"Hər bir aktyorun daxilində rejissorluq var"

 

Şahmar Qəribli: "Bu gün nağıllara inanırıq"

 

Özü demişkən, Şəkidəki yaradıcılıq mühitini bəyənməyib Sumqayıt teatrında işə qəbul olunanda hamı oraları "Gənclik şəhəri" kimi tanıyırdı. İndi isə Sumqayıt "Gənclik şəhəri" statusunu təhvil verib, Şahmar Qəribli artıq 60 yaşına çatıb. Deməli, aradan xeyli zaman keçib.

Amma arxada qalan illəri müsahibim boşuna yaşamayıb. Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında bir-birindən maraqlı obrazlar yaradıb. Doğma teatrın səhnəsində Cəlil Məmmədquluzadənin "Ölülər"inə quruluş verib.

Dövlət televiziyasının "Sabah" Yaradıcılıq Birliyində Yusif Vəzir Çəmənzəminlinin əsərləri əsasında hazırlanan " dünyam" tamaşasının quruluşçu rejissoru baş rolun ifaçısı kimi uğurlu bir işə imza atıb. Müxtəlif telekanallarda hazırlanan maraqla baxılan sənədli filmlərin rejissoru olub.

Şahmar Qəriblinin milli kinomuzda da öz yeri var. Bu yeri "Qəzəlxan", "Fəryad", "Yerlə göy arasında", "Cavid ömrü", "Dolu", "Sübhün səfiri", "Çölçü" başqa filmlərdə yaratdığı rollarla qazanıb.

Səhnədə, teletamaşalarda, bədii filmlərdə, seriallarda tez-tez görməyə adət etdiyimiz Şahmar bəyin şəkilləri olan posterlərə son günlər paytaxtımızın ən gur küçələrində rast gəlmək mümkündü. Müsahibim reklamlara da çəkilməyə vaxt tapır. Amma bu yazının Şahmar Qəriblinin reklamına heç bir dəxli yoxdu...

 

- Sizinlə teatr aktyoru rejissoru, kinematoqrafçı kimi danışmaq üçün xeyli mövzu var. Başlayaq teatr aktyoru Şahmar Qəriblidən. Səhnə fəaliyyətiniz Sumqayıt Dövlət Musiqili Dram Teatrı ilə sıx bağlıdı. Amma bioqrafiyanızın bir Şəki mərhələsi var. Həmin dövr niyə belə qısa sürdü?

- İncəsənət İnstitutunda görkəmli pedaqoq rejissor Adil İsgəndərovun kursunda oxuya-oxuya televiziyadan, radiodan, kinostudiyadan dəvətlər alırdım, çəkilirdim, dublyajda iştirak edirdim. Adil müəllim bizi kinoaktyoru kimi hazırlayırdı kinostudiyada işə götürmək istəyirdi. Lakin elə gətirdi ki, onu kinostudiyanın direktoru vəzifəsindən azad etdilər. Kurs yoldaşlarımın hərəsini bir yerə göndərdilər. Mənim təyinatımı Şəki Dövlət Dram Teatrına verdilər. Lakin orada cəmi 3 ay dözüm gətirə bildim. Çünki yaradıcılıq potensialımı tam açmaq üçün heç bir şərait yox idi.

- Elə ilk gündən iddianız belə böyük idi?

- Söhbət böyük iddiadan getmir. Diplomu alan kimi gedib Şəki teatrında dağı dağ üstə qoyan deyildim ki... Sadəcə, orada yaradıcılıq üçün geniş imkan yox idi. Teatr fəaliyyətə tam başlamamışdı, səhər-axşam məşq edirik, onunla da həyat başa çatırdı. Paytaxtda isə mühit tam fərqli idi. Bayaq dediyim kimi, televiziyanın, radionun, kinostudiyanın qapılarını artıq açmağa başlamışdım. Şəkidə bunların heç biri olmadığından darıxırdım. Ona görə 3 aydan sonra qayıdası oldum.

- Hətta Vaqif Abbasov kimi istedadlı rejissorun Şəkidə çalışması da sizi oralara bağlaya bilmədi?

- Rəhmətlik Vaqif müəllim özü bir müddət sonra Şəki teatrından ayrıldı. Görünür elə mən düzgün qərar vermişəm. isə, o zaman Sumqayıt teatrının baş rejissoru Vaqif Şərifov məni işə çağırdı, hətta yataqxanada yerlə təmin etdi oldum sumqayıtlı. 1991-ci ilə kimi bu teatrda aktyor kimi çalışdım. "Komsomol poeması"nda Şahsuvar, "Adamın adamı"nda Fağır Bağır, "Müfəttiş"də Qumarbaz, "Dəyirman"da Kərim müəllim, "Bütün Şərq bilsin"də Jandarm başqa rollar oynadım. Özü səhnəyə çıxan gündən qarşıma prinsip qoymuşdum. Heç kimə bənzəməmək, heç kimi təkrarlamamaq ən epizodik rolu belə yaddaqalan etmək. Sonra getdim Moskvaya, ali rejissorluq kursunda təhsil aldım. 9 aydan sonra imtahan verib təhsilimi vaxtından əvvəl başa vurdum.

- Tələsməyin, yaradıcılığınızda yeni mərhələ başladı. Rejissor Şahmar Qəribli barədə ətraflı danışaq. Aktyor kimi tanınmaq sizi qane etmədiyindən rejissor olmaq qərarına gəldiniz?

- Bu, bir-iki günə verilmiş qərar deyildi. Səhnədə çalışdığım illərdə bu prosesin getdiyini hiss edirdim. Satira janrında iki tamaşa da hazırlamışdım müsbət fikirlər eşidirdim. Əslində burda qəribə bir şey yox idi. Çünki hər bir aktyorun daxilində rejissorluq var. Bu dəfə Tanrı məni güclü müəllimlə görüşdürdü. Leonid Xeyfetsin emalatxanasında ali rejissorluq kursunda oxudum. Həmin il çox böyük seçim olmasına baxmayaraq, bu görkəmli rejissor mən daxil olmaqla cəmi 3 nəfəri həmin kursa qəbul etdi.

- Cəlil Məmmədquluzadənin "Ölülər" pyesinə verdiyiniz quruluşun yaratdığı əks-sədadan belə başa düşdüm ki, aktyor kimi heç kimi təkrarlamayan Şahmar Qəribli rejissorluqda da bu prinsipə sadiq qalıb...

- Başqa cür ola da bilməz. Sənin əsərə yozumun digər rejissorun baxışından fərqlənmirsə o tamaşanı niyə hazırlayırsan? Sumqayıt teatrı "Ölülər"i Bakıda tamaşaçılara təqdim edəndə görkəmli sənətkarlarımız Məlik Dadaşov Həsənağa Turabov müsbət fikirlər səsləndirdilər. Tamaşanın özü xüsusi ilə rəhmətlik Məzahir Ağayevin ifasındakı Şeyx Nəsrulla onların çox xoşuna gəlmişdi. Bizim tamaşada Şeyx Nəsrulla əsərin qəhrəmanı idi. Mən bir quruluşçu rejissor kimi heç bir əllaməçilik etməmişdim, bu klassik əsərə müdaxilə-filan da deyildi. Mirzə Cəlilin öz mətnindən istifadə edərək belə bir yozum vermişdim. Şeyx Nəsrulla hara gedirsə hadisəni özü qurur, özü idarə edir. O, bizim nağılsevər millət olduğumuzu yaxşı bildiyindən maraqlı nağıllar uydurur. Camaat da Kefli İsgəndərə yox, ona inanır. Təəssüf ki, bu gün nağıllara inanmaqda davam edirik.

- Bu gün hansı klassik əsərə quruluş verməklə tamaşaçını təəssübləndirə bilərsiniz?

- Qismət olsa, Mirzə Cəlilin "Dəli yığıncağı" Cəfər Cabbarlının "Aydın" pyeslərini hazırlamaq istəyirəm. Hər ikisi bu günümüzlə çox səsləşir. Bu gün Azərbaycanda çox adam dramaturq olmaq istəyir, amma az adam bunu bacarır.

- İstərdim söhbətin bu yerində kinonun qazandığı Şahmar Qəriblidən danışaq...

- Bayaq dediyim kimi, Adil İsgəndərovun sayəsində tələbə vaxtlarından kino aləmindəyəm. Kinoda ilk rola 1986-cı ildə Tofiq İsmayılovun "Yay gününün xəzan yarpaqları" filmində çəkilmişəm. O vaxtdan bu günə kimi mütəmadi dəvətlər alıram. Ssenarini bəyənmədiyim, yaxud maddi şərtləri məni qane etməyən geri çevirdiyim təkliflər olub. Hər filmə çəkilmək olmur axı...

- Hər bir bədii film böyük bir yaradıcı texniki heyətin birgə əməyi sayəsində ekrana çıxır. Alınan uğurlu nəticədən filmdə əməyi olan hər kəsə pay düşür. "Dolu" filminin qazandığı böyük uğur münasibəti ilə sizi təbrik etmək olar...

- Kinonun içində olan, bu sahədə yaxşını pisdən ayırmağı bacaran adam kimi deyə bilərəm ki, "Dolu" son illərdə milli kinomuzun qazandığı ən böyük uğurlardan biridir. İstedadlı yazıçı Aqil Abbasın eyniadlı əsəri əsasında Elxan Cəfərovun çəkdiyi filmdə Mühasib rolunu oynamışam. Məni filmə dəvət edən hər bir rejissora deyirəm ki, tapşırılan rola vicdanla məsuliyyətlə yanaşacam. Film ekrana çıxanda mənim roluma görə heç kim sizi tənqid etməyəcək. İnanıram ki, "Dolu"dakı oyunuma görə Elxan Cəfərovu tənqid edən olmayıb. İlk dəfə idi ki, Elxanın filmində çəkilirdim. Aktyorla işi çox gözəl bacarır, konkretliyi sevir.

- 1995-ci ildə "Sabah" Yaradıcılıq Birliyində " dünyam" televiziya tamaşasına quruluş vermisiniz. Baş rolu - Dəli Səmədi oynadığınız həmin tamaşa bu gün maraqla baxılır. Bu arada müxtəlif telekanallarda Cəlil Məmmədquluzadə, Süleyman Rüstəm, Tahir Salahov, Hacı Xanməmədov, Ədalət Vəzirov haqqında çəkilən sənədli filmlərdə quruluş rejissor kimi çalışmısınız. Bədii film çəkmək fikriniz yoxdu?

- İki ssenarim var. Təkliflərimi "Azərbaycanfilm"ə təqdim etmişəm.

- 60 illik yubileyinizi səs-küysüz qeyd etdiniz. Deyəsən başqa planlarınız vardı...

- Mədəniyyət və Turizm Nazirliyinin, Teatr Xadimləri İttifaqının rəhbərliyi yubiley münasibəti ilə təbriklərini çatdırdılar, pul mükafatı verdilər. Bunun özü yaradıcı adama diqqətdi. Əlavə təmtərağa nə ehtiyac? Valideynlərimdən və sənət müəllimlərimdən təvazökar həyat sürməyi öyrənmişəm. İnsan çalışdığı sahədə uğur qazana bilirsə, deməli əbəs yerə yaşamır...

 

 

Etibar CƏBRAYILOĞLU

 

Ədalət.-2013.-2 mart.-S.10.