Ayaz Arabaçı

Bəxtimə çıxmırdın heç axtaranda ,

İndi öz-özünə peyda olmusan.

Səni axtarırdım dağda, aranda,

Sənsə mələklər tək göydə olmusan.

 

Xəbərin olmayıb mən adda kəs var,

Qoşulub gedibsən bir buluda.

Amma ki, mənimçün sənsiz olmayıb,

Bir udum hava da, bir içim su da.

 

Dərdimi söyləsəm gələr yazığın,

Yüyürüb gələrsən bu qəmə sarı.

Səni tapmamışam, sənə yazdığım,

Məktubu oxuyub bir başqaları.

 

Səni aradığım bütün yolları,

Payızın çiskini, yağışı tutub.

Don vurub qəlbimdə açan baharı,

Məni nakamların qarğışı tutub.

 

Gəlibmi səadət, itibmi kədər,

Hər addım başında intizar durur.

Baxıram beləcə məlul, mükəddər,

Arada keçilməz divarlar durur.

 

İndi təkcə sənsən təsəlli yerim,

Düşmüşəm bir eşqin qaranlığına.

Gözlə ürəyimi, çıxardım verim,

Ovut uşaq kimi, bir anlığına.

 

Mən necə düşünüm, səndən ayrıyam,

Olur həyəcan da, təlaş da olur.

Sən demə adamı anlayan, duyan,

Ən ülvi sevgisi bu yaşda olur.

 

Səni düşünürəm, səni, tək səni.

Çaxır ildırımtək dilimdə adın.

Ruhum ölənədək sevəcək səni,

Ey mənə səadət gətirən qadın!

 

* * *

Ölmək istəyirsən, amma qəfildən

Yolunun üstünə bir mələk çıxır.

Çəkilir gözündən qara pərdələr,

Sarılı, yaşıllı min cür rəng çıxır.

 

Uzaq da, yaxın da, kim nə soruşur,

Hər kəlmən, hər sözün dönüb "can" olur.

Duyğular təzədən qaynayır, coşur,

Xəyallar təzədən al-əlvan olur.

 

Baxırsan, görürsən həyat gözəldir,

Yol var, üstəlik də gəlib-gedən var.

Nə çətin işin var, hamsı düzəldi,

Bəxtinə gün doğur, hələ sevən var.

 

Arzular təzədən qanad gətirir,

Sən demə uçmaq heç deyilmiş çətin.

Ən uzun yolların gözünü qırıb,

Gedirsən dalınca bir məhəbbətin.

 

Gedirsən, gedirsən, həyat budur də,

Elə sirr də budur, məna da, var da.

Bir yarpaq ötürür səni payızdan

Bir gül qarşılayır səni baharda.

 

Sən hələ vaxta bax ötür gör necə,

Bu əqrəb, bu saat hayana qaçır.

Özündən xəbərsiz gəlib gizlicə,

Yaxanı ən isti küləklər açır.

 

Hər şey unudulur, iztirab, əzab

Unudur bir anda hər şeyi ürək.

Nədir, bilirsənmi bu dəyişmələr,

Tək bircə məna var, tək bircə! Sevmək.

ÜRƏK

Mən səni qoruya bilmirəm ürək,

Sən bu təmənnada bulunma daha.

Əzəldən dözümlü olaydın gərək,

Hər böyük ağrıya, hər kiçik aha.

 

Bəlkə çox yaşamaq həvəsindəsən,

Onunçün artıbdı giley-güzarın.

Tiran fikirlərin qəfəsindəsən,

Dərdin, müsibətin hara azalır?

 

Umursan, küsürsən, nə gəzir axı,

Məndə sən istəyən nəvaziş, qılıq.

Görmürsən kədərin dəmir caynağı,

Gündə sevincimin belini qırır.

 

Sən nəsə umursan?

Bəs başqaları,

Bəs o dilənçiyə nə verim onda,

Məni bu xislətdə yaradıb tanrı,

Görünə bilmirəm bir ayrı donda.

 

O yetim əl açıb, necə yan keçim,

Oxu gözümdəki bu qəmi deyir.

Bəs sonra yalandan necə and içim,

Özümə deyim ki, sabahın xeyir.

 

Küsmə, canım-gözüm, sənə yadammı?

Hər arzun yolunda axmırmı tərim.

Ağrı, neyləyim ki, həkim-zadammı,

Sənə resept yazım, dərman göstərim.

 

Birgə əl uzatdıq qohuma-yada,

Bəs niyə salırsan məni dizlərə.

Özün demirdinmi atılaq oda,

Gəl ürək göstərək ürək sizlərə.

 

İndi bu nə ahdı, indi bu nə uf,

Dərman axtarırsan, dəva gəzirsən.

Köçəri quşsan ki, təzədən durub,

Özünə bir isti yuva gəzirsən?

 

Çoxu daş gəzdirir ürək yerinə,

Daşa canım deyir, ürəyim deyir.

Sən ağrı görk ol ki, elələrinə,

Hər gün əclaflığa çörəyim deyir.

 

Həyat istehzadı başdan-ayağa,

Qanmazın qanana istehzasıdı,

Ya dön geri boylan, ya bax qabağa,

Arzu matəmidi, sevgi yasıdı.

 

Mən səni qoruya bilmirəm ürək,

Sən bu təmənnada bulunma daha.

Əzəldən dözümlü olaydın gərək,

Hər böyük ağrıya, hər kiçik aha.

 

ÇƏKİRƏM

 

Məluldan məlulam, fağırdan fağır,

Üzümdən-gözümdən qüssə-qəm yağır.

Bu tale yüküdü ağırdan ağır,

Adıma deyirlər nərdi, çəkirəm.

 

Yavanlıq elədim alın təriylə,

Yoldayam ömrümün çox dərdləriylə.

Qurtardım dünyanın namərdəriylə,

İndi imtahana mərdi çəkirəm.

 

Çox saldım borana-qara, bəxtimi,

Bir təbib tapmadım yara, bəxtimi,

Qoyub qabağıma qara bəxtimi,

Üzünə-gözünə zərdi - çəkirəm.

 

Ruhumu eşqinlə naxışla bir də,

Döy məni tufanla, yağışla bir də.

İlahi, sən məni bağışla bir də

Sənin çəkmədiyin dərdi çəkirəm.

 

Qalayım üst-üstə bir dağ eləyim,

Mən kimi dərdimə ortaq eləyim.

Bu bir gün deyil ki, bayraq eləyim,

Fikirdi, azardı, çərdi çəkirəm.

 

SƏADƏT KÖYNƏYİM

HARDAN ASILIB?

 

Bir ömrü bu qədər ölürsə insan,

İlahi, neynirəm daha min ömrü.

And olsun o əziz adına inan,

Yaşaya bilmirəm verdiyin ömrü.

 

Yanır boş-boşuna papağım günə,

Çax-çux eləyirəm dərdlə, azarla.

Bəxtimin ilgəyi düşüb düyünə,

Qiymətim ölçülür pulla, bazarla.

 

Yazmısan xoş günün adına qayıb,

Döyürəm qapını hər gün inadla.

Gəzdiyim lüğətlər çap olunmayıb,

Dil tapa bilmirəm mən bu həyatla.

 

Bu nə güzərandı mənə yazılıb,

Bu nə əlifbadı alnımda belə.

Səadət köynəyim hardan asılıb,

Geyib əziz olum yanında belə.

 

Bəlkə əməllərim könlümə yatmır,

Bəlkə xoşun gəlmir əfəlliyimdən,

Hardasan, harayım heç sənə çatmır,

Özümü nə qədər əfv eləyim mən.

 

Oğul, gileyimi yaxşı yerə yoz,

Həsrətə mehmanam, əzaba yaram.

Mən bu cür xoşuna gəlmirəmsə poz!

Necə yaradıbsan, elə də varam.

 

Bu əyri işlərə bir əncam elə,

Adın düz işlərin təməlindədir.

Duruxub qalıbsan sən niyə belə,

Sənin ki, imkanın öz əlindədir.

 

Eşqinlə döyünən, vuran ürəyəm,

Sıxır varlığımı min qəmin toru.

Mən səni tanımaq üçün gərəyəm,

Sən məni yaşatmaq naminə qoru.

 

Hamıdan, hər şeydən bezmişəm, amma,

Ömür gözəldirsə, məni inandır.

Sən özün halıma yanmırsan-yanma,

Barı heç olmasa bir mələk yandır.

 

Göstərər gücünü neçə nər mənə,

Bəlkə də halıma baxıb gülərsən.

Nə bilim, bu giley nə verər mənə,

Ya sən nə deyərsən, özün bilərsən.

 

Qayğı, qəm tökülər hər gün, hər sabah,

Ömür cəbrə dönər, həndəsə olar.

Elə sənin kimi Allahın, Allah,

Elə mənim kimi bəndəsi olar.

Ədalət.-2013.-16 noyabr.-S.9.