YENİ PROYEKTİMİZ: ALTMIŞINCILAR

 

ABDULLA KİŞİNİN OĞLU: AZƏR ABDULLA – 2

 

"Altmışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vur-həşir də bildiyimiz kimi hər zaman onların başında olur. Bunun nədən olduğunu mən araşdıran deyiləm, amma bunu bilirəm ki, ALTMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə gəlir ki, dünyamızın altmışıncı illəri təkcə bizim məmləkətdə deyil, başqa məmləkətlərdə də eyni anlamda intibah illəri kimi yaddaşlara həkk olunub.

Məsələn, sevgili Türkiyə Cümhuriyyətində ALTMIŞINCILAR adıya bir dərnək də var. Həmişə könlüm keçib belə bir təşkilat və ya dərnək bizlərdə də olsun, amma bizlər ayrı, Türkiyə ayrı. Hər zaman adları ortalıqda hallanan yazan və sənət adamları sonrakı nəsil tərəfindən heç də könül xoşluğu ilə qarşılanmayıb. Bir ucu da gəlib yetmişlərə və səksənlərə çıxan bu yaradıcılar kimlərdir? Mən sadəcə onlardan bəzilərini yenidən xatırlatmaq istərdim.

Əslində Azər Abdulla bu yazarlar üçün bir tarix yaradır (bax: bir öncəki yazımız) və bu tarix bir kitabxana kimi bir şeydir. Hər zaman əlinin altındadır bu sözlər, bu fikirlər, bu yazılar və Azər bu fikirləri toplamaq üçün çox çətinlik çəkir, bunu mən gözəl bilirəm, çünki qəzetçilik və bir zamanlar sorğu almaq durumundan anlayıram ki, bir yazar haqqında neçə-neçə adamın (daha doğrusu? hər dəfə otuz, qırx, bəzənsə əlli adamın, bu sayı ondan bilirəm ki, bir zaman Azər mənim haqqımda da bir xüsusi buraxılış hazırlamaq sevdasına düşmüşdü və bunu həyata keçirmək üçün bir zaman yaxın olduğum, indi böyük vəzifələr sahibi bir insanın ona yardım edəcəyini düşünüb bu işin altına girmiş və sevda-sevda olaraq qalmış) fikrini yığmalıdır, bu siyahıya baxanda adamın gözləri qaralır. İndi gəl sən bu adamların "saqqalının altından keç", onlardan bir kəlmə al görüm necə alırsan. Haqqında yazılan yazarı birisi sevir, birisi sevmir. Gəl anla görüm. Bəzən sərt şeylər deyənlər də olur. Mən bilən Azər bütün bunları udur və "Oğuz Eli"nin əlavəsi olaraq, dostu, yazar Əli Həsənli ilə bizim yazarlarımız haqqında çox gözəl və məzmunlu əlavələr hazırlayır ki, bu əlavələr gələcək tədqiqatçılar üçün gözəl bir qaynaqdır.

 

PƏRÇİM. BİR BAŞQA YAZIDAN:

-Heç zaman öz əsərlərinin təbliği ilə maraqlanmadın. Lap gəncliyindən bəri bunu eləmədin. Bu yaxşıdımı, pisdimi və indi də bir kitabın çapdan çıxanda sıxıla-sıxıla deyirsən ki, bəlkə bu kitab haqqında, bir qəzetdə, "525-də", məsələn, bir xəbər yazılsın. Sən bilən, yazılsa nə olacaq?

-Təbliğ olunmaq üçün ya gərək çoxlu pulun, yaxud yüksək vəzifən, ya da tanınmış arxa-köməyinlə birgə, həm də iddialı olmalı, bir az da yarınmağı bacarmalısan. Bunların biri də məndə olmadığından, dediyin kimi təbliğ olunmaq haqqında düşünməmişəm. Mənimlə müqayisədə sən öz təbliğinlə daha çox məşğul olmusan, ara vermədən hər həftə iki qəzetin hərəsində bir səhifəni yazıyla doldurmaq asan məsələ deyil, bunu zəhmətinin, çalışqanlığının hesabına etmisən, publisist yazılarını bir kitaba yerləşdirmək olsaydı, o kitabının qalınlığını ölçmək üçün metr gərək olardı, bəzən ədəbiyyata dəxli olmayan televiziya verilişlərində görünür, yadda qalmağa çalışırsan, yetmişi haqlasan da əməkdar mədəniyyət işçisi adından başqa nə qazanmısan... Halbuki sənə neçə illər öncədən, ən azından əməkdar incəsənət xadimi adı verilməliydi. Çünki əlin qələm tutandan bu günəcən incəsənətimizi, mədəniyyətimizi təbliğ eləmisən, bunu umduğunu da hiss edirəm.(?????????? suallar mənimdi T. A.)

-Bəyəm sənin umacağın yoxmu, heç kim də bilməsə, mən bilirəm, 1996-cı ildən bu yana bir yerə qol çəkib maaş almadan hər gün nizam-intizamla "Oğuz Eli " qəzetinin redaksiyasına gedib hansı inam, hansı sevgiylə qəzetin "YAZIÇI" adında ayrıca buraxılışlarını hazırlayırsan, iyirmi ildən bəri məzuniyyətin - istirahətin nə olduğunu, müalicəyə gedə bilmədiyini, dərmanlar almağa imkanın olmadığını mənə demisən. İndi mənimlə niyə belə qeyri-səmimi danışırsan, sənin umacağın yoxdursa, niyə mənə giley-güzar edirdin?..

-Tofiq, söhbətimizdən ŞOU qoxusu gəlir. Fərdi təqaüd, ad almaq istəyən artistlərin, müğənnilərin danışığına bənzəyir. Suallarına bir şərtlə cavab verirəm, müsahibəni, yəni elədiyimiz söhbəti çap elətdirmə, arxivində qalsın, yaxşımı?

 

YAZIYA DAVAM

 

Mən bilmirəm, Azərin hazırladığı o əlavələr daha hansı dəyərlərə malikdir, amma bu əlavələr çox dərdli hazırlandığı üçün ( yəni Azər bu yaşında neçə-neçə adama telefon açır, bayaq dediyim kimi) dəyərsiz şeylərdir. Bunun nə demək olduğunu bilənlər bilir və Azər hər zaman öz zövqüylə oturub durmur, bəlkə də zorlanıb istiqamətini dəyişir. Bu da bəzən onun özündən asılı olmadan ortaya çıxır.

Onun hazırladığı bir çox əlavələr mənim əlimin altındadır və mən onları zaman-zaman oxuyuram və Azərin özünün bu əlavələrə yazdığı yazılar həqiqətən daha etibarlı, daha sanballı, daha məntiqli, daha səlis və açıq olur. Doğrudur, yaradıcı adam heç zaman özünü tam ifadə eləyə bilmədiyi üçün Azər də bəzən "içinin" dərinliklərinə enə bilmir, buna heç ehtiyac da yoxdur. Belə məqamlarda özünü qınasa da yeganə təsəllisi zamandır və zaman ayarında onun yazılarının ağırlığı məhz onun özünə məxsusdur.

Bu sayılarda yazarlarımızın xarakteri və onların yaradıcılıqlarının xarakteri son dərəcə ustalıqla açılır və Azər hər dəfəsində bir ayrı yazarın tam portresini yaratmaqla çox zaman da təkrardan çıxmağa çalışır və hətta tərtibatlarda da Azər aparıcı olduğu üçün rəngarəngliyə də fikir verir

Yox, Azər Abdulla çox sağlam və çox gərəkli bir iş görür. Nazim Hikmət, Rəsul Rza, Ənvər Məmmədxanlı, Sabir Əhmədli, İsa Muğanna, Anar, Yusif Səmədoğlu, Vaqif Səmədoğlu, Çingiz Aytmatov, Şəhriyar, Oljas Süleymenov, Ramiz Rövşən, Zəlimxan Yaqub, Vaqif Bayatlı Odər, Şahmar Hüseynov, Paşa Qəlbinur, Məmməd Oruc... və neçə-neçə yazar haqqında olan buraxılışlar (bu vaxtacan 63 sayda) hər bir yazıçının kitabxanasını zənginləşdirəcək qədər maraqlıdır.

 

AZƏR ABDULLANIN ÜSYANI

 

"Yazıçılar, sənət adamları, dünyaya ona görə gəlirlər ki, xalq üçün nəsə yaratsınlar, xalq da onları dəyərləndirsin. Bəzi yazıçılar var, onları görmürlər. Mən siyasətçi olsaydım, bu tədbirə yığışanların hamısını Prezident aparatının qabağına aparıb piket keçirərdim ki, Sara xanımı görsünlər və bilsinlər ki, o, bu yaşında kirayəçi yaşayır. Mən səlahiyyətli adamların yerinə xəcalət çəkirəm. Onların ünvanına qınağımı göndərirəm."

 

Bu da Azər Abdulladır.

 

Sitat "Politika" qəzetinin 12-18 aprel tarixli sayısından yazar Ceyhunun reportajından götürülmüşdür. Reportaj Nizami adına İnstitutda Yazar Sara Oğuza həsr olunmuş kitabın tanıtımı barədədir.

 

PORTRE CİZGİLƏRİ

 

Təbii, Azər Abdulla da bir yaş həddinə gəldi. Onun haqqında yenə də eşidirəm ki, O DÜZƏLMƏZ. Bu doğru. Amma mən onun əyriliyində də bir şeylər görmədim.

Azər Abdullaya deyirəm; "Sən mənim haqqımda gözəl bir portre yazdın. Hətta kiminsə sənə söylədiyi bəzi şeyləri də ora əlavə elədin. Və mən hələ də onu oxumadım. Sənsə buna inanmadın. Bax, mənə də icazə ver sənin haqqında ədalətsiz olduğun məqamları yazım. Nədən o saat əsəbiləşirsən və söyüş söyürsən. Məsələn, illər öncə "Ədalət" qəzetinin baş redaktoru Aqil Abbasın kiçik qonaqlığında mənə ƏCLAF deyə bağırdın. Halbuki o anda mən buna tuş deyildim.

Azər Abdulla, bir çox məqamlarda sənin işlərinin gətirmədiyini bilirəm. (Bunu sənə deyim ki, çoxları sənin işlərinin mənimkindən daha irəli olduğunu da deyirlər.) Amma Allahın verdikləri ilə razılaşman gərəkdir. Bax, o gün məni Nəşriyyatda otağına dəvət elədin. Əfəndim, mübarək bu otağın. Və otağının qapısını üstündəki "OĞUZ ELİ" sözü qədər ömrün olsun.

Salyanı su basdı deyirsən. Bunun da suçunu aparıb rayonun başçılarına yükləyirsən. Kür boyunca divar çəkmək olardı deyirsən... Əlli il bundan qabaq da Kürün daşıb Salyanı, Neftçalanı basdığını eşitmişdim. İldə Kür boyunca yüz, iki yüz metr hasar çəkməyə hər rayonun gücü çatmazdımı? Hələ Fövqəladə Hallar Nazirliyini demirəm, deyirsən...

-Ola bilər. Amma deprəm kimi, zəlzələ kimi su daşqını da Allahın yazısı kimi bir olaydır. "Zəngəzuru itirmək, Mığrını itirmək Allahın yazısı deyil" dediyimdə nədən gözümü çıxarırsan?"

Azər Abdulla 2002-ci ildə Türkiyədə keçirilən Nazim Hikmətin 100 illik yubileyində iştirak etmək üçün seçilən yaradıcılardan biri idi. Pasport da aldı, bilet aldı, amma son anda gedə bilmədi. Nədən? Səbəbini bu gün bilmir. Bax, buna deyərlər bəxtin gətirməməyi!

Mən bu yazını hazırladığım günlərdə ( 23 aprel 2003) Azər otağıma gəldi bir bilet göstərdi; "Türkiyəyə gedirəm. Ədəbiyat günlərinə".

 

URA!!!!!!!! URA!!!!!!!!!!

TELEFONLA KİÇİK SORĞU

 

-Azər, sən ədəbiyyata şeirlə gəldin, mən bilən, nədən sonradan bəs nəsrə keçdin? Təbii, bir çox yaradıcının başında bu var. Amma indiki məqamda səninlə söhbət edirik. Nədən bu belə oldu?

-Nəsr ağır şeydir, Tofiq!

-Tamam, bunu bildik, bax, sən nəsr əsərləri yazdın, bəs onda təzədən nədən şerə qayıdırsan, bu nədir, məni bu maraqlandırır?

-Qayıtmısan deyəndə ilham ki, gəldi ikisi olur.

-Bax, sən şeir yazırsan, nəsr yazırsan, sonra publisistik yazıların da olub zamanında, indi məni başa sal görüm, bu janrlardan hansında sənin adın çəkiləndə içində bir rahatlıq, bir razılıq olur?

-Mənə elə gəlir, yazıçılıq sözünün tutumu daha böyükdür. Avropada, Amerikada şairlərin qatarı artıq ötüb keçib, şairlik öz sanbalını, əski qüdrətini itirmək üzrədir. Amma hələ bizdə şairlik böyük nüfuza malikdir, bu hələlik bizdə belə görünür. Amma, bir həqiqət var, kimə şair deyirsən o daha çox məmnun olur

-Bax, Azər, elə yazarlar olub, onlar yazar kimi artıq daşlaşmışlar, yazar kimi bu xalqın tarixində qalacaq bir görürsən onlar da keçib şeir yazıblar. Onları bu şeir yazmağa şövqləndirən nədir? Axı, nədir?

-Əslində bunu daha açıq belə demək olar: elə mövzular var, onları yalnız nəsrdə yazmaq olar, elə mövzular da var, şeirlə yazmaq olar. Mən bunu belə izah edə bilərəm: bu yaşla bağlı da ola bilər. Nəsr çox fiziki güc tələb edir ona görə onlar keçirlər daha çevik bir janra, şerə. Nəsr çox ağır şeydir, çox ağır, bunu sən bilirsən. Amma bunu da unutmaq olmaz ki, gözəl, qüdrətli şeir yazmaq çətin məsələdir...

-Demək belə çıxır ki, şeir məzələnmə kimi bir şeydir. Şairlər öz oxucuları ilə məzələnirlər. Keyf eləyirlər ki, biz şeir yazırıq. Siz bundan ləzzət alıb keyf eləyin, yəni belə çıxır ki, şairlər bizi dolayır?

 

***

Gün aydın Tofiq!

Sabahların xeyrə açılsın. Necəsən?

Yəqin ki, səhərin gözü açılmamış bilgisayarın arxasına keçmisən. Yaxşı, indi de görüm yetmişinci illərdə "jiquli"nin sükanı arxasında özünü xoşbəxt, gözəl, ilhamlı sayırdın, yoxsa bu hissiz, həyəcansız, tiyəktəkin cazibədar bilgisayarın? Hayf, hayf Tofiq bəy, hayf sənin yetmişinci illərdəki unikal poetik duyğularını məhv etdi bilgisayarlar, maşınlar səndəki əlçatmaz duyğuları, əsəbiləşmə Tofiq bəy. Söhbət məndən yox, səndən gedir. Bu dünyada çox şeyləri bəlkə hamıdan tez öncə sən bildin. Ancaq günlərin bir günündə öləcəyinə, bir dünyada heç bir şeyin gizli qalmayacağına, hər şeyin ömrə yazıldığını haçansa bunların nöqtəsindən vergülünədək oxunub aşkarlanacağına - faş ediləcəyinə inanmadın. Belə-belə işlər Tofiq bəy! Mən ölüm Tofiq bəy, düzünü de, bu yaşında aşiq olmaq gözəldir, yoxsa bilgisayar arxasında əyləşmək?...

 

 

Xoşca qal.

Sayğılarımla, Azər Abdulla.

Tofiq Abdin

abdin41@mail.ru

www.tofigabdin.com

 

Ədalət.-2013.-27 aprel.-s.15.