"BƏNİM TANRIM"

 

Hüseyn Cavidin təkcə adı çəkiləndə istər-istəməz özünü toparlayısan, bu böyük söz dühasının, sözün Şeyxinin qarşısında diz çökürsən və onda hiss edirsən ki, bu dünyada sözü diz çökdürən, sözü göylərə qaldıran tək-tək ustadlardan biri də məhz Cavid Əfəndi olub.

Doğrudur, bu gün kitab oxuyan, sözə baş vuran say baxımından xeyli azalsa da, amma sözlə oynayan, özünü söz yaradanlar sırasına zorla təpənlər kifayət qədərdir. Həmin o "söz yazanların" bolluğunda, hamısı bir-birinə bənzəyən inqobator sayağı kitabların arasında nə qədər itib-batsaq da, başımızı qaldırıb baxanda ilk gördüyümüz nəhənglərdən biri də məhz Cavid Əfəndi olur. Sevindirici haldır ki, cəmiyyətimizdə, dövlətimizdə bu böyük insana münasibət get-gedə müsbət mənada daha da artır, onun sözünün işığı ürəklərə yol tapır.

Bugünlərdə "Oğuz eli" qəzetinin ayrıca buraxılışı olan "Yazıçı"nın bu il üçün sayca üçüncü, bütövlükdə 157-ci sayı işıq üü görüb. Ayrıca buraxılışın redaktoru Azər Abdulla bu sayı məhz Cavid Əfəndiyə həsr edib. Onu da deyim ki, buraxılışın çox keyfiyyətli bir şəkildə nəşr olunması ilk baxışdan adamı özünə çəkir. Bu da görünür yaradıcı heyətin böyük ustada olan özəl sevgisinin nəticəsidir. Çoxumuzun əzbər bildiyi və zaman-zaman məqamında böyük fəxartələ söylədiyimiz

 

Hər qulun cihanda bir pənahı var

Hər əhli-halın bir qibləgahı var

Hər kəsin bir eşqi, bir ilahi var,

Bənim Tanrım gözəlikdi, sevgidi.

 

- Misralarla və Cavid Əfəndinin portreti onun barəsində böyük Cəfər Cabbarılının "Caviddə su kimi duru, almaz kimi saf, parlaq və oynaq bir insan vardır ki, bu, islahına çalışan lisanımızın təkamül özülü ola biləcəkdir zənnindəyik" sözləri yazılmış "Yazıçı"nın üz qabığı özü-özlüyündə oxucunun əlindən tutub ayrıca buraxılışı gözdən keçirməyə dəvət edir.

Çox maraqlıdır ki, bu buraxılışda Cavid Əfəndi haqqında Azərbaycanın çox böyük söz adamları, tanınmış simaları, o cümlədən Abdulla Şaiq, Əli Sultanlı, Mirzə İbrahimov, Rəsul Rza, Məmməd Cəfər, Anar, Elçin, Yaşar Qarayev, Mirmehdi Seyidzadə, həmçinin Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Azər Turan, Vaqif Bayatılı Odər, Kamal Abdulla, Adil İsgəndərov, Mehdi Məmmədov, Əziz Şərif, Şəmsi Bədəlbəyli, həmçinin Turan Cavid (Cavid Əfəndinin qızı) və digər qələm adamları öz fikirlərini diqqətə çatdırıblar. Bu buraxılışda Cavid Əfəndi barəsində xatirələr, ona ünvanlanmış poeziya nümunələri, onun əsərlərində öz sənət talelərini sınamış aktyorlarımızın da fikirləri öz əksini tapmışdır. Ümumiyyətlə, bu buraxılış Cavid Əfəndinin adına layiq bir şəkildə tərtib olunmuşdur. Əvvəldə də xatırlatdığım kimi, ayrıca buraxılışın baş redaktoru Azər Abdullanın Cavid Əfəndiyə ünvanlanmış essesi də çox təqdirəlayiq və diqqət çəkəndir. Və düşünürəm ki, Azərbaycan oxucusu bu buraxılışdan məmnun qalacaqdır.

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2013.- 4 iyul.- S. 4.