FƏXRİ MÜSLÜM

 

Oxucuların və ədəbi ictimaiyyətin yaxından tanıdığı şair Fəxri Müslümün bu günlərdə 65 yaşı tamam olur. Bu münasibətlə biz şair dostumuzu ürəkdən təbrik edir, ona can sağlığı, yaradıcılıq uğurları arzu etməklə yanaşı, onun son şeirləri ilə özünə də, oxuculara da şeir boxçası hədiyyə edirik.

 

 

Zəncir kimidi qaranlıqlar

 

Qaraçı əlindən çıxmış zəncir kimi

soyuqdu bu gecənin qaranlıqları

və birdə

adda-budda pəncərə işıqları süzülür

dəlmə-deşiyindən bu zəncirlərin

adda-budda siqaretimin tüstüsünü

gözlərim zorla alır tuş gələndə

pəncərə işıqlarına

çox qaranlıqlar yola salmışam

və çox qaranlıqlar köçürmüşəm

alnımın qırışlarına

ancaq qaraçı əlindən çıxan

zəncir deyildi o qaranlıqlar

gəncliyimin

Ay üzündə aylanmış həndəvərində

kiçik bir kölgə kimiydi o qaranlıqlar

Könlümün tutacağında

dan üzünü ağardırdı yaylım öncəsi

sevinc gətirərdi

qayğısız günlərimin sabahlarına

şehdən gülümsəyən ətirli çiçəkləri, qönçəsi

və onda

qaraçı əlindən çıxmış zəncir kimi deyildi

o qaranlıqlar

yolumun üstünə

ulduzları səpələnərdi səmanın bütöv

Ay işığı qarışıq

bütöv uşaqlığım qarışıq

 

 

Daşıyır

 

Adam tərki-dünya olanda

hisslər də

fikirlər də tərki-dünya olur

dağınıq olur

adam tərki-dünya olanda

içinin,

çölünün çək-çeviri başlayır

havası tıncıxmış, boğanaq olur

alt qatı, üst qatı açıq olur

aşağı, yuxarı bığa dirənir

saqqala dirənir

olumdan ölümə, olumdan qəbirə

gizlin bir sirr daşıyır,

dərd daşıyır girələnə-girələnə

günü, güzəranı

salıb məcraya acıqlı daşıyır

sərt daşıyır

təkcə gözlərinin ağında

bir elat, yurd daşıyır, yurd!

 

 

Neynəsin

 

Qismətin qayadan, daşdan keçirsə,

Buna bəxt neynəsin, günah neynəsin.

Top olub ömürdən, yaşdan keçirsə,

Təəssüf neynəsin, min ah neynəsin.

 

vaxtsa kor olmuş gözlərin varsa,

Canında qovrulan sözlərin varsa,

Kölgəyə tutulmuş izlərin varsa,

Dan üzü neynəsin, sabah neynəsin.

 

Zaman alt-üst kimi ütüb elə bil,

Hər şey son olmuş tək itib elə bil,

İçə bax, cin-şeytan bitib elə-bil,

Hərislik neynəsin, tamah neynəsin.

 

 

Sənin

 

Sənin eşqinin şıltaqlığı

çiçəkdə bərq vuran şeh damlalarıdı

çöldə, çəməndə itirər məni.

Gözlərindən

mənə yönəlmiş bənövşəyi gülüşlərin

 

ömrümün

parçalanmış

qan qırmızı nar dənələridi

səhrada qərib düşmüş dərviş kimi itirər məni.

Sənin eşqinin şıltaqlığı

mənim gəncliyimin çinaraltı görüş yerlərimin

çiçək-çiçək xatirələridi

ya cənnətə,

ya əbədi ölümə götürər məni...

 

 

Yaşadar

 

Ağrı, qarı deşmiş tikan ucudu,

Bir soyuq nizə tək qorxu yaşadar.

Acı da ayazda yanmış bir çiçək,

Solmuşu yaşadar, yoxu yaşadar.

 

Dərd çarıq ipi, düyün düşübdü,

Qalıb yük altında, çiyin, düşübdü,

Söz almır adamı, heyi düşübdü,

Çəkib kirkirə tək oxu yaşadar.

 

Qəmə bax, dərəyə yüklənib qalıb,

Kölgə tək qalnıyıb, təklənib qalıb,

Üzü qırış-qırış, tüklənib qalıb,

Aza bax, ov qovar, çoxu, yaşadar.

 

Kefə, işrətə bax, gör nəyə tutub,

Gün ağzına tutub, güneyə tutub,

Özünü gündəlik təhnəyə tutub,

Haramı yaşadar, toxu yaşadar.

 

Ağrı, qarı deşmiş tikan ucudu,

Bir soyuq nizə tək qorxu yaşadar.

Acı da ayazda yanmış bir çiçək,

Solmuşu yaşadar, yoxu yaşadar.

 

 

Yaxşı

 

Canda ki, bir udum havadı dünya,

Qədəri-qiyməti bilmək yaxşıdı.

Əgər öndə yurd var, Vətən varsa,

Girib cənglərə ölmək yaxşıdı.

 

Könül ki, binədən hər dağı çəkər,

Sürünən çənə bax, Ər dağı çəkər,

Qar örtmüş zirvəsi, hər dağı, çəkər,

Əyilib dizüstə gəlmək yaxşıdı.

 

Həsrət çilik-çilik qəmə tutular,

İllər sədəfsiz simə tutular,

Dünya bilə-bilə kinə tutular,

Ona acıq verib gülmək yaxşıdı.

 

Bu yola-izə bax, düşmənə çıxır,

Düşmənin dişi tək sənə çıxır,

Özgəyə çıxmır ki, tək sənə çıxır,

Biryolluq ömürdən silmək yaxşıdı.

 

Canda ki, bir udum havadı dünya,

Qədəri-qiyməti bilmək yaxşıdı.

Əgər öndə yurd var, Vətən varsa,

Girib cənglərə ölmək yaxşıdı.

 

 

Dönər

 

Bu gülə bax, bu gül məni yaman tutdu,

Üstündə şeh, göz-göz olub gözə dönər.

Gün vurduqca yamşaqlanıb allanıbdı,

Yanaxları oda dönər, közə dönər.

 

Dör başında eşq içində bülbül gəzər,

Dan üzünü nəğmə bəzər, şərqi bəzər,

Kəpənəklər yallı üstə süzər, süzər,

Bu gül elə misralara, sözə dönər.

 

Xoş ətrindən meyxoş olub meylənərəm

Kal sevgimin şah taxtında əylənərəm,

Yar başında, dövrəsində teylənərəm,

Həsrətim yarpaq-yarpaq güzə dönər.

 

Bu gülə bax, bu gül məni yaman tutdu,

Üstündə şeh, göz-göz olub gözə dönər.

Gün vurduqca yamşaqlanıb allanıbdı,

Yanaxları oda dönər, közə dönər.

 

 

Aldadar

 

Torpaq əsirlikdə, gül əsirlikdə,

Şeirin, sözün bozu aldadar.

havası hava, mehi mehdi,

Asfaltın üstündə yazı aldadar.

 

Çaya bax, şərqisi o üzdə qalıb,

Yaylaq xatiratım yol-izdə qalıb,

Binə qışdağımda, ya düzdə qalıb,

Küləyin qum eşqi, nazı aldadar.

 

Sinəsi açılmaz, duman yol üstə,

Şeytanı yol üstə, yaman yol üstə,

Ömür ilmə tək, zaman yol üstə,

Qəm üstə dinib sazı aldadar.

 

Toran incələnməz, şər ölü kimi,

Səma ölü kimi, yer ölü kimi,

Gecənin, zülmətin heykəli kimi

Açılmaz dan üzü, gözü aldadar.

 

Qarışar fəsillər baş-ayaq olar,

Bir görərsən ki, qış sayaq olar,

Yuxun ərşə çəkər, baş oyaq olar,

Kirpiyin acısı, özü aldadar.

 

Torpaq əsirlikdə, gül əsirlikdə,

Şeirin, sözün bozu aldadar.

havası hava, mehi mehdi,

Asfaltın üstündə yazı aldadar.

 

 

Şaiq Vəliyə

 

Sənin cismani varlığına ağrımadım, qardaşım,

Ağrıdım, ruhuna ağrıdım, ruhuna.

Əski davranışına,

əski türklüyünə ağrıdım qardaşım, türklüyünə.

Sarışın buğda zəmiləri kimi telinə

Sapsarı qantəpər çiçəyi kimi solmuş üzünə,

sifətinə ağrıdım, sifətinə.

Cod, danışığına, söhbətinə,

comərdliyinə, mərdliyinə,

birdə

şaman duaları üstə şeir deməyinə ağrıdım,

şeir deməyinə.

Adamlara qarşı

bir kənd məhəbbətinə,

bir türk məhəbbətinə ağrıdım,

türk məhəbbətinə.

Dədə Qorqud dastanı üstə yüklənmiş dilinə,

İçində qərib-qərib gəzdirdiyin

son nəfəsində

Gözlərinin ağında, qarasında

axirət dünyasına apardığın

əsir düşmüş

səndə yurd olmuş bir dünyana,

bir elinə ağrıdım, bir elinə,

Ocaq yerində qoyub gəldiyin

külünə ağrıdım, külünə.

Sənin cismani varlığına ağrımadım qardaşım,

Səma mələklərindən sənə göndərilmiş

şeir üstə köklənmiş ruha ağrıdım, ruha.

Ağrının özünə ağrımaq başqadır qardaşım,

mən, bu ağrıya,

bu aha ağrıdım qardaşım, bu aha.

Çünki heç kimdə olmayan bir ruh vardı səndə,

biz öldürdüyümüz,

çarmıxa çəkdiyimiz, oxa tutduğumuz

ürəyində, könlündə, sinəndə

bu ruhu

təkcə sən gəzdirib,

sən yaşada bilərdin Şaiq Vəli, təkcə sən.

 

 

Ədalət.-2013.-13 aprel.-S.12