Tənqidimizin Vaqifi

 

Vaqif Yusifli – 65

 

Bədii sözü sevmək və sevdirmək istedadı

 

Müasir Azərbaycan nəzəri-estetik fikrinin sayılıb-seçilən nümayəndələri haqqında düşünərkən dərhal yadımıza Bəkir Nəbiyev, Yaşar Qarayev, Asif Əfəndiyev, Arif Abdullazadə, Akif Hüseynov, Şamil Salmanov, Qurban Bayramov kimi görkəmli tənqidçi və ədəbiyyatşünaslar düşür. Vaqif Yusifli öz yaradıcılığının sanbalına və əsərlərinin sayına görə tənqid və ədəbiyyatşünaslığımızın ən məşhur nümayəndələri ilə bir sırada durur. Filolgiya elmləri doktoru, professor Tahirə Məmməd istedadlı və zəhmətkeş alimə həsr etdiyi məqaləsində yazır: "23 kitab, 800-dən artıq məqalə müəllifi olan, məqalələri təkcə respublikamızda deyil, Türkiyə, Amerika, Almaniyanın nüfuzlu elmi jurnallarında da işıq üzü görən tənqidçinin imzası hələ tələbəlik illərindən mətbuatda görünməyə başlamışdır. Məüllifi olduğu məqalə və kitablar keçən əsrin ikinci yarısından başlayaraq Azərbaycan nəsrinin, poeziyasının, dramaturgiyasının və ədəbi-tənqidinin inkişaf prosesini, mənzərəsini əks etdirir. Budur, onun çap olunan və ədəbi ictimaiyyətdə rəğbət doğuran kitabları: "Məmməd Araz dünyası", "Tənqid yarpaqları", "Karvanbaşı, yolun ha yanadır", "Tənqid və bədii söz", "Tənqid də yaradıcılıqdır", "Yolayrıcı", "Poeziyanın yolları və illəri", "R.Rza və müasir Azərbaycan poeziyası", "Poeziya və zaman" və s."

Vaqif Yusifli ədəbi taleyi və yaradıcılıq yolu heç kimə bənzəməyən bir şəxsiyyətdir. Onun ədəbi tərcümeyi-halında dörd onilliyin gərgin zəhmətləri və axtarışları, sevinc və qayğıları cəmləşib. Peşəkar qələm yoldaşları ətrafında çox sıx olduğu 70-80-ci illərdə də, onların sıraları və səfləri seyrəlib, tamamilə yoxa çıxdığı 90-cı illərdə və XXI yüzilin ilk onilliyində də Vaqif Yusifli eyni əzmkarlıq, şücaət və cəsarətlə yazmaqdadır. Dayanmadan və nəfəsini dərmədən yaza-yaza öz taleyini, ədəbiyyatımızın özünəməxsus və gözəl bir əfsanəsini yaratmaqdadır.

Vaqif Yusiflinin müqəddəs ədəbiyyat dərgahına qədəm qoyduğu 40 il əvvəlki ədəbi zaman və məkan yadımızdan çıxmayıb. İndi olduğu kimi, o vaxtlar da ziyalılarımızın üç sevimli ədəbi nəşri olardı: "Ədəbiyyat qəzeti", "Azərbaycan" və "Ulduz" jurnalları. Vaqif müəllim bu ədəbi nəşrlərin ən fəal müəlliflərindən və ədəbi sakinlərindən biri idi. Onu da deyim ki, 70-ci illərin əvvəlləri və sonlarında ədəbiyyatımıza şair və nasirlərin yeni dalğasında tənqidçi və ədəbiyyatşünaslar da təşrif buyurmuşdular. Aydın Məmmədov, Kamil Vəli Nəriman oğlu, İsa Həbibbəyli, Nadir Cabbarlı, Qurban Bayramov, Kamal Abdulla, Kamran Əliyev, Vilayət Quliyev, Şirindil Alışanlı, Rafael Hüseynov, Teymur Kərimli, Nizaməddin Şəmsizadə, Vəli Nəbioğlu, Muxtar Kazımoğlu və b. bu pleyadanın yaddaqalan və parlaq imzaları idi. Vaqif Yusifli tənqidimizin "yetmişincilər" adlanan məşhur nəslinin ən istedadlı və ən məhsuldar, tənqid sənətinə ən sədaqətli nümayəndəsidir.

Bir yaradıcı şəxsiyyət kimi tənqidçini təhlil etmək və səciyyələndirmək son dərəcə çətindir. Onun özünəməxsusluğunu və bənzərsizliyini kəşf etmək isə ondan da müşküldür. Vaqif Yusifli kimlər haqqında yazıb? Sualı belə qoymaq daha məqsədəuyğundur: Kimlər haqqında yazmayıb? Etiraf edək: Nəsr və poeziya haqqında eyni dərəcədə, eyni uğurla yaza bilmək hər qələm sahibinə nəsib olmur. Vaqif müəllim altmışıncılar haqqında - bütöv bir böyük nəsil haqqında mükəmməl yazmağı bacaran yeganə tənqidçimizdir. Şair altmışıncıları da, nasir altmışıncıları da o, özünəməxsus və sövqi-təbii bir erudusiya ilə təhlil etməyi bacarır. İsa Muğanna, Sabir Əhmədli, Anar, İsi Məlikzadə, Yusif Səmədoğlu, Elçin, Sabir Azəri, Mövlud Süleymanlı və s. haqqında necə uğurla yaza bilirsə, həmin nəslin poeziya qolu - Əli Kərim, Məmməd Araz, Xəlil Rza Ulutürk, Fikrət Qoca, Ələkbər Salahzadə, Nəriman Həsənzadə, Hüseyn Kürdoğlu, Fikrət Sadıq, Cabir Novruz, Vaqif Səmədoğlu, Musa Yaqub, Şahmar Əkbərzadə, Abbas Abdulla, İsa İsmayılzadə, Məmməd İsmayıl, Səyavuş Sərxanlı, Çingiz Əlioğlu, Sabir Rüstəmxanlı, Ramiz Rövşən və b. barəsində də yüksək səmimiyyət və istedadla yaza bilir.

Vaqif Yusifli məhz buna görə də, haqlı olaraq, hərəkətdəki estetikanın ən məhsuldar nümayəndəsidir; o, indiyə kimi 1000-ə yaxın ədəbi-publisist və tənqidi yazı, müxtəlif rəylər, ön sözlər və tərcümələr çap etdirmişdir. Görkəmli alimin yazı manerasında və söz sənətinə yanaşmalarında diqqəti çəkən bariz xüsusiyyətlər hansılardır? Öncə qeyd etməliyik ki, Vaqifin yazı tərzi və səriştəsi öz zərifliyi, cilalılığı və cazibədarlığı ilə seçilir. O, həmişə yazdığı və qaldırdığı məsələlərə dərindən nüfuz edir, bədii mətnə cəsarətlə müdaxilə və müraciət etməkdən çəkinmir. Son dövrlər geniş yayılmış və artıq dəb halına çevrilmiş məşhur elmi-estetik mərəzə onun yazılarında qətiyyən rast gəlməzsiniz; bədii əsər mətnini dərk və təhlil etməyə dərrakəsi çatmayan bir çox müəlliflər komkret təhlil və təlqindən qaçaraq, çox zaman əsər haqqında qeyri-müəyyən fəlsəfi mühakimələr yürütməklə və oxuduqlarını, eşitdiklərini nümayiş etdirməklə kifayətlənirlər. Bununla da öz zövqsüzlüklərini və ümumən, ədəbiyyat adamı olmadıqlarını gizlətməyə, niqablamağa can atırlar. Hal-hazırda ədəbiyyatşnüaslıqda və folklorşünaslıqda, xüsusən kompüterlər, internet və yeni texnologiyalarla "silahlanmış" mütəxəssislərin müxtəlif yönlü yaradıcılıq işlərində "mətndən qaçma" və oxuduğu elmi ədəbiyyatları "gözə soxma" tendensiyası getdikcə vüsət almaqdadır. Vaqif Yusiflinin yaradıcılığı isə başdan-ayağa bədii mətn üzərində qurulub. O, nəzmin və nəsrin aurasını, qan dövranını öz vücudundakı damarlar kimi, damarlarındakı qan kimi duymağa və hiss etməyə can atır. Bədii əsərlə öz mənəvi dünyası arasında gözə görünməz əlaqə və rabitə yarada bildiyinə görə də Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Süleyman Rüstəm, Osman Sarıvəlli, Əhməd Cəmil, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, Hüseyn Arif və başqa böyük şairlərimiz barəsində yazdığı rəngbərəng məqalələr ədəbi tənqid tariximizdə və ədəbiyyatşünaslıqda müəyyən iz buraxmışdır. Özünəməxsus və obyektiv nöqteyi-nəzərinə görə, Mirzə Cəlil, Hüseyn Cavid, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, Əbülhəsən, Mehdi Hüseyn, Sabit Rəhman, Ənvər Məmmədxanlı, Mirzə İbrahimov, Mir Cəlal, İlyas Əfəndiyev, İsmayıl Şıxlı və b. ədəbi nəhənglər haqqında yazanda da, bugünkü nəsrimizin görkəmli nümayəndələri - Çingiz Abdullayev, Məmməd Oruc, Aqil Abbas, Kamal Abdulla, Afaq Məsud, İradə Tuncay, Elçin Hüseynbəyli, Mustafa Çəmənli, Rəşad Məcid, İlqar Fəhmi və s. əsərlərini təhlil edəndə də tənqidçi öz estetik nəticə və qənaətlərində səhvə yol vermir.

Yuxarıda söylədiklərimizi təsdiq və isbat etmək üçün Vaqif Yusiflinin əsərlərindən, onlarla kitablarından, yüzlərlə məqalə və esselərindən istənilən qədər dəlil-sübut, misallar gətirmək olar. Amma mən oxucunun təsəvvürlərində bir az müəyyənlik və əyanilik hasil etmək üçün cəmi bir-iki nümunə ilə kifəyətlənəcəyəm. Baxın, görün, həssas və nəfis üslublu münəqqid müraciət etdiyi şairlərin dünyasına - son dərəcə məhrəm və yalnız nadir hallarda bəni-adam nəzəri və nəfəsi yetəcək aləmlərinə necə ehtiyatla daxil olur: "Poeziyamızın iki görkəmli nümayəndəsinin - Musa Yaqubun və Məmməd İsmayılın son illərdə yazdığı şeirlərə üz tutmaq istəyirəm. Niyə məhz onların yaradıcılığına? Mənim fikrimcə, yaşı yetmişi keçmiş bu iki şair hələ də sözün cazibəsindən uzaqlaşmamışlar. Onların yaradıcılığına birtərəfli ynaşan hər kəs düşünə bilər ki, Musanın da, Məmmədin də ən gözəl şeirlərinin yazıldığı illər arxada qalıb, daha onların poetik gücü tükənib və Musa da, Məmməd də öz köhnə şeirlərinin havasında yaşayırlar: "Zəmilərim, xırmanlarım sovrulub, Təndə canım, saçda dənim qovrulub, Xəzəl altda gül otlarım qıvrılıb, Bundan sonra nə olacaq, olacaq. Mən dərdimi pıçıldadım dağlara, Dağlar alıb payladı oymaqlara. Dövrüm verdi haqqımı nahaqlara, Bundan sonra nə olacaq, olacaq". - Bu şeir, əgər belə demək mümkünsə, payız lirikası nümunəsidir. Musanın son illərdə yazdığı şeirlərdə ömrün o tayı ilə bu tayı - cavanlıqla qocalıq, baharla payız çox tez-tez qarşılaşdırılır və şairin səsində bir hüzn, bir təəssüf nidası duyursan... Deyək ki, bizim poeziyada ömrün ötən illəri ilə bu günün qarşılaşdırılmasına az təsadüf etməmişik, təəssüfedici notlar səslənib. Halbuki keçmişi xatırlamaq, ömrün gözəl çağları üçün bir nisgil duyğusuyla yaşamaq özü də gözəldir. Vaxt vardı ki, Musa Yaqubun şeirlərində təbiət də, bu təbiətin bütün atributları da üzə gülürdü..." Tənqidçinin bu emosional misallara və yaşantılara münasibəti qəlbinizi riqqətə gətirir. Şair dünyası ilə münəqqid dünyası arasındakı həmahənglik məni bir oxucu kimi sevindirir. Tənqidçi insanla təbiət arasındakı harmoniyadan söz açıb heyrətlənirsə, məni Musa Yaqub və Vaqif Yusifli dünyalarının doğmalığı, həmahəngliyi heyrətləndirir: "Əlbəttə, Musa Yaqubun "Dostlarını aparan qatar" gedib, özü isə yalqızdı və bu yalqızlığı, tənhalığı biz onun ikimininci illərin əvvəllərindən indiyə qədər yazdığı şeirlərinin əksəriyyətində hiss edirik. Musaya haqlı olaraq "təbiət şairi" deyirlər, o, təbiətdən cəmiyyətə, cəmiyyətdən də təbiətə boylanan, insanla təbiət arasında harmoniyanı şeirlərində böyük sənətkarlıqla canlandıran şairdir. Doğrudan da, Azərbaycanın balaca bir cənnətində oturub, təbiətin bitib-tükənməyən möcüzələrindən gözəl şeirlər yazan bir şairin indi qəm-qüssəyə batması, öz kədərini şeirlərində yaşaması heç də təəccüblü deyil. Şair yaşlaşanda, onun içindəki filosof da yaşa dolur, gedən ömürə, bir də qayıtmayan illərə, aylara boylanır, başlayır ruhu ilə söhbətə..."

Azərbaycan ədəbi məkanında ədəbi-tənqidi məqalə janrının hal-hazırkı vəziyyətini müəyyənləşdirən münəqqidlərimizdən biri və bəlkə də, birincisi Vaqif Yusiflidir. Onun yaradıcılığının müxtəlif dövrlərinə aid olan əsərlərinə müraciət etsək, görərik ki, o, hər bir yazının özünəməxsusluğu və emosional-estetik dəyər qazanması üçün can atır. Bütün düşüncəsini və mənəvi enerjisini məhz bu məqsədə - baş ədəbi-estetik janrın müstəqilliyini və nüfuzunu qorumağa yönəldir. Elə bu səbəbdən də alimin hər bir yaxşı məqaləsində hər dəfə janrın poetikasının təkrarsız komponentləri - orijinal proloq və təzə-tər, təravətli epiloqlarla, ədəbi-nəzəri fikrin və təhlilin yeni, gözlənilməz və rəngbərəng dinamikası ilə rastlaşırıq. Məsələn, Vaqif Yusifli "Ayrılıq" (Mərhum deməyə dilim gəlmədiyi Akif Səmədin əlli yaşı tamamdır...) adlanan gözəl və hətta daşürəkli oxucunu belə təsirləndirəcək essevari əsərində yazır: "O, iyulda dünyaya gəldi - əlli il öncə. İyulda da dünyadan köçdü - beş il bundan qabaq. Gəlişini İncə dərəsi, Astanbəyli kəndinin Akifdən yaşlı insanları xatırlayır. Ölümü - gedişi isə bizim gözlərimizin qarşısında oldu. "Natəvan" klubunda, bir tədbirdə aparıcı idi. Danışırdı, şeirlər deyirdi, heç zaman onun nitqi, danışığı bu qədər səlis olmamışdı. Tədbir bitdi, o, hamıyla görüşdü, elə bil, harasa tələsirdi və pilləkənləri endi, aşağıda nəfəsini dərib bir yuxarıya, göy üzünə baxdı. Elə bil, bu yerdən, bu torpaqdan, bu adamlardan qaçmaq, göyə baş almaq istəyirdi. Sonra küçəni keçdi və birdən... Hər il, iyulun 6-da Akifin küçəni adlayıb səkiyə keçdiyini və onda birdən-birə ürəyini tutub yerə çökdüyünü xatırlayanda, ölümündən xeyli əvvəl yazdığı, sanki həmin o müdhiş günü gözləyən şeiri pıçıldayıram:

 

...Ölüm odu, oğlun-qızın olmaya,

Səndən sonra, sazın-sözün qalmaya,

Dünya silə, izin-tozun qalmaya,

Ölmürəm ha, yaralanıb gedirəm".

 

Görkəmli alimin başqa bir istedadlı və təkrarsız tale yaşayan şairimiz Nizami Aydına həsr etdiyi "Azadlıq şairi, yaxud son dua" əsəri belə başlanır: "Son dua" - Nizami Aydının sonuncu kitabının adıdır. Nizaminin birinci kitabı olmayıb, heç ikinci kitabı da olmayıb. Nizami Aydın kimi tanıdığımız bu şair üçün hər şey sondan başlayıb.

"Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya".

Onun üçün son gün 1992-ci ilin 15 iyunu oldu. Həmin gün Nizami Aydın Sırxavənddə şəhid oldu, dostum Musa Urud demişkən: "Nizami daha çox şairi olduğu göylərə çəkildi". Torpağa gömülmədi, məhz göylərə çəkildi. Sevdiyi Tanrının yanına!"

Vaqif Yusifli az qala yarım əsrə yaxındır ki, ilhamla və sonsuz məhəbbətlə yazıb-yaratmaqdadır. Onun təxminən 70-ci illərin ortalarından Azərbaycanın baş jurnalı "Azərbaycan"da ədəbi fəaliyyətə başlamasını nəzərə alsaq, əminliklə söyləmək olar ki, düz 40 ilə yaxındır ki, zəhmətkeş alim peşəkar Azərbaycan ədəbi-tənqidi fikrini təkcə redaktə etməklə yox, eyni zamanda, cilalamaq, zənginləşdirmək və yeni zirvələrə yüksəltməklə məşğuldur. Elə bu səbəbdən də peşəkar tənqidçinin məqalələrində dərinlik, yüksək elmi səviyyə, axıcı və nəzakətli təhkiyə tərzi, heç kimlə müqayisə olunmayan professionalizm ilk baxışdan nəzərə çarpır. Vaqif Yusiflinin lap sonuncu - ən təzə məqalələrindən birini oxuyaq. Bu yazının sərlövhəsi də, başlanğıcı və sonu da bir hədəfə vurur: Orijinal bir yazıçının bənzərsiz ədəbi tərcümeyi-halını səciyyələndirməyə! "Ağ saçların hekayəti" ("Ədəbiyyat qəzeti", 30 mart 2013-cü il) hazırkı ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri Aqil Abbasın yaradıcılıq yolu haqqında ən uğurlu elmi-estetik araşdırmalardan biri kimi təsir bağışlayır: "Tanınmış yazıçı-publisist-mühərrir Aqil Abbasın 60 yaşı tamam oldu. Onu çox az tanıyan cavan nəsil üçün bu yaş gözlənilməz deyil. Çünki onlar bu ağ saçlı yazıçını o cavan ikən görməyiblər. Amma biz - Aqil Abbasın yaşıdları, yaxud ondan bir az yaşlı, bir azca da cavan həmkarları dostumuzun 40 illik sənət yolunun şahidi olmuşuq". Son dərəcə böyük istedad və məharətlə yazılmış bu lakonik məqalədə görkəmli nasirimizin 40 illik yaradıcılığı yüksək peşəkarlıq və səriştə ilə ümumiləşdirilib. Aşağıdakı mülahizələrə müəyyən bir fikir və ya istək əlavə etməyə ehtiyac duyulmur: "Yazıçı Aqil Abbas əslən Qarabağlıdır... Bunun, əlbəttə, bizim söhbətə dəxli var: Aqil Abbas Zərdabda da, Masallıda da, Ağsuda, Qubada da doğula bilərdi, təbii ki, yenə də bir yazıçı kimi şöhrətlənərdi. Amma o zaman nə "Evləri köndələn yar", nə "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", nə də "Dolu" kimi əsərlər yaranardı. Çünki bu adlarını çəkdiyim əsərlər sırf "Qarabağ şikəstəsi" üzərində köklənib və Aqilin bu əsərlərində Qarabağ koloriti, Qarabağ dərdi və Qarabağa böyük sevgilər öz ifadəsini tapıb və nə qədər subyektiv səslənsə də, qoy deyim: Qarabağ dərdini və Qarabağla bağlı koloriti çox az yazıçı belə doluluqla ifadə edə bilərdi.

Bədii olan, yaşamağa qadir hər bir sözün, mətnin arxasında şəxsiyyət durur. Bu şəxsiyyətlərin varlığıdır ki, ədəbiyyat yaranır və həmin şəxsiyyətlər olmasa, mənəviyyat aləmi də çat verər. Aqil Abbas da müasir ədəbiyyatımızda belə şəxsiyyətlərdən biridir. Bu gün çox mürəkkəb və təzadlı bir zəmanədə - Azərbaycan cəmiyyətində Aqil Abbasın öz yeri və mövqeyi var. O, ədəbiyyata yetmişinci illərin əvvəllərində gəlib, indi bu nəslin bir çox nümayəndələri nəsrdə, poeziyada aparıcı şəxslərdir".

Vaqif Yusifli "Ağ saçların hekayəti" məqaləsində təkcə tanınmış yazıçımızın özünəməxsus bədii dünyasını açmaq, kəşf etmək və səciyyələndirməklə kifayətlənmir, eyni zamanda, onun çağdaş Azərbaycan ədəbiyyatı tarixindəki yerini və mövqeyini də təyin etməyə müvəffəq olur: "Öncə qeyd etdik ki, Aqilin yazılarında Qarabağ koloriti çox güclüdür (dil faktorundan tutmuş adət-ənənələrin təsvirinə qədər), amma bu məhdud məhəlləçilik səviyyəsinə enmir. O, Qarabağı bütün tarixi keçmişi və müasirliyi ilə azərbaycanlaşdıran yazıçıdır. Bəli, Aqili Qarabağsız təsəvvür etmək mümkün deyil və 90-cı illərin o ağır günlərində Aqili Bakıda yox, cəbhə bölgələrində, Qarabağın kəndlərində, döyüşçülər və yaralılar arasında axtarıb tapa bilərdin. Aqil Abbas "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz", "Dolu" və "Allahı qatil edənlər" kimi ədəbiyyat tariximizdə yaşaya biləcək əsərlərin müəllifidir və mən deyərdim ki, yazıçı Aqil Abbasın sənət tərcümeyi-halının ən şərəfli, ən qürurlu məqamları elə bu əsərlərlə bağlıdır".

Bu məqalənin epiloqu - son akkordları da alimin elmi-estetik niyyətini və konsepsiyasını açmağa, aydınlaşdırmağa xidmət edir: "Altmış yaş. Qırx il əvvəl qapqara saçlı Aqil Məhəmməd oğlu Abbasov indi saçları ağappaq Aqil Abbas görkəmindədir. Qırx ilə əvvəl ilk şeirləri, hekayələri ilə redaksiyaların qapısına utana-utana, sıxıla-sıxıla gəlib çıxan Aqil indi özü nüfuzlu bir qəzetin təsisçisidir və istedadlı cavanlara qayğısını əsirgəmir. Qırx il, otuz il əvvəl Aqilin gəzib - dolaşdığı mühit ancaq özü yaşda cavan ədiblərin mühiti idi. Amma həyat yolunu ağılla, səbrlə, təmkinlə keçən Aqil Abbas xalqın sevimlisinə çevrildi, müstəqillik dövrünün fəal ziyalılarından biri kimi diqqəti cəlb etdi və indi onun Milli Məclisdə bir deputat kimi fəaliyyəti tamamilə qanuni və ədalətlidir. Bu ağsaçlı ədibə can sağlığı, könül xoşluğu və yeni yaradıcılıq uğurları arzulayaq!"

Vaqif Yusiflinin 65 yaşı! Ömrün və yaradıcılıq yolunun kamillik zirvəsi!

Əgər biz bu zirvədən keçən illərə və yollara nəzər salsaq böyük zəhmətlərin və uğurların bir-birini əvəz etdiyini görərik. Təsadüfi deyil ki, görkəmli alim filologiya elmləri doktoru Vaqif Yusifli son illərdə nəşr etdirdiyi fundamental kitablarında məhz illərin və yolların yaddaşını (Poeziyanın illəri və yolları, Bakı, 2009) və əlahəzrət zamanın poeziyadakı izlərini (Poeziya və Zaman, Bakı, 2012) açıb göstərməyə çalışıb.

Vaqif Yusiflinin həyat və yaradıcılıq yolunu bir neçə kəlmə ilə ümumiləşdirmək zərurəti doğulsaydı, mən bu həyat yolunu "Mübarizlik və cəsurluq" örnəyi adlandırardım. Bir də söz sənətinə sonsuz sevgi və sədaqət nümunəsi deyərdim.

Dahi rus yazıçısı Anton Pavloviç Çexov öz məşhur hekayələrinin birinin qəhrəmanını "istedadlı insan" adlandırır. Mənə elə gəlir ki, tənqidçi dostum və həmkarım Vaqif Yusifli məhz böyük hərflərlə yazılan İstedadlı İnsandır. Bu istedadlı insanın yorulmaz və mübariz qəlbi Azərbaycan ədəbiyyatını yeni bir əfsanə ilə zənginləşdirməkdədir. Bu isə Azərbaycan bədii sözünü sevmək və sevdirmək eşqi ilə yaşayan zəhmətkeş bir insanın, mərd və mətanətli bir qələm sahibinin yaratdığı əfsanədir.

Bizcə, prof. Tahirə Məmmədin aşağıdakı mülahizələri son dərəcə istedadlı və zəhmətkeş ədəbiyyatşünas alimin həyat və yaradıcılıq yolunu təsəvvürlərdə daha aydın canlandırır: "Bu ədəbiyyat, poeziya vurğununun yolu çoxdan başlayıb, sözü ilə görüşdüklərinin, hardasa, elə özü ilə də görüşüb, hərəsindən bir ərməğan alıb və onu sərgiləyərək gəzir. Vaqif müəllimin yaddaş xəzinəsində Füzulinin, Nişat Şirvaninin, Seyid Əzimin, Səməd Mənsurun, Əliağa Vahidin söz inciləri var. O, bu şairlərin şeirlərinin vurğunudur, onları təhlil etməkdən çox əzbərdən söyləməyi sevir. Bəzən yol gedə-gedə hissə qapılıb həmin şeirləri öz-özünə dediyi də kənardan müşahidə olunur. Klassik poeziyaya heyranlığı onu müasir ədəbiyyatdan ayırmır. Beynində, ruhunda onları qarşılaşdırır və "yol"da kimlərin sıralandığını müəyyənləşdirməyə çalışır. O, bəzən elə şairlərdən, hekayə müəlliflərindən söz açır ki, onlar özlərini ədəbi ictimaiyyətdə tanıtmağa və təsdiqləməyə çətinlik çəkirlər. Lakin prosesi bütöv təqdim etməyə çalışan V.Yusifli öz palitrasından onlara aid rənglərə də yer ayırır".

Azərbaycanın bədii sözünü ürəkdən sevən və öz sevgisini könüllərə paylaşmaqdan yorulmayan zəhmətkeş alimə can sağlığı və uzun ömür arzulayırıq.

 

 

Yaşar Qasımbəyli,

Professor

 

Ədalət.-2013.-30 aprel.-S.7.