Azərbaycanın gözəl guşəsi Laçın

 

İndi o Ağcabədinin "Taxta körpü" adlanan ərazisinə sığınıb

 

Bir neçə il qabaq Masallı meşələrində dostum Qanbay Muradovla bir gəzintini tez-tez xatırlayıram. Başdan-başa yaşıllığa bürünmüş meşəlikdə xeyli gəzsək də, heç birimiz yorulmamışdıq. Heç birimizbu müddət ərzində bir kəlmə belə danışmamışdıq. Hərə öz aləmində, axşamın qəribliyində uyuyan hündür ağaclara, yamaclardakı gül-çiçəklərə, aşağılarda nəğmə deyən Viləş çayına könül vermişdi. Əsrarəngiz gözəllik qarşısında ancaq susmaq olar.

Gəzintinin sonunda Qanbay müəllim ürəyimdən keçənləri gözlərimdən oxuyurmuş kimi dedi: "Dəqiq deyə bilərəm ki, indi nə fikirləşirsən. Fikirləşirsən ki, bu palıd, o vələs, yamacdakı çiçəklər Laçın dağlarındakından nə ilə fərqlənir? Bir sıra fərqləri var, ancaq ən böyük fərq ondadır ki, sənin sərbəst həyat fəaliyyətin, gəncliyin Laçınla bağlı olduğu üçün sənə görə ordakılar daha hündür, daha gözəldir".

Qanbay müəllim düz deyirdi, indinin özündə də elə fikirləşirəm ki, ən hündür ağaclar, ən sərt qayalar, ən gözəl çəmənlər, ən sıx meşələr, ən sərin bulaqlar məhz Laçındadır. Dünyanın ən gözəl guşələrində olan çox məşhur dağlar Laçın dağlarının yanında çox kiçikdir. Planetin heç bir yerində, hətta doğulduğum kəndin özündə belə insanlar belə mehriban, belə qonaqpərvər, belə şəffaf deyillər.

1835 kvadrat kilometr ərazisi, 1 şəhəri, 1 qəsəbəsi, 125 kəndi, 72500 nəfər əhalisi olan Laçın rayonu indi Ağcabədi rayonunun "Taxta körpü" adlanan ərazisinə sığınıb.

Laçınlılar burda yeni həyata başlasalar da, burdao hündür ağaclar, nə o yamaclar, nə o sərin bulaqlar yoxdur. 1992-ci ilin 18 mayında erməni millətçiləri laçınlıları o dağlardan terik - didərgin saldı. Qarabağ uğrunda gedən döyüşlərdə laçınlılar 267 nəfər şəhid verdi, 65 nəfər itkin düşmüş hesab edildi. 5 nəfər laçınlı isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Bura rayon mərkəzi Taxta körpüdür

Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Laçın rayonu dediyim kimi indi əsasən Taxta körpüdə məskunlaşıb. Rayon mərkəzi də elə burda yerləşir. Qabaq-qənşər olan Heydər parkı ilə Gənclər parkı burda kifayət qədər geniş ərazini əhatə edir. Hər iki parkın qovşağında Ulu Öndərin qürurlu heykəli qərarlaşıb.

Azərbaycanın üçrəngli bayrağı burda əzəmətlə dalğalanır. Laçın rayon İcra Hakimiyyətinin inzibati binası da neçə il əvvəl burda inşa edilib.

Sakinlərlə söhbətdən məlum oldu ki, Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında 13 mindən çox ağac və gül kolları əkilmişdir. Parkdakı yaşıllıq salınmamışdan əvvəl bura Qarabağ torpağından - Ağdamdan 500 maşından artıq münbit qara torpaq daşınmışdır.

13000 nəfərdən çox laçınlının məskunlaşdığı Taxta körpüdə indi mavi qazdan istifadə edilir. Bu qəsəbədə və ərazidəki Cağazür, Kamallı obalarında artezian quyuları qazılmışdır.

Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Əhalinin Sosial Müdafiə Mərkəzinin, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin, Məşğulluq Mərkəzinin yeni inzibati binaları burda fəaliyyət göstərir. 250 yerlik rayon Mədəniyyət Evi, 25 çarpayılıq xəstəxana, 3 ümumtəhsil məktəbi, 2 uşaq bağçası da burdakı laçınlılara xidmət edir. Bu qəsəbədə inşa edilən Təhsil şöbəsinin yeni inzibati binasında isə son tamamlama işləri aparılır.

"Kapital Bank" ASC-nin rayon filialı da fəaliyyətini bərpa etmiş, müstəqil Elektrik şəbəkəsi müəssisəsi yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın və Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2007-ci il, 21 fevral 2011-ci il tarixli sərəncamları ilə Dövlət Proqramına edilmiş əlavələrə uyğun olaraq Taxta körpüdə bütün infrostruktura malik 610 ailə üçün qəsəbə salınmışdır. Bu proses indidavam etdirilir. İndi bu qəsəbədən obalara gedən mərkəzi yolun 3,5 kilometrinə asfalt örtük salınmışdır. Burda 512 nömrəlik yeni ATS tikilmiş, daxili xətlərin quraşdırılmasından ötrü tikinti işləri aparılır.

2014-cü ildə Taxta körpü ərazisində ağır məişət şəraitində yaşayan 6300 sakindən ibarət 1500 ailənin müvəqqəti yerləşdirilməsindən ötrü ayrılmış torpaq sahəsində evlərin tikilməsi nəzərdə tutulmuşdur.

Unudulmaz gün - 24 dekabr 2011-ci il

Taxta körpüdə yaşayan laçınlılar yəqin ki, 24 dekabr 2011-ci ili heç vaxt unutmayacaqlar. Söhbət ondan gedir ki, həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağcabədi rayonunun Taxta körpü qəsəbəsində 552 ailə üçün inşa edilmiş yeni qəsəbədə laçınlı məcburi köçkünlərlə görüşə gəlmişdi. Ölkə Prezidenti xanımı Mehriban Əliyeva ilə əvvəlcə qəsəbənin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etməklə başlamışdır.

 

(ardı gələn sayımızda)

 

Səxavət Məmmədli

 

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

Ədalət.-2013.-6 iyun.-S.7.