DÜNYADA İZİN QALSA...

 

... Bir səhər evdən çıxıb qonşu blokun yanına çatanda gördüm ki, orda bir təcili tibbi yardım maşını dayanıb. Bir neçə dəqiqədən sonra qonşumuz Teyyub və başqa bir cavan oğlan xərəkdə ağır vəziyyətdə olan Sakif müəllimi həmin maşının içərisinə qoydular. Sakif müəllimin çöhrəsi ağarmışdı. Hiss olunurdu ki, vəziyyəti o qədər də yaxşı deyil. Həkimlərlə ayaqüstü söhbət elədim. Dedilər ki, qonşunuzun vəziyyəti çox ağırdır - o, infarkt keçirib. Dedim ki, bəlkə 5 nömrəli xəstəxananın Kardiologiya İnstitutuna aparasınız? Çünki orda tanış həkimlər var.  Həkimlərdən biri çox savadlı və  təcrübəli idi. Ona görə də  bildirdi ki, bu vəziyyətdə onu ora aparmaq mümkün deyil. Ən yaxını Sabunçu xəstəxanasıdır. Ora çatdıraq, görək ağır vəziyyətdən kardioloqlar xəstəni çıxara bilirlərmi?! 

Təcili tibbi yardım maşınında Sakif müəllimin vəziyyəti daha da ağırlaşır. Xəstəxanaya çatanda isə dünyasını dəyişir. Həkimlərin səyinə və köməyinə baxmayaraq, onu ölümün pəncəsindən xilas etmək mümkün olmur...

Sakif Abbasovla düz 23 ildir bir binada qonşu yaşayırdıq. Onlar 13-cü binanın 3-cü blokundakı mənzillərin birində yaşayırdı, bizsə 2-ci blokdakı evlərin birində yaşayırıq. Sözümün canı odur ki, bu 23 ildə tək mən deyil, qonşuların hamısı Sakif müəllimi gözəl ziyalı, səliqəli və savadlı bir insan kimi tanıyıb. O, həm də binamızın ağsaqqallarından sayılırdı. Hər hansı bir məsələ olan kimi, ona münasibətin bildirir, çətinə, dolaşığa düşən işə bir əncam çəkərdi. Sakif müəllim nə qədər savadlı, səliqəli idisə, bir o qədər də gözəl insan və gözəl ailə başçısı idi!

Sakif Abbasov 1946-cı ildə Qazax rayonunun Marksovka (Xətai) kəndində anadan olub. Sonradan Qazax rayonundan ayrılan Ağstafa ayrıca rayon sayılıb. Elə həmin kənddə indi Ağstafanın ərazisində yerləşir. O, Azərbaycan Dövlət  Universitetini (BDU-nu) bitirəndən sonra milis orqanlarında işə qəbul edilib. Az bir vaxtda özünü bacarıqlı, peşəkar əməkdaş kimi göstərib. Hansı əməliyyatda iştirak edibsə, həmin əməliyyatlar uğurla həyata keçirilib. Təbii ki, belə bir peşəkar əməkdaşı rəhbərlik diqqətdən kənarda qoya bilməzdi. O, Nəqliyyatda Baş Polis İdarəsinin Hava və Su Nəqliyyatında Polis Şöbələrində müxtəlif vəzifələrdə çalışıb. Son  iş yeri isə Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin şəxsi heyətlə iş üzrə rəis müavini vəzifəsi olub, polis polkovnik-leytenantı idi.

Ucaboylu, nurani çöhrəsi və ağ saçlı siması həmişə çoxlarının diqqətini cəlb eləyirdi. Çöhrəsinə baxan kimi, o dəqiqə hiss olunurdu ki, bu insan elə-belə adam deyil. Yəni onun ürəyi, qəlbi və iç dünyası çox işıqlı idi. Sakif müəllim nə qədər nurlu və işıqlı bir insan idisə, bir o qədər də ciddi, dəqiq və səliqəli bir ziyalı idi. Bəlkə də bu məziyyətləri onun uzun müddət polis orqanlarında işləməyi ilə bağlıydı. Təqaüdə çıxandan sonra da həmin səliqə-səhman, nizam-intizam hər an özünü göstərirdi.

Binamızın yaxınlığında boş torpaq sahələri vardı. 23 il bundan əvvəl o torpaq sahələrində iri qayalardan, daşdan və kəsəkdən başqa heç nə yox idi. Sakif müəllim və eləcə də bir neçə qonşumuz o torpaq sahəsindəki iri qayaları, daşları maşınlara yığdırıb daşıtdırdı. Daşların, qayaların yerinə Xızıdan, Qubadan 50 maşına yaxın qara torpaq gətirtdi və o torpağı həmin yerə tökdürdü. Az müddətdə bu torpaq sahəsində müxtəlif meyvə ağacları, bəzək kolları, güllər və çiçəklər əkdirdi. Hətta kənd adamı olduğu üçün düzəltdiyi bağda toyuq hini də tikdirdi. Deyirdi ki, mən heç toyuq əti yeyən deyiləm. Ancaq   kəndin havasını hiss eləmək üçün o toyuqları saxlayıram. Doğrudan da elə idi. Az bir müddətdə o ağaclar böyüdü, meyvə gətirdi, kölgə saldı. 23 ildən sonra bu ağaclar o qədər qol-budaq atdı ki, o qədər meyvə gətirdi ki, qonşu uşaqları çəpərə çıxıb, tutdan, gilasdan və almadan, əncirdən doyunca yeyirdilər. Sakif müəllim də görürdü ki, hansısa dəcəl uşaq ağacın budağına çıxıb meyvəni yeyir, ancaq bir şey demirdi. Sakitcə çıxıb gedirdi. Sonra da qonşular deyəndə ki, ay Sakif müəllim, sənin bağından məktəbli uşaqlar meyvə oğurlayır. O, isə özünəməxsus bir təmkinlə bildirərdi: o ağacları əziyyət çəkib əkmişəm ki, kimsə meyvəsini yesin və kölgəsində otursun. Kim yeyirsə, halal xoşu olsun!

İri tut ağacının altında şənbə-bazar günləri bir neçə qonşu gəlib əyləşər, sonra da samovara od salardıq. Sakif müəllim də çox yaxşı domino oynayardı. Qonşumuz saatsaz Əli müəllimlə saatlarla domino oynayardılar və yorulmazdılar. Hərdən Sakif müəllim dominoda uduzanda bərk dilxor olardı. Əli müəllim də bunu hiss eləyər və oyunu saxlayardı. Sabahı günü isə dominoda udanda Sakif müəllimin keyfi ala buluddan nəm çəkərdi. Yəni o qədər ovqatı yaxşı olurdu ki, zarafatından belə qalmırdı...

O, çox səliqəli və sahmanlı adam idi. Bağda səliqə-səhman yaratmaqla yanaşı, bağın yaxınlığındakı yerlərdə də təmizlik işləri aparardı. Süpürgəni və beli əlinə götürər, heç kimə minnət qoymadan həyətə atılan tullantıları təmizləyərdi. Sonra da özünəməxsus bir ağayanalıqla deyərdi ki, bu qonşular niyə belə eləyir, bilmirəm?! Sakif müəllim birinə yaxşılıq eləyərdi, yıxılana dayaq durardı və çətinə düşənə ümid verərdi. Amma heç vaxt kiminsə boynuna bu yaxşılığa görə minnət qoymazdı.

Sakif müəllim gözəl ailə başçısı idi. Gözəl ataydı, gözəl babaydı və gözəl də qonşu idi. O, dünyasını dəyişəndən sonra cəmi bir dəfə bağına getmişəm. Onda da böyük oğlu  Səbuhi üzüm tənəklərinin qurumuş budaqlarını kiməsə budatdırırdı. Çünki Sakif müəllim həmişə yazda ağaclarda quruyan hissələri kəsdirərdi. Onda da bağda da çox dura bilmədim. Gözlərim doldu və Səbuhidən ayrıldım. Elə Əli müəllimlə də söhbətimiz zamanı tez-tez onu xatırlayırıq və deyirik ki, Sakif müəllimin yeri həmişə görünür...

Şükürlər olsun ki, onun yurdunda 3 övlad qalıb. 1 qız, 2 oğul. Hələ bir neçə nəvəsi də var. Böyük oğlu Səbuhi Abbasov atasının yolunu davam etdirir və polis oqranlarında işləyir. Belə ki, Səbuhi Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində cinayət axtarışı üzrə əməliyyat müvəkkili işləyir. Digər oğlu Samir Abbasov isə Ədliyyə Nazirliyinin Pentenisiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində rəisin növbətçi hissə üzrə köməkçisi vəzifəsində çalışır. Hər ikisində atasına bənzər cizgilər var: ağayanalıq, böyük ürək və bir də zəhmətkeşlik. Atalar həmişə bu cür oğulların əməllərində və ömürlərində yaşayırlar...

 

 

Faiq QİSMƏTOĞLU

 

Ədalət.-2013.-25 aprel.-S.5.