Ana, bizə indən belə gərəksən

 

Təzə-təzə yetişirik ərsəyə,

 

Ana, bizə indən belə gərəksən,

Zəhmətinin bəhrəsini görməyə,

Ana, bizə indən belə gərəksən.

 

Evimizin nəbzi kimi vurmağa,

Neçə-neçə toy məclisi qurmağa,

Gecə-gündüz qulluğunda durmağa,

Ana, bizə indən belə gərəksən.

 

Hamımızı başıuca görməyə,

Dar ayaqda ürək-dirək verməyə,

Taleyini nəvə-nəvə hörməyə,

Ana, bizə indən belə gərəksən.

 

Ömrün axdı gözlərinin yaşında,

Ağ saçların ağ yaylıqdı başında,

Diz çökməyə, baş əyməyə qarşında,

Ana, bizə indən belə gərəksən.

 

Keçmişləri sellər yudu apardı,

Qarşı yolun hər qarışı divardı,

Bu yaşacan yaşamağa nə vardı,

Ana, bizə indən belə gərəksən.

 

Gərək yəhərlərdən enməyəydik biz

Oğuz ellərinin bayat boyunca

Belə olmamışdı həyat boyunca,

Kiçildik, alçaldıq bir at boyunca,

Gərək yəhərlərdən enməyəydik biz.

 

Başımız girməyən çadırmı qaldı,

Ruzimi, yığvalmı, yatırmı qaldı,

Səməndlər yormağa cıdırmı qaldı,

Gərək yəhərlərdən enməyəydik biz.

 

Qayadan büdrədik, quyuda qaldıq,

idik, qapqara boyada qaldıq,

Hamı çapıb getdi, piyada qaldıq,

Gərək yəhərlərdən enməyəydik biz.

 

Düz yollar, cığırlar çəp hərdən düşdü,

Məmləkət sərhəddən-sipərdən düşdü,

Kəhərlər-köhlənlər təpərdən düşdü,

Gərək yəhərlərdən enməyəydik biz.

 

Gözüylə od-alov götürəndi at,

Bütün savaşları bitirəndi at,

İnsanı murada yetirəndi at,

Gərək yəhərlərdən enməyəydik biz.

 

Aşağı boylanıb baxmaq eşqinə,

Göydə şimşək olub çaxmaq eşqinə,

Ucalmaq eşqinə, qalxmaq eşqinə,

Gərək yəhərlərdən enməyəydik biz.

 

Bozat kişnəyəydi, baxıb güləydik,

Zülmü-zilləti yarı böləydik,

Harda doğulmuşduq, orda öləydik,

Gərək yəhərlərdən enməyəydik biz.

 

 

Tam oxusaydın

 

Köksünün altından daş çıxarardın,

Gözünün içindən yaş çıxarardın,

Dövrün gərdişindən baş çıxarardın,

Sən öz tarixini tam oxusaydın.

 

Yurdu hifz edərdin ağır anlarda,

Sənə tapınardı yoldaş da, yar da,

Kəsirlə çıxmazdın imtahanlardan,

Sən öz tarixini tam oxusaydın.

 

Kim deyir, qurd oğlu qurd olammazdın,

Cəngavər qəlblərdə yurd salammazdın,

Qara qəpik kimi xırdalammazdın,

Sən öz tarixini tam oxusaydın.

 

Düzərdi hamını səfə yürüşün,

Açardı bir yeni səhifə yürüşün,

Yarımçıq qalmazdı zəfər yürüşün,

Sən öz tarixini tam oxusaydın.

 

Adın kitablardan silinərdimi,

Başına od-alov ələnərdimi,

Vətənin ikiyə bölünərdimi,

Sən öz tarixini tam oxusaydın.

 

Baban Koroğlunun tayı olardın,

Hər bənddə-bərədə ayıq olardın,

Elinə-obana layiq olardın,

Sən öz tarixini tam oxusaydın.

 

 

Uşaq evləri

 

Tükənən yeridir imanın-dinin,

Səbirsiz, təmkinsiz uşaq evləri,

Sadə cümləsidir daş ürəklərin,

Ammasız, lakinsiz uşaq evləri.

 

 

Sirlilər axtarır sirdaşlarını,

Bacılar tanımır qardaşlarını,

Susan harayıdır göz yaşlarının,

Bu məsum, bu kinsiz uşaq evləri.

 

Qəhərdən boğulur haçandan bəri,

Atammır qoynundan qəmi-kədəri,

Süzür qarşısından yol keçənləri

Mümkünsüz-mümkünsüz uşaq evləri.

 

Yenə bənövşəni yüz bitirəcək,

Peşiman-peşiman köks ötürəcək,

Dünyadan görüb, götürəcək,

 

Vətəndə vətənsiz uşaq evləri

İntizar qoxuyur çiçəyi, gülü,

Ulayır bayquşu, susur bülbülü,

Sanki bir yetimdir boynubükülü,

Gələnsiz-gedənsiz uşaq evləri.

Unudub biryolluq "ana" sözünü,

Tufanlar qoynuna atıb özünü,

Yaxşı ki, sabaha dikib gözünü,

Dünənsiz, bu günsüz uşaq evləri.

Əziz, saf duyğular dinəydi bir gün,

Ağlayan könüllər güləydi bir gün,

Dövran dəyişəydi, gələydi bir gün,

Qalaydı sakinsiz uşaq evləri.

 

 

Ağacdələnim!

 

Bu damlalardı, axır gözündən,

Bu qəm-qüssədi, yağır üzündən,

Tanrı dərgahının nur dənizindən,

Ərk edib qapıma qonanım mənim,

Ağacdələnim!

 

Halım pozulmuşdu, növrağım oldun,

Dünyam qaralmışdı, çırağım oldun,

Qonaqsız evimdə qonağım oldun,

Yaman azalmışdı gedib-gələnim,

Ağacdələnim!

 

 

Zərbi-sədaların obaşdan çıxır,

Yemin sancıldığın ağacdan çıxır,

Mənim çörəyimsə lap daşdan çıxır,

Şükür verdiyinə ruzi bölənin,

Ağacdələnim!

 

Teleqrafçı deyil, radist deyilsən,

Xeyirmi söyləyir, şərmi deyirsən,

Hansı hərfləri döyəcləyirsən,

Sənin əlifbanı yoxdu bilənim,

Ağacdələnim!

 

Ruhunu nadanın, keyin döyməkdən,

Asta taqqıldadıb yeyin döyməkdən,

Daha korşalıbdı beyin döyməkdən

Sənin dimdiyinlə, mənim qələmim,

Ağacdələnim!

 

Gəl apar məni , göylərə qalxım,

Dayanım Allaha bir az da yaxın,

Günəşin gözünün içinə baxım,

Alova qurşanım, oda bələnim,

Ağacdələnim!

 

 

Torpaq

 

Süxur yaddaşına yazıb saxlayır,

Həm cəsur, həm qorxaq anımı torpaq,

Bitirə bilməyir arzularımı,

İçsə tökülən qanımı torpaq.

 

Elin məramıyam, mətləbiyəm mən,

Mərdlik-mərdanəlik məktəbiyəm mən,

Gah Mete, gah Babək, gah Nəbiyəm mən,

Yaşadır adımı-sanımı torpaq.

 

Bir cüt ayparadı Vətən gözümdə,

Gün Bakımda doğur, ay Təbrizimdə,

İkiyə bölündüm axır özüm ,

Ruhumu göy uddu, canımı torpaq.

 

 

Məhəbbət

 

Sevgi yuvasıdı torpağın bətni,

Hər güllə-çiçəklə bitir məhəbbət,

Yollar qovuşanda qarşıya çıxır,

Yollar ayrılanda itir məhəbbət.

 

Təbiət sevməyə öyrədib məni,

Duvağa çevirib zirvədə çəni,

Yazın əvvəlində tər bənövşəni

Dərəndə bilmişəm nədir məhəbbət.

 

Açmaram qəlbimi hər insafsıza,

Gərək çeşmə gözdən damcılar sıza,

Sevgi məktubunda sevdiyim qıza,

Yazdığım ən ülvi sətir-məhəbbət.

 

Sevindim, bağımda bar yetişəndə,

Kədər sovuşanda, qəm ötüşəndə,

Ömrümə qar yağıb, dolu düşəndə

Başıma tutduğum çətir-məhəbbət.

 

Göyün qübbəsində, yerin təkində,

Hər var, məhəbbət durur kökündə,

Təndirdə qızaran ən iri kündə,

Sac üstə ən yağlı fətir-məhəbbət.

 

Odur, alimlərin ixtirasında,

Odur şairlərin hər misrasında,

Görüb duyduğumuz el arasında

Hörmət məhəbbətdir, xətir-məhəbbət.

 

Hər zaman ucada tutmuşam səni,

Mirdamət Əzizəm, sevindir məni,

Apar taleyimdən qəmi-qüssəni,

Yerinə toy-büsat gətir, məhəbbət.

 

 

Yalan-həqiqət

 

Özün istəmisən bu halı könlüm,

Niyə usanırsan, niyə bezirsən,

Yenə dəli könlüm, havalı könlüm,

Yalan dünyasında doğru gəzirsən.

 

Anlaya bilmədim heç nədən oldu,

Hiylə insanların içini yedi,

Həqiqət Tanrıya aparan yoldu,

Yalan həqiqətin əksinə gedir.

 

Həqiqət carçısı olmağınla sən,

Özünü dahisi sanma dünyanın,

Kimdi həqiqətin adını çəkən,

Yalan bayramı var, amma dünyanın.

 

Nəyinə gərəkdir saxta təntənə,

Sabah hər cəhətdən pis görünəcək,

Yalan geyinir-geyinsin yenə

Çılpaq həqiqətdən pis görünəcək.

 

 

Xəbəri yox

 

Gedimlər yaman artıb,

Gəlimin xəbəri yox,

Perikib sonaları,

Gölümün xəbəri yox.

 

 

Daha demərəm odam,

Gərək səsimi udam,

Gözüm doyub dünyadan,

Könlümün xəbəri yox.

 

Hər bağda bir yel əsir,

Bülbül açmır gülə sirr,

Çox tamah var öləsi,

Ölümün xəbəri yox.

 

Buludlar naxır-naxır,

Damlalar ağır-ağır,

İçimə yağış yağır,

Çölümün xəbəri yox.

 

 

Mirdamət ƏZİZ

 

Ədalət.-2013.-20 aprel.-S.12.