Bir kərə yüksələn bayraq bir daha enməz

 

ADR-qurulmasının 95-illiyi münasibəti ilə.

 

XX-əsrin əvvəllərində ölkədə müxtəlif istiqamətli siyasi dərnək və partiyaların fəaliyyət göstərməsi cəmiyyətdə yeni baxışların, o cümlədən müstəqillik duyğularının yaranıb inkişaf etməsinə əlverişli zəmin və şərait hazırlamışdı. Bütün bunlar Azərbaycan xalqının milli dövlətçilik şüurunun oyanmasına və onun bir millət kimi formalaşmasına, gələcəkdə azadlıq və müstəqillik uğrunda mütəşəkkil siyası mübarizəyə hazırlaşmasına stimul oldu.

Üzvlərinin sayı min nəfərdən artıq olan partiyanın öz mətbu orqanı - "İrşad" qəzeti Bakıda çap olunurdu. Partiyanın Mərkəzi Komitəsi də Bakıda yerləşir və ona görkəmli ədib və ictimai xadim Əhməd bəy Ağayev başçılıq edirdi. "Partiya Azərbaycan xalqını son vaxtlar onun üzərinə düşən bədbəxtliklərdən - hər iki xalqın normal yaşayış tərzini pozan erməni-müsəlman toqquşmalarından xilas etməyi və həm də müsəlmanların geriliyi ilə mübarizə aparmağı özünün başlıca və əsas məqsədi elan etdi. Bu məqsədləri həyata keçirmək üçün iki şərt - savad və güc lazım idi".

"Müsavat" partiyası məhz belə bir siyasi hərəkat təcrübəsi üzərində yaradılmış, az bir zamanda xeyli populyarlaşaraq, özunə çoxlu tərəfdarlar qazanmışdı. Lakin yaradıldığı gündən 1917-ci ilin fevralına, yəni çar mütləqiyyətinin süqutuna qədər partiyanın fəaliyyəti çox məhdudlaşdırılmışdı. Bununla belə onun əsas qayəsi və məramı, çox güclü senzura basqısı altında olsa da, "Açıq söz" qəzeti vasitəsilə kütlələrə çatdırılırdı.

Fevral burjua-demokratik inqilabından sonra müəyyən siyasi azadlıqlar əldə edərək açıq fəaliyyət göstərməyə başlayan "Müsavat" partiyası çox qısa müddətdə Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin liderinə çevrildi və xalqın bu mübarizəsi 1918-ci ilin 28 mayında ölkəmizin müstəqil dövlətə çevrilməsi ilə nəticələndi. Qarşıda çox nəhəng ağrılı problemlər durmasına baxmayaraq, ADR dövründə ədəbi-mədəni inkişaf məsələlərinə də çox diqqət ayrılır və bu sahədə görünməmiş quruculuq tədbirləri həyata keçirildi.

"Milli Azərbaycan Respublikasının qurulduğu 1917-ci və 1918-ci illərdə Azərbaycan xalqı tarixinin ən həyəcanlı günlərini yaşayırdı. Ədəbiyyat və sənət bu həyəcana tərcüman olur, milli istiqlal günlərinə yaxınlaşmanın şövq və sevinci içində yaşayır, böyük ümidini bütün həssaslığı ilə tərənnüm edirdi".

Milli dövlətin yaranmasına ürəkdən sevinən və bu böyuk tarixi hadisədən vəcdə gələrək onu öz əsərlərində tərənnüm edən Azərbaycan yazıçı və şairləri Məhəmməd Hadi və Hüseyn Cavid, Hacı Kərim Sanılı və Əhməd Cavad, Abdulla Şaiq və Əmin Abid, Cəlil Məmmədquluzadə və Üzeyir Hacıbəyli, Seyid Hüseyn və Cəfər Cabbarlı, Abdulla Sur və Tağı Şahbazi Simurq, Yusif Vəzir Çəmənzəminli və Firudin bəy Köçərli, Üm Gülsüm və İ.Aşurbəyli bilavasitə Azərbaycan istiqlalına, milli dövlətə, bayrağa, gerbə, türklük idealına və ümumbəşəri islami dəyərlərə həsr etdikləri ən yaxşı ədəbi-bədii, elmi-publisistik, fəlsəfi-tarixi əsərləri bu illərdə yazmışlar.

Azərbaycan Cümhuriyyətinin rəsmi numayəndəsi kimi 1918-ci ildə ona diplomatik pasport verilmiş, bu dövrdə, qızğın fəaliyyət göstərən "Yaşıl qələmlər" dərnəyinin Məhəmməd Əmin Rəsulzadə, Ömər Faiq Nemanzadə, Əhməd Cavad, Uzeyir Hacıbəyli, Əbdürrəhimbəy Haqverdiyev, Nəcəfbəy Vəzirov, Salman Mümtaz, Hüseyn Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı kimi görkəmli üzvlər var idi.

Azərbaycan Demokratik Respublikası dövründe yazılan şeirler özünü daha bariz şəkildə göstərir. Bu dövrde yazılan şeirlər Azərbaycan Demokratik Respublikasının fəaliyyətindən xalqa bəxş etdiyi azadlıqdan demokratiyadan, sülh ideyalarından həvəslə tərənnüm olunur. Bu movzulu şeirlər "İqbal", "Yeni iqbal", "Açıq söz", "İstiqlal", "Azərbaycan", "Ədəbiyyat", "Birlik", "Qurtuluş", "Məktəb Füqəra fyuzatı", "Şərq qadını" qəzet və məcmuələrdə ardıcıl olaraq çap olunurdu.

Bu səpgili şeirlərde milli qürur, xalqın əsirlər boyu öz azadlığı yolunda çəkdiyi əzab-əziyyətlər, türklüyə sonsuz məhəbbət hissi çox güclüdür. Əhməd Cavad, Huseyin Cavid, Cəfər Cabbarlı, Mikail Muşviq, Abdulla Şaiq, Abbas Səhət, Məhəmməd Hadi, Üm Gülsüm kimi xalqı vətəni uçun yazıb yaradan ədiblərin yaradıcılığının ən məhsuldar dövrü 1917-1920-ci illərə təsadüf edir. Bu illərdə onlar "Azərbaycan bayrağına", "Sevimli ölkəm", "Türkün nəğməsi", "Milli bayrağımıza", "Ey əsğər", "Turan düyünü", "Səs verəlim", "Ey türk oğlu", "Əsgər anası", "Yolunu bəklərdim", "Bayrağın enerken", kimi bir-birindən gözəl şeirlər yazır. Üm Gülsüm yaradıcılığında vətən sevgisi bir tərəfdən milli istiqlal uğrunda mubarizə, onun tərənnümu, digər tərəfdən, xalqı Azərbaycanın milli istiqlala səslənməsi, onu qoruyub saxlamaq əsas yer tutur.

Ədiblərimizin yaradıcılığında vətən sevgisi bir tərəfdən milli istiqlal uğrunda mübarizə, onun tərənnümü, digər tərəfdən, xalqı Azərbaycanın milli istiqlala səslənməsi, onu qoruyub saxlamaq əsas yer tutur.

Ə.Cavadın "Ey əskər!" şeiri bu cür poetik örnəklər arasında öz ideya-estetik keyfiyyətləri və duyğularının səmimiliyi ilə seçilməkdədir:

 

Dağa, daşa sancağını ördurub,

Duman kimi bu dağları bürüdün!

Dənizlərə salam rəsmi yapdırıb,

Göylərdəki bulud kimi yürüdün!

Yürü, yürü batan gunun izinə,

Gulumsəyir doğan Günəş yüzünə!

 

Həmin dövrün vətənpərvər şairlərindən Üm Gülsüm də 1918-ci ildə şair qardaşı Ə.Cavadın hisslərinə bənzər duyğuların təsiri altında qələmə aldığı "Ey türk oğlu!" adlı şeirində türk əsgərinə üz tutub onu şanlı qələbələrə səsləməyi özunə bir vətəndaş sənətkar borcu bilirdi:

 

Ey türk, sən ey qəhrəman, igid oğlu türklərin,

Şanlı ulu babanın öyüdünü unutma!

Sən də yürü o yolu, ad çıxarsın əskərin,

Ulular ardınca get, başqa bir yolu tutma!

 

Hadinin yaradıcılığında "İstiqlal" mövzusu daha üstün yer tutur.

"İstiqlalımız parlaqdır", "İrəliyə doğru gedəlim!", "Ümid səhneyi-təmaşayi-həyatın ruhudur" kimi şeirlər bu mövzuda yazılmış əsərlərdir.

 

Ey ol vəqti görən məsud, unutma bizləri yad et!

Ey yoldu həsrət ilə can verən əhvalı tedad et!

Məzarım usdə gəl dur, qəmli-qəmli ağla, fəryad et!

Oxu bu şeiri qəbrimdə ələt təkrar evrad et:

Dur, ey zindani nisyanda yatan, azad olub aləm!

Sürurabadi-hürriyyət gəlib, dilşad olub aləm!

 

"Azadlıq", "istiqlal" arzuları ilə ruhlanan şair şeirdə öz kədərlərini elə məharətlə qəzəb və intiqam hissinə çevirir ki, bu hisslərinin od-alovunu döşmənin başına tökur.

Azərbaycan xalqının milli istiqlaliyyəti, mədəniyyəti, dilinin inkişafı Abbas Səhhət yaradıcılığında da xalqın, vətənin taleyi ilə bağlı; azadlıq - "hurriyyət", marifə və elmə çağırış bəzən sızıltı və bəzən fəryad şəklində ifadə olunurdu. Onun yazdığı "Fəryadi-intibah və ya amali-vətənrərvəranə" şeirində vətəndaşlarını oyanmağa, azadlığa çağırır.

 

Ayıl,ey umməti-məhrumə,ayıl!

Ayıl,ey milləti məzlumə,ayıl!

Ayıl,ey bulbuli-gulzari-vətən!

Nəğmən ilə ola bidar vətən!

...Ayıl,ey xabi-qəmə aludə,

Bu qədər yatma dəxi asudə.

 

Millətini, vətənini azad görmək istəyən Cəfər Cabbarlı:

 

Durnalar, durnalar, bizdən dubara,

Turan ellərinə salam söyləyin.

 

deyərək, Azərbaycan istiqlalının möhkəmliyini Turan ellərinin azadlığında görür.

1920-ci il ADR-ın süqutundan sonra Vətənin hər növrağının söndüyü, onun sinəsinə və əllərinə yad izlər göründüyü üçündür ki, aşiq öz "xəstə qəlbi ilə haraya gəlməyə çalışır".

 

Bən baxarkən sən vurduğun yaraya,

Şimdi zalım fələk girdi araya.

Bax, xəstə qəlbimlə gəldim haraya,

Sən ağlama, bən ağlayım, gözəlim!

 

Ə.Cavadin "Sən ağlama, mən ağlayım, gözəlim" şeiri simvolik bir vətənpərvərlik numunəsi, sevgili vətənin yasına yazılan bir ağı idi.

Şairin özunun də qeyd etdiyi kimi, vətənini, xalqını bəxtəvər görmək arzusu il çırpınan bir könulun nalə və fəğan notları bu dövrdə qələmə alınmış bir sıra başqa əsərlərdə də, xüsusən lirik-romantik parçalarda özunu sıx-sıx göstərir.

 

"Bu yilki mayısda"şerində

O günlər ovunmadan,gülmədən

Ağladım ağlayan Türkün dərdinə.

Bu yilki yazda bir nəşə bilmədən

Yanardım yaxılan yurdun oduna.

Yelimin baharı, həyatı sönmuş,

Qönçəsi, nəğməsi yasa burunmuş.

 

Bu dövrü M.Ə.Rəsulzadə çox dəqiq və poetik bir dillə ifadə etmişdir:

"Azərbaycanın həmlələr və həyəcanlar tərənnüm edən coşğun rübabına ən ağır bir zərbə endirildi. Hürriyyətin feyizli havasından doymadan, milli istiqlalın verdiyi bütün nemətlərdən hələ yetərincə faydalanmadan, Azərbaycan ədəbiyyatı yenidən tarixin ona ayırdığı faciəli və həzin qismətinə qatlanmaq zərurətinə düşdü.

Sovet istilası ədəbiyyatın maneəsiz irəliləməsi üçün əngəllər törətdi. Milli ruha yabançı olan kommunist hökuməti formaca milli olan ədəbiyyata əvvəlcə səbirlə yanaşdısa da, məlum olduğu kimi, ona beynəlmiləl proletar məzmunu verməyə çalışdı".

Sovet imperiyası məqsədinə bəzi hallarda nail olsa da, şair və yazıçıların azad ilham pərisini tamamilə buxovlaya bilmədi. Məhz bu cur qeyri-insani təzyiqlər nəticəsi idi ki, Səməd Vurğun kimi böyük şair "vətən, millət" sözlərini "bayquş səsinə" bənzətməyə məcbur olmuş, lirik şeirlər ustası olmaq üçün yaranmış Süleyman Rüstəm Azərbaycanın istiqlalı uğrunda böyuk qəhrəmanlıqlar göstərmiş şanlı oğullarımızı - Azərbaycandan mühacirət etməyə məcbur olmuş müsavatçıları kobud sözlərlə təhqir etməkdən, onları xüsusi bir canfəşanlıqla söyüb alçaltmaqdan çəkinmirdi.

Represiya qurbanlarının taleyi ilə bağlı o dövrün mətbuatını və şair və yazıçıların muhakimə materiallarını Milli Təhlükəsizlik Nazirliyinin arxivlərində diqqətlə araşdıran akademik B.Nəbiyev mülahizələrinə obrazlı şəkildə yekun vuraraq yazır:

"Cəlladlar öz qara əməllərini bir qayda olaraq gizlincə icra edir, xalq arasında böyük nüfuza malik olan görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərini xəlvətcə ilim-ilim itirirdilər".

O dövrün repressiyaya uğramış görkəmli Azərbaycan ziyalılarından biri olan Əmin Abidin həyat yolunu tədqiq etmiş filologiya elmləri doktoru Bədirxan Əhmədov "təmizləmə" əməliyyatının daha bir tərəfini araşdıraraq yazır:

"Təmizləmə" əməliyyatı, əsasən türk ədəbiyyatı, coğrafiya və ictimaiyyət müəllimlərinə qarşı yönəldilirdi. Şübhəsiz, Ə.Abid bu əməliyyatdan kənarda qala bilməzdi. Bundan sonra ona Bakıda işləmək yasaq olunur. Məcburiyyət qarşısında qalan Əmin Abid 1929-1934-cu illər arasında Ağdaş, Quba, Ağdam rayonlarında müəllim işləyir. Elə bu illərdə məhsuldar alimin məqalələri respublika mətbuatında çox az dərc olunur..."

Vətənın, xalqın istiqlaliyyəti uğrunda canlarından keçən ziyalılarımızın acınacaqlı taleylərindən uzun illər boyu xalqın xəbəri olmamış, yəni onların ömür sapının harada, hansı şəraitdə, nə vaxt və kimin əlilə qırıldığı haqqında ictimaiyyət üçün bir sətir də olsa məlumat dərc edilməmişdi.

Xüsusi halda, ziyalının ən böyük "günahı" kimi onların türk ədəbiyyatı ilə maraqlanması, Türkiyədən gətirilmiş kitabları oxuması, Türkiyədə əsər çap etdirməsi qabardılırdı. Kommunist rejiminin Türkiyədən oddan qorxan kimi qorxması, Türkiyə ilə, türkün ədəbiyyatı və mədəniyyəti ilə azacıq əlaqəsi olan görkəmli ziyalıları hər vasitə ilə təqib və məhv etməsi bolşevik psixologiyasının, eləcə də o dövrdə Azərbaycanda at oynadan erməni millətçilərinin əsas xüsusiyyətlərindən biri kimi qiymətləndirilməlidir. Türkə qarşı yönəlmiş bu misli görünməmiş iyrənc hərəkatın ideoloji əsası da işlənib hazırlanmışdı. Uydurma pantürkizm nəzəriyyəsi məhz bu məkrli siyasətin həyata keçirilməsi üçün nəzəri-ideoloji zəmin rolunu oynayırdı. Xalqın ən görkəmli ziyalıları məhz pantürkizm damğası ilə ölümə məhkum edilir, Sibirin buzlu cəhənnəmində görunməmiş əzablar içində məhv edilirdilər. Dahi Azərbaycan şairlərindən biri haqqında ümumilli liderimiz Heydər Əliyevin dediyi sözləri eynilə Azərbaycanın istiqlalı uğrunda canlarından keçən ədiblərimizin həyat və yaradıcılığına da aid etmək mümkündür:

"Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır.

Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur".

Yaradıcılıqlarının və ədəbi-ictimai fəaliyyətlərinin çiçəkləndiyi, kamillik və müdriklik zirvəsinə qədəm qoyduğu bir vaxtda - ömür kitabları bağlanır. Ancaq bu ədiblərin ömrlərini şam kimi yandıraraq onun işığında ərsəyə gətirdikləri sənət kitabları həmişə xalqın üzünə açıqdır və bu gün müstəqil dövlətçiliyimizin möhkəmlənməsi, millətimizin dünya birliyində layiqli yerini tutması prosesində bizim çağdaşımız kimi yaxındın iştirak edirlər.

Böyük istiqlal şairimiz Əhməd Cavad da bu amalın qurbanlarındandır:

 

Keçərkən göylərdən bir qatar durna,

Ağlar buraxdğı gözləri sorma.

Qalx! doğru çıxmaqda gördüyün röya,

Bəslədiyin amal bu gün gülümsər.

 

Bu gün ikinci dəfə üçrəngli bayrağımız ölkəmizin üzərində dalğalandıqca millətim firavan yaşayacaq və möhkəmlənəcək. Bu amalı xalqına, ikinci dəfə bəxş edən ulu öndərimiz Heydər Əliyev həm də eyni zamanda 37-ci ılın günahsız qurbanlarına bəraət qazandırdı.1920-ci ıldə istiqlalımız - 23 ayın həsrətinə 73 ıl sonra ulu öndər Heydər Əliyevin siyasət və bacarığı sayəsində təkrar qovuşduq. Lakin itirdiyimiz dahiləri, istedadlı şair və yazıçıları geri gətirmək mümkün olmasa da onların və ulu öndərimizin miras qoyub getdiyi bu firavan "azad" və "müstəqil" dövlətimiz, onun istiqlalı bizə daimə əmanət qalacaqdır. Onların ölməz ruhları indi dinclik və rahatlıq tapmışdır. Bir zamanlar onları "vətən xaini"nə çevirən şeirlərindəki "vətən", "millət", "türkçülük", "birlik", "azadlıq", "istiqlal" sözləri bu gün çəkinmədən, tərəddüd edilmədən dilimizdə ucadan səslənir.

 

 

Göyərçin MUSTAFAYEVA

 

Ədalət.-2013.-21 may.-S.6.