BU ŞƏHƏRƏ YOLUN DÜŞSƏ...

(Əvvəli ötən saymızda)

Gənc kadrlara etibar edilir

Bu gün ölkəmizdə olduğu kimi, Füzulidə də gənc kadrların seçilib yerləşdirilməsinə böyük önəm verilir. Ən azından ona görə ki, onlar çox enerjilidir və vəzifə kreslosuna əyləşərkən həyata fərqli yanaşırlar. Üstəlik də, bu gənclərin yeni vəzifəyə təyin edilməsi insanlar arasında hörmətlə qarşılanıb. Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyevlə söhbət zamanı bir daha gənclərin vəzifəyə seçilib yerləşdirilməsinin səbəbləri bəlli oldu. Bəlli oldu ki, vəzifəyə təyin olunan gənclər göstərilən etimadı doğruldur və orijinal üslubları ilə kollektivdə yeni ab-hava, xoş ovqat yarada bilirlər.

Gənclərin seçilib yerləşdirilməsi təbii ki, o qədər asanlıqla başa gəlmir.

Burda da rayon icra hakimiyyətinin başçısı Alı Alıyev ilk növbədə onların istedadına, peşə bacarığına və cəmiyyət arasındakı nüfuzuna böyük diqqət yetirir. İndi Füzulidə onlarla gənc məsul vəzifələrdə işləyir.

Aydındır ki, bu gənclər məsuliyyət hissini dərindən dərk edir vəə ürəkdən yanaşırlar. Məhz bunun nəticəsidir ki, rayon ictimaiyyəti arasında böyük nüfuz qazanan elə gənclərin sayı get-gedə daha da artır.

Şəhər icra nümayəndəsi nikbindir

 

Horadiz şəhəri üzrə icra nümayəndəsi Ramin Behbudov da vəzifəyə yeni təyin olunmuş gənclərdəndir. O, bundan əvvəl rayon icra hakimiyyətində işləyib. Zarafat deyil, yeni müasir üslubda tikilmiş bir şəhərdə icra nümayəndəsi işləmək hər hansı bir insandan bacarıq, istedad və təcrübə tələb edir. Bu mənada Ramin Behbudov bütün tələblərə cavab verir. Çünki o, əvvəllər də çalışdığı kollektivlərdə özünü bacarıqlı, məsuliyyətli əməkdaş kimi təsdiq edib.

Raminəllimlə söhbət edirik. O, gündən-günə gözəlləşən və inkişaf edən Horadiz şəhəri barəsində ağızdolusu danışır. Deyir ki, ölkə prezidenti cənab İlham Əliyev Horadizin sosial-iqtisadi inkişafı üçün milyonlarla vəsait ayırıb. Artıq şəhərdə ayrılmış o vəsait hesabına erməni işğalçıları tərəfindən yandırılmış evlərin əksəriyyəti yenidən təmir edilərək sakinlərin istifadəsinə verilib. Qalan evlərdə də sürətli təmir işləri görülür.

İcra nümayəndəsi bizimlə söhbətində qeyd etdi ki, bu gün Horadiz şəhərində 4876 nəfər sakin yaşayır. Evlər tikilib bərpa edildikcə şəhərə axın daha da çoxalır. Bu bizi ürəkdən sevindirir. Şəhərin gözəlliyinə isə söz ola bilməz. Bəlkə də Horadiz respublikamızın yeganə şəhərlərindəndir ki, küçə və prospektlər gündə üç dəfə Mənzil Kommunal Təsərrüfatının əməkdaşları tərəfindən təmizlənir. Bizi sevindirən odur ki, hər gün, hər saat şəhərdə böyük quruculuq işləri davam edir. 7 hektardan çox Bayraq meydanında abadlıq işləri görülür, park salınır. Orda 7 min ağac əkilib. Eyni zamanda, şəhərdə rayon icra hakimiyyəti üçün ikimərtəbəli inzibati bina inşa edilir. Tarix diyarşünaslıq müzeyi, Böyük Vətən müharibəsi iştirakçıları üçün mərkəz, soyqırım abidəsi, Milli Qəhrəmanlar abidəsi və Horadiz şəhidləri abidəsi inşa edilir. Bununla yanaşı, Horadizdə yeni yerlərinin açılmasına da xüsusi diqqət yetirilir. Belə ki, 120 nəfərin işləyə biləcəyi tikiş sexinin inşası davam edir. Bütün bunları deməkdə məqsədim odur ki, ölkə prezidenti cənab İlham Əliyev Horadizə böyük qayğı göstərir. Bu işdə rayon icra hakimiyyətinin başçısı hörmətli Alı Alıyevin də zəhməti var.

Təhsildə yeniliklər...

Sirr deyil ki, bu gün ölkəmizdə təhsilin inkişafına böyük dövlət qayğısı var. Bu məqsədlə xüsusi layihələr, proqramlar zaman-zaman həyata keçirilir. Əlbəttə, təhsildə islahatlar etmək, yenilikləri məktəblərə gətirmək və müasir texnologiyanı şagirdlərə aşılamaq elə də asan deyil. İlk növbədə buna vaxt lazımdı. Amma qısa vaxt kəsiyində demək olar ki, Füzuli rayon təhsilində çox böyük uğurlara imza atılıb.

Bu gün rayonda 80-dən çox ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onların hər birində tədrisin və təlimin yüksəlməsi üçün ciddi işlər görülür. Ən azından bütün məktəblər ən müasir texnika və texnologiya ilə təchiz edilib. Demək olar ki, elə bir məktəb yoxdur ki, internet şəbəkəsinə qoşulmasın. Eyni zamanda, məktəblərdə dərslərin tədrisi yeni və müasir avadanlıqlarla aparılır. Bu da şagirdlərə hər hansı fənnin və mövzunun aşılanmasına daha böyük köməklik göstərir.

Rayon Təhsil Şöbəsinin müdiri, çox təcrübəli, bacarıqlı və ziyalı bir xanımdır. Almaz xanım Həşimovanı Füzulidə nəinki təhsil sistemində çalışan insanlar, rayon ictimaiyyəti çox yaxşı tanıyır. Bilirlər ki, Almaz xanım harda işləyibsə və harda çalışıbsa, böyük yeniliklərə, uğurlara imza atıb. O, 2 ilə yaxındır ki, bu vəzifədə işləyir. İlk gündən bütün təhsil sistemində, məktəblərdə möhkəm nizam-intizam yaratmağa nail olub. Elə məhz bunun nəticəsidir ki, ali və orta ixtisas məktəblərinə qəbul olanların sayı əvvəlki vaxtlarla müqayisədə xeyli artıb. Üstəlik də həmin məzunlar qəbul imtahanları zamanı daha yüksək bal toplayıblar. O məzunlardan 20-yə yaxını qəbul imtahanında 600-dən çox bal yığıb. Bütün bunlar onu göstərir ki, Füzuli rayonunda bütün sahələrdə olduğu kimi, təhsildə də böyük nailiyyətlər və uğurlar əldə edilir.

Təhsil Şöbəsinin müdiri Almaz xanım deyir ki, uğurlarımızın əldə edilməsində rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin zəhməti böyükdür. Ona görə ki, hər hansı bir çətinliyimiz olan zaman Alı müəllim bizə yaxından köməklik göstərir və problemləri həll edir. Bir qayda olaraq, son iki ildə müxtəlif ali məktəblərə qəbul olan məzunlarla rayonda görüş keçirilir və rayon icra hakimiyyəti başçısı onlara qiymətli hədiyyələr, pul mükafatı verir. Bütün bunlar pedaqoji kollektivlərdə və məzunlarda xoş ovqat yaradır, onların təhsilə, elmə marağını daha da artırır.

Bir ümid var...

... Ümid olmayan yerdə həyat bitir. Amma nə yaxşı ki, Füzulidə söhbət elədiyimiz hər bir insanın ürəyində böyük ümid var. O ümid ki, məcburi köçkünlük vaxtı onları sınmağa, əzilməyə və ən nəhayət, özlərinə qapılmağa imkan vermədi. O ümid Füzuli camaatının 70 minə yaxın sakinini yenidən doğma yurda qaytardı. İndi o ümid füzuliləri işğaldan azad olunacaq Füzuli şəhərinə, eləcə də digər yaşayış məntəqələrinə qaytaracaq. Çünki Füzuli camaatı ölkə prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətə inanır və ümid edirlər ki, Ali Baş Komandanın başçılığı ilə Allah qoysa işğal altında olan torpaqlarımız azad ediləcək və onlar o yurdlara yenidən dönəcəklər...

 

Faiq QİSMƏTOĞLU

Ədalət.-2013.-7 dekabr.-S.6.