inanıram ki, H.Mirələmovun ən böyük, ən möhtəşəm əsəri Qarabağ qələbəsindən bəhs edəcək. Möhtəşəm əsərini - roman-epopeyasını da o zaman yazacaq. Bu onun ən halal haqqıdır... Bu günə isə, yenə deyirəm, çox qalmayıb.

 

 

Ədalət.-2013.-4 aprel.-S.6.