Heydər Əliyevdən qəti tapşırıq

 

“Təcili Tbilisiyə qayıt”

 

"1996-cı ilin martında Heydər Əliyev Azərbaycan Prezidenti kimi Gürcüstana ilk rəsmi səfərinə getmişdi. Gürcüstan Prezidenti Eduard Şevardnadze dövlətimizin başçısını, öz köhnə dostunu böyük sevinc və təntənə ilə qarşıladı. Səfər zamanı yaddaqalan görüşlər çox oldu. Belə görüşlərin birində baş verən hadisə heç vaxt yadımdan çıxmır.

Edurad Şevardnadze təntənəli mərasimdə Azərbaycan xalqı, onun böyük oğlu Heydər Əliyev haqqında çox xoş sözlər dedi. Lakin çıxışının bir yerində "Azərbaycan diasporu” ifadəsini işlətdi. Heydər Əliyev həmin an müdaxilə etdidedi ki, azərbaycanlılar gəlmə deyillər, tarixən bu yerlədə yaşayıblar. Buralar onların əzəli, əbədi məskənləridir.

Şevardnadze gülümsədi və Heydər Əliyev cənablarının sözlərini təsdiq etdi”.

Aslan Aslanov deyir ki, belə hadisələrin şahidi çox olmuşam, hər dəfə də qürur duymuşam: "Xalqımızın ümummilli lideri Heydər Əliyev həqiqətən də fenomenal şəxsiyyət idi. Müstəqil Azərbaycanın dövlətçilik maraqları, xalqın əmin-amanlığı və rifahı onun üçün həmişə ön planda idi. Ən gərgin və mürəkkəb anlarda belə öz prinsipial mövqeyini bəyan etməkdən çəkinmirdi. Heç bir qüvvə onu öz mövqeyindən çəkindirə bilməzdi”.

Kənd təsərrüfatı nazirinin müavini, YAP Siyasi Şurasının üzvü, biologiya elmləri namizədi, Tbilisinin fəxri vətəndaşı, Gürcüstanın "Səadət” ordeninə layiq görülmüş Aslan Aslanov çox gənc yaşlarından Heydər Əliyevin siyasi komandasında təmsil olunub. 1993-cü ildən 2005-ci ilə kimi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Şəmkirdən göndərilən məktub

Aslan Aslanovun doğulub boya-başa çatdığı ailədə Heydər Əliyevə həmişə böyük hörmətlə yanaşılıb. Uzun illər Şəmkirdə məsul vəzifələrdə çalışmış, bu gün də hörmətlə anılan Əli Aslanov Heydər Əliyevin təcrübəsinə və idarəçilik bacarığına yaxından bələd olduğundan ona xilaskar kimi baxıb. Bu hissi övladlarında da aşılaya bilib: "Müstəqilliyimizin ilk illərində Azərbaycanda çətin vəziyyət yaranmışdı. Ərazi bütövlüyümüz, ümumiyyətlə, suverenliyimiz təhlükə altında idi. Xaricdə Azərbaycanın məhvi planları qurulurdu. Daxildəki çəkişmələr bu prosesi bir qədər də sürətləndirirdi. Rəhmətlik atam sovet dövründən müxtəlif vəzifələrdə çalışmışdı. Baş verən hadisələri yaxşı təhlil edə bilirdi. Ölkəni böhrandan çıxarmaq üçün Heydər Əliyev kimi güclü bir insanın Bakıya dəvət olunmasını vacib sayırdı. Şəmkirdə vəzifədə ola-ola o, bu fikrini açıq bildirməkdən çəkinmir, rəsmi orqanlara məktublar yazır, teleqramlar vururdu. Vəziyyətin günü-gündən çətinləşdiyini görən atam sonuncu yerindən- Şəmkir Dövlət Damazlıq Birliyinin rəisi vəzifəsindən də imtina etdi. Və 1992-ci il aprelin 16-da Naxçıvana, Ali Məclisin Sədri Heydər Əliyevə məktub göndərdi. Bu gün də əziz xatirə kimi saxladığım məktubda atam yazırdı: "Möhtərəm Heydər Əlirza oğlu! Respublikamız böhran içindədir. Xalqı bu faciədən yalnız Siz xilas edə bilərsiniz. Sizdə bu qabiliyyət, qətiyyət, təcrübə, savad və mənlik vardır. Ona görə də artıq dərəcədə xahiş edirəm, tezliklə Azərbaycan Respublikası prezidentliyinə öz namizədliyinizi verəsiniz. Xalqın ümidi yalnız Sizədir. Ölkəni bu bəladan yalnız Siz xilas edə bilərsiniz. Dərin hörmətlə, Əli Aslanov”.

Sonrakı günlərdə atam Heydər Əliyevə daha bir neçə məktub göndərdi.

Ölkədə baş verən proseslər Heydər Əliyev kimi müdirik bir şəxsiyyətin siyasi hakimiyyətə qayıdışını sürətləndirdi və xalqımızın böyük oğlu Bakıya dəvət olundu. Bu dəfə müstəqil Azərbaycanın Prezidenti seçildi. Azərbaycan bir dövlət kimi varlığını qorudu. Təbii ki, dövlətimizin qüdrətlənməsini istəməyən, ulu öndər Heydər Əliyevə mane olmağa çalışan qüvvələr də var idi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində biz bunun bir daha şahidi olduq. Həmin vaxtlar Heydər Əliyevin tapşırığı ilə Şəmkir də daxil olmaqla bütün Qərb regionunda sabitliyin bərpası üçün qərargah yaradıldı. Rəhbərliyim altında fəaliyyət göstərən qərargah dövlət başçısının bütün tapşırıqlarını yerinə yetirdi.

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ildə Şəmkirə səfəri zamanı rayon sakinlərinə müraciət edərək deyəcəkdi: "Azərbaycan üçün ən çətin dövrlərdə şəmkirlilər Azərbaycan dövlətçiliyinə arxadayaq olmuşlar. Bunu bütün Azərbaycan bilməlidir”.

Yazının əvvəlində Heydər Əliyevin Gürcüstana səfəri zamanı qonşuqardaş ölkədə yaşayan azərbaycanlılara necə böyük önəm verdiyini təsadüfən xatırlatmadıq. Aslan Aslanov deyir ki, Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanla Gürcüstan arasındakı tarixi münasibətlər yeni mərhələyə qədəm qoydu.

Çox mühüm tapşırıq

Müstəqilliyimizin ilk illəri təkcə Qarabağda yaşayan azərbaycanlılar üçün yox, elə Gürcüstandakı soydaşlarımız üçünçox çətin keçdi. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində vəziyyətin gərginliyi, tez-tez təkrarlanan terror hadisələri üzündən insanlar qorxu içində yaşayırdılar. Bəzi ailələr dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qalmışdı.

"Məhz ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Gürcüstanla əlaqələr gücləndirildi, soydaşlarımıza diqqət və qayğı artdı. Öz problemləri yetərincə olan Azərbaycan dostqardaş Gürcüstana da kömək əlini uzatdı. Ulu öndər Əliyevin tapşırığı ilə Gürcüstana mütəmadi olaraq yardımlar edildi. Yardımlar çoxaldıqca, qayğı artdıqca qonşu ölkədən köç karvanları əvəzinə minnətdarlıq dolu ürək sözləri gəlməyə başladı. Təkcə orada yaşayan soydaşlarımıza deyil, Abxaziyada baş verən milli münaqişələr üzündən evsiz-eşiksiz qalıb Tbilisidəki "İveriya” mehmanxanasında məskunlaşan gürcülərə də yardım edirdik. Şəmkir camaatının göndərdiyi növbəti yardım karvanını həmin insanlara çatdıran zaman Gürcüstanın tanınmış ziyalısı, xalq yazıçısı Quram Pancikidze yaddaşımdan silinməyəcək bir fikir söylədi. Dedi ki, mənim xalqım knyaz, zadəgan nəslindən olduğundan gözü tox xalqdır. Acından ölsələr, şaxtadan donsalar da, öz qürurlarını qoruyub heç kimə əl açmazlar. Bu gün Şəmkir camaatının göndərdiyi bu sovqatı da qardaş payı kimi qəbul edirik. Çünki bilirik ki, bu yardımlar bütün gürcü ziyalılarının dostu Heydər Əliyevin tapşırığı ilə göndərilib”.

Aslan Aslanovun yaxşı xatırladığı ən mühüm hadisələrdən biri isə 1996-cı ilə təsadüf edir: "Həmin ilin qış günlərinin birində soydaşlarımızla görüşmək üçün Tbilisiyə getmişdim. Çox səmərəli, yaddaqalan görüşlər oldu. Axşam geri qayıtmağa hazırlaşanda dedilər ki, bir qadın mənimlə görüşmək üçün israr edir, vacib sözü olduğunu söyləyir. Uzun illər müəllimə işləmiş həmin ahıl qadın mənə dedi ki, mühüm bir məsələni açıqlamaq istəyirəm. Söhbətdən məlum oldu ki, müəllimə Şərqdə ilk demokratik cümhuriyyətin qurulmasında müstəsna xidmət göstərmiş Fətəli Xan Xoyskinin dəfn olunduğu yeri bilir. Müəllimənin sözlərinə görə, o zamanlar Xoyski Allahsız kimi Şeyx Sənan dağının ətəklərində basdırılıb. Həmin qadının qardaşı da o qəbiristanlıqda dəfn olunub. Birlikdə gedib əraziyə də baxdıq. Qadın dedi ki, nə qədər ermənilər öyrənməyib, bu məsələni Heydər Əliyevə çatdırın. Gecə Şəmkirə çatan kimi Heydər Əliyevlə danışdım, görülən işlərlə bağlı hesabat verdim. Telefon söhbətimizin sonunda yaşlı müəllimənin sözlərini dövlət başçısına çatdırdım. Ulu öndər soruşdu ki, bu məsələdən daha kimlərin xəbəri var? Dedim sürücümdaha iki nəfər bu söhbətdən xəbərdardır. Heydər Əliyev soruşdu ki, yorulmamısan? Cavab verdim ki, xeyir. Təcili Tbilisiyə qayıtmağımı, orada keşik çəkməyimi tapşırdı. Ümummilli liderin tapşırığına əsasən dərhal geri qayıtdım. Səhər Tbilisidəki Cümə məscidinin axundunun iştirakı ilə Fətəli Xan Xoyskinin məzarı böyük Azərbaycan yazıçısı Mirzə Fətəli Axundovun büstünün yanına köçürüldü, qonşu ölkədə yaşayan tanınmış ziyalılarımızın həmin mərasimdə iştirakını təmin etdim.

Heydər Əliyev telefon danışığımız zamanı Xoyskiyə böyük ehtiramı olduğunu xatırlatmış, qəbirüstü abidənin açılışında şəxsən iştirak edəcəyini də bildirmişdi. Həmin il martın 9-da ulu öndər Tbilisiyə gəldi və Fətəli Xan Xoyskinin qəbirüstü abidəsinin açılışında iştirak etdi”.

Tbilisinin fəxri vətəndaşı

Aslan Aslanov deyir ki, Gürcüstanda yaşayan soydaşlarımızın həyatı, tarix və mədəniyyətimizin qorunması ilə bağlı Heydər Əliyevin necə mühüm işlər gördüyünün şahidi olub: "Çox xoşbəxt bir insanam ki, çoxsaylı belə tarixi hadisələrin birbaşa iştirakçısı olmuşam. Ümummilli liderin tapşırıq və göstərişlərini vaxtında yerinə yetirməyə çalışmışam. Təsadüfi deyil ki, qardaşqonşu dövlətin "Səadət” ordeninə layiq görülmüşəm, Tbilisinin fəxri vətəndaşıyam”.

Görkəmli dövlət xadimi, uzun illər Gürcüstana rəhbərlik etmiş Eduard Şevardnadze həmin illəri təsvir edərkən yazacaqdı: "Aslan Aslanov əziz dostum Heydər Əliyevin tapşırıqlarını tam dəqiqliyi ilə operativ şəkildə yerinə yetirirdi...

... Aslan Aslanov Azərbaycan Prezidentinin tapşırıqları və tövsiyələrinin, ümumiyyətlə, onun daxili siyasətinin əsl ötürücüsü idi. Cənab Aslanov dövlət başçısı Heydər Əliyevin tapşırdığı işləri yüksək səviyyədə görür, iki qonşu xalq arasında əsil dostluq körpüsü rolunu oynayır. Bütü bunlara görə bizonu "Səadət” ordeni ilə təltif etdik”.

Aslan Aslanov Gürcüstanda yaşayan soydaşlarımıza Azərbaycan dövlətinin bu günböyük diqqət və qayğı ilə yanaşdığını vurğulayır: "Dövlətimizin başçısı İlham Əliyev cənablarının, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədə necə böyük işlər gördüklərini Azərbaycanda da, Gürcüstanda da yaxşı bilir. Yüksək qiymətləndirirlər”.

 

 

Etibar CƏBRAYILOĞLU

 

Ədalət.-2013.-11 may.-S.4.