DUPDURU BULAQ KİMİ

 

Əsrlərdən bəri Azərbaycan türkünün ayaq açıb yeriyərkən, dünyaya, həyata, gözəlliklərə heyrətlə, heyranlıqla boylanarkən, sevərkən-sevilərkən, qərib-qürbət eldə Vətəni haraylayarkən, baba, nənə, ağsaqqal, ağbirçək yaşına çatarkən dilinin əzbəri bayatılar olubdur. Bayatı bizim xalqın mənəvi dünyasının özülüdür. Xalqın tarixini, mənəvi-əxlaqi keyfiyyətlərini, həyatını, məişətini, ürək dünyasını öyrənməyə ən etibarlı vasitədir.

Bayatı - cəmi dörd misradan ibarət olan, amma bitkin bir fikri ifadə edən bu dördlük şeir şəkli haqqında müxtəlif mülahizələr söylənilib. Türkdilli xalqların söz yaradıcılığında türkü, xoyrat, mani, aşulə, cınıq və s. adlanan bu şeir şəkli öz yığcamlığı, dörd misrada dərin məna ifadə etmək məharəti ilə diqqəti cəlb edir. Bayatıların yaradıcıları olan müəlliflərin çoxu artıq unudulmuşdur, amma onlar bir mənəvi sərvət kimi xalqın bədii təfəkküründə, yaddaşında yaşamaqda davam edir. Görkəmli yazıçı Mehdi Hüseyn yazırdı: "Bayatılar qədər xalq içərisində geniş yayılmış ikinci bir ədəbi janr bəlkə də yoxdur. Azərbaycan folkloru klassik Azərbaycan şeirinin doğma qardaşı sayıla bilər. Şübhəsiz ki, bunun səbəbi hər şeydən əvvəl folklor şeirinin xalqımız üçün daha yaxın, daha anlaşıqlı və daha doğma olmasıdır. ..Folklor şeirinin başqa janrları kimi, bayatılar da fərdi yaradıcılıq məhsuludur. Belə olmasaydı, şübhəsiz, bu əsərlərin fikri-fəlsəfi məzmunu və emosional təsiri də səviyyəcə müxtəlif olmazdı. Müəlliflərini tanımadığımız bu həqiqi şeir inciləri, yəqin ki, bir zaman böyük bədii istedada malik olan adamlar tərəfindən yaradılmışdır. Hətta müxtəlif şəkillərdə təkrar edilə-edilə zəmanəmizə qədər gələn eyni bayatını belə müqayisə edəcək olsaq, bunların da müxtəlif bədii zövq sahibləri tərəfindən söyləndiyi dərhal aydınlaşar. Kədərini, sevincini, arzu və əməlini bədii formada söyləməyi bacaran bir qadın, yaxud bir kişiüçün sənətkar adlanmasın? Uzun dastanlar yazmış və bir zaman adlı-sanlı şair sayılmış bəzi adamların əsəri indi artıq unudulduğu halda, dörd misralıq bir əsər yaşayır və kim bilir bundan sonra neçə əsr yaşayacaqdır!"

Qeyd edək ki, bayatı şeir forması dördlük şeir formalarının tacıdır və əmək nəğmələrinin (olavarların, sayaçı sözlərinin), eydirmələrin, vəsfi-halların, ağıların, laylaların, oxşamaların, mahnıların, tapmacaların da bayatı kimi yazılması hamımıza məlumdur. Onları ilk dəfə sistemli hala salan, şəkli xüsusiyyətlərinə görə növlərə ayıran, məzmununa görə qruplaşdıran folklorşünas Həsən Qasımov olmuşdur. Onun 1960-cı ildə Azərnəşr tərəfindən çap olunan "Bayatılar" toplusu bu sahədə ən mükəmməl bir işdir.

Əlbəttə, ən qədim bayatılarımızın kimlər tərəfindən qələmə alınmasının müəyyənləşdirilməsi mümkün deyil. Folklor mütəxəssisləri qeyd edirlər ki, "əzizinəm", "eləmi", "mən aşiq" sözləri ilə başlayan bayatıların müəllifləri olmuşdur, yəni bu sözlər ilk əvvəl bayatı qoşan şəxslərin adı olmuşdur. Amma bunlar sadəcə fərziyyələrdir.

Azərbaycan ədəbiyyatında konkret olaraq ilk bayatı müəllifi Şah İsmayıl Xətaidir. "Xətai, işin düşər, Gəlib, gedişin düşər. Dişləmə çiy loğməni, Yerinə dişin düşər" yaxud: "Xətai can arxına, Əhli-ürfan arxına. Mərifətdən su gəlib, Tökülür can arxına". Bax, beləcə doqquz bayatısı var Xətainin. Daha sonrakı əsrlərdə bir bayatı müəlliflərii Sarı Aşıq və Lələnin adını çəkə bilərik. Sarı Aşığın bayatıları "Aşiq", "Aşiqəm", "Mən Aşiqəm", "Mən Aşiq" sözləri ilə başlayır: "Mən Aşiq gözdə qara, Çək sürmə gözdə qara. Yar, yarın gözləməkdən, Qalmadı gözdə qara". Neçənci əsrdə yaşadığı dəqiq müəyyənləşdirilməyən Lələ adlı şairin bayatılarının ilk misrasında da "Lələ", "Mən Lələ" sözlərini görə bilərik: "Lələ deyir nəsən, yar, Bağrım başın kəsən yar. Ləzzətinnən doymanam, Şəkərmisən, nəsən yar". Bundan başqa Məlikballı Qurban, Zabit, Aşıq Hüseyn Şəmkirli də bayatı yazmışlar.

Mərhum professor, görkəmli yazıçı, dəyərli tarixi romanlar müəllifi Əzizə xanım Cəfərzadənin tərtib etdiyi "Azərbaycanın aşıq və şair qadınları" kitabında da (1974) bir sıra bayatı müəllifləri olan qadın yazarlarla tanış oluruq. XIX əsrdə yaşamış Pərnaz, Zeynəb Zərbəli qızı, XX əsrin qadın şairləri Püstə Şikar qızı, Cahansuz, Güləndam, Başxanım Şəfi qızı, Gülgəz Maqsud qızı, Ağcaqız, Gülümsoltan, Aşıq Sənəm, Həcər kimi qadın yazarlar öz dərdlərini, zəmanədən gileylərini bayatılarla ifadə etmişdər. O müəlliflərin içərisində Aşıq Sənəmin bayatıları daha mükəmməldir: "Yağış yağır üstümə, Xəbər apar dostuma. Əgər məni sevirsə. Sayə salsın üstümə".

Ümumiyyətlə, Azərbaycan bayatısı mövzusu çox geniş və əhatəlidir, hətta deyərdik, ucu-bucağı yox. İstərdik ki, bir qadın yazarımızın-tədqiqatçı-alim, publisist, həm də bir şair kimi tanınan Xədicə Muradın bayatılarından söz açaq.

Xədicə Murad əslən Şirvan torpağındandır. O torpaqdan ki, əsrlər boyu öz zəngin folkloru ilə ürəkləri fəth edibdir. Xaqani Şirvani demişkən: "Şirvan ki var, hər cəhətdən ülviyyətin anasıdır". Şirvanda körpələr layla ilə dünyaya göz açıblar, bayatıyla dil açıblar, nağıllarla böyüyüblər. Xədicənin doğulduğu Kalva kəndi XX əsrdə ustad bir balabançının-Əli Kərimovun doğulduğu məkandır.

Xədicə Muradın bayatıları "Dumduru bulaq kimi" kitabında toplanıb. Üç dildə-Azərbaycan, türkingilis dillərində təqdim olunan bu bayatılar haqqında elə həmin kitabdaca tanınmış alimlərin, folklor mütəxəssislərinin fikir və mülahizələri ilə də tanış oluruq.

Görkəmli ədəbiyyatşünas, akademik Teymur Bünyadov: "Xədicə xanım incə məxluqdur, qadındır, anadır. Ona görə də bayatıları könül oxşayır, ürəklərə məlhəm olur, sevənlərə həmdəm kəsilir. Xanım qadın xilqətinin incəliklərini daha dərindən duyaraq onları ilahi qüvvə, ulu varlıq, alilik timsalı kimi mənalandırır. El anası dünyalar dünyasını bilir. Qadını bəşərə zinət, insanlığa şöhrət, ülvilik timsalı sayır. Ananı Vətən, Vətəni ana kimi təqdim edirgXədicə xanımın bayatılarında eşqlə, sevgiylə, məhəbbətlə pərvazlanan ürək döyüntüləri daha çoxdur".

Hörmətli akademikin səmimi sözlərinə şərikik.

Xədicə Muradın bayatıları mövzuca rəngərəngdir və müəllif onları tematika üzrə belə bölgüləndirib: "Vətən, torpaq, Qarabağ haqqında bayatılar", "Sevgi bayatıları", "Bəxt, tale bayatıları", "Ana sevgisindən doğan bayatılar", "İnsan adlarına ithaf olunmuş bayatılar".

Formaca dəyişiklik yoxdur. Bayatıların əksəriyyəti öz klassik biçimindədir, yeddihecalıdır, təbii ki, əsas fikir, mətləb sonuncu iki misrada üzə çıxır. Amma birinciikinci misraların da öz bədii yükü var.

Əlbəttə, bir müasir şair ən qədim şeir formasına-bayatıya müraciət edirsə, üzərinə çox böyük bir məsuliyyət götürmüş olur. Gərək bu formada elə nümunələr yaradasan ki, qədimlərdən üzü bəri bu xalqın yaddaşından silinməyən bayatılar qədər təsiri ola, ya da heç olmasa, bədii mükəmməllikdə onlara oxşaya. Xədicə Muradın qələmə aldığı bayatıların bir qismi (hamısını deyə bilmərik, çünki elə nümunələr var ki, onlardan söz açmasaq da olar-V.Y.) bizim klassik bayatılar kimi mükəmməl təsir bağışlayırlar.

Bayatılar hansı vaxtda, zamanın hansı çağında yazılırsa, o dövrün izləri, möhürü onda hiss olunmalıdır. Xədicə xanımın bayatılarında da Azərbaycanın Qarabağ dərdi öz əksini tapır. Budur, bəzi nümunələr:

 

Gözəl vətən Şuşa hey,

Hamı gedib huşa hey!

Qara buludlar gəlir,

Qılıncım gəl cuşa hey!

 

Mən aşiq Qarabağa,

Dərd yağdı qara bağa.

Yurdumdan ayrı düşdüm,

Həsrətəm Qarabağa.

 

Xarı bülbül, hardasan?

Borandasan, qardasan.

Vətənin dar günündə,

Bəlkə sən dardasan?

 

Sevgi bayatıları kəmiyyətcə həmişə üstünlük təşkil edib Xədicə Müradın bayatılarının əksəriyyəti sevgidəndir. Əlbəttə, bu mövzulu bayatılar bizim klassik bayatılara çatmaz (bunu gərək müəllif etiraf eləsin), amma elələri var ki, təzədi, orijinaldır oxuyub qurtarandan sonra deyirsən ki, bunun nəyi o qədim bayatılarımızdan əskikdir?

 

Tanrı verən naxışdan,

Bir cüt süzgün baxışdan.

Yarımın ətri gəlir,

Göydən yağan yağışdan.

 

Əzizinəm daşıdı,

Ürəyim qəm daşıdı.

Kağız üstə qaralan,

Gözlərimin yaşıdı.

 

Diqqət yetirsəniz, görərsiniz ki, birinci bayatıda "Yarımın ətri gəlir, Göydən yağan yağışdan" - bu iki misrada ifadə olunan deyim tamamilə oricinaldır, hələ heç bir şeirdə deyilməyib. İkinci bayatı da təzədir, zahirən adi görünür, amma metaforik təfəkkürlə yoğrulub. Müəllifin bəxt, tale bayatıları kimi təqdim etdiyi nümunələrdə təzəliklər çoxdur. Bu mövzulu bayatıları bir insan ömrünün enişləri, yoxuşları, dolayları, keçidləri, payızları, qışları göz önünə gəlir. Elə bil dərdli bir insanın həyat tarixçəsi vərəqlənir. Amma bu dərdli insanın həyat eşqi güclüdür, o, yaşamaq, sevmək, həyatdan kam almaq istəyir. Amma qarşıda manilər, sıldırımlar dayanıb.

 

Zaman tez qocaltdı,

Günümü aya satdı.

Ürəyimdə həsrətdən,

Gör necə dağ ucaltdı.

 

Tanı gözümdən məni,

Oxu sözümdən məni.

O qədər çoxdu dərdim,

Alıb özümdən məni.

 

Ayrı-ayrı insanlara həsr olunan bayatılar da maraqlıdır. Bu bayatılarda, dörd misra hüdudunda haqqında söz açılan adamın portretini canlandırmaq səyi duyulur. Açığını deyək ki, Xədicə xanımın bu sıradan olan bayatılarının bir qismi uğursuzdur. Məsələn: "Əzizim Nigar kimi, Gözəl yox Nigar kimi. Vəfalı yar tapılmaz, Bu vəfalı yar kimi", yaxud "Əzizim Yeganədi, Bircədi, yeganədi. Gözəllərin içində Sanki bir dürdanədi". Hər iki bayatı zəifdir. Əslində, onların hər ikisində elə birinci ikinci misralarda müəllifin demək istədiyi məlum olur, heç üçüncü dördüncü misralara ehtiyac qalmır. Yaxud: "Əziziyəm Ülviyyə, Düşdüm dərdli sevgiyə. Məni görüb yan baxdı, Heç bilmədim mən niyə?!" Başqa bir misal: "Əziziyəm Nataşa, Ay üzü bir tamaşa. Xoşbəxtliyə layiqsən, Sevilib-sev, min yaşa". Bunları bayatı sanmaq olmaz, şəkli düzdür, amma məzmunca sönükdür. Aşağıdakı bayatılar isə Günaya Aynişana layiqdir:

 

Əzizim Günaya bax,

Günəşə bax, aya bax.

Barmağın daraq olsun,

Zülfü axan çaya bax.

 

Mən aşiq Aynişandı,

Bu gələn Aynişandı.

Baxışları can alar,

Gül üzlü, Ay nişandı.

 

Xədicə Murad bundan sonra da bayatılar yazsa, elə bilirəm, bir az da təkmil nümunələr təqdim edəcək, çünki onun içində bayatı havası var. Bir arzu edərdim ki, o, cinaslı bayatılar da yazsın, öz poetik ilhamını bu çətin ərazidə sınasın.

Uğurlar arzulayıram, Bayatı xanım Xədicə Murad...

 

VAQİF YUSİFLİ

Ədalət.-2013.-2 oktyabr.-S.6.