"Qarabağıma dizin-dizin gedib, konsert verəcəm... xəstə olsam da..."

Bənzərsiz səsi, mənəvi saflığı, əxlaqı və ləyaqəti ilə milli musiqi mədəniyyətimizin bu gün də, sabah da qürur ünvanı olan canlı korifeyimizdir ... Bu Elmira Rəhimova kimdir? Sualına hər kəsin fikirləşmədən verdiyi ən qısa cavab...

Danılmaz bir həqiqətdir ki, milyonların ürəyində qalmaq, onu əbədi fəth etmək üçün bu və ya digər sənətin zirvəsinə təkcə peçəkarlıqla nail olmaq olmaz. Bu ampulada səhnə mədəniyyəti, davranışı, sağlam əqidə vacib atributlardandır.

Qapıya yaxınlaşdıqca həyəcanım artır...

Nəhayət, mənə sarı baxan, illərin dəyişdirə bilmədiyi iri, ağıllı, isti gözlərini, səmimi çöhrəsini görən kimi içimə bir sakitlik çökdü... Mənzildəki səliqə-səhman, müsbət aura məni bir az da ürəkləndirdi... Bir neçə dəqiqədən sonra söhbətə başladıq...

 

Jalə: - Elmira xanım illər öncə hitə çevrilmiş T.Hacıyevin "...Tələbəlik illəri" mahnısında deyildiyi kimi, "sızlar, yada düşəndə ürəyimin telləri, o mehriban ,o əziz tələbəlik illəri"...

İndi də milyonlarla pərəstişkarın dilindən deyirəm: Bizim də ürəyimiz sızıldayır, Elmira xanımı çox nadir hallarda görəndə... sirr deyilsə...

Elmira xanım: -Ürəyimdə küsürəm... əlbəttə, küsürəm... hal-hazırda görünməməyim səhhətimlə bağlıdır. Həm şəkər, həm nevroz ... bunlar da nədən yığılır?..(bir qədər dayanır, həyəcan titrəyən səsinə qarışır) illərlə ürəyimdə çəkəəkə, heç kəsə müraciət etməyəndə... İİİinsan vüqarlı olanda özünə ziyan olur... Mən əlli ildən çoxdur ki, səhnədəyəm. Vallah, bilmirəm deyim, deməyim... Dünya tarixində yeganə müğənniyəm ki, Hindistanın prezidenti şəxsən gəlib məni Hindistana dəvət edib.

Jalə: - Səhv etmirəmsə, üç dəfə 1957, 1959 və 1961- də...

Elmira xanım: -Bəli, dünya tarixində bu, yeganə hadisədir, anoloqu yoxdur... Təki olsun... çox olsun... Dünyanın qəzetləri yazırdı ki, "Elmira xanımın Hindistana gəlişi iki nəhəng ölkə arasında dostluq təməlini qoydu". Bunu Hindistanın prezidenti Cavahirləl Nehru deyirdi... Mən Hindistanda olanda ziyafətlər verilirdi mənim gəlişim münasibətiylə... Əvvəlcə bir illiyə getmişdim... imtahanda yüksək bal topladım və məni dörd il saxlamaq istədilər... Müsəlmanın sonrakı ağlı... öz payıma deyirəm... razılaşmadım... Vətənsiz, anamsız yaşaya bilmərəm, deyib bir il daha qaldım...1957-ci ildə gedib, 59-da qayıtdım, ikinci dəfə 1961-də getdim...və Robindranat Taqor adına sənət, elm öyrədən çox məşhur bir akademiya var. Müxtəlif fakültələrlə yanaşı, incəsənət fakültəsi də var idi, hansı ki, orada dörd il ərzində Taqorun iki mindən artiq şeirlərinə yazılmış mahnılar öyrədilirdi. Mən bir il ərzində öyrənib, imtahan verdim. İkinci il qaldım Qodjirat ştatında - Bombeyə yaxın bir yerdə. Elə orada da şahın oğlu mənimlə ailə qurmaq istəyirdi... Bizim səfirlik həmin şahın yaşadığı binada yerləşirdi və prezident mənim şərəfimə ziyafət verəndə şahın oğlu məni orda görür. Çox keçmir şah, oğlunun arzusunu bizim səfirə bildirir... Günün birində səfir Menşikov məni çağırıb dedi: "Bizim dostluğumuz indi başlayır... sən razılıq ver, səni evləndirək, dostluğumuz daha da möhkəmlənsin". Mən qulaq asdım, asdım, sonra, "sizin qızınız var?" deyib, düz gözünün içinə baxdım. "Var....necə ki?" "Qızınız hardadır?" "Moskvada, anasının yanında" deyən kimi, mən "Elə isə, çağırın qızınızı, verin şahın oğluna"... və bununla da mənim evlənmək məsələm bitdi.... Qayıdandan sonra da bilirsiniz ki, mən Filormoniyada solist idim, mahnı və rəqs ansanblında... Hindistandan qayıdandan sonra Tofiq Quliyevin vaxtı idi. Dönə-dönə sola konsertləri vermişəm. İndikilər 10-15 il oxuyandan sonra, bir konsert verib, əllərində bayraq edirlər. Konsertlər vermişəm, filormoniyanın qapılarını sındırıblar, əldə biletlər tapılmayıb. İndiki H.Əliyev sarayında dönə-dönə konsertlər vermişəm, dünyanın bir çox ölkələrini gəzmişəm...

Jalə: - Səhv etmirəmsə, altmışdan çox ölkədə olmusunuz..

Elmira xanımı: -Bəli... və Azərbaycanın rayonlarını qarış-qarış gəzmişəm...

Jalə: -Bütün yaddaşıma həkk olunanlarla bahəm, sizinlə müsahibəyə hazırlaşarkən saysız-hesabsız lent yazılarınıza baxdım... Mən tək bircə dənə də olsa, istər müsahibələrinizdə, istər mahnı mətnlərinizdə, nitq baxımından qüsur görmədim... səhnədəki davranışınız, geyiminiz, bər-bəzəyiniz... o qədər adət -ənənələrə uyğun çərçivədədi ki... söz tapmırsan deməyə.Yadıma, böyük sənətkarımız Yavər Kələntərlinin bir xatirəsi düşdü. Deyirdi ki, Üzeyir bəy səhnə geyimlərimizin tikilişinə özü nəzarət edirdi.... Sizdəki bu yüksək sənhə mədəniyyəti hardan qaynaqlanırdı? Ailə tərbiyəsi idi, genetik kodla bağlı idi, ya ailənın müdaxiləsi olmasa da, özünüz belə istəyirdiniz? Bütün ekspertlər yığışsa, ən ufaq irad bildirməkdə aciz qalarlar....

Elmira xanım: - Əlbəttə, həm gendən gəlir, həm ailədən gəlir. Atam müəllim idi, məktəb direktoru olub. Heç kəsin çağırışını gözləməyib, əmimlə birgə 1941-45-ci il müharibəsinə gedib. Mən o illərdə anadan olmuşam. Rəhmətlik anam ziyalı bir xanım olub. Uzun illər "Gənclik", "Kommunist" redaksiyalarında çalışıb . Bəlkə də bilirsiniz, gözəl piano çalırdı... Necə deyim, tərif kimi çıxmasın, milyonerlər nəsli olmuşuq, ancaq həmişə sadə insanlardan seçilməmişik... Burnumuzu yuxarı tutmamışıq...

Jalə: - Çox üzr istəyirəm... sizə elə gəlmirmi səhnə mədəniyyəti üçün diplom göstərici deyil? ... Elə müğənnilərimiz var ki, dindirsən qarşına iki-üç diplom qoyar.. üstəlik, bir çox xarici dövlətlərdən aldıqları mükafatmı deyim, sertifikatmı deyim... nələr, nələr... Səhnədə beş dəqiqə özünü idarə edə bilmir.Baxırsan, bəzisi babat oxuyur ... Eləsi var, lap gözəl oxuyur di gəl mikrofon açılan kimi baxmağına peşman olursan... mənəm-mənəmlik, özünəvurğunluq... Sizin bütün məqamlarda haqqınız çatır master klasslar təşkil etməyə, sənət aləminə atılan gənclərə iradlarınız, tövsiyyələriniz..

Elmira xanım: - İndiki oxuyanların çoxu bu sənətin peşəkarı olmağın ya yolunu düzgün bilmirlər, ya da bilmək istəmirlər... Hər gün səninlə çiyin-çiyinə çalışan böyük sənətkarlardan öyrənməlisən, sənətin bütün əzablarına dözməyi bacarmalısan.... Bilənlər bilir ki, hansı zəhmətdən, çətinliklərdən keçmişəm... Hər ay on altı konsert vermək lazım idi. Yoxsa maaş ala bilməzdik... Rayonları qarış-qarış gəzmişəm... O tarla sənin, bu tarla mənim, yük maşınlarının iç tərəfi olurdu səhnə...nə bilim kolxoz anbarlarında, açıq səmada... bir sözlə, çox çətin şəraitlərdə konsertlər vermişəm.... heç vaxt da etiraz etməmişəm... Rəhmətlik anam da qoymayıb toy üzü görüm... Evə gəliblər bu hündürlükdə pul sayıblar, anam deyib " duz çörək yeyəcəm... toy olmaz" Nənəm çox hökmlü xanım olub. Həm də milyoner arvadı olub... Bilərsiniz o vaxt iki milyoner olub Dadaşovlar, Hüseynovlar... Ancaq əslində toya getməyi mən heç qəbahət hesab etmirəm . O vaxt zaman belə idi. Hökümət toya gedən müğənniləri sıxışdırırdı. Fəxri adlar çətinliklə verilirdi... ancaq müğənninin toylarda oxumasına heç pis baxmıram.... sən nəsən, kimsən elə toyda da həmən adamsan...

Jalə: - Səhv etmirəmsə, yaşınız da çox az idi ilk addımlarınızı atanda...üstəgəl ailədəki ciddi nizam-intizam... bəs yolunuza yaşıl işıq tutan ilk insan, həm də sözü keçən insan kim oldu?

Elmira xanım: -Dayım... Rəhmətlik Daxili İşlər Nazirliyində çalışırdı. Bir yaxın dostunun xahişiylə festivalda çıxış etdim və birinci yerə çıxdım. 14 yaşım var idi. Evdə oxumağıma narazılıqlara dayım son qoydı... Hindistana getmək üçün yaşımı artırdılar. Pasport verdilər və qayıdandan sonra nazirlikdən gəldilər ki, oxumağa davam edim. Hindistandan qayıdandan sonra istəyirdilər ki, vokol öyrənim. Ancaq mən gözümü açıb evdə muğam görmüşdüm... anamın gözəl səsi var idi... A.Zeynallı adına musiqi kollecinə daxil oldum... S.Şuşinskinin tələbəsi oldum.

Jalə xanım: - Muğamlardan söz düşmüşkən... bu bir həqiqət... saatlarla muğam oxuyub tükünü tərpətməmək də var... dörd misralıq mahnının gözünə bir muğam qatarsan, ruhun altını üstünə çevirmək də var...eyni sizin oxuduğunuz muğamlar kimi..."Mirzə Hüseyn" segahı, "Şahnaz", "Qatar" repertuarınızdan yerini heç vaxt itirməyib. Fonotekamızın lent yazılarında diqqətimi çəkən bir məqam da oldu. Muğam parçası olmayan konsertiniz yox... Xalq mahnılarında, muğamlardakı şirin boğaz gəzişmələri öz yerində ... ifa vaxtı gözləriniz açıq ancaq sanki kimsəni görmürsünüz... barmağınızı kəssələr belə, xəbəriniz olmaz...Sizi müşayiət edən musiqiçilərin də tamaşaçıya çevrilib, böyük zövqlə sizə tamaşa etməsini sezməmək qeyri-mümkündür."Bağçada güllər " xalq mahnısını bir çox sənətkarlar peşəkarlıqla ifa ediblər. Sizin ifa tam bambaşqa... səsinizdəki titrəyişlə bülbülün səsini fərqli üslubda çatdırırsınız."Dəli Kür" filmindəki dörd misralıq bayatıda nələr yoxdu?... Qadın həsrəti, sevgisi, qısqanclığı... bütün bunları çatdırmaq üçün, ən əsası yaddaşlara köçürə bilmək üçün sənətkarın HƏSSAS, DUYAN ÜRƏYİ OLMALIDIR...

Elmira xanım: - Bilmirəm necə deyim, sizin dərin duyum, hissetmə qabiliyyətiniz var... Çox düz dediniz, həmişə gözlərim açıq, ancaq heç kəsi görməmışəm. Ancaq istəmişəm ki, mahnını duyduğum kimi çatdırım. Bilirsiniz ki, S.Şuşinski muğamın ensklopediyası olub. H.Hüseynov, İ. Rzayev... və bir çox böyük sənətkarlarımızın müəllimi olub. Özü demişkən mən onun çox yorğun, yaşlı vaxtına düşdüm, ancaq yenə də mənə lazım olanı götürə bildim. Bütün konsertlərimi muğamla açmışam. Konsertin birinci hissəsi təsniflər, muğamlar olub, ikinci hissəsi bəstəkar mahnıları və dünya xalqlarının mahnıları. İtaliyada italyanca, Avropada ingiliscə, farsca, ərəbcə musiqilər mənim həmişə repertuarımda olub. Xoşbəxtəm ki, böyük bəstəkarlarımızdan A.Bəbirovun, R.Mirişlının, C.Cahangirovun, R.Mustafayevin, F.Əmirovun mahnılarının ilk ifaçısı olmuşam. Korifey sənətkarlarımızdan M.Moqamayevlə, R Behbudovla, S.Qədimova ilə bir səhnəni paylaşmışıq. Onlardan öyrənməyə çalışmışam. Dəfələrlə birgə qastrol səfərlərində olmuşam.

Jalə: - Məni bir anliq şirin xatirələrə qaytardınız... bir dəfə eyvanda oturmuşdum, iki gəncin bir-biri ilə mübahisəsinin şahidi oldum... hind mahnısının ("Toz içində çiçək" filmindən) ... sizin ifanızda olduğunu israr edən gənc bir tərəfdə, bu ifanın hind müğənnisinə aid olduğunu israr edən o biri gənc də bir tərəfdə... Şübhəsiz ki, bu da peşəkar ifanın göstəricisi idi... Elmira xanım, siz danışdıqca yaddaşlarımızda özünə əbədi yuva qurmuş (bu gün də cəsarət edib o mahnıları ifa etməkdən çəkinirər) bir çox mahnılarınız var... və məhz burdakı motivlər vətənlə, torpaqla bağlıdır. Gəncə, Qarabağ, Şuşa... söhbətimizin başlanğıcında "müsəlmanın sonrakı ağlı ....kaş ki, o vaxt Hindistanda qalaydım" deyəndə, mən gülümsədim....Nədən? Yüz dəfə də bu dünyaya gəlsəniz bu ürəklə, bu sevgiylə ... o cür ki, siz bu mahnıları çatdırmısınız bütün çətinliklərə baxmayaraq, bir gün də vətəni tərk etməzdiniz...

Elmira xanım başı ilə təsdiqləyir: - Düz dediniz..... mən vətənimsiz heç yerdə bir həftədən artıq qala bilmərəm... 1982-ci ildə sonuncu dəfə Hindistana qastrol səfərinə getmişdik... Allah rəhmət eləsin, bacı-qardaş münasibətimiz var idi. İsalm Rzayev idi, əzizimiz Habil müəllim və Əhsən Dadaşov konsertdən sonra bizimkilər getdilər saraya baxmağa, mən nəsə utandım, getmədim.... İslam gəldi ki "ala başıva, nə ağılsız adamsan sən, belə yerdən adam qayıdar?" Sonra Habil müəllim "bu nə ağılsız qız imiş..." Bircə Əhsən müəllim əlini qoydu kürəyimə, dedi "Elmiriçka, düz eləmisən vətən hər şeydən gözəldir!.." Ancaq elə siz deyən kimi bu bizim iki nəhəng sənətkarlarımız ki var, Allah İslama rəhmət eləsin, Habil müəllimə də can sağlığı elə siz deyən kimi, heç birisi vətəni qoyub heç yerə getməzdilər. Mənə Cavahirləl Nehru "MİRADİ" deyərdi. Onların məşhur bir şairəsi olub çox gözəl ... mən gözəl olmasam da...

Jalə: - Səhviniz var, gözəlliyiniz bu gün də göz qabağındadır.

Elmira xanım: - Sağ olun... hə... bu şairə bütün ömrünü məscidlərə həsr edib. Onları vəsf edirdi... Hind dilində Dİ bacıya deyilir, yəni Miradi Mirabacı kimi tərcümə olunur... Prezident də mənə deyirdi "sənin adında "mira" sözü var odur ki, Miradi sizə çox yaraşır...

Jalə: - Musiqi aləmindəki yenilikləri izləməmiş deyilsiniz... Sizcə 20-30 il bundan öncə çətin idi qostrol səfərlərinə çıxmaq, ya indi... Bir də Elmira xanım ən çox hansı musiqiyə, kimə daha çox qulaq asır?

Elmira xanım: - Müqayisə qeyri-mümkün... Heyif ki, o vaxt videoyazılar belə səviyyədə deyildi... Bəzi oxuyanlar görəydilər ki, bizim korifey sənətkarlarımızı necə alqışlara qərq ediblər. Üzr istəyirəm, indi gedib hansısa bir xarici dövlətdə gəzirlər, toyda oxuyurlar, sonra da texnikanın verdiyi imkanlardan istifadə edib, elə çəkilişlər gətirib paylaşırlar ki, 50 nəfərlik restorana toplaşan insanlar sanki konsert salonunda oturub. Aylarla qostrolda olmuşam. Rusiyanın necə deyərlər bir başından girib, o biri başından çıxmışam. Konsertlərim adətən iki hissədən ibarət olub. Birinci hissədə təsniflər, muğamlar ikinci hissədə estrada və dünya xalqları musiqisi... Səkkizdə başlanan konsertə gəlib dörddən oturub nəzarət edərdim... bu mahnıda işıq belə olsun, bu yerində belə olsun... səhnədə fonoqram nədi bilməmişik... Ən çox muğama qulaq asıram... sevinirəm ki, həm oğlanlar həm də qızlar arasında gözəl səsi olan muğam oxuyanlar yetişir......

Jalə: - Cəsarətimi üzrlü hesab edin... Gözləriniz, qəlbinizdəki dərin nisgili istəsəniz belə gizlədə bilmir........

Elmira xanım: - (həyəcan bir qədər artır....düzü mən də narahat olmağa başlayıram) Söhbətimizin əvvəlində də dedim.. qəlbimdə küsürəm... Mənə qarşı olan bu qədər laqeydliyə TƏƏCCÜB edirəm. İllərlə susmuşam yenə də susuram... istəmirəm danışam... ancaq siz məni dilləndirə bildiniz. Rəhmətlik H.Əliyev səfirləri qəbul edirdi... Növbə Hindistana çatanda "Prezidentlər ölkələri fərəhlə gəzirlər... ancaq mən ikiqat fərəhlə gəzirəm... Sizin prezidentiniz Elmira xanım Rəhimovanı Hindistana apardı və sənətinə yüksək qiymət verdi" demişdi. İllər keçir.... Dövlət tədbirlərinin birində aparatın işçilərindən çoxu mənə yaxınlaşıb dedilər ki, "cənab H .Əlliyev neçə adama töhmət verdirmişdi o vaxt ki, niyə mən indi yəni 2000-ci ildə alıram fəxri adı. Bu qız 25 il bundan qabaq layiq idi bu ada".

İndiyə qədər bir dəfə də olsun nə nazir qapısı açmamışam, nə sponsor tanımıram... ancaq mənim konsertlərimdə anturaj oxuyanlar bütün fəxri adlara, qayğıya sahib olublar... Ürəkdən deyirəm, sağlıqlarına qismət olsun... ancaq mənim də diqqətə, qayğıya, ən əsası mənəvi dəstəyə ehtiyacım var... Hindistandan qayıdandan sonra N.Gəncəli evimizdə məndən müsahibə aldı... Bu qədər təkidlərə baxmayaraq vətəni seçib, geri qayıtmağım hamı kimi onu da çox sevindirmişdi...və bir şeir həsr etmişdi mənə. Onu segah üstə oxuyanda zal ayaq üstə alqışlayırdı.......

 

Hansı bülbül tay olar böylə sədaqətdə mənə.

Bu şirin tuti dilim xalqımın eşqi, dilidir.

Çoxları qibtə edir böylə səadətdə mənə.

Gəncəli, bil ki, anam laylamı çalmış Bakıda,

Hara uçsam, hara getsəm yenə gəlləm Vətənə....

 

Jalə: - Vətən dediniz... Vətənin hər qarışı müqəddəsdir, söz yox ... Qarabağımız heç demirəm neçə il... bu rəqəm məni çox ağrıdır... Hələ ki, düşmən tapdağında...

Elmira xanım: - Dəfələrlə müsahibələrimdə demişəm, yenə də deyirəm, diz üstündə, mələyə-mələyə gedərəm orda oxumağa. Bu xəstə canımla... Azərbaycanımızın o dilbər guşəsində aylarla konsert vermişəm... Axırıncı dəfə 1988-ci ildə hadisələr başlayanda konsert vermişım... Əsas mən oxusam da, anturaj da var idi.Təsəvvür edin, biz konsert verdiyimiz məkandan üç kilometr aralıda ermənilərin bizimkilərlə atışmasını eşidirdik.

Jalə: - Elmira xanım tanrıdan nəyi istəsə, hər şey istəmiş olur?

Elmira xanım: - İİnsanda dürüstlük, səmimiyyət, təbiilik görmək istəyirəm... Hər şey bu dünyada qalacaq... ancaq insaniyyətlik, düzgünlük mənim üçün hər şeydən qiymətlidir...

Jalə: - Burdan tamaşaçılarınıza, dinləyicilərinizə demək istədikləriniz...

Elmira xanım: - Xalqıma qurban olum.... bizim xalqımız çox istedadlı, qonaqpərvər xalqdır.... Açiq səma, xoş günlər arzu edirəm... Örəyi yaralıdır xalqımın... Allah mənə qismət eləsin, nəvələrimlə (Elmira və Tofiq) birgə, xalqımla birgə Qarabağıma dizin-dizin, sürünə-sürünə gedib, orda bu xəstə canımla konsert verim... Mənim xalqım yaxşı nə varsa, hamısına layiqdir!

 

P.S. Zaman yalnız illərin üstünə il artıra bilib... O qaynayan, çağlayan, şəffaf bulaq elə həmin bulaq idi... Tanrının töhfəsi kimi o bulaqdan su içdim... arındım, paklaşdım.... gözüm, qulağım dincəldi....

 

Jalə Cəfərova

Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri

Ədalət.-2013.-13 noyabr.-S.8.