Şeir təhlilləri

 

VIII yazı

 

Filologiya üzrə fəlsəfə doktoru

 

Cəfər Cabbarlı

 

Azərbaycan bayrağına

 

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,

Şu sevimli üç boyalı, üç mənalı bayrağı.

Mələklərin qanadımı üzərimə kölgə salan?

Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!

Göy yarpaqlı, al çiçəkli, yaşıl otlar topasımı?

Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır.

Fəqət bizim bayrağımız ucaları pək seviyor

Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanıyor.

Kölgəsində ay əyilib bir gözəli qucmada,

Qucaşaraq sevdiyilə yüksəklərə uçmada.

Şu görünüş bir ananın şəfqətinə oxşayor,

Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

Bu ay, yıldız, boyaların qurultayı nə demək?

Bizcə belə söyləmək:

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,

Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yıldız da səkkiz hərfli OD YURDU

Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,

Səhərlərə uçmuşdur.

Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,

Yurdumuzu qucmuşdur!

Allah, əməllərim edib şu bayrağı intiqal,

Birər-birər doğru olmuş, bir ad almış:İSTİQLAL!

Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,

O gün olsun bir göy bayraq Turan üstə açılsın.

Şeirin yazıldığı

dövr və tarixi şərait

 

"Azərbaycan bayrağına" şeirinin təhlilinə keçməzdən əvvəl onun yazıldığı dövr və tarixi şəraitə qısaca da olsa, diqqət yetirmək lazımdır. Çünki hər bir əsər yarandığı ictimai-siyasi, sosial-iqtisadi, bədii-estetik şərtlərin nəticələrini özündə daşıyır. İlham qaynağı yazıldığı dövrün hadisələri olan "Azərbaycan bayrağına" şeiri də həmin dövrdə müəllifinin yaşantılarının, həyəcanlarının, düşüncələrinin məhsulu olaraq ortaya çıxmışdır. Şeirin yazıldığı dövr hər tərəfdən onu parçalamaq, əsarət altında saxlamaq üçün diş qıcıyan düşmən qüvvələrin əhatəsində olmasına baxmayaraq Şərqdə ilk dəfə demokratik bir dövlət qurmuş, öz milli varlığını dünyaya elan etmiş, bayrağını qürurla dalğalandırmış bir millətin sevinc, təntənə içərisində yaşadığı bir zamandır. Azərbaycan Demokratik Respublikasını qurmaq, himnini, bayrağını, gerbini, hökumət təsisatlarını yaratmaq Azərbaycan xalqına heç də asan başa gəlməmişdi. Həm I Dünya müharibəsində məğlub olması, həm də daxildəki üsyan və vətəndaş müharibəsi Rusiya imperiyasını taqətdən salmışdı. Vaxtilə işğal edilmiş, zorla çar Rusiyasının hakimiyyəti altına alınmış xalqlar, o cümlədən Azərbaycan türkləri vəziyyətdən istifadə edərək öz istiqlal və azadlıqlarını elan etmək üçün səy göstərirdilər. Bir tərəfdən qonşuları və Avropa dövlətləri vəziyyətdən istifadə edərək Azərbaycana, onun zəngin torpaqlarına sahib çıxmaq istəyirdilər. Digər tərəfdən bolşevik Rusiyası varisi olduğu çar Rusiyasının əsarətində olan millətləri və torpaqları əlində saxlamaq üçün hər cür fitnəkarlığa əl atırdılar. Bolşeviklər tərəfindən dəstəklənən, qızışdırılan, təşviq edilən ermənilər tərəfindən sağalmaz yaralar vurulmuş, hər cür idarəetmədən məhrum olan, hər an yox olmaq təhlükəsi ilə üzbəüz qalmış bir millətin halını göz önünə gətirin. Belə bir ağır zamanda Müsavat partiyası və M.Ə. Rəsulzadə öndərliyində Azərbaycan Xalq Cümhuriyyəti qurulmuş, 1918-ci ilin 9 noyabrında üç rəngli Azərbaycan bayrağı qəbul edilmiş və ölkənin hər yerində əzəmətlə dalğalanmağa başlamışdı. Azərbaycan Dövlət bayrağının yaratdığı sevinc və qürur hissi ədəbiyyat, incəsənət adamlarının yaratdığı əsərlərdə vəsf edilirdi. Gənc və istedadlı Cəfər Cabbarlı da Azərbaycan bayrağına sevgisini ifadə etməkdən kənarda qalmır. 1919-cu ilin 25 avqustunda "Azərbaycan" qəzetində onun bayrağımıza həsr etdiyi "Sevdiyim", cəmi dörd gün sonra isə elə həmin qəzetdə "Azərbaycan bayrağına" şeirləri çap olunur.

 

Şeirin mövzusu, məzmunu və kompozisiyası

 

Bayraq mənsubu olduğu millətin azadlığının, istiqlalının, kimlik və xarakterinin bir simvolu və ifadəsidir. "Azərbaycan bayrağına" şeirinin mövzu və məzmununu təşkil edən, haqqında ən çox danışılan əsas dəyər bayraqdır. Cabbarlı ən məhrəm, ən isti, sevgi və heyrət bildirən sözləri bayrağımızın vəsfindən əsirgəməmiş, şeirini ilk misrasından son misrasına qədər bayrağımızın tərənnümünə həsr etmişdir. Şair bayrağımızı vəsf edərkən müxtəlif bədii təyinlərdən (göy yarpaqlı, al çiçəkli, yaşıl otlar), təşbehlərdən (bayrağın mələklərin qanadına bənzədilməsi), mübaliğələrdən (yıldızlardan, hilaldan da yüksəklərdə fırlanıyor) və başqa məcazlardan yararlanmışdır. O, Allaha xitabən bayrağımızın aparılan mübarizələrin, görülən işlərin nəticəsi olaraq ortaya çıxdığını söyləmiş, Azərbaycan istiqlalının, bayrağının göydən düşüdüyünü, təsadüf nəticəsində əldə edildiyini iddia edən müasir opponentlərinə o illərdən belə cavab vermişdir:

 

Allah, əməllərim edib

şu bayrağı intiqal,

Birər-birər doğru olmuş,

bir ad almış: İSTİQLAL!

 

Şeiri şərti olaraq üç hissəyə bölmək olar. Birinci hissədə, şair bayraq haqqında duyğularını, həyəcanlarını, ona olan münasibətini, sevgisini ifadə etmişdir. İkinci hissədə bayrağın təsvirini verməklə, onun rənglərinin, üzərindəki ay-ulduzun mənalarını şeirin obrazlı dili ilə söyləmişdir. Üçüncü hissədə isə Cabbarlı arzusunu bildirmişdir: şair Turanın qurulmasını və göy rəngli bayrağın Turanın üzərində dalğalanmasını arzulayır. Şeir möhkəm, yığcam bir kompozisiyaya malikdir. Şeirin mətni öz içərisində parçalara ayrılsa da, bu parçalar bir-birindən qopuq, dağınıq, nizamsız deyildir. Onların arasında məntiqi bağlılıq və ardıcıllıq vardır. İlk misralar şeirə giriş hesab edilə bilər. Sonrakı hissələrdə fikir, duyğu inkişaf etdirilərək məntiqi sonluqla, şairin daha böyük arzusu ilə sona çatdırılmışdır.

"Azərbaycan bayrağına" şeiri sentimental, daxili dünyaya yönəlik, pıçıltıyla söylənilməli bir şeir deyil. Bu istiqlalını qazanmış, bütün çətinliklərə, təhlükələrə baxmayaraq "heçdən bir bayraq yapmış" bir millətin bağrından qopan, ruhundan daşan hiss-həyəcanın şeirdir, millətə, dünyaya səslənişdir! Bəlkə kiməsə şeirin ahəngindəki pafos, yüksək tərənnüm ruhu süni, qeyri-təbii görünə bilər, amma şeirin yazıldığı dövrü, Azərbaycan bayrağının hansı şərtlər altında qaldırıldığını düşünsək, gənc Cabbarlının səmimiyyətinə hər hansı şübhə yeri qalmaz.

Şeirin dili, sənətkarlığı və forma xüsusiyyətləri

"Azərbaycan bayrağına" şeiri "buraxınız" çağırışı ilə başlayır. Sözsüz ki, "buraxınız" sözü burada əsas mənasında - "qadağan etməyin" mənasında işlənməmişdir. "Buraxmaq" çoxmənalı sözdür. "Azərbaycan dilinin izahlı lüğəti"ndə bu felin 28 mənada işləndiyi göstərilmişdir. Sözün 4-cü mənasında göstərilir ki, bu söz "yol vermək, imkan vermək, qoymaq" mənası daşıyır. 28-ci mənasında isə göstərilir ki, əmr şəklində "burax" (bir şeydən daşındırmaq üçün işlənir) - "baş qoşma, bənd olma, məşğul olma, əl çək, fikir vermə, onunla işin olmasın" mənalarında işlənir. Şeirin ümumi məzmunundan anlaşılır ki, Cabbarlı "buraxınız" sözünü bu iki mənada (4-cü və 28-ci mənalarda) işlədə bilərdi. Fikrimicə, şair bu sözü 4-cü mənada işlətmişdir: "imkan verin, yol verin seyr edim, düşünüm, əzizləyim!"

Şeirin ilk misrası ötkəmcəsinə səslənən, oxucunu dərhal təsiri altına alan dörd feldən ibarətdir: buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım! Fellərin belə düzülüşü təsadufi deyildir. Şeirin kompozisiyası üç felin-seyr edəyim, düşünəyim, oxşayayım fellərinə uyğun qurulmuşdur. Birinci parça şairin bayrağı seyr etməsindən duyduğu həyəcan və duyğuların anladılmasıdır. İkinci parça "düşünəyim" felinə uyğun olaraq bayrağın rəngləri və üzərindəki ay-ulduz haqqında şairin düşüncələridir. "Oxşayayım" felinə uyğun olaraq isə şair arzularını dilə gətirmişdir.

Şeir dil baxımından sadə və anlaşıqlıdır. Mətni təşkil edən sözlərin tərkibinə baxsaq, onların nəinki o zaman gündəlik həyatda danışılan bir dilə uyğunluğunu, hətta bu günün oxucusu üçün də aydın olan kəlmələrdən ibarət olduğunu görə bilərik. Mətndə bu günün oxucusu üçün anlaşılmaz söz ancaq "təcəddüdün" və "intiqal" kəlmələri olacaq ki, onların da "yeniləşmə" və "çevrilmək, yaratmaq" mənası ifadə etdiyi mətndən anlaşılır. Yerdə qalan sözlər açıq, aydın Azərbaycan türkcəsindədir. Yalnızca sözlərin orfoqrafiyası və tələffüzü o zaman dəbdə olan Osmanlı türkcəsindədir.

Cabbarlı şeirində təşbeh, mübaliğə, istiarə, məcaz, təkrir, bədii sual və sairə kimi bədii təsvir və ifadə vasitələrindən ustalıqla istifadə edərək, Azərbaycan bayrağına olan sevgi, heyrət, fəxr etmə duyğularını ortaya qoymuşdur. Üçüncü misrada "Mələklərin qanadımı üzərimə kölgə salan?" - deyə verdiyi bədii sualda şair həm də təşbeh yaratmışdır: bayraq mələklərin qanadına bənzədilmişdir. Misradakı "kölgə" sözü də müsbət anlamda işlənmişdir. Əsarət alovlarında alışıb-yanan insanın kölgəlik arzusu olduqca təbiidir və onun mələklərin qanadı ilə müqayisə edilməsi şairin heyrətinin və sevincinin təbii ifadəsi kimi ortaya çıxmışdır. Şair təsvirlərində obrazlı olduğu qədər, onların mənalandırmasında da dəqiq və sadədir. Bayrağın ortasındakı ay və ulduzun təsvirini verən şair yazır: "Kölgəsində ay əyilib bir gözəli qucmada, Qucaşaraq sevdiyilə yüksəklərə uçmada". Burada həm təşbeh (Ay oğlana, ulduz gözələ bənzədilib), həm də istiarədən (ayın əyilib gözəli qucaqlaması və ayparanın əyri olmasının ayın əyilməsi kimi mənalandırılması) istifadə edilərək qüvvətli və mürəkkəb bir məcaz yaradılmışdır. Təşbeh və istiarənin ustalıqla birləşdirilməsindən yaradılmış digər bir məcaza "Əsarətin gecəsindən fürsət bulmuş quş kibi, Səhərlərə uçmuşdur" misrasında da rast gəlirik. Əsarət qorxuncluğu, qaralığı ilə gecəyə, Odlar yurdu uçmağı ilə quşa (yada salaq ki, Azərbaycan xəritədə həm də uçan bir quşa oxşayır) bənzədilmişdir. "Səhərlərə uçmuşdur" ifadəsində ("səhərlərə" sözü burada gələcəyi, azadlığı, sərbəstliyi ifadə edir) isə quşa məxsus hərəkət Odlar yurdunun üzərinə köçürülərək istiarə sənətinə müraciət edilmişdir.

Ədəbiyyatşünaslıqda şairin "birdən-birə söylədiyi fikirdən dönüb tamamilə başqa bir fikri müdafiə" (C.Xəndan) etməsi "rücu" adlanır. Bayraqdakı rəngləri yarpaq, çiçək və yaşıl ot topasına bənzədən Cabbarlı sonrakı misrada rücudan istifadə edərək, əks fikir söyləyir və fikrini əsaslandırmaq üçün həyati səbəbə və bədii məntiqə söykənir.

 

Göy yarpaqlı, al çiçəkli, yaşıl otlar topasımı?

Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır.

Fəqət bizim bayrağımız ucaları pək seviyor

Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanıyor.

 

Bu qısaca təhlildən də gördüyümüz kimi, "Azərbaycan bayrağına" şeiri bir tərəfdən Cabbarlının güclü poetik istedadının təsdiqidirsə, digər tərəfdən ruhumuzu coşduran, qəlbimizi həyəcanlandıran, bayrağımıza, istiqlalımıza sevgi yaradan bir bədii nümunədir.

 

 

VURĞUN ƏYYUB

 

Ədalət.-2013.-27 aprel.-S.5.