"Qarabağın vuran ürəyi Ağdam"

(əvvəli ötən sayımızda)

 

Sosial qayğıların təminatı iqtisadi inkişafdan asılıdır

İnsanların yaşam tərzinin daha mənalı olması üçün onların sosial qayğıları daha az olmalıdır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Ağdam rayonu üzrə nəzərdə tutulmuş 11 tədbirdən 8-i artıq icra edilmişdir. Rayon üzrə 2013-cü ilin ilk 3 ayı ərzində ümumi məhsul istehsalının həcmi 13 milyon 900 min manata çatdırılmışdır. Bu müddət ərzində 415 yeni yeri açılmışdır ki, bunun da 289-u daimidir.

Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın və ona edilmiş əlavələrinin icrası ilə əlaqədar Ağdam rayonu nəzərdə tutulmuş 32 tədbirdən 17-sini icra etmişdirbu istiqamətdə işlər davam etdirilir.

Rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün şəraitin yaxşılaşdırılmasının nəticəsidir ki, bu ilin ilk rübündə 287 nəfər fiziki, 2 nəfər isə hüquqi şəxs kimi qeydiyyatdan keçmişlər. Rayon üzrə məhsulun istehsalında özəl sektorun xüsusi çəkisi 86,3 faiz olmuşdur. "Qafqaz kredit" təşkilatı tərəfindən 290 nəfərə 205 min, "Kaspian-İnvest" təşkilatı tərəfindən 95 nəfərə 88 min, "Azərkredit" təşkilatı tərəfindən 660 nəfərə 665 min manat kredit verilmişdir.

Ağdam rayon Elektrik Şəbəkəsi 7 ədəd güc transformatorlarını və yarımstansiya avadanlıqlarını təmir etmişdir. Kəndlərdə sayğaclar quraşdırılmış, 7 min metr kabel çəkilmişdir.

Rayon əhalisi mavi qazla mütəmadi təmin olunmuşdur. Ergi qəsəbəsinin qazlaşdırılması üçün "Azəriqaz" ASC qarşısında məsələ qaldırılmışdır.

46 saylı Yol İstismarı İdarəsi xidmət etdiyi Respublika əhəmiyyətli 34 kilometr, yerli əhəmiyyətli 97 kilometr avtomobil yoluna bu ilin ilk 3 ayında 49,7 min manatlıq cari təmir, 105,7 min manatlıq sazlama işi aparmışdır.

7813 hektar sahədə əkilmiş bitkilərin suvarılmasında heç bir fasiləyə yol verilməmişdir. Bunun üçün rayon ərazisində 25 kilometr suvarma kanalları lildən təmizlənmişdir. Hazırda Qarqar çayında sahilbərkitmə işləri yerinə yetirilir.

Kəndli torpağa əyilməsə...

Ağdam rayonu ölkənin sayılıb-seçilən iri kənd təsərrüfatı rayonlarından biri olub. Xeyli ərazisinin erməni qəsbkarları tərəfindən işğal olunmasına baxmayaraq bu sahəyə diqqət heç vaxt azalmayıb. İndi rayonda iribuynuzlu mal-qaranın sayı 35527 başdır. Xırdabuynuzluların sayı isə 103510-a çatdırılmışdır.

Bu ilin ilk 3 ayı ərzində 1865 hektar ərazidə tərəvəz, 500 hektar ərazidə kartof, 358 hektar ərazidə isə təzə yonca əkilmişdir.

Kənd əməkçilərinə daha yaxından kömək etmək məqsədi ilə rayondakı "Aqroservis" müəssisəsinin fəaliyyəti artırılmış, mövcud texnikalardan səmərəli istifadə edilmişdir. Haqqında danışdığımız vaxt ərzində rayon ərazisində 170 hektar ərazidə mala işi, 250 hektar sahədə gübrə səpini, 180 hektar sahədə yonca səpini aparılmışdır.

Ötən dövr ərzində Ağdamda yaradılmış Tingçilik təsərrüfatında becərmə işləri davam etdirilmiş, xeyli miqdarda müxtəlif növ yeni tinglər əkilmişdir.

"Biz o yerlərə qayıdacağıq"

Neçə il öncə Masallı rayon polis şöbəsinə rəhbərlik etdiyi vaxtdan tanıdığım və ünsiyyət yaratdığım, indi Ağdam rayonu İcra Hakimiyyətinin başçısı olan Nizami Sadıqovla budəfəki görüşümüzçox səmimi alındı. Bir qədər yaşa dolsa da, əvvəlki gümrahlığı, işgüzarlığı öz yerindədir. Masallının İstisu ərazisində, dağlarda Qarabağ döyüşlərində şəhid olanların xatirəsinə özü inşa etdirdiyi bulağı soruşmaqla sözə başlayan Nizami müəllim gündəlik qayğılarından, gələcək işlərindən eyni həvəslə danışdı. Erməni xislətini daha yaxşı bilən bir polis işçisi kimi yağı düşmənlə mübarizədə çox qiymətli işləri olan Nizami Sadıqov görüşümüzün sonunda da eyni inamla danışdı:

- Qəti əminəm ki, gec-tez biz o torpaqlara qayıdacağıq. Ulu Öndər Heydər Əliyev çox gözəl deyib: "Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz". Möhtərəm Prezidentimiz İlham Əliyevin də hər dəqiqə, hər an ermənilər tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda çalışdığı hamımıza məlumdur. Yenə deyirəm, biz o torpaqlarda yenidən yaşayacağıq. Orda evlər tikəcəyik, yollar salacağıq. Torpaqlarımızı da əkəcəyik, meşələrimizi də bərpa edəcəyik. Ancaq mən çalışmışam ki, bir icra başçısı, bir ağsaqqal, bir qarabağlı kimi iki amili qoruyub saxlayam, inkişaf etdirəm ki, yurdumuza qayıdanda ata-babalarımızın ruhu bizi ittiham edib soruşmasınlar ki, hanı sizə etibar edilən milli-mənəvi sərvətimiz? Onlardan biri çox zəngin, misli-bərabəri olmayan musiqimiz, muğamlarımızdır. Elə bilirəm buna xeyli dərəcədə nail olmuşam. Rayondakı "Şur" xalq çalğı alətləri ansamblı bu yöndə çox gözəl layihələr həyata keçirir. Biriböyük Ağdamın bizə əmanəti olan ağdamlılıq milli-mənəvi dəyəridir. Ağdamlılıq isə qısaca mərdlik, əxlaq, səxavət, vətənpərvərlik və fədakarlıq deməkdir. Əslində bu hər birimizə aid milli xüsusiyyətdir. Mənim bu gün rəhbəri olduğum Ağdam da Azərbaycanımızın bir hissəsidir və bu rayon maddi, mənəvi imkanları ilə ölkəmizin düşmən üzərində qələbəsində, gələcək inkişafında daim ön cərgədə olacaq.

Nizami müəllim düz deyir, biz öz torpaqlarımıza mütləq qayıdacağıq. İnamsız yaşamaq olmaz axı!

Səxavət Məmmədli

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

Ədalət.-2013.-25 may.-S.4.