Beş yaşlı ədəbi dərgi

 

Nəşrə başladığı ilk günlərdən  oxucuların rəğbətini qazanan "Mingəçevir leysanı" jurnalının bu günlərdə işıq üzü görən iyirminci sayı ilə beş yaşı tamam olmuşdur. Hər rübdə bir dəfə ədəbiyyatsevərlərin görüşünə gələn ədəbi dərginin yeni sayında da çeşidli ədəbi janrlarda qələmə alınan yazılar yer almışdır.

Baş redaktor İsmayıl Mərcanlının jurnalın beş illik fəaliyyətinə həsr edilmiş "Yolçu yolda gərək" adlı yazısı, o cümlədən Mətbuat Şurasının sədri Əflatun Amaşovla yanaşı, Milli Məclisin üzvü Aydın Mirzəzadə, şəhər ziyalılarından Əşrəf Əsgərov, Nailə Məmmədova, Nurcamal Məmmədova, Etibar Əliyev və Alı Məmmədovun təbrik məktubları da ilk səhifələrdə yer almışdır. Ədəbi - bədii dərginin sonrakı səhifələrində Ramiz İsmayılovun, Rəfail Tağızadənin, İsa Cavadoğlunun, Bəhman Qənbərovun, Məmməd Mərzilinin, Fəxrəddin Əzizin, Malik Əhmədoğlunun, Namiq Zamanın, Qüdrət Məmmədovun, Eldəniz Cəfəroğlunun və digərlərinin şeirləri dərc edilmişdir. Jurnalın nəsr bölümündə isə Zümrüd Rəhimovanın, Qorxmaz Abdullanın, Svetlana Məcidovanın, Zahid Qasımlının yeni əsərləri oxuculara təqdim olunmuşdur. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla söhbət əsasında qələmə alınmış "Yurdumuzun nur çeşməsi" adlı müsahibə, Kifayət Əliyevanın "Ürəyimin döyüntüləri", Eyyub Cabbaroğlunun "Dözmək gərəkdir", İmmi Kamalqızının "Əsrarəngiz sənət dünyası" adlı yazıları və Əhməd Süleymanovun təmsilləri də jurnalda işıq üzü görən maraqlı yazıların sırasındadır.

Sonda beş yaşının sevincini oxucularla paylaşan ədəbi dərgiyə, onu işıq üzünə çıxaran qələm dostlarımıza yeni-yeni yaradıcılıq uğurları arzulayır  və inanırıq ki, "Mingəçevir leysanı"nın bundan sonrakı sayları da klassik və çağdaş Azərbaycan ədəbiyyatının təbliği ilə yanaşı, bölgədə yaşayan istedadlı söz adamlarının üzə çıxarılması baxımından əvvəlki  illərdə olduğu kimi yenə də böyük əhəmiyyət kəsb edəcəkdir.

 

 

Əbülfət

 

Ədalət.-2013.-16 aprel.-S.6.