"Dolu" Şimali Kiprdə də nümayiş etdirildi

 

Yazıçı, deputat Aqil Abbasın "Dolu" romanı və onun əsasında çəkilmiş film Şimali Kiprdə də nümayiş etdirildi. Yakın Doğu Universitetinin minlərlə tələbəsi filmi seyr etməyə qatıldı. Dünən Azərbaycan Milli Məclisinin deputatı Aqil Abbas Yakın Doğu Universitetində azərbaycanlı tələbələrlə görüşüb. Təşkil edilən tədbirdə şairin "Dolu" filmi izlənilib. Film eyniadlı "Dolu" romanı əsasında, ssenari müəllifi Aqil Abbas, rejissoru Elxan Cəfərov olan film "Azərbaycanfilm" kinostudiyası tərəfindən lentə alınıb. Film Qarabağ müharibəsində heç nəyə baxmayaraq Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edir. Filmin nümayişindən dərhal sonra tələbələrlə fikirlərini paylaşan deputat bu mövzuda çəkilən filmlərin çox olmasını istədiyini bildirib. "Gəncliyin doğru məlumatlandırılması vacib amildir. Mən istərdim ki, gəncliyimiz rusca bilsin, amma rusca düşünməsin. Tarixi faktlar, məlumatlar rus ədəbiyyatlarında çox geniş şəkildə var, nə ingiliscə, nə də qeyri bir dildə bundan dolğun materiallar yoxdur və bu səbəbdən dili bilməyin tərəfdarıyam. "Eyni zamanda tələbələrin suallarını cavablandıran şair "Vətən qəbiristanlıqdan başlayır" şüarı ilə çıxış edib.

 

 

Toğrul SALEHLİ

 

Ədalət.-2013.-20 aprel.-S.3.