İLLƏR BİZİ SINAĞA ÇƏKİR...

 

Hər il ötdükcə onların ürəyində  bir ümid göyərir. Bir ümid göyərir ki, bu insanlar yenidən öz doğma yurd-yuvasına dönəcəklər. Ürəklərdəki arzular tükənmək bilmir, illər isə bu insanları sınağa çəkməkdədir. Amma onların qəlbindəki, ürəyindəki ümidi və sevgini heç kim unutdura bilməz. Nə zamanın sərt üzü, nə də ağır gərdişi o insanların qəlbindən vətən sevgisini, yurd istəyini söndürə bilməyib...

Müəllim adı həmişə müqəddəs sayılıb. Müqəddəs sayılan bu müəllim adını və şərəfini Füzuli rayonunun Bakıda Rabitə Kollecinin binasında sığınacaq tapmış müəllim kollektiviuca tutub. Ən azından ona görə ki, onlar müəllimdirlər və həmişə də parta arxasında əyləşən şagirdlərinə elmi biliklər, təlim-tərbiyə aşılayıblar. 47 saylı tam orta məktəbinin direktoru Sahimə Vəlişova ilk günlərini xatırlayaraq deyir ki, bu məktəb 1994-cü ildə Rabitə Kollecinin inzibati binasında təşkil edilib. Çünki həmin vaxtı Füzulidən çoxlu məcburi köçkün Bakıya gəlmişdi və onda da yəqin edildi ki, uşaqların oxuması və təlim-tərbiyəsi üçün mütləq təhsil ocağı lazımdır. Çox çətinliklə də olsa, biz burda bu məktəbi yarada bildik. O vaxtdan xeyli müddət ötüb. Düzdür, çətinliklərimiz, əzab-əziyyətimiz və zəhmətimiz çox olub. Ancaq sonradan bu çəkdiyimiz zəhmətin bəhrəsini zaman-zaman görmüşük.

Məktəb qısa zaman kəsiyində öz şagirdlərinə aşıladığl elmi biliklər və verdiyi əxlaqi dəyərlərlə digər təhsil ocaqlarından seçilməyə başladı. Buna da səbəb o idi ki, bu pedaqoji kollektivdə hər şey düzgün qurulmuş, şagirdlərin müxtəlif fənləri daha dərindən mənimsəməsi üçün ən müasir metodlardantexnologiyalardan bacarıqla istifadə edilmişdir. Əlbəttə, hər hansı kollektivdə təcrübəli, savadlı pedaqoq olanda, həmin məktəbdə təhsildə böyük uğurlara imza atmaq olur. Məhz Sahimə Vəlişovanın da rəhbərlik etdiyi bu pedaqoji kollektivdə yüksək nizam-intizam və təlabkarlıq zaman-zaman özünü göstərməyə başladı. Məktəbi bitirən məzunlar müəllimlərin çəkdiyi əziyyətləri pıç eləmədilər və onlar müxtəlif ali məktəblərin tələbəsi adını qazandılar. Bu məktəbin nə az, nə çox indiyə kimi 298  məzunu olub. Onlardan 203 nəfər məzun müxtəlif ali  məktəblərə qəbul olublar. Bu isə o demək idi ki, məktəbdə təhsilin metodikası və tədrisi yüksək səviyyədə təşkil edilib. Hətta məktəbi  bitirən bir neçə məzun yenidən kollektivə qayıdıb və orda fəaliyyətə başlayıb. Onlardan biri Aygün Səfərovadır. A.Səfərova Pedaqoji Universiteti və magistraturanı qırmızı diplomla başa vuraraq ona dərs deyən müəllimlərlə indi çiyin-çiyinə çalışır. Bunun nə qədər böyük şərəfi, qüruru varsa, bir o qədər də məsuliyyəti hissi var. Təbii ki, əlinə jurnal götürüb sinif otağına girən hər bir müəllimin çiynində böyük missiya olur: şagirdlərə dərin savad vermək və onları vətənpərvərlik ruhunda tərbiyə etmək!  Birmənalı olaraq deyə bilərik ki, bu məktəbin pedaqoji kollektivi həmin missiyanın öhdəsindən bacarıqla gəlirlər.

Təsadüfi deyil ki, Böyük Öndər Heydər Əliyev və Qazaxıstanın prezidenti Nursultan Nazarbayev 1996-cı ildə bu məktəbdə olub, müəllim və şagird kollektivi ilə görüşüb. Həmin anları məktəbin direktoru Sahimə Vəlişova xatırlayaraq deyir ki, heç vaxt yadımızdan çıxmaz. Bax, gördüyünüz o şəkil də həmin görüş zamanı çəkilib. Heydər Əliyevin yanında duran mənəm. O, vaxt Ulu Öndər dedi ki, siz qaçqın deyilsiniz. Sizin arxanızda mənim kimi prezident və Azərbaycan xalqı dayanıb. O  anlar heç vaxt yadımdan çıxan deyil. Şəkilə baxanda bir daha Ulu Öndəri xatırlayır və onun təhsilə, elmə nə qədər böyük önəm verdiyini yada salırıq!

Həqiqətən də 47 saylı tam orta məktəbdə bu gün şagirdlərin cəmiyyət üçün daha savadlı və kamil insan kimi yetişməsi üçün böyük addımlar atılır. Kollektivdə 39 nəfər müəllim çalışır. Onlar 165 şagirdin təlim-tərbiyəsi və təhsili ilə məşğuldur. Başqa sözlə demiş olsaq, bu ziyalı insanlar öz gözünün yağını şagirdlərinə yedirtmək istəyirlər. Hər bir şagirdin dilini, psixologiyasını və xasiyyətini tapır və ona uyğun da hərəkət edirlər.

Əlbəttə, yurdundan-yuvasından köçkün düşmüş insanlarla işləmək o qədər də asan deyil. Həm müəllimlərin, həm də şagirdlərin vətən dərdi və vətən həsrəti təbii ki, başa düşüləndir. Ancaq müəllimlərin ürəyindəki böyük sevgiinam zaman-zaman bu şagirdlərə ötürülür. Məktəbin qabaqcıl  müəllimlərindən Zoya Hacıyeva, İradə Musayeva, Şəhla Hacıyeva, Mahirə Əliyeva, Zərnigar Qurbanova,  Mətanət Səfərova, Elmira Alıyeva şagirdlərin sözün həqiqi mənasında sevimlisidirlər. Onlar barəsində məktəbin direktoru Sahimə Vəlişova çox razılıqla danışdı. Dedi ki, bu müəllimələrimiz təhsil fədaisidirlər.

Bir qayda olaraq yeni dərs ili başlayanda Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev və təhsil şöbəsinin müdiri Almaz Həşimova Bakıda məskunlaşan qaçqın məktəblərinə də baş çəkirlər. Dərs ilinin başlanğıcında rayon icra hakimiyyətini başçısı Alı müəllim birinci sinfə gedən şagirdlərə hədiyyələr də paylayıb. Bir qayda olaraq, qaçqın məktəbi olduğu üçün hər il müəyyən təşkilatlar məktəbə köməklik göstərir və birinci sinfə gedənləri pulsuz çanta və dərs ləvazimatları ilə təmin edirlər. Bax bu addımın özü məcburi köçkün məktəblərinə böyük diqqətdir və pedaqoji kollektivin yaddaşında əbədi iz qoyur.

Bir faktı da qeyd edək ki, məktəbin şagirdləri müxtəlif müsabiqələrdə də, respublika olimpiadasında yaxından iştirak edirlər. Belə ki, məktəbin şagirdləri Tusi adına Pedaqoji Universitetin "Həyat təşkilatı" ilə birlikdə köçkün rayonlarının məktəbləri arasında keçirlən "Ana dilim şirindir" müsabiqəsində 1-ci yeri və "Heydər Əliyevin fəaliyyəti haqqında" inşa yazı müsabiqəsində qalib adını qazanıblar.  Eyni zamanda, 2011-2012-ci dərs ilində məktəbi bitirən 16 nəfər şagirddən 12-i ali məktəblərə sənəd veribonlardan 8 nəfəri müxtəlif ali təhsil ocaqlarına, 2 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olublar. Bu göstərici rayon üzrə ən yaxşı nəticələrdən sayılır. Məktəb müasir texnika və avadanlıqlarla və o cümlədən kompüterlərlə təchiz edilib.

Onların arzuları da böyükdür,  ümidləri də. Təbii ki, hər hansı uğura və zirvəyə çatmaq üçün əziyyət çəkmək, çalışmaq və axtarışlar tələb olunur. Bu axtarışları və bu yenilikləri isə məktəbin pedaqoji kollektivi zaman-zaman həyata keçirir. Ən böyük arzuları isə ondan ibarətdir ki, Füzuli rayonu tamamilə işğaldan azad edilsinonlar öz yurd-yuvasına, ocağına qayıdıb həmin yerdə şagirdlərə dərs desinlər. Təki bu arzular tezliklə çin olsun. Çünki hər bir qaranlıq günün işıqlı anları da var...  

 

 

Faiq QİSMƏTOĞLU

 

Ədalət.-2013.-17 aprel.-S.5.