Bütövün bir hissəsi, Gümüşü rəngin cazibəsi və ya adilik içində qeyri-adilik...

 

İstənilən bədii mətnə müxtəlif rakurslardan yanaşmaq mümkündür. Məsələn, təhlilin nüvəsini hansısa bir problem təşkil edə bilər; ya da təhlilə cəlb edilən mətn müstəqil bir parça tək (tədqiqatçı istəsə, onu yazıçının və şairin ümumi yaradıcılıq müstəvisindən kənara da çıxarar) araşdırıla, zəif və güclü tərəfləri, bədii məziyyətləri, məzmunundakı orijinallıq və ya bəsitlik, dili, üslubu, sənətkarlıq xüsusiyyətləri və s. müəyyənləşdirilə bilər. Eyni zamanda, mətnin başqa mətnlərlə müqayisədə (müəllifin özünün və ya digərinin) tədqiqi də maraqlı alınır - xüsusilə ortada ortaq cəhətlər, üst-üstə düşən məqamlar, təsir və əks-təsir faktları mövcuddursa... Və ya hər hansı bir mətndən müəllif şəxsiyyətinə aparan yolun izinə düşmək, xarakterin ən ziddiyyətli tərəflərini, düşüncəsinin bütün stixyiyasını anlamaq, dünyaduyumunun, təfəkkürünün, ruhunun ən incə məqamlarını müəyyən etmək mümkündür...

Bir sözlə, bütün bunlar tədqiqatçının nəzərdə tutulan materiala hansı məqsədlə yanaşmasından, onu hansı rakursdan müşahidə etməsindən asıldır və bu təhlil formalarının hər biri ortaya çox maraqlı nəticələr çıxarır.

Amma hər hansı bir yazıçının və ya şairin yaradıcılığını bütöv, tam şəkildə - janrından, yazılma zamanından, formasından və s. asılı olmayaraq diqqətdən keçirdikdə meydana çıxan faktlar, əldə olunan nəticələr daha cəlbedici, daha gerçək, daha hərtərəfli, daha əhatəli, hətta daha gözlənilməz alınır. Ona görə ki, yaradıcılığın ümumi halda - bir axın kimi üz tutduğu istiqamət, meyl, müəllifin maraq dairəsindən, intellektindən, dünyaduyumundan asılı olaraq bədii mətnə gətirilən (və ya qeri-ixtiyari daxil olan) problemlər, situasiyalar, mənzərələr birdən-birə bütöv, tam halda göz önündə sərgilənir və sən də istər-istəməz axına qoşulub addım-addım onunla birlikdə irəliləməli (və ya geriləməli) olursan. Hətta bu cür müşahidə zamanı ortaya çıxan faktlar tədqiqatçının "qulağına" elə informasiyalar, elə hiqiqətlər "pıçıldayır" ki, bunu konkret halda götürülmüş hansısa yeganə mətn çətin ki, ifadə edə, ötürə bilsin.

Bu cür təhlil zamanı yazıçının qət etdiyi yol boyu dəfələrlə təkrar "keçilən" və ya "qayıdılan" "duraq nöqtələri"nin mövcudluğu da, mətnlərin birindən digərinə ötürülən obrazlar, birindən o birinə atılan ziddiyyətli məqamlar, xarakterlər, situasiyalar da, təkrar-təkrar araşdırılan psixoloji-mənəvi qabarmalar, dəfələrlə müraciət edilən problemlərin varlığı da ortaya çıxmış olur. Əlbəttə, bütün bu sadalananların səbəblərinin tapılması zərurəti mövcuddur və bunsuz mümkün deyil. Cavab mütləq verilməlidir: niyə bu yazıçı bu və ya digər problemə dəfələrlə qayıdır, bu və ya digər xarakteri dəfələrlə (hər dəfəsində də yeni ştrixlər artırmaqla) yaratmaq ehtiyacı hiss edir, niyə eyni psixoloji situasiya, gərgin durum fərqli ədəbi qəhrəmanlar üçün dəfələrlə qurulur və s. niyə, niyə, niyə...

Cavabın tapılması ayrı məsələdir, amma prosesin özü - yazıçının bütün yaradıcılığı boyu "hərəkət istiqaməti"nin, təkrar-təkrar gəlib keçdiyi "duraq məntəqələr"inin, bilərəkdənmi, yaxud təhtəlşüurmu (bunların hər ikisi ola bilər) olduğunun aydınlaşdırılması maraqlıdır... Tədqiqatçı bu prosesin iştirakçısına, hətta bir detalına çevrilə bilir. Bu, çox fərqli təəssüratdır. Onu da deyək ki, bu cür ümumi müraciət və ardıcıl mütaliə bir xüsusiyyətinə görə də əhəmiyyətlidir: o, yazıçının yaradıcılığı boyu qət etdiyi məsafə ilə bərabər yoldakı enişini də, yüksəlişini də bütün çılpaqlığı ilə sərgiləmiş olur.

Açığı, çox az yazıçı var ki, yaradıcılığının bu cür Tam - Bütöv halda araşdırılması proses olaraq diqqət çəkə bilsin. Amma Elçinin yaradıcılığı - hekayələri, povestləri, romanları, məqalələri, tənqidi əsərləri, monoqrafiyaları, pyeslərig - bu Tamı araşdırmaq üçün çox zəngin, çox koloritli material verir.

Onun kiçik mətnlərdə də, böyük həcmli əsərlərində də təsvir etdiyi situasiyaların, qoyduğu problemlərin, yaratdığı konfliktlərin orijinallığı, bədii mətnə gətirdiyi xarakterlərin qeyri-adiliyi, ilkinliyi, sadə təsvirdən mürəkkəb prosesə - konfliktli situasiyaya doğru aparan yolun mövcudluğu, əsərlərindəki mif və folklorizm qaynaqlarının varlığı, yazı üslubu, təhkiyəsindəki özünəməxsusluq, hətta fikrin ifadəsi üçün seçdiyi cümlə quruluşları belə ayrı-ayrılıqda nəzərdən keçirildikdə haqqında danışdığımız Bütövün çox fərqli parçalarını təsəvvür etmiş olarıq... Burada həm rənglərin qəribə bir qamması - ümum halında - diqqəti çəkir, həm xarakterlərin sadəliyi içərisindəki mürəkkəblik maraqlı görünür, daxili ziddiyyətlərin bəsit və sadə təqdimi-dərki mövcuddur və ya əksinə, sadə təsvirlərin alt qatında qoyulmuş mürəkkəb konfliktlər özünü büruzə verir, magik situasiyalar və təəssüratlar oxucu təxəyyülünü çaşqınlıqlara doğru sürükləyir, eyni zamanda, çox real, çox həyati, çox gerçək faktların təsviri dinamikasını da müşahidə etmək mümkündür.g Bir sözlə, o Tamın içində təqdim olunan Abşeron həyatından, Abşeron təbiətindən - bağlarından tutmuş qumsallarına qədər, dənizin anlatdıqlarından tutmuş, dəniz dilini anlayan insanlarına qədər, öz tənahılığı ilə baş-başa olsa da, hansısa bir konkret günə və ya hadisəyədək bu tənhalığın mövcudluğundan bixəbər olan qəhrəmanlarına qədər, daxilində hər zaman olmasa da, aradabir Xeyir-Şər qarşıdurması yaranan personajlarına qədər - hər şey, hər şey Tamı yaradır, Tamın bitkinliyinə, tamamlanmasına xidmət edir...

 

Tənhalığından bixəbər tənhalar

 

Əslində, tənhalıq İnsanın adi və təbii halıdır. Kimininsə alışdığı, kimininsə alışa bilmədiyi, kiminisə etiraf etdiyi, kimininsə etmədiyi bir hal... Onun Yaradıcı Dünyasının qəhrəmanları (istər "Gümüşü furqon"un Məmmədağası, Məsməxanımı, istər "Sarı pencəy"in S.Qayıblısı, istər "Toyuğun diri qalması"ndakı Zübeydə, istər "Qatil"ini qəhrəmanı və s. və s.) öz mənəvi tənhalıqlarından bixəbər tənhalardılar... Və onların xoşbətlikləri də, bədbəxtlikləri də, faciələri də məhz bu tənhalıqları ilə bağlıdır... Bixəbər olduqlarına görə xoşbəxtdirlər - çünki var olan tənhalığın acısı keyləşmiş bir ağrı kimidir. Sızıltısı olsa da, hələ ki narahat etmir, silkələmir... əlbəttə, konkret bir situasiyaya, konkret bir məqama qədər... Bədbəxtdirlər ona görə ki, bu dərketmə olmadığına görə həyatları adilik içərisində, yeknəsəklik içərisində axıb gedir və bu axını "həyat" adlandıraraq nəyisə dəyişməyi heç ağıllarına da gətirmirlər... Nəyisə gözləyirlər? Amma nəyi - bilmirlər... Bu gedişlə də hansısa bir gün gəlir və hansısa bir məqam onları öz tənhalıqları ilə üz-üzə, göz-gözə qoyur... Hansısa (məsələn, "Toyuğun diri qalması"ndakı Zübeydə) əlində bıçaq, gecə köynəyindəki görünüşü ilə hətta özü-özünə də vahiməli görünür, indiyə qədər haqlı saydığı yaşanmış yola tamam başqa bir gözlə nəzər salmalı olur, hansısa ("Sarı pencəy"in S.Qayıblısı kimi) hallusinasiya kimi qəribə situasiya ilə üz-üzə qoyulur, məişətinin adi əşyası - pencəyi az qala "dil açaraq" gündəlik yeknəsəklikdən qurtulmağa, onu tənhalıqdan qoparmağa çalışır və "rəngini dəyişməklə" yeknəsəkliyin bir predmeti, yalnızlığın bir atributu, simvolu olmasına etiraz edir... Hansısa ("Baladadaşın məhəbbəti"ndə olduğu kimi) təsadüfi bir hadisə, təsadüfi bir görüş nəticəsində adi yaşam müstəvisindən çıxır, içindəki tənhalığın var olduğunu görür və həyatına tamam başqa gözlə baxmağa başlayır... Lap müvəqqəti olsa belə...

Tamın bir parçası olan Tənha İnsanların ən xarakterik cizgisi, ən böyük kaloriti onların öz tənhalıqlarından bixəbər yaşamalarıdır: "Məmmədağa kənddən gələn işıqlara baxdı, baxdı və ona elə gəldi ki, bütün günü səhərdən axşamacan adamlarla olsa da, əslində o bu taxta dovşanın, tülkünün, ayının, şirin və naməlum heyvanın yanında tək-tənhadı. Məmmədağa ömründə belə şeylər fikirləşməzdi və bilməzdi ki, vaxt olar, onun başına belə fikirlər gələr..." (Bir görüşün tarixçəsi") İçlərində gedən prosesləri hələ ki dərk etmirlər... Amma bir gün gəlir və... Hər şey dəyişir...

Bu məqamda onu da qeyd edək ki, tənhalıqdan bixəbərlik təəssüratını daha da möhkəmləndirən, ona daha böyük canlılıq verən bir cəhət də var: o da bu obrazların təsvir edildikləri məkanın, yerin, hadisələrin baş verdiyi əraziyə fon olan görüntünün tənhalığıdır. Tənha dəniz, dənizə üzüb gedə biləcək qədər canlı olan qayalar, suya düşən gümüşü ayın işığı, uzaqdan işıldayan ulduzlar, səsini çıxarmayan dalğalar və s. və s.g"Məsməxanım həmin qəribə yay gecəsi əllərini yelləyə-yelləyə öz ulduzunu bərkdən səsləmək istədi: "-E-he-he-hey!", amma özünü saxladı, çünki, onsuz da, içini bayır eləyib qoymuşdu ay işığının altına" ("Gümüşü furqon").

Və bu Tamda hər şey tənhalığından bixəbər İnsanların o Tənhalığı dərk etməsi ilə başlayır... Sevinci də, ağrısı da, acısı da, təəssüfü də...

 

Adilik içində qeyri-adilik...

 

Bu tamlığın içərisində hər şey - istər sahil kəndlərində olsun, istər şəhərdə ("Qırmızı ayı balası", "Günlərin bir günündə"), istər ucqar bir dağ kəndində ("Gümüşü, narıncı, məxməri") hər zaman adilikdən başlayır. Hər şey adidir - öz adi gözəlliyində, öz adi səmimiyyətində, öz adi axarında. Amma eyni zamanda da bu adiliyin içərisində bir qeyri-adilik, qəribəlik mövcuddur ki, bunu əsər(lər)in qəhrəmanları özləri də hiss edir, anlayır, dərk edirlər. Bu qeyri-adiliyin nədə olduğunu tapa bilməsələr, tapmağa çalışaraq anlamasalar belə, onun varlığını fəhmlə, intuisiya ilə duyurlar Sanki illərlə məhz onu gözləyirlərmiş kimi... Və o gün yetişir... Əlbəttə, tapılan və duyulan qeyri-adiliyin elə qeyri-adilik səviyyəsində qalıb-qalmayacağı bəlli deyil. Amma fərq etməz. Əsas olanı adilikdən, yeknəsəklikdən qurtuluşdur. Əsas olan adini qeyri-adiyə adlatmaqdır ki, bu, da Tamın vacib hadisəsi kimi baş verir...

Elçin yaradıcılığının ən əhəmiyyətli xüsusiyyətlərindən biri də məhz budur - adinin alt qatında olan qeyri-adi şeyləri görmək və oxucuya göstərmək. Bununla da yaxşı mənada təəccübləndirə bilmək.

"Məsməxanım dedi:

- Mən xoşlayıram gilavarı... Gilavar dənizə əsir də... Gilavar əsəndə dənizlə danışmaq olur...

- Sən dəniz qırağına gəlib dənizlə danışırsan?

- Nöşün, evdə danışmaq olmur bəyəm? Gilavar sözləri aparır dənizə..."

Qeyri-adilik ondadır ki, bu qəhrəmanlara (məsələn, "Gümüşü furqon"dakı Məsməxanıma) baxıb, onların sadə, avamyana görünüşünün altında qəribə, gözlənilməz düşüncələrin, bacarıqların, xəyalların gizlənə biləcəyini düşünmürsən. Bəzən bu cür adi insanın dilindən çıxan hansısa bir söz lap bir şapalaq kimi də təsir edə, insanın içinə qədər işləyə bilir... Ucqar bir dağ kəndində böyüyən bir oğlan - aldığı sevgi məktubuna əhəmiyyət verməyəcək, ondan həyəcanlanmayacaq qədər laqeyd olan biri intuitiv olaraq həyatının dəyişən axarını hiss edir, duya bilir və qarşılaşdığı situasiyada bir anın içindəcə böyüdüyünü nümayiş etdirirgonun həyatının da adi axarının gətirdiyi hadisələr bolluğu özünə pıçıldanırdı - hissi, duyumu, öncəgörümü ilə...

Beləliklə də, bu Tamın istənilən bir parçası ilə tanışlıq zamanı hansı məqamda nə ilə üzləşə, nə ilə qarşılaşa biləcəyin bəlli deyil, yəni hər an sürpriz ola bilər...

 

Rənglər qamması...

 

Bu Tamın özünəməxsus rənglər qamması var... Bəzən sənə elə gələ bilər ki, əsas olanı mavidir. Mavilik içərisində uzanan və onunla yanaşı vurulmuş - salınmış sarı qumsal rəngidir... Yaxud, bənövşəyidir... Məxməridir... əlbəttə, bunların hamısı var... Amma Tamın içindən "çıxan" və sənin gözlərini qamaşdıran daha çox gümüşüdür. O bir ay işığının gümüşüsü də ola bilər, bir maşının ətrafı bürüyən gümüşü parıltısı da, bir qar sevgisinin, qarlı qış səhərinin gözləri qamaşdıran gümüşü ağlığı da... Əsas olan bu gümüşünü doğuran və dünyanı bu gümüşüyə bürüyən şeyin nə olduğu deyil... Əsas olan o gümüşünün cazibəsi, təmizliyi, saflığı, müəmması və qeyri-adi ovqat bağışlaması, insanı özündən, öz mərtəbəsindən, olduğu "aşağılardan" qoparıb göylərə qaldıra bilmək bacarığıdır...

 

Dairə boyunca hərəkət

 

Bu dünyanın - bu tamın qəribə bir hərəkət amplitudası var - dairə boyunca inkişaf... Məgər dairə boyunca hərəkətdə inkişaf mümkündürmü? Mümkündür? Ola bilərmi? Deməli, ola bilirmiş... İnkişaf var, amma hərəkət məhz bu dairənin daxilində gedir... Və bu təkcə o dairə boyu hərəkət amplitudasına salınmış epizodlarda (....), obrazlarda (....), situasiyalarda (....) xarakterlərdə özünü göstərmir, həm də təhkiyədə, yazı manerasında boy verib görünür... Bir neçə melodik parça arasında təkrar-təkrar vurulan, sonra yenə qayıdılan, qayıdılan və qayıdılaraq təkrar səslənən akkord kimi bir şeydir bu...

Təkrar gedişlər, təkrar qayıtmalar baş verir... Dənizdə üzə biləcək qədar canlı görünən qayalıqlara dəfələrlə təkrar-təkrar dönülür, milisoner Səfər kimi, Ağagül kimi, Baladadaş kimi obrazlara yenidən üz tutulur (hələ də tutulmaqdadı), gümüşü çalara, kaloritli bənzətmələrə, poetik detallara təkrar qayıdışlar baş verir...

Eyni şey yazı manerasında da istifadə edilir. Hər hansı situasiya, hər hansı bir təsvirə mətn daxilində bir neçə dəfə təkrar qayıtmaqla sanki yaradılmış təəssürat təzələnir, unudulmaması, yaddan çıxmaması üçün yeni bir əlavə ilə təqdim edilir...

 

Sadə insanların bir cümləlik xarakteristikası

 

Bu Tamda personajlar əsasən uzun-uzadı təqdim edilmir. Onların xarakterik xüsusiyyətlərini, dünyalarını, necə insan olmalarını hansısa situasiyalar müəyyən edir. Bunun üçün müəllif öz mövcudluğunun vacib olduğunu heç xatırlatmır da. Konkret situasiya - və sən əsərdəki personajı tanıyırsan. Kimliyini, xarakterini dərk edirsən... Bircə cümlə və o bütün kaloriti ilə ortadadır.

"Milisioner Səfər heç vaxt heç kimin ürəyinə dəymək istəməzdi. Onun fikrincə,dünyada ən pis şey kiminsə ürəyini sındırmaq idi" ("Bir görüşün tarixçəsi").

Vəssalam. Bir uşaq atası olan, sovet dövründə alverə qarşı mübarizə aparan və dilinə haram tikə dəyməmiş milisoner Səfərin obrazı da, xarakteridə aydın olur... Aldığı şapalaqdan sonra şikayət etməməsi ilə, pomidor-xiyar satan Məsməxanıma "Özünü heyf etmə" deməsi ilə kimliyini nümayiş etdirir....

Və ya... uşaqların ucuna pul bağlayaraq ələ saldıqları molla Süleyman: "Ən qəribəsi bu idi ki, üç-dörd gündən sonra molla Süleyman yenə də özünü saxlaya bilməyib, ucuna ip bağlanmış manatlığı götürmək üçün aşağı əyilirdi". ("Bir görüşün tarixçəsi")...

Bu Tamda heç bir xarakterin uzun-uzadı təqdimatına ehtiac belə hiss etmirsən... Hər şeyi situasiya, hadisə danışır...

 

Maraqlı bənzətmələr, kaloritli detallar

 

Bu Tamda diqqəti çəkən xüsusiyyətlərdən biri də yazıçının detallı təsvir bacarığı, detal orijinallığı, bənzətmələrdəki qeyri-adi və ən əsası özünəməxsus çalarlardır. Məsələn, bu cür rənglərə tez-tez rast gəlmək olur: "Molla Süleyman Məmmədağagilin məhəlləsində olurdu və onun haqqında danışmaq köhnə Sarı hamam, köhnə məscid, yan-yana iki adam güclə yeriyən Dar dalan haqqında danışmaq kimi bir şey idi" ("Bir görüşün tarixçəsi").

Və ya: "Bu Qaçaq Nəbinin qalstuk taxması kimi bir şeydir" ifadəsi...

Bu cür bənzətmələr də Tamda tez-tez xatırlanır, yada salınır... Ən əsası isə... Onun yararlandığı poetik detallar, ştrixlər yaratdığı xarakterlərin bütövlüyünə, təsvir etdiyi hadisələrin canlılığına, təsirliliyinə xidmət edir və heç vaxt da qurulmur, quraşdırılmır... Həyatdan götürülür... Real dünyadan alınır...

P.S. Bu yazını ixtisarla təqdim edirəm... Əslində, bu, yaradıcılığının müxtəlif mərhələlərini tədqiq etdiyim xalq yazıçısı Elçini 70 illik yubileyi münasibətilə təbrik etmək üçün bir bəhanədir.

 

 

Nərgiz Cabbarlı,

AMEA, Ədəbiyyat İnstitutunun

elmi işçisi

 

Ədalət.-2013.-11 may.-S.10.