Vətən torpağının müştağı oğul...

 

1972-ci ilin 15 oktyabr günü Nəbiyevlər ailəsi sevincdən qanad açmışdı. Dörd il idi ki, övlad həsrəti çəkən gənc ailəni Tanrı birdən-birə oğul payı ilə sevindirmiş, nur topası kimi övlad bəxş etmişdi. Gənc ata gözlərini bu balaca, möcüzəli varlığa diksə də, toxunmaqdan sanki qorxurdu: "Əlimi vursam birdən qeybə çəkilər, yuxudan ayılaram" - düşünürdü. Gənc ana isə süd qoxulu balasını bağrına basıb qızılgül kimi iyləməkdən doymurdu. Nübubət nənə: - "Əhd eləmişdim ki, nəvəm olsun, qurban kəsəcəm. Şükürlər olsun Tanrıya ki, bu ahıl çağımda muradımı gözümdə qoymadı, 9 aylıq yolu 4 ilə gələn nəvəmin adına qurban kəsməyi mənə nəsib etdi" - söylədi.

Neçə gun nəzir-niyazlar paylandı, qurbanlar kəsildi Nizami prospekti - 154 saylı evdə. Adını Müşfiq qoydular körpənin. "Müşfiq "müştaq" sözündəndir, biz də sənə müştağıq, vurğunuq" - dedilər. Amma nə biləydilər ki, illər keçəcək, körpə Müşfiq böyüyəcək və vətən torpağının muştağı, vurğunu olacaq.

Çox əzizləyirdilər balaca Müşfiqi. Bütün nəsil-kök yelinə uçurdu. Hər zaman qoruyur, hər şeydən ehtiyat edirdilər. Oxuduğu 6 saylı orta məktəb evlərindən o qədər uzaq olmasa da, maşın yolunu keçdiyinə görə atası hər səhər əlindən tutub məktəbə aparır, dərs vaxtı bitəndə gedib gətirirdi. Nəhayət 6-cı sinifdə oxuyanda Müşfiq dilə gəldi: - Axı nə vaxtacan körpə uşaq kimi hər addımıma göz qoyacaqsınız? Xahiş edirəm, ata, daha ardımca gəlmə.

Müşfiq orta məktəbi qurtarıb sənədlərini indiki Azərbaycan Dövlət Aqrar Universitetinə verdi. İqtisadçı olmaq arzusunda idi. Lakin arzusu daşa dəydi. Sonra Azərbaycan Texnologiya Universitetinə daxil oldu. Birinci kursu başa vurduqdan sonra isəg 1993-cü ilin əvvəllərində 709 nömrəli hərbi hissəyə gedib könüllülər sırasına yazıldı. Əslində isə ailənin tək oğlu olduğu üçün dövlət qanununa görə əsgəri xidmətə getməməli idi. Nə bu imtiyazlı möhlət, nə də ailəsinin yalvarışları onu yolundan saxlaya bilmədi.

 

***

 

Neçə gün idi ki, evdə davam edən söz-söhbət bu gün daha da kəskinləşdi. Anası xoş gün - oğul toyu üçün tədarük etdiyi əşyaları ortaya tökdü: - Bax, oğlum, briliyantın ən iri dənəlisini, qızılların ən əyarlısını seçmişəm sənə. Atan adına ayrıca mənzil alıb. Bu həyət, mal-mülk də sənindir.

- Ana, məgər bu saydıqların vətən torpağından qiymətlidir?

- Axı, sən bizim yeganə oğlumuzsan. Başına bir iş gəlsə...

- Qorxma, ana, qorxma. Amma... dediyin olarsa, bacım var. Məgər bacım həmişə demirdi ki, mən sənə on qardaş əvəziyəm?

- Bacının yeri başqa, sənin yerin başqa.

- Əlbəttə. Axı mən oğulam. Oğul isə nənəm demiş, düşmən çəpəridir. Düşmənə çəpər olub yolunu kəsmək mənim borcumdur, ana. Məni yolumdan saxlamağa çalışma.

Saimə ana ömrünü müəllimliyə həsr etmişdi. Bu illər ərzində yüzlərlə şagird yetişdirmişdi. Lakin indiyə qədər belə "inadkar", belə "tərs" uşaq görməmişdi. Pedaqoq fəhmi ilə anladı ki, Müşfiqi inandığı, tapındığı həqiqətdən yayındırmaq, əqidəsindən döndərməyə çalışmaq haqq yolunun işığını söndürməyə bərabər olardı. Oğlu bu qaranlıqda azar, yolunu itirib zülmətə qərq olardı. Odur ki, ürəyinə daş bağlayıb xeyir-dua verdi balasına: - Özündən muğayat ol. Unutma ki, bizi - ata-ananı həyata bağlayan qüvvə sənsən.

- Unutmaram. Amma muharibənin öz qanunları var.

Müşfiq Rəcəb oğlu Nəbiyev könüllü olaraq cəbhəyə yollandı. İlk döyüş yeri Ağdam bölgəsində oldu. Şelli, Muğanlı, Mərzili, Laçının Güləbird kəndləri uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlarının sorağı doğmalarına da çatdı. Muğanlı kəndində isə yoldaşları ilə düşdükləri mühasirəni bir neçə günlük gərgin döyüşdən sonra yarıb hərbi hissəyə dönəndə, hər kəs onların şücaətindən danışırdı. Bu döyüşdən sonra ona qısa müddətli məzuniyyət verdilər. Məzuniyyətdən qayıtdıqdan sonra Beyləqan rayonunun Harami düzünə - ön cəbhəyə göndərildi.

Bir neçə aydan sonra səhhətində ciddi problemlər yarandı. Atası Rəcəb kişi komandirindən icazə alıb onu müalicə üçün evə gətirdi. Bu ərəfələrdə əmisi oğlu İlhamın toyu idi. Şənlik, toy-düyün darıxdırdı Müşfiqi. Dostları, tələbə yoldaşları, qohum-əqrəbaları da sıxılan qəlbinə məlhəm ola bilmədi. "Bizim bu günümüzə toy yaraşmır - düşündü, - vuruşmaq, azğın düşməni yurd-yuvamızdan qovub çıxarmaq zamanıdır".

- Ana, mən geri - cəbhəyə dönməliyəm, - dedi.

Ananın sevinci gözündə dondu:

- Boyuna qurban, Muşfiq. Bir-iki gün qal, dincəl. Səngərin tozu, barıtın qoxusu canından çəkilsin. Hələ sənə doyunca baxmamışam. Müalicəni yarımçıq qoyub getmə.

- Yox, ana. Qala bilmərəm. İnşallah, muharibədən sonra istədiyin qədər nazımı çəkərsən. Sən nə desən, o da olacaq. İndi isə icazə ver gedim.

Getdi Müşfiq. Amma bu gedişi ilə ata-anasının, yeganə bacısı Lamiyənin, doğmalarının, əzizlərinin ürəyinə dağ çəkdi. Bu gediş onun son gedişi oldu...

..."Müşfiq yaralıdır, Gəncə qospitalına gətiriblər" - xəbərini alan ailə qospitala çatanda "aldandıqlarını" anladı. Qospitala onun mübarək şəhid cəsədini gətirmişdilər. Müşfiq 1993-cü il noyabr ayının 11-dən 12-ə keçən gecə həlak olmuşdu. O, silahdaşları ilə mövqelərini bərkidib səhər tezdən başlayacaq döyüşü gözləyirdi. Birdən düşmən tərəfdən atılan qrad səsi gecənin sükutunu pozdu. Mərmi Müşfiqgilin yaxınlığına düşüb mövqelərini darmadağın etdi. Dağıntıların altında qalan döyüşçülər arasında Müşfiq də var idi.

 

***

 

Saimə ana qəribə yuxular görməyə başladı. Gördü ki, Aşura günüdür. Qonum-qonşu ilə İmamzadəyə gedirlər. İmamzadənin qarşısında bir dəstə gənclə Müşfiqini görür. Müşfiq: "Sən burda neynirsən, ana?" - soruşur. "Mən ziyarətə gəlmişəm, oğul, bəs sən bura niyə gəlmisən?" - təəccüblənir ana.

- Mən də ziyarətə gəlmişəm, ana. Dostlarımla, - deyir Müşfiq.

İllər keçdi. Oğul itkisinə dözməyən ata dünyasını dəyişdi. Bir gün "yolunu" ömür-gün yoldaşının yuxusundan saldı. Hələ də oğlu üçün göz yaşı tökən, nakam taleyinin ağrı-acısında qovrulan anaya şəfqətlə baxıb gülümsədi: - Daha dərd çəkmə, Saimə, mən uşağın yanındayam. Ondan muğayat oluram, - dedi.

 

***

 

Müşfiqin dəfnindən bir həftə sonra Saimə ana dərd ortağı Rəcəb kişi ilə birlikdə Beyləqanın Harami düzünə - oğlunun döyüşdüyü cəbhə bölgəsinə üz tutdu. Müşfiqinin ayaq izləri qalmış səngərləri, əlinin hərarəti çökmüş əşyaları, qanı tökülmüş torpaqları öz gözləri ilə görmək, oğlunun nəfəs aldığı yerlərin havasını ciyərlərinə çəkmək, gördüyü yerlərə onun gözləri ilə baxmaq ... ölümqabağı qəlbindən keçənləri hiss etmək istədi. Çox qəribə duyğu idi. O yerləri birinci dəfə idi görürdü. Lakin o yerlər ona doğulduğu torpaqdan da doğma, məhrəm göründü. Bu qədim Harami düzü istilik, mehr-ülfət bəxş etdi şəhid anasına. Təkcə mümkün olmayacaq bir arzusunu gerçəkləşdirə bilmədi. Axı, həyatda belə möcüzələr olmur, Saimə ana. Yəni doğrudanmı oğlunun burada səni qarşılaya biləcəyinə inanırdın?! Bir anlıq da olsa səngərdən başını çıxarıb həmişəki kimi "axı, niyə gəldiniz, yoldaşlarım deyəcək ki, Müşfiqin ata-anası uşaq kimi onu gözdən qoymurlar" - desə də, elə uşaq kimi də boyunlarına sarılacaq, "sizə qurban olum, sizsiz elə darıxmışdım ki. Nə yaxşı ki, gəldiniz" - deyəcək. Amma... belə olmadı.

Ağladı Saimə ana. Ürəyi parçalandı Rəcəb atanın. Ürəklərinin Müşfiq yanğısını əsgər balaların ülfəti ilə söndürməyə çalışdılar. Ana qarşısına çıxan hər bir əsgəri bağrına basdı, boyunu oxşayıb üzündən öpdü. "Müşfiqimin ətri gəlir sizdən" - dedi. Ata qarşısına çıxan hər bir hərbçinin əlini sıxdı, kürəyinə sığal çəkdi. "Müşfiqimə bənzəyirsən" - dedi. Əsgərlərsə günahkarmış kimi başlarını yerə dikib doluxsundular. Axı heç bir söz, heç bir təsəlli bu dərdli ata-ana üçün övlad itkisinin ağrısını yüngülləşdirə bilməzdi. Odur ki, susmaqdan başqa çarə yox idi.

 

***

 

... Boy-buxunu, yaraşığı ilə də çoxlarından seçilirdi Müşfiq. Əli Kərim demişkən:

 

...gur, çatmaqaş, gensinə,

Bir oğul böyütdü ki, oğul deyirəm sənə.

Atlını atdan salıb küləklərlə ötüşür,

Baxışından qızların ürəyinə od düşür...

 

Müşfiqin də baxışlarından bir gözəlin ürəyinə od düşmüşdü. Könlünü ovlamış bu gözəli bir gün uzaqdan-uzağa bacısı Lamiyəyə göstərib: - Qardaşının zövqünü bəyəndinmi, necədir ? - soruşdu. Lamiyə: - Qardaşıma da qurban olum, onun sevib-seçdiyi qıza da. Bəyəndim, əlbəttə, bəyəndim.

Amma bəyənmək azmış. Gərək qismətlə də hesablaşasan. Qismətdə isə ... ayrılıq adlı dərdinə dərman tapılmayan bir bəlaya tuş olmaq varmış bu bacı-qardaşın. Bütün insanların qorxduğu, adı çəkiləndə baxışlara ağrı, iztirab pərdəsi çəkən, səndən aldığını heç zaman qaytarmayan zalım ayrılıq. Çoxları kimi Lamiyənin də gücü çatmadı ona. Əzizini, bircə dayağını, bircə fəxrini əlindən aldı. Sanki rəssam fırçası ilə çəkilmiş simasına, boy-buxununa baxdıqca qəlbi qürurla dolan bacının dəmir caynarları ilə qəlbini parçaladı ayrılıq. Qardaş toyu üçün qurduğu arzuları, xəyalları darmadağın etdi. Onların yerinə bacı ürəyinə qardaşının özü boyda, özü ağırlıqda ağrı-acı toxumu səpdi. Qardaş toyu görmək arzusu heç vaxt gerçəkləşməyəcək xatirələrə yol aldı.

Gerçəkləşən isə o oldu ki, Müşfiqin qismətində şəhid olub vətən göylərinə ucalaraq zirvədə qərarlaşmaq varmış. Bu isə hər kəsə nəsib olmayan bir qismətdir.

 

 

Fərruxə,

 

ABDURƏHMANQIZI

 

Ədalət.-2013.-8 may.-S.6.