MİLANDA ÖLÜM

 

ƏDƏBİ HƏYAT

 

Vahid Məmmədlinin imzası artıq Azərbaycan oxucularının çoxuna tanışdır. Beynəlxalq cinayət hüququ üzrə fəlsəfə doktoru olan, ədalət keşikçisi tək hal-hazırda prokurorluq sistemində çalışan Vahid Məmmədli bir yazıçı kimi də məşhurlaşmağa başlayır. O, Avropanın və Rusiyanın ən böyük nəşriyyatı sayılan "Eksmo" nəşriyyatının müəlliflərindən biridir, Rusiyada və Azərbaycanda bestsellərə çevrilən "Tunc Allahın yükü", "Cəllad tələsməyi sevmir", "Heksogenli yol yoldaşı" əsərlərini qələmə almışdır. O, həmçinin Rusiyanın ilk qansız döyüş romanının ("Tunc Allahın yükü"), Azərbaycanda isə fentezi janrında yazılmış ilk əsər olan "Atropatena dastanı" trilogiyasını qələmə almışdır.

Axırıncı əsər haqqında "Tənqid.net" jurnalında (təsisçi və baş redaktoru Tehran Əlişanoğludur) yığcam bir məlumatla oxucuları tanış etmək istəyirəm: "Adı ölkəmizin hüdudlarından kənarda tanınan, rus dilində döyüş və detektiv janrlarda yazdığı əsərləri böyük oxucu auditoriyaları qazanmış Vahid Məmmədli Azərbaycan dilində fentezi janrını ilk olaraq yaratmaq qərarını vermişdir. Onun üç kitabdan ibarət "Atropatena dastanı" trilogiyası bu janrın tələblərinə tam cavab verən əsərdir. Məşğuledici süjet, magiya və sehrlər aləmi, nağıl və fantastik macəralar, detektiv döyüş və sevgi səhnələri ilə süslənmiş əsər oxucunu Azərbaycanın qədim dövrünə-Albaniya və Atropatena civarlarına aparır. Burda dəqiq tarixi faktlardan söhbət getmir. Amma uydurulmuş qəhrəmanlar, başda Alpaner olmaqla qədimlik ruhu və milli qəhrəmanlıq kultunu yaratmağa xidmət edir. Xeyir və şər qüvvələr arasında gedən mübarizə nağıllarda olduğu kimi xeyirin təntənəsi ilə bitir. Bir zaman nağıl qoynundan çıxmış müasir insanlığın gerçək ziddiyyətlər və şər fonunda hünər və qəhrəmanlıq dastanına aşkar ehtiyac var. Trilogiyadan alınan başlıca qayə budur".

Siz az da olsa, Vahid Məmmədlinin özü və əsərləri barədə məlumat əldə etdiniz. İndi isə onun "Qanun" nəşriyyatında işıq üzü görmüş "Milanda ölüm" povestlər, hekayələr kitabından söz açmaq istəyirik.

Kitabda iki povest, dörd hekayə təqdim edilir və bu əsərlərlə tanış olan oxucunun bu yazıları birnəfəsə oxuduğunu dəqiq bilirəm. Vahid Məmmədli bir nasir kimi çevik və dinamik süjet qurmağı bacarır, təsvir etdiyi obrazları daim hərəkətdə (həm canlı, həm də daxilən, psixoloji baxımdan) verir, qəfil və gözlənilməz hadisə və olayları süjetin "ərazisiniə" daxil etməklə oxucunu yorulmağa qoymur, bəzi məqamlarda isə psixoloji təhlillərə və boyalara meyl edir. Onun təsvir etdiyi qəhrəmanlar isə adi insanlardır, amma onların adiliyində qeyri-adiliklər də var və oxucunu da elə bu qeyri-adiliklər cəlb edir. Öncə "Buddanın qayıdışı" povestinə müraciət edək.

Povestin qəhrəmanı kapitan Məsud İbrahimzadə çox təmiz adamdır. Ömrü boyu amalı, həyat məramı o olub ki, özünü hər cür rəzalətdən, çamurluqdan xilas eləsin. Amma öz təmizliyini, saflığını qoruya-qoruya həyatın təzadlarından keçib, onun mənəvi dünyasında təzyiqlər, təqiblər, zərbələr zəlzələ kimi, tufan kimi hiss olunub. O, Yer üzünün cənnəti olan Hindistanda da olub, burada ilk baxışda Kauşari adlı bir qıza vurulub, bu qızın sevgisi onun qəlbində ömrünün sonuna qədər işıqlı duyğularla yaşayıb, onu pisliklərdən, yamanlıqdan qoruyub. Məsud ailə həyatında uğursuzluqlarla üz-üzə gəlib. Birinci arvadı Zübeydə ondan pul, para tələb edib. Amma Məsud o yolu seçməyib və buna görə də boşanıblar. O, qızı Səbinəyə həsrət qalıb. "Səbinə doğulanda necə də sevinmişdi Məsud. Özünə söz vermişdi ki, onu dünyanın ən xoşbəxt qızı kimi böyütsün. Qızı bu evdə "yox" kəlməsi eşitməməli, gözü tox, xanım-xatın böyüməlidir, yaxşı təhsil almalıdır. Məsud Səbinəylə nəfəs alırdı. Fikirləşirdi ki, bu qızcığac Ulu Tanrının ona bəxş elədiyi ən böyük paydır. Onun Səbinəylə bağlı neçə gözəl arzuları, planları vardı". Amma bu arzuların heç birini o, həyata keçirə bilmir. Zübeydə ilə boşanandan sonra qızı da ondan get-gedə soyuyur.

Məsudun ikinci evlilik həyatı da uğursuzluqla davam edir. Belə ki, xasiyyətindəki həlimlik və humanizm ucbatından Janna adlı şişman bir qadınla evlənib. O, Janna ki, oğlu adam öldürüb, qalmağa yeri yoxdur və Məsud onu evinə gətirir vəgdoğrudan da, çox qəribə insandır bu Məsud və Vahid Məmmədli də onun bu qəribəlikləri ilə təmiz, saf həyat tərzi arasında heç bir ziddiyyət görmür. Bunlar bir-birini tamamlayır. Məsud işdə də bu təmizliyi, mənəvi saflığı qoruya bilir. Onu hara göndərirlərsə, rüşvətdən, ona təklif olunan pul-paradan imtina edir. İş yoldaşları arasında ona "səfeh" deyənlər tapılır. Beləliklə, oxucu lap sovet dövründəki "müsbət qəhrəman"la tanış olur. Amma belə deyil. Sovet dövründəki "müsbət qəhrəman" ölməməliydi, pisliklərə, şərə qalib gəlməliydi və belə də olurdu. Məsud isə ölür... Özü də necə. Yana-yana. Onun Hindistan-Kauşari xəyalı sanki gerçəkləşmiş olur. "Cırıltıyla yanan odun qalaqlarından seyrək tüstü göyə qalxırdı. Toplaşıb buludu xatırladan tüstü qatında birdən-birə Kauşarinin sifəti aydın göründü. Kauşarinin kədərli qara gözləri ətrafı dolaşıb, sanki kimisə böyük intizarla axtarırdı. Birdən Kauşarinin gözləri ona sataşdı. Həsrət dolu baxışlarla süzdü, sanki ona əl eləyirdi: - Məsud! Məsuuud! GəlgGəlgGəl.."

"Milanda ölüm" povestində də müəllif eyni ideyanı davam etdirir: təsvir etdiyi obrazlar adi insanlardır, amma onların mənəvi aləmi saf və işıqlıdır. Povestdə bir ailənin taleyi izlənilir. Baba-kababçı Nadir, oğul-iqtisadçı Zakir, nəvə-Qarabala. Vahid Məmmədli bir nəslin nümayəndəsi olan bu üç insanı üç görüm nöqtəsindən təqdim edir. Kababçı Nadir öz peşəsinin ustasıdır, amma bu gözəl peşəsini ehtikara, qazanc mənbəyinə, qaz vurub qazan doldurmağa çevirmir, çünki həmişə nəfsini tox saxlayır, Allah yolundan çıxmır. Savadı olmasa da, oğlunu oxutdurur, sonra nəvəsini də özü himayə edir, ona da peşəsini öyrədir. Müəllif oğul haqqında Baba və Nəvə ilə müqayisədə çox az danışır, görünür, elə bir ehtiyac duymur. Əsas diqqəti isə Qarabalaya verir.

Qarabala müasir Azərbaycan gəncidir. O, nəslin üçüncü pilləsi kimi inkişaf məqamındadır. Ancaq onun bu inkişaf məqamını müəllif dolğun təsvir etməkdən çəkinmişdir. Oxucu bilmək istəyir ki, Qarabalanın düşüncə tərzində, həyata münasibətində hamı meyllər diqqəti cəlb edir.gBunun əksinə, müəllif onu macəra xarakteri daşıyan hadisələrə sürükləyir. Onu İtaliyaya "ezam" edir. Amma povestdə Arif obrazı öz kamilliyi və dolğunluğu ilə diqqəti cəlb edir. Arif məmləkətin-Azərbaycanın taleyiylə yaşayan, 20 Yanvar qırğını zamanı gözləriylə qanlı bir faciənin şahidi olan və bu hadisəni heç bir vaxt unutmayan insandır. Həyatda belə insanların sayı o qədər də çox deyil. Arif görür ki, Qarabala dənizdə az qala batan bir qızı xilas edir, onun izinə düşür, bu təmiz qəlbli cavanı pis adamlardan qoruyur və tezliklə onlar dostlaşırlar. Onun ölümü də təsirlidir: "Əyləci basdı...gƏyləcin və şinlərin tükürpədici səsləri Eyyubun mahnısını yarımçıq qoydu. Maşın ispan öküzü kimi nərə çəkdi, yerində fırlandı və aşdı...gdikəldi... bir də aşdı.

Göy kişnədi, bulud ağladı...

Külək minlərlə əskinası ətrafa səpələmişdi.

"Kontujenu" Arif, blatnoy Arif qan içində yolun ortasında can verirdi. O, gözlərini əbədi yumdu..."

Hər iki povestin sonluğu ölüm səhnəsi ilə başa çatır. Amma bu ölümlər arasında fərq var. "Buddanın qayıdışında" Məsudun ölümü təbii və labüd idi, çünki onun ölümünü zəruriləşdirən mənəvi faktorlar vardı. "Milanda ölüm" povestində isə Qarabalanın sevdiyi qadın-Monikanın faciəli ölümü təsvir olunur. Doğrusu, bu ölümü zəruri edən bir səbəb tapammıram. Həm də əsərlərin sonluğunu ölüm səhnəsi ilə bitirmək fikrimizcə, ənənəyə çevrilməməlidir.

Vahid Məmmədli aydın və səlis yazı üslubuna yiyələnmiş bir yazardır və onun povestlərindəki təhkiyə tərzi öz sadəliyi və təbiiliyilə seçilir. Cümlələri anlaşıqlıdır, dil xətalarına nadir hallarda rast gəlirik, onun təhkiyeyi-kəlamı oxucuları müəyyən ovqata kökləyə bilir, yəni oxucu kədərlənir, həyəcanlanır, sevinir, qəzəblənir və s.

Hekayələrində də Vahid Məmmədli TƏMİZ İNSAN obrazları ilə bizi qarşılaşdırır. "Mən qatarları sevirəm", "Qırmızı böyürtkən", "Mavi rəngli kostyum" hekayələrini birləşdirən bir xətt var ki, o da təsvir olunan qəhrəmanların mənəvi təmizliyidir. "Mən qatarları sevirəm... Bunun həm çoxdan keçmiş illərlə, həm də yaxın keçmişlə bağlı tarixçəsi var. Həyatımın ən çətin, məsul məqamlarında, nə qədər qəribə olsa da, məhz qatarlar məni hifz eləyib. Qatarlar məni arzularıma qovuşdurub". Hekayədə Qatar obrazı simvolik-rəmzi məna daşıyır. Qəlbi böyük arzularla döyünən, hüquqşünas olmaq istəyən bir gənci-kasıb bir oğlanı rüşvətxor institut rəhbərləri arzularına yetməyə qoymurlar. Amma o, sarsılmır, qatarla geri qayıdır: "Özümü çox tənha hiss elədim. Anam üçün darıxdım. İndi mənə doğma və yaxın olan bir şey vardısa, o da bu qatar idi. Məni rektorun və məsul katibin pəncəsindən xilas etmiş bu qatar...

Bələdçinin kupesində divardan bir şəkil asılmışdı. Başında qızılgüllərdən çələng olan gənc bir oğlanın əlində qəlyan vardı".

Həmin bu gənc növbəti ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunur. İnstitutu bitirəndən sonra Londona köçür, dünyanın bir çox ölkələrində olur, səyahətlərə çıxır. Və günlərin birində Vətənə qayıdır. Burada otuz il ərzində başqa ölkələrdə təhsil almış ən məşhur tələbələrlə görüşdə iştirak edir və baxıb görür ki... vaxtilə ondan rüşvət tələb eləyən rektorun məsul katibi indi nazirdir. Deyəsən, nazir də onu tanıyır. Və hüquqşünas gənc "Bakı-Moskva" qatarına bilet alır. Baxıb görür ki, bələdçinin otağında başında qızılgüllərdən çələng olan gənc bir oğlanın şəkli yenə divardan asılıb.

Beləliklə, yeniyetməlik dövrü yada düşür, xəyalların həqiqətə çevrildiyi anlar isə QATAR obrazında reallaşır. "İlk dəfə bu qatarla gedəndə məni çaya qonaq etmiş bələdçinin üz cizgiləri o qədər yadımda olmasa da, kupenin divarındakı şəkil yadımda idi. Bu qatarda çox az şey dəyişmişdi. Eynilə o çağlarımdakı həmin qatar idi... Bu dəfə də həmin qatar məni xilas elədi. Miskin adamı ertəsi gün bir daha görməmək üçün"...

"Qırmızı böyürtkən" hekayəsində də Qırmızı böyürtkən simvolik mənaya daşıyır. Bu da onun mənəvi saflığın, təmizliyin, bütöv əqidənin timsalı olmasıdır. Qırmızı böyürtkən Ünal üçün dolanacaq mənbəyi yox, sevgidir, gözəllikdir, insani hissdir, duyğudur. Hekayədən belə məlum olur ki, artıq keçən əsrin doxsanıncı illəridir. Məktəb direktorunun haqlı olaraq cəzalandırdığı, məktəbdən qovduğu Abisalam kəndə qayıdıb və burada villa tikdirir. Özü də villanı elə yerdə inşa etdirir ki, məktəb direktorunun köhnə evi kölgədə qalır, binövrəni o qədər dərin qazdırır ki, direktorun evi çat verir. Artıq dünya dəyişib, Abisalamlar artıq birinci sıraya keçiblər, pul onların əlindədir və Abisalamlar başqalarının sevdiklərini də əllərindən ala bilirlər. Ünalın sevdiyi Paknur indi Abisalamın arvadıdır. Amma bu dünyada Abisalamlar yadda qalmayacaq, xatirələrdə yaşamayacaqlar.

Yaşayan QIRMIZI BÖYÜRTKƏN xatirələri olacaq. O xatirələr ki, insanı əyilməyə, sınmağa qoymur. Qırmızı böyürtkən həyatın, gözəlliyin məna və mahiyyətidir, sevginin ölməzlik təcəssümüdür və hekayənin də qayət mənası elə budur...

"Mavi rəngli kostyum" hekayəsinə gəlincə, burada yenə haqqında söz açdığım povest və hekayələrdəki ideya təcəssüm olunur. Bir az macəravi süjetlə diqqəti cəlb edən hekayədə maraqlı obrazlarla qarşılaşırıq. Ənvər, İzolda, Ünal ...özünəməxsus cizgilərlə təsvir edilib. Ümidvarıq ki, Vahid Məmmədli gələcək hekayələrində mümkün qədər macəraçılıqdan qaçacaq, təsvir etdiyi obrazları sırf real planda təqdim edəcək.

Vahid Məmmədlinin hekayə və povestləri göstərir ki, nəsrimizə öz sözü olan, həyat hadisələrinin təsvirində özünəməxsus boyaları, rəngləri ilə diqqəti cəlb edən bir nasir gəlib və biz ona daha uğurlu əsərlər yazmağı arzulayırıq...

 

 

Vaqif YUSİFLİ

 

Ədalət.-2013.-13 aprel.-S.13.