QORİDƏN GƏLƏN QATAR

 

Firudin bəy Köçərli – 150

 

 (əvvəli ötən sayımızda)

 

 - Onda belə eləyək, - deyib Firudun bəy oturduğu yerdən durdu. Qatar Poyluda dayanan kimi, sən bir minik tapıb özünü Qazağa yetir, əhvalatı Mənsur ağaya danış. Mən inanmıram, düşən kimi Gəncə ilə əlaqə saxlaya bilək. Şamxorda deyirlər "Zəkat" yığan türk əsgərləri ilə möhkəm vuruşma gedir. Hətta dəmiryolu belə dağılıb, yəqin ki, telefon xətti də sıradan çıxıb. Mən də çalışaram bunlarla çox mübahisə edib, başlarını qatım.

Qatar fısıldayıb Poyluda dayandı. Firudun bəy perrona çıxanda, gürcü zabitlərinin vağzal rəisini axtardığını gördü. Sağ tərəfdə meşin qapıya vurulmuş "Vağzal rəisi" yazısının yanında dayandı. Zabitin göndərdiyi kəndli ucaboy, enlikürək bir cavanla gəlirdi. Bu, vağzal rəisi idi. Hələ uzaqdan Firudun bəyə təfərrüncə baxa-baxa gələn rəis yaxınlaşanda addımlarını yeyinlətdi. Xoş və utancaq bir təbəssümlə:

- Salam, xoş gəlmisiniz, Firudun bəy, - dedi, - bizim obaya. - Bir-bir qonaqlarla da görüşüb yenidən üzün Firudun bəyə tutdu. - Deyəsən, tanımadınız. Salahlı Şərif ağanın oğluyam. Ötən il atamla Tiflisdə olanda sizi Müşti Mirzə Hüseyn əfəndinin evində görmüşdüm.

Fikri dağınıq Firudun bəy yarısevinc, yarıkədərlə:

- Aha, xoş gördük, oğul, bağışla, bir az vəziyyət. Qatarımız gecikdi. - O, gürcü zabitini və əsgərləri göstərdi. - Bunlar saxlanışdırlar. Mən Qori seminariyasının Azərbaycan şöbəsini Yevlaxa, oradan da Ağdama aparmalıyam. Bunlar icazə vermirlər ki, Gürcüstan menşevik hökumətinin rəsmi icazəsi yoxdur. Əslində, oğul, - deyə o, bir az duruxdu, pencəyinin yaxalığını düzəldib, - onu soruşdum, telefonun işləyirmi?.. Gəlmişik sənin telefonunla zəng vurub Gəncə qubernatoru ilə Gürcüstan menşevik hökumətinin rəsmi danışığı olduğunu bunlara deyək. Yoxsa...g

Rəis üzünü gürcü zabitinə tutub:

- Siz hansı ixtiyarla dövləin bu boyda qatarını saxlamısınız? Bilirsinizmi, hər vaqonun bir neçə dəqiqə dayanması nə qədər xərcə başa gəlir? Ən başlıcası yollarda cədvəl pozulur, bütün qəzalar da bundan törəyir. Yəqin ki, bizim dəmiryolunun nizam-intizamının sizin hərbi qayda-qanundan heç də geri qalmadığını yaxşı bilirsiniz?

- Naçalnik, bizim ixtiyarımız var. Özü də o vaqonu geri aparacağıq, - deyib zabit ortadakı vaqonlardan birinə tərəf əl uzatdı.

- Qatar geri qayıda bilməz, onu qaytarmağa heç kəs cəsarət edə bilməz, - deyə zabitə mülayimliklə bildirdi. Yanında dayanan stansiya növbətçisinə: - Qatarı yola salın getsin, - dedi. O, mübahisəli vaqonu isə açıb kənarda saxlayın. Məsələ həll olunandan sonra yola salarıq.

- Yaxşı, biz zəng eləməyə gəlmişik. Əgər Gəncə qubernatoru desə ki, rəsmi icazəsi var, onda qoy teleqram göndərsin. Biz də çıxıb gedək. Mən - Gürcüstan menşevik hökmətinin nümayəndəsi ştabs-kapitan Xelaşvili bu məsələni həll eləməmiş qayıdan deyiləm. Özbaşıma gəlməmişəm ki, məni hökumət göndərib. Seminariya ləvazimatı ilə dolu oan oğurluq vaqonu geri qaytarmalıyam.

Rəis dəstəyə əl atıb:

- Bu saat, - dedi. - Allo, Gəncə qubernatorunu... Necə, gözləməyək? Nə vaxta kimi, xanım qız? Bir saat... Bu çox gec olar, mümkünsə, burada çox vacib...g

Rəis dəstəyi yerə qoydu. Üzünü qonaqlara tutub dedi ki, Şamxorda vəziyyət çox ciddiləşib, - deyirlər. Qubernator dünəndən oraya gedib, bu günə bəlkə də qayıtdı. Hələlik bir stəkan çay içək, bir azdan yenə zəng edərik.

Firudun bəy narahatçılıq keçirirdi. Az qala danışığını belə itirmişdi. Fikri-zikri Badisəbanın yanında idi. Özlüyündə Qazağın, Salahlının yollarını ölçüb-biçirdi. "Kaş Mənsur ağanı evdə tapa biləydi".

- Oğul, heç soruşmadım, atan necədir, sağ-salamatdırmı?

Sağ olun, Firudin bəy, yaxşıdı, sizinlə görüşünü, söhbətlərini həmişə fəxrlə dost-tanışına nəql edir. Tiflisdə çıxan "Azərbaycan tatarlarının ədəbiyyatı"...

 Kitabınızı gecə-gündüz əlindən yerə qoymur.

Qapı ədəb-ərkanla döyüldü. Kandarda şux geyimli, sərt baxışlı bir bəy dayanmışdı. O, qalın bığına ötəri əl gəzdirib, yarıaçıq qapını zər naxışlı əsası ilə ehmallıca geri itələdi. Rəis dərhal yerindən durdu. Qabağa yeriyib, hörmət və izzətlə:

- Buyurun ağa, keçin içəri, xoş gəlmisiniz.

Əvvəlcə Mənsur ağa, Süleyman ağa, Annaq bəy, Daşsalahlı Məmməd kovxa, Mehdi ağa, Salahlıdakı rus-tatar  məktəbinin müəllimi Əhməd ağa Mustafayev, Qocaoğlu və Qazağın bir neçə adlı-sanlı bəyləri içəri keçdilər.

Mənsur ağa irəli yeriyib gürcü zabitinə əl verdi. Ani olaraq üzbəüz durdular. Birdən qucaqlaşıb öpüşdülər. Zabit geri çəkilib şaşkasını düzəldə-düzəldə?

- Qamarçoba, genasvale - deyib, Mənsur ağanı yenidən qucaqladı. Hal-əhval tutdular.

Mənsur ağa, "Tato necədir, uşaqlar sağ-salamatdılarmı? Bu yay bizim tərəflərə yaylağa gəlmədiniz. Yəqin Məngilisə getmisiniz", - deyə soruşdu.

- Yox, Qocordadı uşaqlar, atam inad elədi ki, bu il uşaqları Qocora aparıb özümün cavanlığım keçən yerləri göstərəcəm. Birdən nə bilmək olar, ölüm-itim dünyasıdır...

- Niko sağdımı, deyəsən Qocora getməklə qocalıq ona əsər eləyib.

- Mənsur ağa, atam çox yaxşı idi, sən ki, bilirsən, Aleksandrın müharibədən qayıtmamağı onun belini əydi, - deyib, - zabit cahan müharibəsində həlak olmuş qardaşı üçün kövrəldi.

- Heyf Aleksandrdan, - deyib Mənsur ağa da dostunun çox gənc ikən həlak olmuş oğluna yanıb-yaxıldı. - Vicdansızlar yenə dinc oturmurlar, dünyanı qan dənizində təzədən çalxalayırlar. Necə ki, belə parçalanmışıq... Hərə bir hökumət qurmaq istəyir, ayrı yaşayırıq, sakit həyatımız da olmayacaq. Onlar başa düşmürlər ki, ağac kökü ilə güclüdür, insan dostları ilə. rusiyada, deyirlər, əməlli-başlı hökumət qurulub. Mən yeni hökumət başçısının - Leninin bu yaxınlarda bir kitabını tapıb oxudum. Balam, onun dediklərinin hamısı xalqın xoş güzəranı naminədir. Mən şəxsən inanıram ki, Rusiyada yeni Şura hökuməti bina tutacaq.

Mənsur ağanın müsavat, daşnaq və menşevik hökumətinə inamsızlığı bir neçə il əvvəl onu qubernator vəzifəsindən azad etmişdi. Qara camaata üzgörənliyi, "cinayətkarlarla" dolu Şəkərin qalasını boşaltması, onları ancaq xırda-para cərimə ilə azadlığa buraxması Mənsur ağanı çar hökuməti yanında etibardan salmışdı. "Çarizm yaltaqlıq edir" sözlərini ilk dəfə  Qazaxda ali bir məclisdə Mənsur ağa işlətmişdi. Ürəyi bununla soyumayan Mənsur ağa: "Ağalar, - demişdi, - mən yaltaq adam görmüşdüm, amma yaltaq hökumət yox, siz özünüz təsəvvür edin, məgər yaltaqlığın da ömrü uzun olurmu? Başını itirən imperator artıq xırda partiyalara, zəif dövlətlərə belə yaltaqlanırdı. Rus dilində səlis danışan və gözəl savadı olan Mənsur ağa Peterburqda, Kiyevdə ali təhsil almışdı. Onun qubernatorluğu dövründə Qazax, Dilican nahiyəsi qaçaqlarla dolu idi. Qarapapaqlı Dəli Ağabəyə, salahlı Qızılqaz oğlu Cahangirə, nöyüt, mazut satmaq adı ilə kəndlərdə inqilabi iş aparan Fərəhli Muxtar Hacıyevə qarşı heç bir mübarizə, heç bir tədbir görülmürdü. Hələ üstəlik Çaylıda, Salahlıda kəndlilər mülkədarların, bəyin üzünə ağ olurdu. Hətta yoxsul, Aslan İsgəndər oğlu Daşsalahlı Məmməd kovxaya qarşı sui-qəsd də eləmişdi. Kəndlərdə polisi, məmuru daşa basır, vergi, töyücü verməkdən imtina edirdilər. Bütün bunlara görə mənsur ağaya "gözün üstə qaşın var" deməzdilər. Ancaq çar hökumətinin ünvanına dediyi söz və çara sadiqliyinin zəifliyini əsas tutub onu vəzifədən azad etdilər.

Mənsur ağa isə vəzifədən çıxarılmağına görə zərrəcə qəmlənmir, əksinə, bu barədə söhbət düşəndə fəxrlə deyirdi:

- El-oba ilə xoş rəftarı olmayan adam  nə atasına, nə də özünə rəhmət qazana bilər. Ulu babam vəkil Alıağaya niyə hər yerindən duran rəhmət oxuyur, çünki elin-obanın hökumətini qazanıb, nifrətini yox. Xalq haqqı tələb edir. Mən onlara qarşı çıxa bilmirəm. Xalq  güclü bir seldi.

Mənsur ağanın gürcü zabiti ilə söhbəti uzun olsa da, oturanlar üçün darıxdırıcı deyildi.

Firudun bəy onların belə səmimi dost çıxmalarına hamıdan çox sevinirdi. Dinmədən sakitcə oturan Firudun bəy ona görə narahatlıq keçirirdi ki, Mənsur ağa niyə əsas mətləbə keçmir. O isə arxayınlıqla çay içə-içə zabitlə keçmişlərdən söhbəti söhbətə, əhvalatı əhvalata calayırdı.

Nəhayət, zabit üzünü rəisə tutub:

- Nə oldu bizim qubernatorla söhbətimiz, biz geriyə nə xəbərlə qayıdacağıq?

Rəis əlini dəstəyə atmaq istəyəndə Mənsur ağa işarə elədi ki, lazım deyil.

- Teymuraz, - dedi, - məsələ mənə məlumdur. Heç bir Gəncə qubernatoru-zad lazım deyil, keçmiş Qazax qubernatoru olanda nə olar ki, yəni indi bizim vəzifəmiz yoxdu, hörmətimiz, sözümüz də alındı?.. - Firudun bəyi göstərib, - bunun xalqımıza elədiyi misilsiz xidmətin heç kəs əvəzini verə bilməz. Sizin mixail Kipianinin, Yakob  Qoqebaşvilinin, Nikolay Lomourinin yandırdığı maarif işığından qığılcımı götürüb bizim xalqın qəlbində, ürəyində yandırmağa aparır. Gəl, bu işi hər şeydən qabaq Firudun bəyə bağışla, - əlini ərklə onun  çiyninə qoydu. - O, həm də bizim kürəkəndi, - deyib gülümsündü. - Mənim əmim qızı Badisəbanın həyat yoldaşıdı.

Zabit başını aşağı salıb düşünürdü. Xeyli sükutdan sonra şəstlə Mənsur ağanın üzünə baxdı.

- Ağa, - dedi, - biz gürcülərdə bir məsəl var, insan paltarını dəyişər, ürəyini yox. Nə olsun ki, vəzifəniz yoxdu, kişiliyiniz, mərdliyiniz bizim kimi dostların ürəyindən silinməz. Mən hər şeyi sizə bağışladım, - deyib dostlarına müraciət etdi. - İndi mənim əvəzimdə siz olun, lütfən deyin görüm, nə edərdiniz?

Hər üçü əvvəlcə çiyinlərini çəkdi. Mənsur ağa ilə yanaşı oturan gənc poruçik isə:

- Əlbəttə, - dedi, - dostluğa bağışlardım.

İçəri ortaboylu, şişpapaqlı bir kəndli girdi. Mənsur ağa dərhal:

- Nə olub, - dedi, orada boş fayton qaldımı, qonaqları bizə aparmağa?

Kəndli yazıq-yazıq:

- Yox, - dedi, - ağa, hamısını yüklədik, boşu qalmadı. İcazə versəniz...

Rəis:

- Lazım deyil, - dedi, - axtarma, Mənsur ağa, bizim faytonumuzla gedərsiniz.

Gürcü zabiti papirosunu sümürüb külqabında söndürdü.

- Ağalar, - dedi, - onda belə danışaq, nə biz sizin qatara çata bildik, nə də vaqonunuzu gördük. Əgər qayıdıb desək ki, dostluğa bağışladıq, onda Noy Cordaniya bizi Orta Calada dar ağacından asdırar.

Kənedli əlini övkələyə-övkələyə:

- Mənsur ağa, - dedi, - avadanlıqları hara boşaldacağıq?

Mənsur ağa ani olaraq fikrə getdi.

- Hələlik, - dedi, - Məşədi İbrahim Mirabın həyətinə boşaldın, ora genişdi.

Hamı durub birgə perrona çıxdı. Gürcü zabiti vağzala göz gəzdirib:

- Onda rüsxət verin, qatar getsin, - dedi.

Rəis gülümsünüb:

- Cənab zabit, qatar çoxdan gedib, onu bu qədər saxlamağa bizim ixtiyarımız yoxdur.

- Bəs seminariya ləvazimatı? - Firudun bəyi göstərib, - bu kişi qaldı, - dedi.

- Seminariya üçün narahat olmayın, artıq Qazağa çatmaqdadır.

Firudun bəy irəli yeriyib:

- Ağalar, bəylər, - dedi, - qəhərdən boğazı qurumuşdu, bir neçə dəfə öskürüb, - siz ki, mənə bu təmənnasız yaxşılığı etdiniz, mən əvəzində sizə hörmət əlaməti olaraq onu edə bilərəm ki, Qori seminariyasının Azərbaycan şöbəsini Qazaxda açım. Görünür qismət belə imiş...

 

(ardı gələn sayımızda)

 

 

Şəmistan Nəzirli,

istefada olan polkovnik-leytenant

 

Ədalət.-2013.-28 fevral.-S.8.