Şahların Nadiri

 

Flora XƏLİLZADƏ

 

Sovet dövründə görkəmli şəxsiyyətlərdən, din xadimlərindən, sərkərdələrdən, şahlardan, xanlardan müsbət ruhlu əsərlər yazmaq, onların işini tərənnüm etmək mümkün deyildi. İcazə verilmiş qəhrəmanlıqlar var idi. Bu qəhrəmanlar da adətən xanlara, bəylərə qarşı döyüşərdilər. Dövrün diktəsi, quruluşun təzyiqi, xüsusilə də ötən əsrin 30-cu illərindən başlayaraq Birinci Dünya Müharibəsinə qədər ölkəmizi bürümüş repressiyalar, millətimizin say-seçmə övladlarının həbsi, qətli, Sibirin qarlı düzlərinə sürgünü adamların canına vahimə salmışdı. Bu qara tufandan qurtulanların da, sonradan ədəbiyyata gələnlərin də gözü qorxmuşdu.

Açığı, ədiblərimiz elə tarixi hadisələri bədii ədəbiyyata gətirirdilər ki, bunlar bir növ "yumşaq" mövzular idi. Klassiklərimiz də zamanın ələyindən keçirilərək oxuculara təqdim edilirdi. Əsasən də dinsiz, kasıb, yazıq, necə deyərlər, əsl sovet prizmasının baxış bucağı altında. Bəlkə də ona görə o zamanlar bizə - mütaliyəni çox sevənlərə xarici ölkə ədəbiyyatı daha maraqlı gəlirdi. Çünki bir azadlıq, sərbəstlik, həyat reallıqlarının olduğu kimi əksi vardı o kitablarda. Halbuki Nizami Gəncəvinin "Xəmsə"si dövrünün bədii ensiklopediyası idi. İstər orta, istər ali məktəblərdə bu dahilərlə bağlı dərslər o qədər maraqsız qurulurdu ki, bizdə klassiklərimizi mükəmməl oxumağa həvəs olmurdu. Allahsız kimi təqdim edilən İmadəddin Nəsimi, əslində, şeyx idi. Məhəmməd Füzulinin peyğəmbərimizlə bağlı əsərindən söz açılmazdı. Cəfər Cabbarlının, Hüseyn Cavidin üzləşdikləri çətinlik və talesizlik məlumdur. Doğrudur, Məmməd Səid Ordubadi, Əyyub Abbasov, Mirzə İbrahimov, Əzizə Cəfərzadə, İlyas Əfəndiyev tarixi romanlar yazdılar. Bir qədər ehtiyatla, bununla bərabər, həm də çalışdılar ki, təhrifə yol verməsinlər. Bir tərəfdən də zamanın təndirinə düşməsinlər. Bəzi həqiqətləri söyləyə bilməyəndə də o hadisənin üstündən sükutla keçdilər, amma yalan yazmadılar. Bu səbəbdən də onların əsərləri əbədiyaşarlıq qazandı. Zamanın sınağından üzüağ çıxdı. Ötən əsrin 60-cı illərindən sonra isə ədəbiyyatımızın əsl himayədarı Heydər Əliyev bax bu ədibləri hər cür hədəfdən qorudu. Bəxtiyar Vahabzadə "Gülüstan" poemasına görə həbs edilə bilərdi, amma ümummilli liderin sayəsində o təqiblərdən qurtuldu. İlyas Əfəndiyevin "Natəvan" pyesinin ilk tamaşası indiyədək yadımdadır. Natəvan - xalq artisti Amaliya Pənahova üzünü salona tutaraq "Mənim ən böyük arzum Azərbaycanı azad və müstəqil görməkdir" harayı bizi həm titrətdi, həm də həyəcanlandırdı. Müəllifin aqibəti necə olacaqdı? Sovet dövründə belə fikir söyləmək olardı? Xoşbəxtlikdən Heydər Əliyev salonda - tamaşaçıların arasında idi. Tamaşa bitdikdən sonra pərdə arxasına keçərək yaradıcı heyəti təbrik etdi. İsmayıl Şıxlının "Dəli Kür"ü ilk dəfə bir sıra buxovları dağıtdı. Fərman Kərimzadənin yaratdığı Kərbalayı İsmayıl obrazı qəlblərə yol tapdı. Halbuki o, mənfi surət kimi verilmişdi. Amma xalq artisti Adil İsgəndərov müəllifin ideyalarını, arzularını həssaslıqla öz yaradıcılıq sügəcindən keçirib onu elə tərzdə təqdim etmişdi ki, nə etiraz mümkün idi, nə də etiraf. Sovet dövründə bədii əsərlərdə tarixi şəxsiyyətin, məsələn, İbrahim xanın sinəsindən bit yeriməli, özüsaray təlxəyi tərəfindən lağa qoyulmalı idi. Əmir Teymurdan dram yazdığına görə Hüseyn Cavidi "xalq düşməni" adlandıraraq ona "sən şahların, sultanların sinisini yaladın" çamırı atanlar da vardı. Zaman hər kəsin qiymətini verdi. Kimin əsl sənətkar, kimin də mədhiyyəçi olduğu üzə çıxdı. Ermənilərin fitvası ilə əli minlərlə azərbaycanlının qanına batan Stalinə "ellər atası" deyənlərin yalanı faş oldu.

Tarixi şəxsiyyətlər haqqında bədii əsər yazmaq məqbul və təqdirəlayiqdir. Çünki millət özünün böyük övladlarını mütləq olduğu kimi tanımalıdır. Yazıçı Hüseynbala Mirələmovun "Sonuncu fateh" romanını oxuyarkən qəribə hisslər keçirdim. Nəhayət, azadlıq və müstəqilliyin işığında biz dünyaca məşhur sərkərdələrimizin, dövlət başçılarımızın, azadlıq aşiqlərimizin, hürriyyət sahiblərinin həyat yolu haqqında bilmədiklərimizdən xəbər tutacağıq.

XVIII əsrdə yaşamış dünyanın ən görkəmli sərkərdələrindən biri olan, Orta Şərqin və Asiyanın sonuncu fatehi Nadir şah Əfşara həsr olunmuş bu romanda Nadir şahın həyatı və şəxsiyyəti haqqında maraqlı məqamlar diqqət çəkir. Ötən əsrin ortalarından mətbuat səhifələrində kiçik hekayələri və məqalələri çap edilən müəllifin bu mövzuya müraciəti təsadüfi deyil. Bu tarixi romanını oxuculara təqdim edənə qədər Hüseynbala Mirələmov bir yazıçı kimi "Xəcalət", "Cəza" povestləri, "Gəlinlik paltarı", "Dağlarda atılan güllə" romanları ilə özünü tanıda bilmişdi. Müəllifin Azərbaycan teatrlarında səhnə həyatı yaşayan pyesləri də tamaşaçıların marağına səbəb olmuşdu. Yaradıcılığının bu uğurlarına görə onun tarixi mövzuda əsər yazması əslində təbiidir. Çox təəssüf ki, tarixi şəxsiyyətlər haqqında uzun illər səhv və yanlış məlumatlar verilib. Şahları qaniçən, ölkələri talan edən, mənfi bir obraz kimi beyinlərə yeridiblər. Tarixi faktlar isə başqa sözlər deyib.

Müəllifin həyatına işıq saldığı baş qəhrəman - Nadir şah haqqında biz ilk dəfə görkəmli yazıçı və ictimai xadim Nəriman Nərimanovun "Nadir şah" əsərindən xəbər tutmuşuq. Əlbəttə, bir pyesin çərçivəsinə sığacaq dərəcədə Nəriman Nərimanov Nadir obrazını yaratmağa nail olub. Bir məsələ də var ki, burada Nadir şahlıqdan çox müxtəlif ölkələrə hücum edib, qətllə, qarətlə məşğul olan bir çapqınçı kimi təsvir edilib. Faciəsi də qohumları tərəfindən sui-qəsd nəticəsində baş verməsi göstərilir. Azərbaycan ədəbiyyatında ilk tarixi faciə janrında yazılmış bu qiymətli əsərdə təbii ki, Nadir şahın obrazı tam bitkindolğun əks oluna bilməzdi. Baxmayaraq ki, Nəriman Nərimanov qüdrətli qələm sahibi idi. Əsərin əsas qayəsi istismara, mütləqqiyyətə qarşı  mübarizə ruhundan qidalanmışdı. Halbuki Nadir şah həm də böyük arzularla, amallarla yaşayan, bütün müsəlman dövlətlərinin birliyinə çalışan, dini ayrı-seçkiliyə, məzhəb ayrılığına son qoyan bir tarixi şəxsiyyət olub.

"Sonuncu fateh" trilogiyadan ibarətdir. Burada bir iradımı da bildirim ki, dilimizə uyğun olaraq "üçlük" də deyə bilərik. Çətini başlamaqdı. Birinci kitabda əsasən qəhrəmanın uşaqlıq illərinə, arzularına, ailəsinə, keçdiyi həyat yoluna nəzər salınıb. Yaşıdlarından seçilən Nadirin ürəyinin yumşaqlığı, düşüncəsi onu hamıdan fərqləndirir. Bəzən də yaşından böyük fikirlər söyləməsi, xəyallara düşməsi, ətrafdakılara gülməli görünsə də, təəccüblü gəlsə də, gələcək təsdiqlədi ki, həqiqətən də insan olumdan ölümə doğru gedir. Yəni insan necə doğulursa, xarakterin nədirsə, sonadək də elə qalır. Romanda oxuyuruq: "Yaşca ondan böyük oğlanlar da onun başına yığışardılar və heç kimin onun bir sözünü iki eləməyə cürəti çatmazdı. Əksinə, kənddə dirədöymə, çilinağac, əlməndə oyunları zamanı hamı çalışardı ki, onun dəstəsində olsun. Öz çevikliyi ilə hamını valeh edərdi". Bax, elə bu cəsarətin və fərqlənməyi bacarmaq qabiliyyətinin nəticəsidir ki, on iki yaşlı Nadir itlərin köməyi ilə ilxını uçuruma tökülməkdən xilas etdibu əhvalat da ildırım sürətilə hər yana yayıldı. Xorasan əhli Nadirin hünərindən, qeyri-adi şücaətindən danışdı. Bu söz-söhbətin içində sehrbaz Həsənəlinin bir fikri hamını xeyli düşündürdü. O, üzünü Nadirin atasına tutaraq dedi: "Sənin bu oğluna cəmi Xorasan azlıq edəcək". Bu hadisədən bir qədər öncə isə Nadir uca qayanın başında üzünü dağlara tutaraq qışqırmışdı: "Mən şah olacağam". Onun bu kəlməsi əks-səda vermişdi. Təbiətlə insan duyğularının ünsiyyətindən yaranan bu uzaqgörənlik sonralar gerçəkliyə çevrildi. Atası dünyasını dəyişəndən sonra anası Gövhərbəyim balalarını başına yığaraq onları böyütmək arzusu ilə çırpınırdı. Təəssüf ki, onların bu dinc həyatı uzun sürmür. Özbək talançıları tərəfindən qul kimi əsir götürülərək Buxaraya aparılan Nadirgilin ailəsi və qonşuları çox əzablı, keşməkeşli həyat sürüblər. Təbəiətən fərasətli, hər ağır vəziyyətdən çıxış yolu tapmağı bacaran Nadir uzun illərdən sonra əsirlikdən qaça bilib. Özü ilə qardaşını və dostunu da aparıb.

Sonrakı iki kitabda Nadir şahın ömür yolu oxucunun diqqətini çəkir. Fərasəti, qorxmazlığı, igidliyi sayəsində əvvəlcə bəy adını, sonra xan taxtını, nəhayət, şah tacını qazanır. Bütün bunlarla bərabər Nadir şah qılınc çəkən, orduya başçılıq edən, düşmən üzərinə qorxmadan gedən görkəmli sərkərdədir.

Kitabda oxuyuruq: "Qədirqulu kişi Nadir xanın sərkərdələrinə qürurla baxıb dedi: "Hə, qoçaqlar, mən ona uşaq çağından yaxşı bələdəm, Allah qoy onu ən böyük amalına qovuşdursun". Nadir şahın amalı Müsəlman Dövlətlərinin Birliyi yaratmaqonun rəhbəri olmaq idi. Amma o, bu arzusuna təəssüf ki, qovuşmadı. Müxtəlif ölkələrlə apardığı müharibələr, talançılarla tez-tez üzləşməsi, daxili çəkişmələr, özünün ciddi səhvlərə yol verməsi və nəhayət, yaxınlarının xəyanəti onu bu arzusuna qovuşdura bilmədi.

İyirmi iki yaşında ilk dəfə qılınc çalıb vətəni Xorasanı və ətrafını quldurlardan, yolkəsənlərdən təmizləməyi bacaran, cəsarəti, sərkərdə və döyüşçü kimi şəxsi fədakarlığı ilə o dövrdə qüdrətli bir dövlət olan Rusiyanın gözünün odunu ala bilmişdi. "Rusiya I Pyotrun dövründə on minlərlə əsgərinin həyatı bahasına zəbt etdiyi Səfəvi dövlətinin şimal torpaqlarını geri qaytarmağa məcbur olmuşdu". Bax, elə bu qüdrətin sayəsində də Nadir şah hara üz tutsaydı, onun pişvazına çıxar, gəlişini xoş üzlə qarşılayardılar. 48 yaşlı Nadirin şahlıq taxtına qalxması, taca yiyələnməsi məhz onun sərkərdə qüdrətinin, idarəetmə qabiliyyətinin, bir sözlə, şücaətinin nəticəsi idi. Romanın müxtəlif fəsillərində, Nadirin öz etiraflarında, dilində tez-tez özünün türk oğlu olduğu dilə gətirilir. Nadir şahın təbirincə, tac başa yaraşıq gətirə bilər. Başın gözəlliyi ağıldadır. Etdiyi hərbi yürüşlərdə də, ordunun müəyyən təminatı, təchizatı məsələlərində də, döyüş meydanlarında sınaqdan çıxmasında da Nadir həmişə orduya, silahdaşlarına şəxsi qəhrəmanlıq nümunəsi göstərərək onları öz fatehlərinin ardınca gəlmələrini qəlbin, ürəyin əmri kimi səfərbər edirdi. Nadir şahın sorağı təkcə Xorasandan, İsfahandan, Təbrizdən, Buxaradan, Hindistandan, Əfqanıstandan gəlmirdi. Bütöv Azərbaycan - Dərbənd, Şirvan, Naxçıvan, İrəvang öz qapılarını bu igidin üzünə açmışdı. Elə şahlıq tacını da başına Azərbaycanda qoymuşdu Nadir şah. Dövrünün salnaməçiləri onu Əmir Teymurla müqayisə edirdilər. Kitabda da müəllif bu fikri belə qələmə alıb: "Nadir xan Əfşar fələk oğlu fələkzadədir. O, bütün hərəkət və davranışları ilə Əmir Teymuru yamsılayır. Ordusunda bizə qarşı vuruşan əsgərlər isə yalnız Azərbaycan türkləri deyilg Əgər o, müxtəlif tayfalardan olan bir orduya yaxşı başçılıq edirsə, demək, dövləti idarə edə bilər. Əmir Teymur islam bayrağı altında vuruşurdu, NadirŞah İsmayıl Səfəvinin sahib olduğu torpaqlar uğrundag" Bu, tarixi bir faktdır ki, Nadir şah Əmir Teymurun Səmərqənddə türbədəki məzarından sinə daşını aparıbmış. Hətta onu özünün yaşadığı yerdə torpağa basdırıbmış. Müharibələrin ara verməməsi, tez-tez məğlubiyyətlərlə, xoşagəlməz hadisələrlə üzləşməsi onun həmin daşı Səmərqəndə aparıb öz yerinə qoymasını məcbur etmişdi. (Bu məzarla bağlı çox sonralar film də çəkilib. Stalin dövründə yenidən Əmir Teymurun uyğusu dağıdılıb, qəbri açılıb, nəticədə də 1941-ci ilin müharibəsi baş verdi. Hər halda deyilənlərlə baş verənlər arasında əlaqənin olması İlahinin öz diktəsidir! - F.X.)

Nadir şahın işlətdiyi bir fikir atalar sözü qədər müdrikdüşündürücüdür: "Mən xaqan deyiləm ki, xalqa himayədarlıq edim, Allah deyiləm ki, rəhmli, mərhəmətli olum, peyğəmbər deyiləm ki, xilas yolunu göstərim. Mən böyük Qüdrət sahibinin qəzəbli çağında yaratdığı adi adamam ki, bu günahkar dünyanı gəzib dolaşıram". Nadir şahın ayağı dəyən yerlərdə qan da tökülüb, çiçək də açıb, evlər də yıxılıb, ellər də sevinib. Sərkərdəlik qansız-qadasız olmur. Müharibələr sülh də gətirib, talan da. Bu, tamam başqa söhbətin mövzusudur ki, haqlı və haqsız kimdir?! Hər halda Nadir şahın həyatına, mübarizəsinə, məramına bələdləşdikcə onun, sözün həqiqi mənasında, örnək bir sərkərdə olduğunu etiraf etmək gərəkdir.

Hüseynbala Mirələmovun yazıçı kimi xoşa gələn cəhətlərdən biribudur ki, o, qəhrəmanının daxili aləmini, mənəviyyatını, ağlını oxucuya dürüst çatdırmaq üçün onun dilindən çox maraqlı, müdrik ifadələr işlədir. Kitabın bir yerində dostu Əmirqulunu öz doğulduğu yerə yox, tamam yad bir məmləkətə qazi təyin edir. Dostu buna etiraz edəndə Nadir şah çox maraqlı bir ifadə işlədir: "Əmirqulu, öz vətənində heç kim peyğəmbər olmur".

Müəllif qəhrəmanının obrazını rəğbətlə yaradıb. Öz əyanları, yaxınları, gözətçiləri - bir sözlə, inandığı şəxslər tərəfindən qətlə yetirilən Nadir şah ölümün bir saniyəliyində də özünü məğrur aparıb. Ona tuşlanan qılıncın qarşısında başını belə əyməyib.

Kitabın təsirli məqamları çoxdur. Bunlardan biri Nadir şahı dəlicəsinə sevən, onun əsirlikdən qurtulmasında köməyi olan özbək qızı Zöhrənin ağlını itirməsi, ölüm səhnəsidir. Yaxud, Nadirin anasının nəşini Buxaradan Xorasana gətirərkən qəbir üstündə qara paltarlı qadının - Zöhrənin vəfasından dəhşətə gəlməsi. Ona edilən sui-qəsdə görə oğlundan şübhələnərək Rzaqulunun gözlərini çıxartması, sonra da bu hadisə ilə bağlı sarsıntı keçirməsi. Dəhşətli məqamlardır, amma şah üsul-idarəsinə xas olan cəhətlərdir.

O, öz nəvəsinin adını Şahruh qoymuşdu. Nadir şah özündən 300 il əvvəl yaşamış Əmir Teymurun üçüncü oğlunun ismini seçmişdi. İş elə gətirib ki, Nadir şah qətlə yetiriləndə onun bütün övladlarını, hərəmxanasını, nəvələrini qətlə yetirirlər. Amma Şahruh təsadüfən sağ qalır. Həm ata, həm də tərəfdən şah nəvəsi olan Şahruh taxta sahib olur. Lakin Xorasan əmirləri birləşib Şahruhu taxtdan salırlar. Düşmənlər hətta onun gözlərini də çıxarırlar. Lakin bir qədər sonra həyat yoldaşı bəyan edir ki, yalandır, Şahruhun gözləri çıxarılmayıb. Şahruh yenə də taxt-tac sahibi olur. Amma tərəfdarları çox peşmançılıq çəkirlər. Çünki Şahruhun arvadı yalan söyləmişdi. Şah kor idi və çəkilən ahların ahəngində bu fikir tez-tez qanadlanırdı: "Dəxi görməz cahan əhli Nadiri şah Əfşarı dünyadag"

Müəllif zamanın olaylarına güzgü tutaraq yazır: "Nadir şahın ölümündən sonra Azərbaycan xanlıqlara parçalandı, Azərbaycanda və İranda şahlıq tacı uğrunda çoxlu savaşlar oldu, qanlar töküldü, taxta çıxan da oldu, taxtdan yenən də! Amma onların heç birinin hökmranlığını Nadir şahın hökmranlığı ilə müqayisə etmək olmazdı".

Belə bir tarixi fakt da məlumdur ki, Ağa Məhəmməd şah Qacar Nadir şahın nəşini Məşəddəki sərdabədən çıxarıb Tehrana apardı - öz sarayının astanasında basdırdı ki, hər dəfə içəri girib-çıxanda ayaqları altında qalıb tapdansın. Müəllif bunun da səbəbini belə açıqlayır: "Bununla o, babası Fətəli xan Qacarın intiqamını aldığını düşündü". Amma təkcə tarix təkrarlanmır, talelərin də eyniliyi var. Ağa Məhəmməd şah Qacarın da başı Qarabağda gözətçiləri tərəfindən kəsildig

Romanın "Hiyləgər tacir" adlı bölümündə maraqlı bir əhvalat nəql edilir. Oğru xislətini bütün zamanlarda göstərən erməni taciri Lazar ağlayıb sızlayaraq Nadir şahın saqqızını oğurlayır. Qanlı döyüşlərdə səhvə yol verməyən, qılınc çalanda gözündən tük belə qaçırmayan Nadir şah Kəlat qalasındakı xəzinəni erməni Lazara etibar edir: "Lazar xəzinə üstündə oturmuş əjdahaya bənzəyirdi". Fürsət gəzirdi ki, xəzinəni talayıb aradan çıxsın. Belə bir girəvə tapan kimi qaraladığı daş-qaşı, almazı, ləl-cəvahiratı yığışdıraraq hiyləgərcəsinə aradan çıxır. Özünü Eçmiədzin monastrına çatdırır. Katolikosla birlikdə Sankt-Peterburqa yollanır ki, cəvahiratın müəyyən hissəsini I Pyotrun qızı imperatriça Yelizaveta Petrovnaya bağışlasın. Məqsədi də bu olur ki, "Qafqazda erməni çarlığı yaratmaq arzusuna yardım edəcəyəm". Əsərdə belə bir hadisənin verilməsi, əlbəttə, yazıçının fərziyyəsi və uydurması deyildi. Müəllif Nadir şahla bağlı verdiyi hər bir məlumatı etibarlı mənbələrdən, tarixi sənədlərdən əldə edib. Eyni zamanda Hüseynbala Mirələmov bir yazıçı kimi təbiət mənzərələrini, qəhrəmanının daxili aləmini açmaq üçün mənəvi mükalimələri öz fantaziyası , yazıçı təxəyyülü ilə yaza bilər, amma tarixi hadisələri, faktları olduğu kimi - sadəcə bədii süzgəcdən keçirərək oxucusuna çatdırır. XVIII əsrdə baş vermiş bu hadisə XX əsrin sonunda olduğu kimi təkrarlanıb. Ermənilər M.S.Qorbaçovun arvadı Raisa Qorbaçovaya qiymətli üzük bağışlamışdılar ki, Dağlıq Qarabağı onlara hədiyyə etsin. Təkcə tarixi hadisələr deyil, talelər də təkrarlanır.

Tarixi mövzuda, tarixi şəxsiyyət haqqında kitab yazmaq həm çətindir, həm də şərəflidir. Çətindir ona görə ki sən mütləq tarixi mənbələrə istinad etməli, qəhrəmanının dövrünü, zamanını dərindən bilməli, onu təqdim edərkən oxucunu inandırmağı bacarmalısan. Əlbəttə, istedadın varsa, sən bu işin öhdəsindən mütləq gələcəksən! Kitabı maraqla oxudum. Üç kitabdan ibarət olan romanın dili çox aydın, səlis və rahatdır. Tarixiliklə bədiiliyin qovşması nəticəsində ortaya olduqca maraqlı bir əsər qoyulub. Bu, sadəcə bədii ədəbiyyat nümunəsi də deyil, həm də tarixi bir şəxsiyyət haqqında olduqca sanballı, mükəmməl, bitkin bir əsərdir. Məhz belə əsərlərin, nəhayət, yazılması tarixi gerçəkliyə qayıdışdır. Bu qayıdışın güzgüsündə biz qəhrəmanlarımızı, sərkərdələrimizi, onların həyat yolunu, mübarizəsini, yürüşünü, döyüşünü görürük. Bizi XVIII əsrin möhtəşəm bir sərkərdəsinin həyat yoluna qaytaran müəllifə minnətdarlığımızı bildiririk.

Bu yerdə akademik Bəkir Nəbiyevə də Allah rəhmət eləsin, deyirik. Görkəmli tənqidçimiz kitaba müfəssəl və mündəricəli bir ön söz yazıb. Ədəbi prosesə, yeni yaranan əsərlərə həmişə öz diqqətini, tənqidçi mövqeyini bildirən Bəkir Nəbiyev çox ciddi və mükəmməl bir ədəbiyyatşünas alim, tənqidçi və yaradıcı şəxsiyyət idi. O, hər bədii əsərə, yeni çap olunmuş kitaba mütləq tərif yazmazdı. Bu mənada Bəkir Nəbiyevin Hüseynbala Mirələmovun kitabı və ümumən yaradıcılığı haqqında xoş söz deməsi, münasibətini səlis bildirməsi, əsəri təhlil süzgəcindən hərtərəfli keçirməsi çox mətləbdən xəbər verir. Deməli, ədəbiyyatımızda, bədii nəsrimizin inkişafında bu imzanın, bu müəllifin öz yeri var. Başqa cür düşünməyə lüzum yoxdur.

 

 

Ədalət.-2013.-27 fevral.-S.6