GƏLƏCƏYİN ŞƏFƏQİ

 

(əvvəli ötən saylarımızda)

 

Fikri fikrə calayan qubernatorun atı asta və rahat gedirdi. Firudin bəyin yiyəni bərk tutmaqdan qolları ağrıyırdı. Tərs kimi atı da dəlisoy idi. Uryadnik onun dəstəsi atlarını lap yavaşıtmışdılar. Nə qubernatoru keçə bilirdilər, nə də "sür" deməyə cəsarət edirdilər. Firudin bəy atını  saxlayıb bir neçə addım geri qalan Əmirxanı gözlədi.

-Belə getsək, - dedi, - el yatandan sonra çatarıq, günəş qüruba enir...g

Qubernator atını mahmızladı, yəhərdə azca dikəldi. Dilboz fınxırıb yerişini artırdı. Atını Firudin bəyin atı ilə yanaşı sürüb:

-Kimdi, bu çoban Əfqan? - deyə Firudin bəydən soruşdu.

-Kim olacaq, gözünü dünyaya açandan Qıraqkəsəmən bəylərinin qapısında muzdurluq edən, nökər duran savadsız ir çoban. Amma di gəl qoşmaları bütün mahalda dillər əzbəri olub.

Firudin bəy sevindi ki, nə yaxşı oldu şeirdən, şairdən söhbət saldı. İndi yolu başa vurmaq asan olar. Xan, - dedi, - bu obada ziyalı da, rəiyyət də, çoban da şeir yazır. Məsələ şeir yazmaqda deyil. Əlbəttə, çobanın şeir yazmağı o qədər də möcüzə sayılmır. Amma bu obanın çobanının yazdığı şeirə diqqət elə:

 

Xoşuna gəlməyir, bu qurğu, büsat,

Çünki qəlbim olub, çoxdan narahat.

Ellərin üzünə gülməyir həyat,

Əfqan, insan olan heç inciməzmi?

 

Bir evdə iki hava olmadığı kimi, bir ölkədə də iki hökumət olmaz. Özünüz şahidsiniz, rus gəldi, nöyütümüzü apardı, ingilis gəldi, "zəkat" yığdı, dar ağacı qurdu. Heç kəs dost kimi, xilaskar kmi gəlmədi Azərbaycana. Xalq nə qədər savadsız olsa da, bunları görür, eşidir. Onların görən gözü, eşidən qulağını qapamaq mümkün deyil. Hamısı dərviş kimi boş torbalı gəlib dolu getmək istəyir. Axı, dost dostun evinə qazanc üçün, qarət üçün getmir. Xalqa nicat yolu göstərmək əvəzinə  başından vurub dilini lal edirlər. Rusiya fəhləsini, kəndlisini o qədər ddydülər k, axırda lalı da dil açdı. O boyda çarın qanlı taxt-tacını vurub ağıtdı. Üç yüz illik tarix bir gündə ayrı cür yazıldı.

Atlılar İncə çayını keçib üzüyuxarı dikləndilər. Sıra dağların arxasına enmiş günəşin üfüqdə zəif saraltısı qalmışdı. Qara kölgələr uzandıqca boz təpələrin yaxasına şər vaxtının izləri düşürdü. Kənd mollasının axşam əzanı geniş vadidə əks-səda verir, hüzünlü bir səslə göylərə yüksəlirdi. Bu səs torpaq damlarda yaşayan bəyin, ağanın, yoxsulun qəlbinə eyni ahənglə Allah eşqi aşılayırdı. "Allahu əkbər, əşhədu...". Harın atların fınxırtısı, zərbli nal səsləri kəndi vahiməyə saldı. Qara torpaq damların həyətindəki itlərin səsi kəndi bürüdü. Əmirxanın sükuta qərq olmuş qəlbində isə Firudin bəyin "bir evdə iki hava olmadığı kimi, bir ölkədə də iki hökumət olmaz" sözləri qaynayırdı. O, səkili köhlənin nal cingiltisini belə eşitmirdi. Gəldiyinə peşiman olmağa başlamışdı. Ürəyinə, qəlbinə dolan vahiməylə fikirləşir, götür-qoy edirdi ki, axund onu necə qarşılayacaq; məsələni ona necə açıb deyəcək. Osmanlı, ya da İran torpağına keçməkdə ona kömək edə biləcəkmi?

 

* * *

 

Nökər atları talvarın altına çəkdi. Hamısının yəhərləri alınıb üstünə ipək çul salındı. Hərəsinin başına arpa dolu borba keçirildi. Axund özü "xoş gəlmisiniz", - deyə-deyə qonaqları üst mərtəbəyə çıxartdı. Mühəccərin yanında çiyninə dəsmal salmış əli axtafalı nökər hazır dayanmışdı. Qonaqlar yuyunub əlvan xalı döşənmiş geniş, işıqlı otağa keçdilər. Axund və onun böyük qardaşından başqa ev adamları tez-tez girib-çıxırdı. Kimi zümzüməli samovarı, təndir çörəyi və motal pendiri, kimi də buğlanan bozartmanı gətirirdi. Güzəranı, dolanacağı yaxşı keçən axund evində hər bir qonağa yaxşı süfrə açılardı. Yeməyin belə tez ortaya gəlməyiə qubernator təəccüb elədi.

-Axund, -dedi, - belə tezliklə? Bəlkə ayrı qonaq-zad gözləyirdin? Biz mane...

-Xan, sizdən artıqmı olacaq gələn qonağımız, heç bir qonaq-qara gözləmirdik. Doğrusu, bizim evdə qara qazan allah verəni həmişə qaynadır. Yaxından, uzaqdan gəlib-gedənimiz çox olur. Bir də ki, atalar yaxşı deyib, qonağın özündən qabaq ruzusu gəlir. - Sol əlini dizinə dayayıb qabağa əyildi, süfrədən fətir götürdü. Avazla "bismillah"  deyib qonaqlara yemək təklif elədi. -  Buyurun, çörək kəsin, nuş canlıqla yeyin. - Adını eşidib, özünü ilk dəfə gördüyü Firudin bəyə: - Rahat əyləşin, - dedi, - axund xoş təbəssümlə gülümsünüb, -  Allah canınızı sağ eyləsin, Firudin bəy, o qədər yaxşı-yaxşı sorağınızı eşitmişəm ki... Dəfələrlə Tiflisə yolum düşəndə görüşüb söhbət eləməyi arzulamışam. Qismət olmayıb. Həmişə əhval-şərifinizi müfti Mirzə Hüseyn əfəndidən soruşmuşam. İndi Allahın buyruğuna bax, ona qurban olum, sizin kimi alicənab adamı mənim evimə qonaq göndərib. İnanın, o qədər razıyam bu görüşümüzdən ki...

Axundun çörək üstə bu qədər uzun-uzadı danışmağı xanın xoşuna gəlmədi. Qubernator bu söhbəti yaltaqlıq kimi qəbul eləsə də, axundun danışığında bunu hiss etmək mümkün deyildi. Doğrudan da axund sidq-ürəklə, təmiz qəlblə sevinirdi ki, Firudin bəy kimi alimi-mütəbəhhir onun evinə təşrif gətirib. Çörək yeyə-yeyə fikirləşir, götür-qoy edir və bircə şeyi anlaya bilmirdi ki, qubernator hara, Firudin bəy hara, bu nə səfərdi, belə birgə. Qubernatorun nə kəndxudanın, nə də adlı-sanlı İbrahim kovxanın evinə düşməməyi axundun canına getdikcə vicvicə salırdı. Şəkk-şübhə onun ürəyində çoxalsa da üzə vurmur, hörmətli qonaqlarına gah fətir uzadır, ga da xörək qoyurdu.

Qubernator çox gözlədi, diqqət kəsildi, amma axund onun gəlişini ayrıca qeyd eləmədi. Könülsüz bir neçə tikə yeyib çəkildi. Uzun, qalın bığlarını yoğun barmaqları ilə sığallayıb "əlhəmdürüllah, Allah artıq eləsin, evin abad olsun", - deyib çərkəzisinin qoltun cibindən nazik çöpü çıxarıb dişlərini təmizlədi.

-Firudin bəy, bir zamanlar eşitdim ki, söhbət var sizi Zaqafqaziyanın şeyxuislamlıq vəzifəsinə təyin edəcəklər? - Axundun yenidən Firudin bəyə müraciətini görən qubernator daha da əsəbiləşdi. İri, domba gözləri geniş açıldı. Nifrət və qəzəblə ona baxa-baxa qaldı. Çənəsindəki dərin çapıq əsəbiliklə səyridi. Ürəyində "it oğlu, bir ikə çörək verdi, onu da burnumuzdan tökəcək, yox, bu axund loxmanı boğma elədi", - deyə fikirləşdi. Qıpqırmızı sifəti qəzəbin təsirindən get-gedə bozarmağa başladı.

Firudin bəy nəlbəkidəki çayını stəkana töküb bir qurtum içdi. Bardaş qurub oturmağa öyrəşmədiyindən yerində qurcalandı.

-Bəli, - dedi,  elə söhbət vardı, mənim razılığımı almadan qəzetdə elan da vermişdilər. Lakin mən bu vəzifədən imtina elədim.

 

Təriqəti bə cüz xidməti xəlq inst

Bə təsbihü səccadəvü dəlq nist.

 

Təriqət (məslək) təsbehə, səccadəyə, əbaya bağlı deyil. Əsl məslək - xalqa xidmət etməkdən ibarətdir. Mən də xalqıma xidməti ancaq maarif sahəsində çalışmaqda görürəm.

Doğrudan da 1906-cı ildə Firudin bəy şeyxülislamlıq vəzifəsinə dəvət etmişdilər. Ruhaniliyə "müqəddəs atalara", "bu dünyamız yox isə də, axirətimiz var" ya da "Məhəmməd ümməti darda qalmaz" deyənlərə nifrət bəslədiyi üçün o, bu vəzifədən imtina etmişdi. Hətta belə din sevərlərə düşmən olduğunu mətbuatda açıq-aydın bildirişdi də. Elə buna görə də qəzəblə yazırdı: "Hamı müsəlman qardaşlar taybynuz öküzün halında yaşayıb zillət və üsrət ilə güzəran keçirməkdədirlər... Allah heç bəndəsini taybuynuz öküzün gününə salmasın!".

Həmin ili Firudin bəy axund Əbu Turabla da xeyli "döyüşməli" olmuşdu. Dünyəvi elmlərin əleyhinə çıxan, onu şeytan əməli hesab edən axund Əbu Turab din qardaşlarını məhz dini elmləri öyrənməyə çağırırdı. Axundun bu gorazehin görüşlərini Firudin bəy və mollanəsrəddinçilər tənqid  atəşinə tutdular.

İndi Firudin bəy fikirləşirdi ki, yaxşı ki, üzbəüz oturduğum axund mənim o zaman mətbuatdakı çıxışımdan bixəbərdir, yoxsa, mənimlə əyləşməyi özünə təhqir sayardı.

-Bir də ki, möhtərəm axund, - deyib Firudin bəy təmkinlə davam etdi. - Hələ ilk gəncliyimdə müqəddəs dinin təbliği yolunda mən də az çalışmamışam. Hətta vaxtilə yazmışam ki, əgər xalq Quranın göstərdiyi həqiqi yolla getsə, əsl inkişaf yoluna düşə bilər. Həqiqətdə dinimiz hüsni-məişətimiz üçün yaranmışdır və hüsni-məişətimiz... nicat və səadətimiz dini-mübinimiz olan qanuna əməl etməkdə, şəri-şərif açdığı yol ilə getməklə bəhəmə gələcəkdir.

Amma həyat və onun bugünkü inkişafı, bir də yetişən gəncliyin maraq dairəsi göstərir ki, çox da din, islam deyib onların ətəyindən yapışmaq məqbul deyil. Çünki xalq arasında olan bəzi molla, seyid, dərviş, axund dini özünə bayraq edib savadsız, küt şeylərlə, cadu-piti ilə xalqı sour, onu quru yerdə qoyur. Vaxtilə dinə verdiyim ali tərif üçün bilmirəm, gələcək nəsil məni alqışlayacaq, yoxsa töhmətləndirəcək. Hər halda yenə deyirəm, bugünkü inkişaf, gəncliyin maraq dairəsi göstəri ki, mən xalqın həqiqi inkişaf yolunu məhz dində görməkdə səhv etmişəm. Vaxtilə şəriət müəllimi olduğum üçün ruhanilərimizin bütün xasiyyət və qüsurlarını mənə də şamil etmək caiz deyil. Əslində mən bəlkə də mollalara yaxınan bələd olduğum üçün, bir para "müqəddəs ataların" bəd əməllərini və tamahkarlığını daha yaxşı öyrənə bilmişəm. Elə buna görə də onlara daha çox nifrətim var və belələrinə həmişə düşmən olmuşam.

 

(ardı gələn sayımızda)  

 

 

Şəmistan Nəzirli ,

istefada olan polkovnik-leytenant

 

Ədalət.-2013.- 19 mart.-S.7.