Xatirələr Cəbrayıldan danışır

 

Həmin gün çox qəribə hisslər yaşadım. İndiizah edə bilmirəm niyə belə oldu? Amma izah edə bilməsəm də, əslində belə olması mənim üçün çox uzaq illərin yaddaş qapısına əl uzatmağa kömək etdi, təkan verdi. İndi tez-tez işlənən dəstək sözünü burda özüm vurğulamıram. Çünki o yaddaşa doğru mən hər gün yol gedirəm. Sadəcə, bu yolda canında-qanında yurd nisgili, vətən həsrəti olan heç kimə mənim inancıma görə dəstək lazım deyil. Sadəcə, bir işartı, bir ipucu, bir kiçik toxunuş kifayət edir ki, düşəsən o yolun ağına, gedəsən... gedəsən...

Həmin gün Bakıdan çıxanda əsl payız səhəri idi. Dan yeri yenicə sökülmüşdü. Şəhərin yuxusu yenicə pəncərə-pəncərə sökülür, çiliklənir və qaçırdı. Bu şairanə bir mənzərə idi. Çünki şəhərin içərisi ilə Badamdar istiqamətə hərəkət etdikcə pəncərələrin bir-bir necə "alışdığını" rahatca görmək mümkün idi.

Və mən də o rahatlığı hiss edə-edə üzü Badamdara doğru yol gedirdim. Bu da şəhərin çıxışı. İndi bu yol, yəni paytaxtı bölgələrlə birləşdirən bu baş magistral öz qollarını açıb. Və mən yol-yoldaşlarımın şirin söhbətlərinə qulaq asa-asa bu yolu gedirəm. Bakıdan təzəcə aralanmışıq. Artıq maşının sürəti azalıb. Çünki yolun üzərinə qalın bir duman çöküb. O dumanı yarıb keçmək o qədər də asan deyil. Qarşıdakı maşınlar da "iməkləyir", arxamızca gələn maşınlar da, əməlli-başlı karvan yaranıb.

Bu karvandakıların hər birinin öz qayğısı, öz səfər məramı var. Biz isə Cəbrayıl rayonundan olan məcburi köçkünlərin daha sıx məskunlaşdığı Biləsuvar rayonuna gedirik. Öncədən aldığımız bilgiyə görə, Şirvan-Sabirabad-Saatlı-İmişli yolunda ciddi təmir-bərpa işləri getdiyindən biz Kürdəmir-İmişli yolu getməli olduq.

Məsafə uzansa da, rahatlıq xatirinə seçdiyimiz bu yola əməlli-başlı "sahib çıxmış" duman bizi az qala tədbirə gecikdirəcəkdi. Görünür, elə tədbiri təşkil edənlər də Bakıdan gələn qonaqların yolunun çətinliyini nəzərə alıb öz işlərini bir az ləngitmək istəmişdilər. Yaxşı ki, Kürdəmirdə dumandan xilas ola bildik və deyilən vaxta Cəbrayıla çatdıq.

Oxucu düşünə bilər ki, Cəbrayıl rayonu düşmən işğalı altındadı və onun belə düşünməyə də haqqı var. Ancaq mən də işğal olunmuş Dağlıq Qarabağın sakini kimi bu həqiqəti çox gözəl bilirəm və buna baxmayaraq, qəsdən Cəbrayıl yazıram.

Çünki Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə məhz cəbrayıllılar yaşayır. Həmçinin bu ərazidə Cəbrayıl rayonunun əksər infrastrukturu yaradılıb. Yəni Rayon İcra hakimiyyəti, Rayon Polis şöbəsi, Rayon Prokurorluğu, Rayon Təhsil şöbəsi, Rayon Mədəniyyət və Turizm şöbəsi... Bir sözlə, rayonun bütün dövlət qurumları məhz bu ərazidə fəaliyyət göstərir və onların hər biri üçün ayırca bina inşa edilib, kollektivləri də məhz həmin binalarda öz işlərini icra edirlər.

 

Bu da mənim Biləsuvardakı

CƏBRAYILIM!!!

 

Öncə Rayon İcra hakimiyyətinin binası qarşısında maşından düşürük. Bizi qarşılayan insanların əhatəsində özümü o qədər rahat hiss edirəm ki, sanki ən doğma adamlarımla görüşürəm. Bu da səbəbsiz deyil.

Mən bu insanların çoxunu hələ Cəbrayıldan, hələ işğaldan öncə görüb tanımışdım, çörək kəsmişdim, bir çoxlarının evinin qonağı olmuşdum. İndi həmin insanlar qaçqın həyatı yaşayırlar.

Üz-gözlərində Cəbrayıldakı işıqdan, Cəbrayıldakı xoş günlərin həyat çalarlarından əsər-əlamət qalmayıb. Sanki bu şoran torpağın bomboz üzü bu insanların qaçqın taleyini bir az da dəyişib. Onların ovqatına, üz-gözlərinin işığına kölgə qatıb.

Belə də olmalıdır. Çünki doğma ocağın istisi adamı həmişə odlu-alovlu edir. Ona görə də atalar deyib ki, "ev-evə sığmaz". Burda nə qədər abad, nə qədər şəraitli evlər tikilsə də, bu evlərin heç biri cəbrayıllıların Dağtumasda, Maralyanda, Mərcanlıda, Sirikdə, Horovluda, Xanalıbulağında və digər kəndlərdə tikilən evlərin əvəzi deyildi. Həmin evlər Cəbrayılda tikilmişdi, min illərin evləri idi. Əl qabarı ilə, alın təri ilə, canın oduyla, ocağıyla qurulmuşdu o evlər. Təəssüf ki, indi düşmən tapdağı altında, indi əsirlikdədi...

Qəsəbəni gəzirəm. Səliqəli tikilmiş evlər, küçələr, həyət-baca göz oxşayır. Qarşıma çıxan sakinlərlə görüşür, hal-xoş edirəm. Öyrənirəm ki, bu qəsəbənin sakinləri təkcə yaşadıqları evin həyət-bacası ilə deyil, həm də onlar üçün kənarda ayrılmış 12 sot torpaq sahəsi ilə təmin ediliblər. Ona görə də həyətyanı təsərrüfatla da məşğul olurlar - maldavar da saxlayırlar. Yəni bu insanların dolanışığı nisbətən təmin edilib.

Onlar üçün ən sevindiricisi qəsəbələrdəki məktəblərin, səhiyyə obyektlərinin olmasıdır. Yəni etiraf etmək lazımdır ki, bu qəsəbələrdə tikilən məktəb binaları öz görkəminə və təminatına görə, diqqətə layiqdir. Açığı, mən bir çox rayonlarımızda - söhbət ölkənin işğaldan uzaq bölgələrindən gedir - bu cür abad məktəblər görməmişəm.

Bu məktəblərdən birinin qapısını döyürəm. İkimərtəbəli, hər cür təminatlı bu məktəb binasının birinci mərtəbəsinin foyesində divarlar Cəbrayılın, ölkənin, o cümlədən də bu məktəbin həyatını əks etdirən fotolarla bəzədilib. Burada xüsusi stendlər də qurulub. Fotoları, stendləri gözdən keçirirəm. Məlum olur ki, Azərbaycanın görkəmli partiya-sovet işçisi, cəbrayıllıların və bütövlükdə Azərbaycan ictimaiyyətinin çox yaxşı tanıdığı Vahid İsmayılovun adını daşıyan bu məktəbdə ölkə təhsilinin uğurları geniş şəkildə tətbiq edilir.

 

(ardı gələn sayımızda)

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2013.- 11 iyul.- S. 3.