Torpağın dostu sahibkardır

 

Dünyanın iqtisadi-siyasi xəritəsində öz layiqli yerini tutan Aaərbaycanımız haqqında indi danışmaq istəməyənlər də danışmağa məcburdur. Uğurlu siyasətin əsasını təşkil edən iqtisadi durum, iqtisadi qüdrət isə elə-belə yaranmır. Təbii sərvətlərlə zəngin ölkəmizin iqtisadi vəziyyətini, yüksəlişini təmin edən həm də respublikamızda aparılan uğurlu islahatlar, layihələrdir.

Bütün dünyanın keçdiyi azad iqtisadiyyat - kəndli-fermer təsərrüfatlarının yaradılması, sahibkarlığın inkişaf etdirilməsi - sübut etdi ki, bu ən optimal variantdır. Məhz bu yoldan istifadə edən ölkəmizin timsalında bunu aydın görə bilərik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də sahibkarlığın inkişafına xüsusi önəm verdiyini dəfələrlə bəyan edib. Dünyanın aparıcı iqtisadi qurumları, maliyyə təşkilatları da sahibkarlığa münbit şərait yaratdığı üçün indi istehsalın çox böyük hissəsi bu sektorun üzərinə düşür.

Respublikamızda yaradılan Sahibkarlığa Kömək Milli Fondu iqtisadi layihələri həyata keçirməkdə xüsusi rol oynayır. Bu fondun dəstəyi ilə regionlarda sahibkarlığın inkişaf etməsinə nail olunmuşdur.

Bütün çıxışlarında olduğu kimi ölkə prezidenti İlham Əliyev Respublikanın rəhbər işçilərinin iştirak etdiyi sonuncu müşavirədə də öz mövqeyini bir daha bəyan etdi. Qeyd etdi ki, sahibkarlığın inkişafına geniş meydan verilməlidir. Ona hərtərəfli kömək etmək çox vacibdir və yüksək vəzifəli hər hansı bir məmur onların işlərinə yersiz müdaxilə etməməlidir, onların inkişafına mane olmamalıdır.

Sahibkarlara isə bundan artıq dəstək ola bilməz.

 

Bu təsadüfi görüş deyildi

 

2800 illik tarixə malik Salyan rayonunda son illər regionların sosial-iqtisadi inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilmişdir. Bu layihələrdə kəndli-fermer təsərrüfatlarının rolu xeyli böyükdür. Rayonda olarkən belə təsərrüfatlardan biri olan "Ələddin Fermer" MMC haqqında bir daha xoş sözlər eşitdim. Onu tanıyan adamları eyni fikir söylədilər: "Çox bacarıqlı sahibkardır, gecə-gündüzün olduğunu da bilən deyil. vaxt axtarsan sahələrdədir, otağına bəlkə ancaq yatmağa gəlir. Tapa bilsən maraqlı adamdır".

Telefona özü cavab verdi, küləkli yerdə olduğu üçün səsi aydın deyildi. Birtəhər başa düşdüm ki, rayondan xeyli aralıdadır: "Dənizin kənarındayam, gəlib məni tapa bilməzsən. Günortadan sonra görüşək, ona qədər məni işlərimi yoluna qoyum".

Razılaşdım, çünki başqa çarəm yox idi. Həm bu fermer haqqında artıq məndə kifayət qədər maraq oyanmışdı. Necə ola bilər ki, əsil adamı olan, sayılıb-seçilən bir sahibkarla tanış olmayım? Salyan rayonunun iqtisadi inkişafında layiqli yeri olan "Ələddin Fermer" Məhdud Məsuliyyətli Cəmiyyət haqqında marağım beləcə yarandı.

 

Qəribə tanışlıq

 

"Ofis" adlandırdığı bir neçə otaqdan ibarət tikilisi rayondan o qədər uzaqda deyil. Lənkərandan Bakıya uzanan magistral asfalt yoldan 100-150 metrlik məsafədə yerləşən "ofis" adət etdiyimiz inzibati görkəmdən tam uzaqdır. Hələ tikintisi yekunlaşmamış bu "ofis" çox sakit bir məkanda yerləşir. Böyük üzüm sahələrinin kənarındakı bu binanın qarşısında kiçik bir göl var. Havaların soyuq keçməsinə baxmayaraq balıqların suda bir-birini qovmalarını ara-sıra görmək olur. Günəşdən yanıb-qaralmış, üst-başından toz-torpaq yağan, çəkmələrindəki palçığı tam yuyub qurtara bilməyən orta yaşlı bir kişi ilə elə burda qarşılaşıram. Soyuq keçən havalardan, göldəki balıqların növlərindən söhbət edib, ümumi fikir bölüşürük.

Gəlişimin məqsədi ilə bağlı sualından hiss elədim ki, bu adam təsərrüfatın işçisidir. "Qəhrəmanıma" qədər müəyyən şeylər haqqında öyrənmək marağımı saxlaya bilmədim. Öyrənə bildim ki, "Ələddin Fermer" MMC 2005-ci ildə yaradılıb. Öhdəsindəki ərazilərdə üzüm, nar, Amerikadan gətirilmiş "Amerika gavalısı" yetişdirilir. Hər bağ sahəsinin özünəməxsus qayğıya ehtiyacı var sair ilaxır. Xeyli söhbətdən sonra:

- , gəl tanış olaq. Mən bu fermer təsərrüfatının başçısı Ələddin Xanlar oğlu Fərəcovam. 1953-cü ildə anadan olmuşam. Hər iki övladıma da yüksək dərəcəli ali təhsil vermişəm. 2 nəvəm var. Jurnalistlər bunu da soruşurlar, ona görə əvvəlcədən özüm söylədim.

Qəribə tanışlıq xeyli maraq doğursa da, bir qədər qeyri-ənənəvi alınmışdı. Haqqında danışılan sahibkar da daha çox günəmuzd işləyən fəhləyə oxşayırdı. Büruzə verməsəm , ürəyimdən keçənləri elə bil hiss etmişdi.

 

Təsərrüfatın maraqlı yaranma tarixi

 

2005-ci ildə yaradılan bu fermer təsərrüfatının maraqlı da yaranma tarixi var. Sahibkarın özünün dediyinə görə qonşu İran Respublikasında ortaqlı təsərrüfat yaradıbmış. Xeyli ərazisi olan kivi bağlarından yaxşı da mənfəət əldə edə bilirmiş. O qədər də zəhmət tələb etməyən "ortaq biznesdən" ayrılmağı da maraqlı olub. Yaxın dostlarından biri deyib ki, bir az əziyyət çəkib həmin təsərrüfatlarından birini də elə doğma ölkəndə yarada bilərsən. Həm sahibkarlıq üçün əlverişli mühit var, həm də öz camaatına, öz ölkənə xeyrin dəyər. Ələddin müəllim etiraf edir ki, elə həmin an qərara gəldim ki, belə bir təsərrüfatı öz ölkəmdə yaradacam.

 

 

(ardı var)

 

Səxavət Məmmədli

 

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

Ədalət.-2013.-27 aprel.-S.4.